"Səninlə fəxr edirik,

Azərbaycan əsgəri"

 

Ölkədə hərbi vətənpərvərlik tədbirləri keçirilir

 

Ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və milli mənlik şüurunun inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Belə tədbirlər respublikamızın bütün bölgələrini əhatə edir. Bölgələrdə fəaliyyət göstərən ictimai təşkilatlar və dövlət orqanları bu işdə daha fəallıq göstərirlər. Həyata keçirilən maarifləndirmə işləri gənclərin vətənpərvərlik hisslərinin formalaşmasında mühüm rol oynayır. Elə bu səbədən də respublikanın ayrı-ayrı bölgələrində vətənpərvərlik tədbirləri davam etdirilir. Bu dəfə Horadiz, Beyləqan və Tərtər şəhərlərində Müdafiə Nazirliyi və yerli icra hakimiyyətilərinin təşkilatçılığı ilə kütləvi hərbi vətənpərvərlik tədbirləri keçirilib.

Əvvəlcə qeyd edək ki, Horadizdə keçirilən hərbi vətənpərvərlik tədbiri nikbin duyğular yaradıb. Belə ki, Horadiz şəhərindəki Bayraq meydanında Müdafiə Nazirliyinin və Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Səninlə fəxr edirik, Azərbaycan əsgəri" adlı hərbi vətənpərvərlik tədbiri keçirilib. Tədbirdə hərbi qulluqçular, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər. Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani aprelin əvvəllərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan ordusunun verdiyi layiqli cavabdan, düşmənə ağır zərbə vurmasından, strateji əhəmiyyətə malik bir neçə yüksəkliyin azad edilməsindən, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən danışıb.Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, cəbhədə baş verən son döyüşlərdə ordumuz öz gücünü, qüdrətini bir daha göstərdi. Azərbaycan əsgəri qələbə çalmaq əzmini nümayiş etdirdi. Çıxışlarda qeyd edilib ki, Azərbaycan müharibə istəmir. Lakin Azərbaycan xalqı öz torpaqlarını da heç zaman güzəştə getməyəcək. Bu gün işğal altındakı torpaqlarımızı azad etməyə qadir güclü ordumuz var. Azərbaycan ordusu düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə alır, Vətənin keşiyində əzmlə dayanır. Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının aparıcı solisti, Xalq Artisti Samir Cəfərovun ifasında hərbi vətənpərvərlik mövzusunda mahnılar və rəqslər tədbir iştirakçılarında yüksək əhval-ruhiyyə yaradıb. Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə yüksək fəxri ada layiq görülən, ordenmedallarla təltif olunan hərbçilər tədbirə toplaşan rayon sakinləri tərəfindən hərarətlə qarşılanıb. Hərbçilərə alqış sədaları altında fəxri fərman və nişanlar təqdim edilib.

Hərbi vətənpərvərlik tədbiri iştirakçılarda nikbin duyğular yaradıb, qələbəyə inam hissini daha da artırıb.

Beyləqan şəhərində Beyləqanda hərbi şöhrət bayramı: "Sən Vətənin sipəri, xalqımın qürurusan" mövzusunda tədbir keçirilib. Müdafiə Nazirliyi və Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan "Sən Vətənin sipəri, xalqımın qürurusan" adlı kütləvi hərbi şöhrət bayramı ordu ilə xalqın monolit birliyinin nümayişinə çevrilib. Tədbirdə aprel ayının əvvəllərində qoşunların təmas xəttində şücaət göstərmiş hərbi hissələrin nümayəndələri, eləcə də Beyləqan rayonundan olan hərbi qulluqçular, döyüşlərdə göstərdikləri qəhrəmanlıq və igidliyə görə yüksək fəxri ada layiq görülən hərbçilər, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, gənclər iştirak ediblər. Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani çıxış edərək, xalqla ordunun monolit birliyindən, aprelin əvvəllərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan ordusunun verdiyi layiqli cavabdan danışıb, Silahlı Qüvvələrimizin işğal altındakı torpaqlarımızı Ali Baş Komandanın əmri ilə azad etməyə hazır olduğunu bildirib. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev tədbirdə çıxış edərək vurğulayıb ki, beyləqanlılar həmişə Azərbaycan ordusuna dayaq olublar, Heydər Əliyev ideyalarına sadiqdirlər, Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə hər an respublikamızın ərazi bütövlüyü uğrunda savaşa atılmağa hazırdırlar. Tədbirdə Silahlı Qüvvələrin mahnı və rəqs ansamblı, Beyləqan rayonunun incəsənət ustaları hərbi vətənpərvərlik mövzusunda mahnılar və rəqslər təqdim ediblər. Xalq Artisti Samir Cəfərovun ifasında Abdulla Qurbaninin sözlərinə bəstəkar Azad Zahidin yenicə yazdığı "Lələtəpə fatehləri" mahnısı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Beyləqanlılar tədbirə birbaşa ön cəbhədən, təmas xəttindən gələn zabit və əsgərləri hərarətlə qarşılayıblar. Vətən torpaqlarının müdafiəsində fərqlənən bir qrup hərbi qulluqçuya hədiyyələr verilib.

Tərtərdə isə hərbi şöhrət bayramı: "Hər anımız Vətən deyir" adlı tədbir düzənlənib. Aprelin əvvəllərində cəbhə xəttində erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun layiqincə cavab verməsi, düşmənin canlı qüvvəsi və hərbi texnikasının darmadağın edilməsi, strateji əhəmiyyətə malik bir neçə yüksəkliyin işğaldan azad edilməsi xalqımızda böyük ruh yüksəkliyi yaradıb. Tərtər şəhərində Müdafiə Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Hər anımız Vətən deyir" adlı kütləvi hərbi şöhrət bayramı keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildirib, Azərbaycanın dövlət himnini ifa ediblər. Ön xətdə xidmət edən hərbi qulluqçuların, ictimaiyyət nümayəndələrinin, Qarabağ müharibəsi veteranları və şəhid ailələrinin, gənclərin iştirak etdikləri tədbirdə Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani çıxış edərək aprelin əvvəllərində cəbhədə baş verən hadisələr zamanı Azərbaycan Ordusunun düşməvurduğu ağır zərbələrdən və hərbçilərimizin döyüş meydanında göstərdiyi qəhrəmanlıqdan söhbətlər açıb. Əminliklə bildirib ki, xalqla ordunun monolit birliyi sayəsində belə hərbi vətənpərvərlik bayramları tezliklə işğaldan azad edilmiş ərazilərimizdə keçiriləcək.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, "Hər anımız Vətən deyir" adlı hərbi şöhrət bayramının qəhrəman Tərtərdə keçirilməsi hər bir tərtərlini ürəkdən sevindirir. Aprelin əvvəlində cəbhədə baş verənlər Azərbaycan Ordusunun qüdrətini bir daha sübut etdi. Qeyd edilib ki, düşmənin yaşayış məntəqələrini atəşə tutmasına, təxribatlarına baxmayaraq, tərtərlilər qəhrəmanlıq nümunəsi göstərir, bir an belə öz ev-eşiyini tərk etmir, əsgərlərimizə dəstək olurlar. Rayonda tikinti-quruculuq, abadlıq işləri aparılır, yol çəkilir, infrastruktur layihələri həyata keçirilir. Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının ifasında hərbi vətənpərvərlik mövzusunda mahnılar və rəqslər tərtərlilərdə nikbin duyğular yaradıb, qələbəyə inam hissini daha da artırıb. Tədbirdə rayon ictimaiyyəti, Qarabağ müharibəsi veteranları, əlillər, şəhid ailələri, gənclər və hərbçilər Vətənin müdafiəsində öz həmrəyliklərini nümayiş etdirib, "Şəhidlər ölməz, Vətən bölünməz", "Döyüşən Tərtərdə hər anımız Vətən deyir" şüarları səsləndiriblər.

Məhz bu kimi tədbirlər gənclərin vətənpərvərlik ruhunu artırır, ordunun döyüş qabiliyyətini yüksəldir. Elə bunun nəticəsidir ki, Azərbaycan ordusu dünyanın ən inkişaf etmiş orduları sırasında özünəməxsus yer tutur. Təsadüfi deyil ki, bütün beynəlxalq hərbi tədbirlərdə Azərbaycanın inkişafı təmin olunur, medafiə, hərbi və təhlükəsizlik məsələləri ölkəmizin iştirakı ilə aparılır. Belə ki, bu günlərdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan MDB Müdafiə Nazirləri Şurasının yeni təyin edilmiş katibi general-mayor Yuri Daşkin ilə görüşüb. Müdafiə naziri qonağa Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hadisələr, hazırkı vəziyyət barədə ətraflı məlumat verib. General-polkovnik Z.Həsənov düşmən tərəfindən yaşayış məntəqələrimizin və mülki əhalinin atəşə məruz qalması faktlarını xüsusi olaraq diqqətə çatdırıb. Beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin 20 ildən artıq erməni işğalı altında olduğunubunun nəticəsində bir milyondan çox soydaşımızın didərgin düşdüyünü vurğulayan Müdafiə naziri danışıqlar prosesinin nəticəsiz qaldığını deyib. MDB-nin üzvü olan ölkələrlə hərbi sahədə əlaqələrə toxunan general-polkovnik Z.Həsənov bu əməkdaşlığı daha da inkişaf etdirmək üçün perspektivlərin mövcudluğunu bildirib. MDB Müdafiə Nazirləri Şurası üzv ölkələrin nazirləri ilə görüşləri çərçivəsində ilk səfərin məhz Azərbaycana olduğundan məmnunluğunu ifadə edən Y.Daşkin Birliyin ölkələri arasında hərbi sahədə münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıb. General-polkovnik Z.Həsənov general-mayor Y.Daşkinə MDB Müdafiə Nazirləri Şurasının katibi vəzifəsində və gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 Olaylar.- 2016.- 27 aprel.- S.15.