Ədəbiyyatımızda
vətənpərvərliyin təbliği
Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlara vətənpərvərlik hisslərinin aşılanması, gənc nəslin məhz bu ruhda tərbiyə olunması günümüzdə xüsusi diqqət yetirilməli olan sahələrdəndir. Təbii ki, dövlət və onun müvafiq qurumları bu istiqamətdə öz üzərilərinə düşən vəzifələri yerinə yetirirlər. Hər halda gənclərin vətənpərvər ruhda böyüməsi məqsədilə kütləvi tədbirlərin keçirilməsi, bu məqsədlə müvafiq sənədlərin qəbul edilməsi deyilənlərin əyani sübutudur.
Bu bir danılmaz faktdır ki, gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasında yaradıcı insanların da üzərinə müəyyən iş düşür. Şairlər bu istiqamətlər üzrə şerlər yazır, yazıçılar gəncləri vətənpərvərliyə səsləyən əsərlər ortaya qoyurlar. Qeyd edilən istiqamətlərdə son illər dəyərli əsərlər ortaya qoyan, tarixi romanlar yazan yazıçı-publisistlərdən biri də Yunus Oğuzdur. Yunus Oğuzun həyat və yaradıcılığına qısa nəzər yetirdikdə onun hələ gənc yaşlarından vətənpərvər ruhda yazılar, məqalələr qələmə aldığını görürük. Məhz Yunus Oğuzun qanında, canında olan vətənpərvərlik hissləri onu “Ordu” qəzetinə gətirir və 1991-92-ci illərdə Yunus Oğuz «Ordu» qəzetinin baş redaktoru kimi fəaliyyət göstərir.
Müstəqilliyin ilk illərindən başlayaraq günümüzə qədər Yunus Oğuzun qələmə aldığı tarixi və elmi əsərlərdə yalnız bir ana xətt götürülüb. Millətə, dövlətə xidmət etmək, gizli saxlanılan tariximizi üzə çıxarmaq və bununla cəmiyyəti məlumatlandırmaq. Yunus Oğuz elmə, yaradıcılığa başladığı ilk günlərdən yaxın-uzaq tarixə yol salır, keçmişdə gizli, qaranlıq saxlanılan həqiqətləri üzə çıxarır. Yazıçı bununla həm də Vətən sevgisini ortaya qoyur, oxucularına, cəmiyyətə Vətən sevgisini aşılayır, onlara vətənpərvər, millətsevər olmağı tövsiyyə edir. Həmçinin Yunus Oğuz qələmə aldığı əsərləri, tarixi romanları ilə Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırır, mövcud şəraiti, keçmişi və indini olduğu kimi təqdim edir.
Yunus Oğuz əsərlərində diqqət çəkən əsas bir məqam var ki, o da tarixi şəxsiyyətlərin, xalq qəhrəmanları və sərkərdələrimizin əsl gerçəkliyini cəmiyyətə təqdim etməkdir. Çünki müstəqillik illərinə qədər Azərbaycan xalqının qəhrəmanları, sərkərdələrinin yalnız mənfi tərəfi barədə cəmiyyət məlumatlandırılıb. Yaxud onların müsbət tərəfləri bədii vasitələrlə mənfi obraza salınaraq xalqa təlqin edilib. Nəticə etibarilə xalq öz qəhrəmanı, sərkərdəsinə hər zaman mənfi yöndən yanaşıb. Yetişməkdə olan gənc nəsl özünü həmin qəhrəmana, sərkərdəyə bənzətmək əvəzinə ona sonsuz nifrətlə yanaşıb. Təbii ki, bu da keçmiş Sovet ideologiyasına xidmət edən bir siyasət idi. Çünki həmin qəhrəman və sərkərdələrin müsbət obrazda, vətənpərvər kimi cəmiyyətə təqdim edilməsi nəticə etibarilə gələcək nəsilləri məhz həmin tarixi şəxsiyyətlərdən ibrət götürməsi, özünü ona oxşatması ilə müşahidə edilə bilərdi. Heç şübhəsiz ki, bu da Sovet ideologiyasına zidd idi. Ona görə də 70 illik Sovet hakimiyyəti dövründə Attila, Nadir şah, Əmir Teymur, Təhmasib şah, Sultan Apl Arslan kimi tarixi şəxsiyyətlər bir qayda olaraq cəmiyyətə, yetişməkdə olan gənc nəslə qaniçən, zalım biri kimi təqdim olunurdu ki, onlara qarşı ümumilikdə xalqın bir nifrət hissi formalaşsın. Heç şübhəsiz ki, Yunus Oğuz kimi yazarlar da bu mənfi yanaşma, təbliğatı görür, tarixi şəxsiyyətlərimizi olduğu kimi cəmiyyətə təqdim etmək üçün davamlı olaraq axtarışlar, araşdırmalar aparırdı. Bu baxımdan Yunus Oğuzun “Əmir Teymur-Dünyanın hakimi”, “Əmir Teymur-Zirvəyə doğru”, “Nadir şah”, “Təhmasib şah”, “Sultan Alp Arslan” kimi tarixi romanlarını xüsusi qeyd etmək lazımdır. Qeyd etdiyimiz kimi Yunus Oğuz Əmir Teymur haqqında qələmə aldığı tarixi romanlarda qarşısına yalnız bir məqsəd qoymuşdu. Əmir Teymurun indiyə qədər bilərəkdən və əsassız olaraq yaradılmış mənfi, qaniçən, zalım obrazını tamamilə aradan qaldırmaq, onun necə adil bir sərkərdə, qəhrəman, xalqını sevən hökmdar olduğunu cəmiyyətə çatdırmaq. Və Yunus Oğuz buna tam nail oldu desək yanılmarıq. Yunus Oğuzun məhz Əmir Teymurla bağlı qələmə aldığı tarixi romanlar nəticəsində Əmir Teymur sanki adaptasiya olundu və xalq, xüsusilə onun gənc nəsli bu adil, bacarıqlı hərbiçi barədə indiyə qədər gizlin qalan mətləbləri öyrəndi. Bir vaxtlar Əmir Teymura nifrətlə yanaşan gənclik artıq özünü bu dahi şəxsiyyətə oxşatmağa başladı. Onun necə vətənpərvər olduğunu öyrənmiş oldu.
Yazıçı “Əmir Teymur-Dünyanın hakimi” tarixi romanında dahi sərkərdənin hərbi qüdrətini, qazandığı nailiyyətlər, döyüş meydanında göstərdiyi uğurlu gedişləri geniş və ətraflı şəkildə şərh edərək onu oxuculara, xüsusilə gənc nəslə belə çatdırır: “30 oktyabr, 1400-cü ildə hər iki tərəf “Allahu Əkbər”, “Allahu Əkbər” nidaları ilə hücuma keçdilər. Səhra döyüşlər üçün heç münasib deyildi. Qum dənələri toza dönüb göyə qalxanda atların ayaqlarının altından çıxan qum dənəcikləri bu toz dumanını daha da qatılaşdırırdı. Toz-dumanla yanaşı havanı toqquşan qılınc, atılan oxların səsi, heyvan böyürtüsü, yaralı insan iniltisi doldururdu. Bir qədərdən sonra bu səslər bu ətrafın sanki minilliklərindən gələn tarixi və əbədi səsinə çevrildi. Bu dəhşətdən sanki zaman dondu və hər şey sanki ölüm ifadə etməyə başladı. Ömründə heç vaxt döyüş filləri görməyən Hələb ordusu, təkcə onların ayaqlarını yerə vurub, yaratdıqları titrəyiş və gurultudan heyrətə və dəhşətə gəldilər. Hələb ordusu fillərlə döyüşməyə hazır deyildi. Fillər suriyalıların sol cinahını pərən-pərən salanda teymurilər təşəbbüsü ələ aldılar. Onların güclü təzyiqi altında Dəmirdaşın əsgərləri əvvəlcə geri çəkilməyə, sonra isə qaçmağa başladı. Bu da döyüşün taleyini həll etdi. Suriyalılar döyüş başlanandan bir saat sonra şəhərə doğru üz tutub qaçırdılar”.
Yaxud yazıçı “Əmir Teymur-Zirvəyə doğru” əsərində Əmir Teymurun yüksək sərkərdəlik qabiliyyəti, döyüş texnoloqu, savadı, bacarığı olduğunu belə xarakterizə edir: “1398-ci ilin sərt mart ayında Əmir Teymurun 92 minlik qoşunu, ərəblərin “dünyanın daş kəməri” adlandırdığı Hindiquş dağına doğru istiqamət götürdü. Böyük Əmir yolun çətinliyini elə ilk gnlərdən başa düşürdü. 92 rəqəmi Məhəmməd salavatullahın 92 adına işarə idi. Başı daim ağappaq olan bu dağların yolları da tamam buz bağlamışdı. Bura kiçik Hindistanla Səmərqəndi birləşdirən yeganə karvan yolu idi. Məhz 28 il öncə Teymur bu yolla Bəlxə keçmiş və orada qurultay çağırmışdı. Yoxuşda hərəkət daha da ağırlaşırdı Yuxarı qalxdıqca qarın hündürlüyü də qalxır, soyuq iliyə işləyir, şaxta və çovğun əsgərlərin sifətini yandırır, saqqallarından, bığlarından buz sallanırdı. Əsgərlər ayaq üstə zorla durur, çətinliklə irəliləyirdilər”. Yazıçı daha sonra Əmir Teymurun belə bir çətin şəraitdə verdiyi tarixi qərar və qarşısına məqsəd qoyduğu döyüşün taleyini dəyişən gedişi barədə bunları yazır: “Üç minə yaxın əsgər işə başlayanda heç ağıllarına da gəlməzdi ki, bir neçə saatdan sonra beş adam enində, iki metr hündürlüyündə, bir kilometr uzunluğunda lağım hazır olacaq. Əmir Teymur atdan düşüb, birinci olaraq özü üstü qar, altı və divarları buz olan lağıma girdi. Amma düçüncəsində qismən ayrı fikirlər dolaşırdı. Gərək nəvələrimə də bütün bunları öyrədim. Onlar başa düşməlidirlər ki, həyatda heç bir dalan olmur. Düşəndə də insan öz şüurunun dalanına düşür. Yaxşı fikirləşəndə istənilən dalandan çıxmaq mümkündür”.
Filologiya elmləri doktoru, millət vəkili
Nizami Cəfərov Yunus Oğuzun
“Əmir Teymur-Zirvəyə doğru” tarixi romanı haqqında fikirlərini
bölüşərkən yazıçı tərəfindən
Əmir Teymur şəxsiyyəti, qətiyyəti, sərkərdəliyinin
hərtərəfli tədqiq edildiyini qeyd edir və gənc nəslin
belə əsərlər vasitəsilə tarixi şəxsiyyətlər
barədə dolğun, ətraflı və həqiqi məlumatlar
əldə etdiyini yazır. Nizami Cəfərov bunları qeyd edir: “Əlbəttə
mən əminəm ki, Yunus Oğuzun digər romanları kimi
bu romanı da diqqəti cəlb edəcək və
ümumtürk tarixini yazmaq və bu günkü nəslə
çatdırmaq baxımından çox dəyərli bir əsərdir
və eyni zamanda bu əsərin çox üstün cəhətlərindən
biri də onun müasirliyidir. Yəni biz bu gün
görürük dünyada nələr baş verir. Əgər
məsələn” XX əsrdə dünya daha çox
ideyaların, daha çox qrupların təsiri altında idarə
olunurdusa, XXI əsrdə biz dövlət
başçısının, dövlət idarəçisinin
gücləndiyini görürük. Bu gün artıq dövlət
adamları, dövlət başçısı bu və ya digər
xalqın taleyində daha çox rol oynamağa
başlayıblar. Və ideyalar, müxtəlif kononlar tədricən
arxa plana keçir. Məsələn, keçən əsrdə
kommunizm ideyası və ya hər hansı bir kosmopolit ideyalar
döyüşürdüsə, indi artıq ən çox
dini baxışlar, dini görüşlər
döyüşür. Burda
da çox zaman dini baxışlardan,
dini konsepsiyalardan sui-istifadə olunur. Yunus Oğuzun əsərində
də bunlar istər-istəməz hiss olunur. Müasir dövrdəki
münasibətləri tarixə də tətbiq edir”.
Göründüyü
kimi, Yunus Oğuz qələmə aldığı tarixi
romanları vasitəsilə tarixi şəxsiyyətlərimiz,
hökmdarlarımızın əsl bir xalq qəhrəmanı
olduğu cəmiyyətimizə, xüsusilə gənc nəslə
çatdırılır. Heç şübhəsiz ki, bu da
gənclərimizin vətənə, onun layiqli
oğullarına, xalq qəhrəmanlarına olan rəğbətini
artırır. Paralel olaraq gənc nəslin vətənpərvər
ruhda böyüməsinə, tərbiyə almasına təkan
verir. Bu mənada yazıçının “Nadir şah” və “Təhmasib
şah” romanlarının Təhsil Nazirliyinin müvafiq qərarı
ilə sinifdənxaric oxu ədəbiyyatı kimi sifariş
edilib bu məqsədlə
çap olunması da təqdir edilməlidir.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 28 aprel.- S. 15.