Azərbaycanda hər
zaman tolerantlıq,
multikulturalizm mövcud
olub
İlham Əliyev: “Ona görə də
Azərbaycanda bütün etnik qruplar və dinlər bir arada
yaşayır, yaradırlar”
Bakıda
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu öz
işini davam etdirib. Forumun aprelin 26-da keçirilən
iclasının açılışında Azərbaycan
Prezidenti İlham Əliyev və xanımı Mehriban
Əliyeva iştirak edib. Forumda, həmçinin Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan, Malta Prezidenti Mariya
Luiza Koleyro, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali
nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir,
Belarus Respublikası Milli Məclisinin sədri Mixayil
Myasnikoviç, Qazaxıstan parlamenti Senatının sədri
Kasım-Jormart Tokayev və digər yüksək vəzifəli
şəxslər iştirak ediblər. Açılış
nitqində Azərbaycan prezidenti İlham Əliyev Forum
iştirakçılarını salamlayıb, xüsusilə
də Alyansın qurucu-atalarına təşəkkürünü
bildirib. Dövlət başçısı deyib: "BMT-nin
Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu keçirmək
bizim üçün böyük fəxrdir. Biz bunu fəaliyyətimizə
və mədəniyyətlərarası dialoq, multikulturalizm dəyərlərinin
irəliləməsinə minnətdarlığın əlaməti
qismində nəzərdən keçiririk”. İlham Əliyev
qeyd edib ki, Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII
Qlobal Forumunun keçirilməsi fəliyyətimizə və mədəniyyətlərarası
dialoq, multikulturalizm dəyərlərinin irəliləməsinə
etirafın əlamətidir: "Mən Alyansın
qurucu-atalarına - Türkiyə və İspaniyaya, Prezident
Ərdoğana, keşmiş Baş nazir Sapateroya 10 ildən
artıq müddətdir olan bu fövqəladə vacib təşəbbüsə
görə öz təşəkkürümü bildirmək
istərdim. Forumun Bakıda keçirilməsini yüksək dəyərləndiririk,
bu, bizim işimizə verilən qiymətdir”. Dövlət
başçısı qeyd edib ki, BMT-nin Sivilizasiyalar
Alyansının yaradılması Türkiyə və
İspaniyanın təşəbbüsü olub: “Azərbaycan
əsrlər boyu mədəniyyətlər və dinlərin kəsişməsində
yerləşib. Əsrlər boyu dinlər, mədəniyyətlər
Azərbaycanda inkişaf edib. Azərbaycanda hər zaman
tolerantlıq, multikulturalizm mövcud olub. Ona görə də
Azərbaycanda bütün etnik qruplar və dinlər bir arada
yaşayır, yaradırlar. Bu, zənginliyimizdir, biz tariximizlə
fərəhlənirik. Müxtəlif mədəniyyətlərin
nümayəndələri Azərbaycanda yaşayıb,
yaradıblar. Azərbaycanda ən qədim kilsələr, alban
kilsələri, o cümlədən Şamaxıda ilk məscidlərdən
biri yerləşir. Biz sinaqoqların bərpası ilə məşğul
olmuşuq. Azərbaycan əsrlər boyu bu zənginlikləri
qoruyub saxlayıb”. Prezident İlham Əliyev müasir Azərbaycanın
25 illik müstəqillik tarixi olduğunu xatırladıb:
“Ancaq ölkə kimi tariximiz qədimdir. Multikulturalizm Azərbaycanın
dövlət siyasətidir, son illər bir çox tədbirlər
Azərbaycanda təşkil olunub. Bütün bunların məqsədi
müxtəlif dinlər arasında dialoq qurmaqdır. Bu gün
bu mövzu qlobal gündəlikdə duran ən mühüm
mövzulardan biridir. Əfsuslar olsun ki, biz keçmiş
SSRİ və Avropa ərazisində bəzi narahatlıq
doğuran məsələləri müşahidə edirik,
toqquşmalarda təəssüf ki, dini səbəblər də
görürük”. Dövlət başçısı qeyd
edib ki, 2008-ci ildə Bakı prosesinin yaradılması təşəbbüsü
irəli sürülüb: “Azərbaycan yeganə ölkələrdəndir
ki, 2008-ci ildə İslam Əməkdaşlıq Təşkilatı
üzvləri və Avropa dövlətlərini bir yerə
toplayıb. Bakı prosesi genişlənir, qlobal təşəbbüsə
çevrilir, sülh və mədəniyyətlərarası
dialoqa xidmət edir”.
***
Sonra
dövlət başçısı Azərbaycanda həyata
keçirilən sosial-iqtisadi siyasət, yerli və beynəlxalq
layihələrdən danışıb: “İşğala
baxmayaraq, Azərbaycan inkişaf edir. 2014-cü ilə qədər
Azərbaycan dünyada ən sürətli inkişaf edən
ölkələrdən biri olub”. Dövlət
başçısı xatırladıb ki, Azərbaycanda
qadınlar əsrin əvvəlində səsvermə
hüququ qazanıblar: “Azərbaycan zəngin enerji
resurslarına malikdir, lakin əsas məqsədimiz “qara
qızıl”ı insan kapitalına çevirməkdir.
İslahatların aparılması göstərir ki,
iqtisadiyyatımız şaxələndirilmiş
iqtisadiyyatdır, neft və qazdan
asılılığımız azalır”. Prezident həmçinin
Cənub Qaz Dəhlizinin əhəmiyyətini
vurğulayıb: “Şərq-Qərb nəqliyyat dəhlizi
yeni bir İpək Yolu olacaq. Azərbaycan Şimal-Cənub dəhlizinin
yaradılmasında da aktiv iştirak edir. Əgər ölkələr
qarşılıqlı əlaqədədirsə, daha
çox inkişaf edirlər. Biz daha yaxşı əməkdaşlıq
formalarının yaranması istiqamətində
çalışırıq. Multikulturalizm, tolerantlıq region
xalqlarının həyatını daha da
yaxşılaşdıracaq”. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə toxunan
dövlət başçısı qeyd edib ki, Azərbaycanın
müstəqillik illərində ərazisinin 20 faizi Ermənistan
tərəfindən işğal olunub. Dövlət
başçısı bildirib ki, müxtəlif məlumatlarda,
o cümlədən ATƏT-in Faktaraşdırıcı
Missiyasının hesabatında işğal altında olan ərazilərdə
mədəni və dini abidələrin
dağıdıldığı əksini tapıb: “Ancaq Azərbaycanda
erməni kilsəsi bərpa olunub. Beynəlxalq ictimaiyyət,
BMT Təhlükəsizlik Şurası erməni
işğalçı qüvvələrinin işğal
olunmuş ərazilərdən
çıxarılmasını tələb edir. Amma Ermənistan
bu qətnamələrə məhəl qoymur. Bəzi hallarda
görürük ki, BMT qətnamələri bir neçə
saat, bir gün ərzində həyata keçirilir. Azərbaycana
gəlincə, 20 ildən artıqdır, bu qətnamələr
yerinə yetirilmir. ATƏT, Qoşulmama Hərəkatı,
İslam Əməkdaşlıq Təşkilatı da belə
qərarlar qəbul edib. Ancaq Ermənistan bunlara əməl
etmir, işğalçıya heç bir beynəlxalq təzyiq
də göstərilmir”. Prezident İlham Əliyev bildirib ki,
Xocalıda qətliam törədilib, 600-dan çox uşaq,
qadın və qoca qətlə yetirilib: “Münaqişənin
həlli ərazi bütövlüyünə, Helsinki Yekun
Aktına əsaslanmalıdır". Dövlət
başçısı Azərbaycan ərazilərinin
işğaldan azad olunacağını bəyan edib. Prezident
onu da bildirib ki, 1988-ci ildən yüz minlərlə azərbaycanlı
Ermənistandan qaçqın, 700 mindən çox azərbaycanlı
isə Qarabağdan köçkün düşüb: “Azərbayanın
o dövrdə cəmi 8 milyon əhalisi vardı. O dövrdə
ən yoxsul ölkələrdən biri idik. Biz qaçqın
və məcburi köçkünlər üçün
90-dan çox qəsəbə salmışıq, bu işlər
davam edir. Lakin o insanların bir qismi hələ də
yataqxanalarda, şəraitsiz yerlərdə yaşayır".
***
BMT-nin
Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi
açılış mərasimində BMT-nin baş katibi Pan
Gi Munun iştirakçılara videomüraciəti
nümayiş olunub. Baş katib çıxışına tədbirin
təşkili ilə bağlı Azərbaycan prezidenti
İlham Əliyevə təşəkkür etməklə
başlayıb. P. G. Mun deyib ki, forumun ideyası - inklüziv cəmiyyətlərdə
birgə yaşamaq mühüm ideyadır: “Çünki
ksenofobiya, irqçilik ciddi problemdir. Hamı üçün
layiqli həyat şəraiti təmin edilməlidir. Ona görə
də, forumun ideyasına tam dəstək verirəm. Gələn
ay İstanbulda humanitar böhranla bağlı tədbir
keçiriləcək. Mən sizi o tədbirə də dəstək
verməyə çağırıram. Bir çox xalqlar
öz yerlərindən didərgin düşüb. Biz
bütün münaqişələri yaradan səbəblərin
aradan qaldırılmasına çalışmalıyıq.
BMT Baş Assambleyası zorakılığın aradan
qaldırılmasında qətiyyətlidir”. Baş katib etimad
və anlaşmanı bütün dünyada
artırmağın zəruri olduğunu vurğulayıb:
“Jurnalistləri də bu işə qoşmalıyıq”.
Ardınca BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi
Nassir Abdulaziz Al-Nasser deyib ki, Azərbaycan prezidenti İlham
Əliyevin təşəbbüslərini yüksək dəyərləndiririk:
“Alyans qütbləşmənin qarşısını almaqla
daha təhlükəsiz dünyanın qurulmasına töhfə
vermək üçün qurulmuş mexanizm rolunu oynayır:
“Bu ilin mövzusu inklüziv cəmiyyətlərdə birgə
yaşama, çağırış və məqsəd
mövzusudur. Davamlı inkişaf naminə sülhsevər və
inklüziv cəmiyyətlər təşviq edilməlidir.
Davamlı inkişaf sülh və təhlükəsizlik
olmadan həyata keçirilə bilməz. Gender bərabərsizliyi,
gənclər arasında işsizlik insanları
radikallığa sürükləyir. Təhlükəsizlik məsələlərinə
birtərəfli diqqət nəticə vermir. Biz zorakı
ekstremizm səbəblərinin aradan qaldırılmasına
xüsusi diqqət yetirməliyik. Bir çox gənc ona
görə ekstremizmə qoşulur ki, layiqli həyatdan məhrumdur.
Biz daha yaxşı həyat düşüncəsinə dəstək
olmalıyıq. Gənclərin səsi siyasi qərarların
qəbul edilməsində eşidilməlidir. Gənclər
inklüziv cəmiyyətlərin qurulmasında mühüm
elementdir. Bütün bunların hamısı BMT-nin
Sivilizasiyalar Alyansının mandatına daxildir. Biz BMT-nin digər
qurumları ilə birlikdə zorakı ekstremizmə
qarşı proqramın hazırlanmasında iştirak
etmişik. Din və təhsil məsələlərinə bu
aspektdə xüsusi diqqət yetiriləcək”. Nassir Abdulaziz
Al-Nasser bildirib ki, BMT-nin Sivilizasiyalar Alyansının
proqramları tolerantlıq və multikulturalizmi təbliğ
edir: “Biz ədavət və etimadsızlığın təbliğinə
qarşı çıxmalıyıq. Miqrantlar terrorçu təşkilatlar
tərəfindən böyük risklə üzləşiblər.
Miqrantlara fərqli münasibət olmamalıdır.
Bütün bunlar son 10 ildə əldə edilmiş nailiyyətləri
təhlükə altında qoyur. Səylərimizi artırmalıyıq,
heç kim bu işdən kənarda qalmamalıdır.
Sülhə aparan yol insanların qəlbindən keçir.
Ümid edirik ki, bu Alyans insanların beyninə və qəlbinə
yol açacaq”. Türkiyə prezidenti Rəcəb Tayyib
Ərdoğan isə qeyd edib ki, yeni nəsillərə daha
gözəl gələcək qoymaq üçün səsimizi
indidən yüksəltməliyik: “Bu Forumda iki gün ərzində
veriləcək mesajlar çox önəmlidir. Bu gün məsumların
gözü Bakıdadır, burada qəbul ediləcək Bəyannaməni
gözləyirlər”. Türkiyə prezidenti deyib ki, Foruma
qatılan dini və siyasi liderlərin üzərinə
düşən vəzifələr var: “Sivilizasiyalar
Alyansının birgə yaşayış hədəflərinə
nail olacağını həm məsumlara, həm də
zalımlara gur səslə çatdırmalıyıq. Mədəniyyətlər
İttifaqı ilə bağlı maddi və siyasi dəstəyimizin
davam edəcəyini bəyan etməliyik. Mən bu istiqamətdə
Foruma uğurlar arzulayıram ”. O, əlavə edib ki,
hazırda qədim mədəniyyətlərin və
xalqların birgə yaşadığı Azərbaycandayıq.
Prezident İlham Əliyevin təşəbbüsü ilə
bu il Azərbaycanda "Multikulturalizm ili" elan edilib: “BMT-nin
Sivilizasiyalar Alyansı ilə bağlı təşəbbüsünü
11 il əvvəl Türkiyə İspaniya ilə birlikdə irəli
sürüb. Günümüzdə 140-dan çox ölkə
bu təşəbbüsə dəstək verir. Birləşmiş
Millətlər Təşkilatının Sivilizasiyalar
Alyansının Ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser
rəhbərliyi ilə bu işlər görülür.
Tolerantlıq və dialoq hədəflərimizə dəstək
verən bütün dost ölkələrə təşəkkür
edirəm. Ancaq hələ də Alyansın hədəflərinə
çatmaqdan çox uzağıq. İnsanların
inancları, etnik mənsubiyyəti ilə bağlı
ayrımçı düşüncələri hələ
tam ortadan qaldıra, terrorizmə qarşı bizdən gözlənilən
ortaq mücadiləni yetərli qədər ortaya qoya bilməmişik.
Suriyada, Fransada, Belçikada, İspaniyada, Türkiyədə,
Pakistanda ard-arda bombalar parlayarkən məqsədimizi ortaq fikrə,
ideyaya çevirməyi bacarmadıq. Zorakılığın
qarşısının alınması üçün dialoqu
inkişaf etdirməyin zəruriliyini bütün dünyaya qəbul
etdirə bilməmişik. Etnik və dini fərqliliyin təhdid
deyil, zənginlik olduğu barədə anlayışı
yaymağı bacarmamışıq”. Ərdoğan qeyd edib ki,
bu təhlükəli gedişə son vermək zəruridir:
“Dini və etnik səbəblərlə qarşıdurmalar nəticəsində
60 milyondan çox insanın evindən didərgin
düşdüyü reallıqda yaşayırıq.
Miqrantların bir qismi sulara gömülür, bir qismi isə
getdikləri yerlərdə xoş qarşılanmır.
İslam adına terror törədənlər ən böyük
pisliyi müsəlmanlara qarşı törədirlər. Bu
terror təşkilatlarının əli ilə qədim şəhərlər
xarabalığa çevrilir, mədəniyyətlər məhv
olur. Qərb ölkələrində bu səbəbdən
müsəlmanlara mənfi baxış artır. Fərqli mədəniyyətə,
dinə malik insanlar arasında uçurumların dərinləşməsi
daha böyük fəlakətlərə aparır. Terrorun,
terror təşkilatlarının dini, bölgəsi yoxdur. Məsum
insanların həyatına qəsd etməyi heç bir din,
vicdan qəbul etməz. Xüsusən, İslam mahiyyətcə
sülh dinidir. Belə bir din terrora dəstək verərmi?
Bizim dində terrora yer yoxdur. İŞİD və digər
terror təşkilatlarının İslamla heç bir əlaqəsi
yoxdur. Ölənin Allahu-Əkbər, öldürənin də
Allahu-Əkbər dediyi bir anlayış ola bilərmi?! Mədəniyyətlərarası
İttifaq, ortaq səylərimizlə bu təhdidlərin
qarşısını ala bilərik. İlk növbədə,
məzhəbçiliyə qarşı mübarizə
aparmalıyıq. İkincisi, irqçilik çox ciddi təhdid
olaraq terrora zəmin yaradır. Məzhəbçilyə və
irqçiliyə qarşı orta mübarizə apara bilməsək,
terrorla uğurla mübarizə apara bilmərik. Bütün
irqlərin nümayəndələrinə insan kimi baxmalı
və qəbul etməliyik”. Türkiyə prezidenti qeyd edib ki,
terrora qarşı qlobal ittifaq yaradılmalıdır: “Qlobal
ittifaq yarada bilməsək, terrorla uğurla mübarizə
apara bilmərik. Suriyada terrorla başlayan proses daxili savaşa
çevrilib. Suriyada əsl dövlət terroru var, insanları
bombalayırlar. Suriyada dövlət terroruna yol verənlərin
ayaqları altına qırmızı xalça sərənlər,
onlara maddi yardım edənlər, silahlar verənlər məsuliyyət
daşıyırlar. Egey və Aralıq dənizində
ölümdən qurtardığımız insanların
sayı yüz minə çatıb. Sadəcə, Suriya və
İraqdan 3 milyona qədər insan Türkiyədədir. Gəlib
bizə təşəkkür edirlər. Ancaq bal-bal deməklə
ağız şirin olmaz. İndiyə qədər bu
qaçqınlar üçün Türkiyə dövlət
olaraq 10 milyard dollar xərcləyib. Bura vətəndaş cəmiyyəti
qurumlarının xərclədiyi vəsait daxil deyil. Biz yenə
də sərhədlərimizi bombalardan qaçan insanların
üzünə bağlamayacağıq”. İspaniyanın
xarici işlər naziri Manuel Qarsia Marqallo isə söyləyib
ki, orta əsrlərdə İpək Yolu o dövrün
interneti, Bakı isə onun ən mühüm
qovşaqlarından biri idi: “Bu gün Bakıda ona görə
toplaşmışıq ki, bura yeni qlobal məkandır. Bu tədbir
bir növ hamını bir araya gətirir. Bütün bu əlaqələr
bizim müxtəlif çağırışlarla əlaqədar
tədbirlər görməyimizə xidmət edə bilər.
Alyansa gəlincə, BMT-yə xidmət edən alət kimi
müxtəlif cəmiyyətlər qarşısındakı
ziddiyyətlərin aradan qaldırılmasına töhfə
verəcək. Ona görə də Alyans çox mühüm
platformadır. Sivilizasiyaların müxtəlifliyi tərəqqi
əldə edilməsində danılmaz gücdür. Ona
görə də prinsipial mövqedən
çıxış etməliyik. Bütün sivilizasiyalar
dinlərə, mədəniyyətlərə
qarşılıqlı hörmət əsasında inkişaf
edə bilər. Biz qlobal şəkildə insan
hüquqlarının təmin edilməsinə öz töhfəmizi
verməliyik”. M. Marqallo bildirib ki, ümumi prinsiplərdən
uzaqlaşmamalı, terrorizmə qarşı mübarizədə
sivilizasiyalararası platforma yaradılmalıdır: “Terrorizm
qurbanlarının əksəriyyəti müsəlmanlardır.
Üzləşdiyimiz terrorizm o qədər nəhəngdir ki,
bir bölgə təkbaşına bu fenomenə qarşı
mübarizə apara bilməz. Dini və mədəni dialoq
münaqişələrə son qoya bilər. Beləliklə
də mədəni dialoqla münaqişələrin öncədən
qarşısının alınmasına da diqqət yönəltməliyik.
İspaniya Mərakeşlə birlikdə multikulturalizm tədbirləri
həyata keçirib. Münaqişələrin
qarşısının alınmasında qabaqlayıcı tədbir
kimi mədəni tədbirlər diqqət mərkəzində
olmalıdır. Terrorizmin qurbanlarının artmasının
qarşısını da qabaqlayıcı tədbirlər
almalıdır. İspaniya bu sahədə çoxsaylı tədbirlər
təşkil edir. Amma buna baxmayaraq, bizim qət edəcəyimiz
kifayət qədər böyük yol var”. İspaniyanın
xarici işlər naziri qeyd edib ki, zorakı ekstremizm təhdidi
son illər artıb: “Biz birmənalı şəkildə
ekstremizmə qarşı mübarizə aparmalıyıq, bu,
mənəvi borcumuzdur. Bu, İspaniya üçün vacib məsələdir.
Ona görə də 2015-ci ildə İspaniya xarici işlər
nazirlərinin iştirakı ilə tədbir keçirdi və
Madrid Bəyannaməsi qəbul edildi”. İspaniya xarici işlər
naziri Tolerantlıq Komitəsini yaratmağı da təklif
edib: “Terrorizm qurbanları olan gənclər sülh və
tolerantlıqla bağlı maarifləndirilməlidir. Bunun
üçün özəl platforma yaradılmalıdır.
Sosial şəbəkələrdən, video oyunlardan istifadə
edilməlidir. Media da bu baxımdan müxtəlif din və mədəniyyətlərin
təbliğində mühüm rol oynamalıdır. Bizim təbliğat
kanallarımız birbaşa qurbanlara
çıxmalıdır. Sizi dini liderlərin İspaniyada
keçirilən toplantısında da iştirak etməyə
çağırıram . Mütəxəssislərin də
sülh quruculuğu ilə bağlı məsələlərə
rəy və təkliflərini verməyə
çağırıram. Qadınların aktiv iştirakı
olmadan sülhün təmin edilməsinin mümkün
olmadığını da bir daha vurğulayıram”. M. Marqallo
gənclərin gələn il bir toplantısının
keçirilməsini, həmin toplantıda multukulturalizm,
sülh məsələlərin müzakirə
olunmasını təklif edib: “Əsas odur ki, müxtəlifliyə
baxmayaraq birgə yaşamağı bacaraq”.
***
Sonra Forum
öz işini panel müzakirələrində davam etdirib.
Forum çərçivəsində keçirilən
"Zorakı ekstremizmə qarşı platforma və tərəfdaşlıq"
adlı panel müzakirəsində bunu İspaniyanın sabiq
baş naziri Xose Luis Rodrigez Zapatero deyib ki, Azərbaycan
özü-özlüyündə bir sivilizasiya
alyansıdır. O, 2005-ci ildə Sivilizasiya Alyansının
yaranmasına təşəbbüs göstərdiyini deyib:
“XXI əsrdə müxtəlifliklərin səbəbi din və
mədəniyyətlər arasında fərqliliklərdir.
Birlik üçün BMT adı altında birləşmək
lazımdır. Bütün dünyaya sülh
ismarıcının carşısı olmalıyıq.
Terrorizmdə din adından istifadə edilir, halbuki din sülh və
zorakılığa qarşı əməkdaşlığa
çağırır". Fransanın keçmiş baş
naziri və xarici içlər naziri Dominik de Vilpen isə
bildirib ki, dünya zorakı ekstremizmin mahiyyətini tam
anlamır: "Bu son 10 ildə düşdüyümüz
böyük tələdir. Bizim zorakı ekstremizmə
cavabımız təəssüf ki, hərbi cavab olub. Bu da
terrorizmi daha da gücləndirib. Biz gözlədiklərimizin əksini
görürük, getdikcə coğrafiyası genişlənir.
Biz dialoqa səy göstərməliyik. Mən Çinin irəli
sürdüyü İpək yolu təşəbbüsünü
ən gözəl layihə hesab edirəm. Məhz
iqtisadiyyatın Asiyada, Şərqdə gücləndirilməsi,
infrastrukturun buralarda qurulması bu problemlərin həllinə
yol açacaq. Məhz strateji iqtisadi təşəbbüslər
ən yaxşı yoldur. Digər həll yolu isə
güclü bir qurumdur. Artıq BMT güclü deyil. Orada
islahatlar aparmaq lazımdır. Müstəqil
sülhyaradıcı qüvvələri olmalıdır".
BMT-nin terror əleyhinə direktoratlığının
icraçı direktoru Jan Pol Laborde isə bildirib ki, zorakı
ekstremizmlə mübarizənin bir neçə yolu var:
"BMT Təhlükəsizlik Şurası müəyyən
uğurlar qazanan sənədlər qəbul edib. Lakin
Sivilizasiyalar Alyansı ilə bir araya gəlib elə həll
yolları ortaya qoymalıdır ki, hərbi yoldan effektiv olsun.
Gənclər artıq gələcək üçün
deyil, indiki zaman üçün işləməlidirlər.
Digər məsələ isə ondan ibarətdir ki, biz vətəndaş
cəmiyyətləri ilə işləməliyik. Bunu BMT
TŞ-də görmək çox vacibdir. Həmçinin
özəl müəssisələrlə işləməliyik.
Əlimizdə olan kanallardan istifadə etməliyik".
“Biz zorakı ekstremizmin dərin köklərini bəzən gözdən qaçırmış oluruq”. Bunu isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir bildirib ki, bu hallarla mübarizə üçün bəzi beynəlxalq təşkilatların yaxşı strategiyası var: “Amma bəzən yaxşı strategiyanın pis nəticəsini görürük. Azərbaycan da 20 ildən çoxdur zorakı ekstremizmlə üzləşib. Həll olunmamış münaqişələr zorakı ekstremizm üçün münbit şərait yaradır. Beynəlxalq ictimaiyyət vaxtında bizi dinləsəydi, qətiyyətli addımlar sayəsində daha yaxşı yerdə ola bilərdik. Amma hələ də gec deyil. Biz əməkdaşlıq etməliyik. Beynəlxalq təşkilatlar arasında əməkdaşlıq olmalıdır. Azərbaycan son illər gördüyü işlər nəticəsində ölkənin ümumi inkişafına nail olub. Biz yeni müstəqil olmuş ölkə kimi zorakı ekstremizmlə mübarizə aparmaqdayıq”. Nazir Elmar Məmmədyarov hərbi müdaxilənin heç də ən yaxşı cavab olmadığı ilə bağlı fikirlərə münasibət bildirib: “Bu məsələdə müəyyən nüanslara diqqət yetirmək lazımdır. Biz Avropa dəyərlərindən danışırıq. Lakin bu dəyərlər mühafizəkar ölkələrdə, Yaxın Şərqdə keçmir. Bu səbəbdən Sivilizasiyalar Alyansının əhəmiyyətini bu qədər qabardırıq. Artıq qəbul edirik ki, yaşadığımız dünyanın yenidən qurulması, yenidən formalaşması üçün müəyyən işlər görülür. Xüsusilə də Sovet rejiminin dağılmasından sonra müəyyən işlər görülüb. Biz bu yenilənməni hələ də davam edirik. Amma bunun çox ağrı- acılı olacağından qaça bilmərik. Yalnız BMT-nin köməyi ilə bu işi bacararıq”. E,Məmmədyarov əlavə edib ki, bizim bir çox vətəndaşımız Suriyada İŞİD sıralarına qoşulur. Onlardan bunun səbəbini soruşduqda İslamla bağlı ədalətsizliyin olduğunu düşünürlər: “Əslində, ədalətsizlik zəruri elementdir. Biz nəticə deyil, səbəbin köklərinə baxmalıyıq. Belə olmadıqda uğursuzluğa düçar olacağıq".
Qeyd edək ki, Forumun iş günləri ərzində yüksək rəsmilərin toplantısı, 30-a yaxın sessiyanın keçirilməsi planlaşdırılıb. BMT-nin Sivilizasiyalar Alyansı Qlobal Forumunun yüksək səviyyəli iclasının yekunları üzrə Bakı bəyannaməsi qəbul ediləcək. Azərbaycan Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb. Qlobal forumun ilk günündə Gənclər forumu keçirilib.
Alim
Olaylar.- 2016.- 27 aprel.- S.8.-9.