Gəlirli məşğulluq növü:
Baramaçılıq
Dövlət səviyyəsində həyata keçirilən stimullaşdırıcı tədbirlərdən sonra baramaçılıq sahəsinin də inkişaf edərək əvvəlki şöhrətinə çatacağı gözlənilir. Baramaçılıq olduqca qədim tarixə malik gəlirli məşğulluq növlərindən biridir.Tarixi mənbələrə görə, tut ipəkqurdundan ipəyin alınması hələ eramızdan əvvəl XXVII əsrlərdə məlum olub. Arxeoloji qazıntılar bu sənətin hətta eramızdan 5 min il əvvəl mövcud olduğunu da deməyə əsas verir. Baramaqurdu əsasında ipəkçilik qədim zamanlardan Çin,Yaponiya, Cənubi Koreya, Hindistan, İran, Türkiyə, Orta Asiya və Cənubi Qafqaz ölkələrində, həmçinin digər ərazilərdə inkişaf edib. VII əsrdən isə ipəkçilik Azərbaycanda inkişaf etməyə başlayıb. Bunun üçün Azərbaycan ərazisinin səth quruluşu, əlverişli iqlim şəraiti, xüsusən bol günəş işığı, tarixi əmək vərdişləri, tut ağaclarının yetişdirilməsi üçün əlverişli şərait imkan verirdi. XI-XII əsrlərdə Bərdə, Şamaxı, Gəncə, Şəki və digər şəhərlərdə fəaliyyət göstərən ipək istehsalı müəssisələri kəmiyyət və keyfiyyətlərinə görə bütün dünyada şöhrət qazanıb. XIX əsrdə Rusiyada ipək istehsalı müəssisələri əsasən Azərbaycandan alınan barama xammalı hesabına işləyib. Sovetlər İttifaqı dövründə ölkəmizdə istehsal olunan ipək parça təkrar emal üçün SSRİ-nin 250 ipək parça kombinatlarına göndərilirdi. Lakin əfsuslar olsun ki, müstəqilliyimizin ikinci dəfə bərpasından sonrakı illərdə bir çox sahələr kimi, baramaçılıq da Azərbaycanda tənəzzülə uğrayıb.
Prezidentin qarşıya qoyduğu
məqsəd və vəzifələr
Lakin ümumdünya iqtisadi böhranı fonunda ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən aqrar sektorun, kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində görülən tədbirlər bu qədim və gəlirli peşə növünün də aktuallığını artırıb. Hətta Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında Azərbaycan üçün ən vacib kənd təsərrüfatı sahələrinin yaxın illərdə inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayarkən, bu sırada baramaçılığın da strateji məhsul kimi inkişafının vacibliyini qeyd edib. O, bildirib ki, iqtisadi baxımdan gəlirli sahə olan, minlərlə insanın iş yerinə çevriləcək baramaçılıq sektoru inkişaf etməlidir. Dövlət başçısı sovetlər birliyi dövrünə qısa ekskurs edərək deyib ki, sovet vaxtında bir sıra rayonlarda bu sahə çox uğurla inkişaf edib, bol məhsul əldə olunub və insanlar yaxşı pul qazanıblar. Prezident İlham Əliyev müvafiq dövlət qurumlarına baramaçılığın inkişaf etdirilməsi üçün müvafiq tapşırıqlarda verib. Bəs, bu sahədə görüləcək işlər, dövlət tərəfindən atılacaq addımlar baramaçılığın əvvəlki şöhrətini özünə qaytara biləcəkmi? İpəkçiliyin İnkişaf Konsepsiyası Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun sabiq direktoru, aqrar elmləri doktoru Allahverdi Seyidovbu barədə danışarkən bildirib ki, “Azərbaycan Respublikasında İpəkçiliyin İnkişaf Konsepsiyası” layihəsində Azərbaycanın kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin inkişafı prioritet vəzifə olaraq müəyyən edilib. Onun sözlərinə görə, burada kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü və emalı sahələrində sahibkarlıq fəaliyyətinin, istehsal olunmuş kənd təsərrüfatı məhsullarının həm ölkə daxilində, həm də xaricdə satışının, habelə aqrar elmin maddi - texniki bazasının möhkəmləndirilməsi və bu sahənin inkişafı üçün müasir tələblərə cavab verən kadrların hazırlanmasının dəstəklənməsi öz əksini tapıb: “Bərdə, Ucar, Zərdab, Balakən, Qax, Şəki rayonlarında, Naxçıvan Muxtar Respublikasında ipəkçilik məhsullarının istehsalının və emalının inkişafının dəstəklənməsinin davam etdirilməsi nəzərdə tutulub. Bu Konsepsiya çərçivəsində Azərbaycan Respublikasında ipəkçiliyin mövcud vəziyyəti təhlil olunub, problemləri üzə çıxarılıb, ipəkçiliyin inkişafı üzrə dövlət siyasətinin prinsipləri, istiqamətləri, məqsədlər və strateji hədəflər, inkişaf istiqamətləri və qarşıda duran konkret vəzifələr, Konsepsiyanın reallaşdırılma mərhələləri və gözlənilən nəticələr öz əksini tapıb. Konsepsiya Azərbaycanda ipəkçiliyin inkişaf etdirilməsi istiqamətində uzunmüddətli dövr üçün konkret tədbirlərin hazırlanması məqsədilə hüquqi, iqtisadi və təşkilati əsasların müəyyən edilməsinə istiqamətlənib”.
Aqrar-sənaye
klasterlərinin yaradılmasına ehtiyac var
A.Seyidov deyib ki, bu sahədə inkişafa nail olmaq üçün əsas prinsiplərdən biri Azərbaycanda ipəkçiliyin inkişaf etdirilməsinin dünya praktikasında özünü səmərəli təşkilat forması kimi doğrultmuş aqrar-sənaye klasterləri yaradılması yolu ilə həyata keçirilməsi, baramaçılğın və ipək sənayesinin inkişafında müasir texnologiyalardan istifadədir. Alimin fikrincə, baramaçılıq infrastrukturunun maddi-texniki təchizat səviyyəsinin müasir tələblərə uyğunlaşdırılması, mülkiyyət formasından asılı olmayaraq ipəkçilik təsərrüfatları üçün bərabər imkanların yaradılması da olduqca vacibdir: “İpəkçilik sahəsinə dövlət dəstəyinin ünvanlılığı - ipəkçilik sahəsində kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi, ipəkçilik təsərrüfatlarının özünümaliyyələşdirmə əsasında işləməsinin təmin edilməsi - intensiv metodlar əsasında məhsuldarlığın və ümumi məhsul buraxılışının artırılması, habelə, “dərin istehsal” üsulunun tətbiq olunması yolu ilə baramaçılığın və ipəkçiliyin gəlirli fəaliyyət növünə çevrilməsi, sahənin inkişafına yönəldilmiş investisiyaların özünü ödəməsi və bununla da sahənin özündə inkişaf potensialının formalaşması da mühüm məsələdir. Bundan başqa, Özbəkistanda ipəkçilikdə yaradılmış texnopark modelinin Azərbaycana gətirilməsinə də nail olmaq lazımdır”.
Barama istehsalına görə dünyada 8-ci, SSRİ-də 2-ci
Bakı Dövlət Universitetinin professoru Neron Babaxanov qeyd edib ki, Azərbaycanda vaxtilə yüksək gəlir gətirən, 150 min nəfərin çalışdığı baramaçılıq sahəsi son 20-25 ildə ciddi tənəzzülə uğrayıb. Onun sözlərinə görə, baramaçılığın inkişafına ögey və biganə münasibət nəticəsində 7 barama toxumu zavodu, 2 damazlıq ipəkçilik stansiyası, 30 barama qurutma məntəqəsi, 80-ə qədər barama tədarükü və ilkin emalı müəssisələri fəaliyyətini dayandırıb: “Hələ ötən əsrin 70-80-ci illərində Naxçıvan Muxtar Respublikası, Dağlıq Qarabağ Muxtar Vilayəti və Azərbaycanın 31 inzibatı rayonunda hər il orta hesabla 4,3-5 min ton barama istehsal olunurdu. Həmin dövrdə Azərbaycan dünyada barama istehsalına görə 8-ci, SSRİ-də isə Özbəkistandan sonra 2-ci yeri tuturdu. Əfsuslar olsun ki, müstəqilliyimizdən sonrakı illərdə bu sahə getdikcə tənəzzülə uğradı. Lakin buna baxmayaraq, bir sıra mühüm tədbirlər həyata keçirməklə, Azərbaycanda ən gəlirli sahə olan baramaçılığın əvvəlki şöhrətini qaytarmaq mümkündür. Belə ki, ilk növbədə baramaqurdunun yem bazasını təmin etmək üçün yeni tinglik təsərrüfatlarının yaradılması çox vacibdir. Bu məqsədlə Çindən ilkin olaraq 1-2 kiloqram toxum gətirilərsə, 3 ildən sonra ondan 1-1,5 milyon ədəd tut şitili əldə etmək olar, Azərbaycanda dünya bazarındakı mövcud qiymətlərə uyğun barama satışı reallaşa bilər. Ölkəmizdə bu sahənin əsas zəifləmə səbəblərindən biri də bu sahə ilə məşğul olan insanların zəhmətinə görə ödənişlərin çox aşağı qiymətdə olmasıdır. Odur ki, bu sahədə qiymət siyasəti hökumət tərəfindən tənzimlənməlidir. Bir çox strateji sahə kimi baramaçılığın inkişafına müdaxilələr olmasına qəti surətdə yol verilməməlidir. Bu sahə üzrə ixtisaslı mütəxəssislərə xüsusi ehtiyac olduğunu nəzərə alaraq müvafiq ali və orta ixtisas təhsil müəssisələrində baramaçılıq fakültələri yaradılmalıdır. Bundan başqa, baramaçılığın yaxın gələcəkdə inkişafını təmin edən barama tədarükünün ilkin emalı müəssisələri və onların maddi-texniki bazası da yaradılmalıdır”.
Qızıl
medallı Azərbaycan ipəyi
Baramaçılıq üzrə
mütəxəssis Məzahir Ədilov da
mətbuata açıqlamasında bildirib
ki, baramanın kiloqramına verilən məbləğ
kümdarların (baramaçılıqla məşğul olanlara deyilir) maddi maraqlarını ödəmədiyindən
baramaçılığa maraq ötən
illərdə tədricən ölüb:
“Vaxtilə bəzi zonalarda əhalinin təxminən
85-90 faizi ipəkçiliklə məşğul
olub. Azərbaycan ipəyi dəfələrlə
sərgilərdə qızıl medala layiq görülüb.
Xüsusilə Ordubad və Şəki ipəyi
5 qızıl medal alıb. Amma respublikamız müstəqillik əldə
etdikdən sonra rayonların diqqətdən
kənarda qalması bir çox
sahələr kimi ipəkçiliyə də
güclü zərbə vurdu.
Ağacların yanacaq kimi
istifadə olunması ipəkçilik sənayesini məhvə
apardı. Bundan başqa
kümdarların bu sahədə maddi maraqlarının təmin olunmaması
onların əllərini işdən soyutdu.
Baramaçılığın tarixə
qovuşmasının bir səbəbi də
kolxoz və sovxoz təsərrüfatlarının
ləğv olunması və onların ərazisinin özəlləşdirilməsi
oldu. Halbuki kolxoz və sovxozların hər birinin ərazisində 7 kiloqram
tut ipəkqurdunu yemləmək üçün tut
bağları var idi.
Həmin bağları pay torpaqları kimi əhaliyə payladılar. Şəxsi təsərrüfatda
baramaçılığın gəlir gətirmədiyini
görən kümdarlar tut
ağaclarını yanacaq kimi
istifadə etdilər. Bu səbəbdən də baramaçılıq tənəzzülə
uğradı. Halbuki, sovet
dövründə bu sahə ilə məşğul
olanlar kifayət qədər gəlir götürür, hətta
övladlarının xeyir işlərini
də bu qazancla etməyi
planlaşdırırdılar. O vaxtlar
baramanın bir kiloqramı 5 manat 10 qəpiyə satılırdı. Hətta
elə şəxslər var idi ki, onlar
bir ton barama
verirdilər. Odur ki,
baramaçılığı inkişaf
etdirə bilsək və kümdarların maddi
maraqlarını təmin olunsa,
baramaçılıqdan kifayət qədər gəlir
götürə bilərik. Çünki
sovet dövründə baramaçılıqdan
Kənd Təsərrüfatı Nazirliyi
yanında “Azəripək” İdarəsində o
qədər gəlir yığılırdı ki, hətta bütün xərcləri
ödədikdən sonra belə küllü miqdarda vəsait
qalırdı. Biz nazirliyə artıq qalan məbləği sosial
sahəyə yönəltməyi təklif edirdik”.
Stimullaşdırıcı tədbirlərin
görülməsinə başlanılıb sevindirici
haldır ki, uzun illərdən
sonra artıq Azərbaycanda da bu cür
gəlirli sahənin inkişaf etməsi üçün stimullaşdırıcı tədbirlərin
görülməsinə başlanılıb. Hazırda bir kiloqram baramanın 8 manatdan alınacağı barədə məlumatlar
var. Bu kimi
səbəblərdən, bir çox regionlarda, o cümlədən Zaqatala
rayonunda baramaçılığın inkişaf etdirilməsi işlərinə
başlanılıb. Bu məqsədlə
kəndlərdə baramaçılıqla məşğul olmaq istəyən insanlarla
müqavilələrbağlanıb. Bu il rayonda 2 tona
yaxın baramanın istehsal ediləcəyi
proqnozlaşdırılır. Bunun üçün istehsalçılar ödənişsiz
qaydada barama qurdu toxumu və
kağızla təmin ediləcək. Bununla
belə, istehsalı əvvəlki səviyyəyə
çatdırmaq üçün uzun illər lazımdır. Bu
hədəfə nail olmaq
üçün isə ilk
növbədə yem bazasını təmin
edən yeni tut
bağlarının salınması
planlaşdırılıb. Məhsul
satışından böyük gəlir əldə
etmək Naxçıvan Muxtar
Respublikasının kənd və qəsəbələrində,
yol kənarlarında tut
ağaclarının əkin sahəsinin xeyli
genişləndirilməsi qədim diyarda
baramaçılığın yenidən
canlandırılmasına şərait yaradıb. NMR Ali Məclis Sədrinin imzaladığı fərmanla
təsdiqlənən “2014-2018-ci illərdə Naxçıvan
Muxtar Respublikasının sosial-iqtisadi
inkişafı üzrə Dövlət Proqramı”nda da baramaçılığın inkişaf etdirilməsi nəzərdə tutulub. Qeyd edək ki, baramaçılıq sahəsi vaxtilə NMR-in Ordubad rayonunda xeyli inkişaf edib. Aparılan təhlillər zamanı müəyyən
olunub ki, muxtar respublikada yaş barama istehsalı
1970-ci ildə 72,6 ton, 1975-ci ildə 87,6 ton, 1980-ci ildə 122 ton,
1983-cü ildə 137 ton, 1990-cı ildə
89 ton, 1993-cü ildə isə azalaraq 22,7 ton olub. İstehsal edilən yaş barama məhsulu o dövrdə mərkəzləşdirilmiş
qaydada satışa
çıxarılıb. Məhsul satışından xeyli gəlir əldə olunub.
Bütün bunlar nəzərə
alınaraq, bu sahənin yenidən
inkişafı istiqamətində işlər davam
etdirilir. Dünya bazarında baramanın bir tonu 15-16 min manat Dövlət başçısı İlham Əliyevin Nazirlət Kabinetinin
iclasında səsləndirdiyi fikirlərdən sonra Ağcabədi rayonunda
da torpaq mülkiyyətçiləri
və əvvəllər baramaçılıqla məşğul
olan şəxslərin iştirakı ilə
ümumrayon toplantısı keçirilib. Bildirilib ki, rayonda 1 şəhər, 1 qəsəbə, 12
kənd ərazisində 45,85 hektar çəkil
bağı qorunub saxlanılıb. Ağcabədi Regional Meşə
Tingliyi Mərkəzində 10 min ədəd çəkil tingi
var, əlavə olaraq
20 min çəkil ting
toxumunun əkilməsi nəzərdə
tutulub.Yığıncaqda rayonda
baramaçılığın bərpa edilməsi ilə
bağlı fikir mübadiləsi də
aparılıb və 2016-cı ildə 4 ton
barama istehsalı planlaşdırılıb.
Qeyd edilib ki, gələcəkdə Yaponiyadan
enliyarpaqlı çəkil tinglərinin gətirilməsi
hesabına barama istehsalını 150 tonadək
çatdırmaq mümkün olacaq. Xatırladaq ki, dünya bazarında baramanın bir tonu 9-10 min
dollara, başqa
sözlə, 15-16 min manata
satılır. İpək parçanın qiyməti isə bundan təxminən 2 dəfə bahadır. Bir baramadan 800-1200 metr uzunluğunda sap almaq mümkündür.
Bu saplardan isə sonradan ipək parça istehsal edilir.
Alim Hüseynli
Olaylar.- 2016.- 27 aprel.- S.12.