“Toqquşan Sivilizasiyalar”
Azərbaycanda qovuşur
“Tarixi
İpək yolunda yerləşən Azərbaycan müxtəlif
sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər
boyu milli-mədəni rəngarənglik mühitinin
formalaşdığı, ayrı-ayrı millətlərin və
konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq,
qarşılıqlı anlaşma və dialoq şəraitində
yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə
multikulturalizm artıq alternativi olmayan həyat tərzinə
çevrilmişdir”. 2016-cı ilin Azərbaycan
Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Sərəncamından
Bakı
12 il öncə Türkiyə və İspaniyanın təşəbbüsü
ilə təsis edilmiş Sivilizasiyalar Alyansının növbəti
7-ci Global Forumuna ev sahibliyi etdi. Ötən illər ərzində
bu təşəbbüsə qoşulan dövlətlərin
sayı artıq 140-ı ötüb və bu heç də təsadüfi
deyil. Dünya ölkələrinin
böyük əksəriyyətində Yer kürəsini məskunlaşdıran
bütün xalqların dinc-yanaşı yaşamaq perspektivinə
alternativin olmadığı artıq dərk olunmaqdadır.
Yeni minilliyin qlobal siyasət müstəvisinə
çıxardığı qlobal təhlükələr qarşısında
dünya xalqlarının səfərbər olunması
artıq təxirəsalınmaz bir zərurətə
çevrilib. Bu zərurətin dərindən dərk
olunduğu bir sıra ölkələrin dövlətləri
qlobal sabitliyə və təhlükəsizliyə xidmət edən
müxtəlif təşəbbüslərdə bulunur.
Dünyanın bir tərəfində Sivilizasiyaların
toqquşmasından danışaraq bunun qaçılmaz
olduğu iddia olunurkən, digər tərəfində
sivilizasiyaların qovuşmasına və
qarşılıqlı faydalı təmaslarda bulunmasına cəhdlər
göstərilir. Avropanın mərkəzində təəssüflə
multikulturalizmin mümkünsüzlüyü haqqında
danışıldığı zaman Azərbaycanda
multikulturalizmə alternativin olmadığı qətiyyətlə
səsləndirilir. Bu prosesdə Azərbaycanın
öncül mövqedə addımlaması təbiidir və
xüsusilə qürur vericidir.
Məhz bu il ölkəmizdə prezident
İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan
olunmuşdur. Multikulturalizmin adi həyat tərzi olduğu bir
ölkədə “Multikulturalizm ili”nin elan olunması Azərbaycan
cəmiyyətinə deyil, bütün dünyaya
ünvanlanmış bir mesajdır. Bu Azərbaycanın
multikultural ənənələrinin və həyat tərzinin
beynəlxalq səviyyədə ən yüksək şəkildə
təqdimatı deməkdir. Tarixdə ilk dəfədir ki,
dövlət başçısı mədəni ideyanı
qlobal siyasi ideya səviyyəsinə qaldıraraq, onu milli və
dünya inkişafının ön cinahına
çıxarır. Rəsmi səviyyədə belə bir qərar
qəbul etməklə, Prezident İlham Əliyev ölkəmizin
mədəniyyətlərarası münasibətlərin
inkişafında oynadığı tarixi roldan
çıxış edərək, Multikulturalizmi dövlətin
humanitar siyasətinin mühüm komponentinə çevirir. Multikulturalizm –
“qloballaşma”, “yeni dünya nizamı”, “qlobal sivilizasiya”,
“demokratiya”, “universal insan haqları”, “qlobal vətəndaş
cəmiyyəti” kimi tutumlu anlayış və
yüksək dəyərlərlə bir sırada
aktuallaşdırılır. Azərbaycan
Prezidentinin bu ideyasına adekvat reaksiya verən yaradıcı
ziyalılarımız problemin çoxcəhətli aspektlərini
araşdırır, xarici ölkələrdə də Azərbaycanın
multikulturalizm ideyasına həssas və rəğbətli
münasibətlər sərgiləndiyini müşahidə
edirik.
Multikulturalizm
(çoxmədəniyyətlilik) ideyasının mahiyyətinə
vardıqda onun önə çəkilməsinin, həqiqətən,
bir zərurət olduğunu görürük: belə ki,
multikulturalizm ölkədaxili və ölkələrarası
münasibətlərin tarixən inkişaf edən, dəyişən
və təkmilləşən elə bir formasıdır ki,
bu şəraitdə bütün insanların və onların
müvafiq qanunlara zidd olmayan birliklərinin dinc-yanaşı
yaşaması və fəaliyyət göstərməsi
mümkün olur. İrqi mənsubiyyətinə, etnik, milli, mənəvi,
dini dəyərlərinə, adət-ənənələrinə,
dünyagörüşü və həyata baxış fərqliliklərinə,
sosial-sinfi mövqelərinə, siyasi təmsilçilik
statuslarına, irsi, fizioloji və psixoloji əlamətlərinə
baxmayaraq, müxtəlif sivilizasiyalara mənsub olan insan cəmiyyətlərinin
vahid məkanda – Yer kürəsi üzərində
dinc-yanaşı yaşayaraq bəşəriyyət naminə
fəaliyyətlər göstərə bilməsi
üçün əsas şərt məhz multikultural
mühitin davamlı mövcudluğudur.
Dünya qloballaşır və beynəlxalq sistemi təşkil
edən siyasi subyektlər – dövlətlər arasında
münasibətlərin beynəlxalq hüquqa uyğun paritet əsasları
müəyyənləşir. Universal insan haqları
və demokratiyanın bərqərar edilməsi humanizmin ən
yüksək təyinatı kimi müəyyən olunur, qlobal
vətəndaş cəmiyyətinin formalaşması
üçün səylər artırılır. Bütün bunlar siyasi quruluşundan asılı
olmayaraq bütün dünya dövlətlərinin vətəndaşlarının
hüquqlarını müdafiə edən planetar sistemin -
Qlobal vətəndaş cəmiyyətinin formalaşması
deməkdir. Bu məqsədə nail olmaq ayrı-ayrı
sivilizasiyaların vahid qlobal məkan miqyasında
konvergensiyası mühitində mümkündür. Belə
bir planetar ideyanın Yer üzərində həyata
keçirilməsi isə insanların və onların mənsub
olduqları sivilizasiya, mədəniyyət, konfessiya, dövlət
və s. birlik və sistemlərin multikultural məkanda – bir
yerdə yaşaya bilmək şərtləri daxilində
reallaşa bilər.
Bu gün multikulturalizm ideyası özündə kifayət
qədər universal xarakter daşıyan sosial-siyasi, və fəlsəfi-ideasional
məzmun ehtiva edir. Multikultural tolerantlıq o demək deyil ki,
bəzi şərhçilərin iddia etdiyi kimi, sadəcə
müxtəlif dinlərin subyektləri bir-birini qəbul edir və
bir-birinə etimad göstərirlər. Multikultural
dünyagörüşü və əxlaqı – çoxmədəniyyətliliyin,
çoxkonfessiyalılığın, polietnikliyin,
inter-milliliyin elə bir əlverişli universal məkanını
yetişdirir ki, burada həmin subyektlər (dövlət,
sivilizasiya, mədəniyyət, konfessiya, qrup, fərd və
s.) nəinki bir yerdə yaşayır, bir-birinə tolerant
münasibət bəsləyir, həm də multikultural dəyərlərin
qəbul edildiyi prinsip və meyarlara uyğun olaraq, birlikdə
fəaliyyət göstərir, özlərinin yaradıcı,
qurucu enerjisini konsentrasiya edir və bu potensialı böyük
məqsədlərə yönəldərək bəşəriyyətin
gələcəyi naminə hərəkət etdirə bilirlər.
Vətənimiz Azərbaycanın multikultural məkanı
məhz belə bir potensiala və onun inkişafı
imkanlarına malikdir. Bütün tariximiz və
müstəqillik illərinin sıçrayışlı tərəqqi
dövrü Azərbaycanı belə bir inkişaf səviyyəsinə
çatdırmışdır.
Azərbaycanın
multikultural məkan kimi təşəkkülü 3 vacib amilə
söykənir:
- mühüm ticarət koordinatlarını
özündə birləşdirən Böyük İpək
yolu,
- bütün Avrasiya geopolitikasının
onurğa sütununu təşkil edən türk
sivilizasiyası,
- və nəhayət, antik dövrlərdən bəri
böyük mədəniyyətlərin dərin
laylarını özündə sintezləşdirən Qafqaz
və Şərq tarixində Azərbaycanın özünəməxsus
rol oynaması
Azərbaycanın
da ayrılmaz parçası olduğu türk sivilizasiyası
min illər ərzində Mərkəzi Asiyanın özək
sivilizasiyası olaraq Uzaq Şərq istiqamətində
Çin və Yapon sivilizasiyaları ilə, Cənub-Şərq
istiqamətində Hind sivilizasiyası ilə, Yaxın Şərq
istiqamətində İslam sivilizasiyası (başlıca
olaraq ərəb və
İran) ilə, Qərb istiqamətində isə Avropa və
slavyan sivilizasiyaları ilə davamlı münasibətlərdə
olmuş, amma tarixən, onların ayrılıqda hər birindən
daha çox multikulturalizm məkanını yaratma
funksiyasını həyata keçirə bilmişdir.
Türk dünyası koordinatlarında multikultural Azərbaycanın
təkcə ictimai-siyasi baxımdan deyil, həm də bədii-estetik
mədəniyyət baxımından orqanikliyi,
bütövlüyü və rəngarəngliyi bütün
gözəl cəhətləri ilə üzə
çıxmışdır. Məsələn, Səfəvilər
imperiyası dövründə ərazisi indikindən qat-qat
böyük olan Azərbaycanın bu ərazilərdə
yaşayan digər millətlərə və dinlərə
qarşı siyasi, iqtisadi, mədəni, sosial və s.
diskriminasiyaya yol vermədikləri, eləcə də digər
xalqların tarixi abidələrinə, sənət
texnologiyalarına, əxlaq və mənəviyyat
qanunlarına ehtiramla yanaşdığı danılmaz
faktlardır. Bununla da Azərbaycanlılar
özlərini dünyaya yüksək soya və nəcabətə
malik insanlar kimi təqdim etməklə yanaşı, həm də
başqa cəmiyyət və mədəniyyətlərdən,
onlara məxsus yaradıcılıq üslublarından,
qabaqcıl həyat təcrübələrindən bəhrələnməyə
çalışmışlar. Çoxdilli,
çoxmədəniyyətli, çoxdinli Azərbaycan şəhərləri
multikulturalist dünyagörüşünün təcəssümü
və beşiyi olaraq inkişaf etmişdir. Şəhərsalma mədəniyyəti,
memarlıq, miniatür sənəti,
xalçaçılıq, keramika və tətbiqi sənətin
digər sahələrində yüksək sənətkarlıq
səviyyəsinə çatılmışdır. Qədim şəhərlərimizdə ədəbiyyat,
elm və təhsil dünya təcrübəsinin klassik dəyərlərini
mənimsəməklə yanaşı, Şərq mənəvi
mədəniyyətinin bilik və rasionallığa əsaslanan
meyarlarını da əxz etmişdir.
Azərbaycanlılar
universal antropoloji tipologiyasına görə də Türk,
Şərq və Qafqaz etnosistemlərinin qovuşub təkamül
etdiyi bir istiqamətdə təşəkkül
tapdıqlarından və öz seçkin antropoloji özəlliklərini
məhz “Azərbaycan universumunda” hifz edib inkişaf etdirdiklərindən,
onlar estetik cəhətdən də unikal fizionomik quruluşa,
Qafqaz kimi sərt və çoxiqlimli coğrafiyada yaşaya
bilən dözümlü, çevik və sağlam həyat
tərzinə malik olmuş, regionun konsolidasiya yaratma qabiliyyətli
superetnosuna çevrilə bilmişlər. Əgər
biz diqqət etsək görərik ki, dünya xalqlarının
böyük əksəriyyəti, xüsusilə Qafqazın
digər etnosları (Qafqazda 50-dən çox etnos
yaşayır) tarixən və elə indi də başqa dillərdə
aksentlə danışırlar. Xarici dil
bilən azərbaycanlılar isə başqa dilləri öz
ana dilləri kimi mənimsəyir və öyrəndikləri
bütün yabançı dillərdə aksentsiz
danışa bilirlər. Bu o deməkdir ki, “Avrasiya
yaddaşına” malik Azərbaycan türkləri heç zaman
etno-linqvo-mədəni məhdudiyyət tanımamış,
uzun əsrlər boyu müxtəlif xalqlarla ünsiyyət və
dil mübadiləsi prosesində onların “ağız laboratoriyası”
daha çox inkişaf etmiş, tələffüz çətinliklərini
aradan qaldıraraq, yabançı sözlərin deyilişi
üçün daha optimal xüsusiyyətlər və
ölçülər almış,
dünyagörüşü və psixologiyası isə
dünyaya açıqlıq modelində
formalaşmışdır. Azərbaycan ədəbiyyatının
epik genişliyinə az qala bütün
dünya sığmış, Nizami Gəncəvi kimi
dühaların yaradıcılığında dünyanın
ən müxtəlif xalqlarının nümayəndələrinin
monumental obrazları yaradılmış, həmin xalqların
mədəniyyətlərinin dərinliyinə
varılmışdır. Azərbaycanın mütəfəkkir
şairləri poeziyada digər xalqların tarixində
müşahidə olunmayan yüksək bir zirvəni fəth
etmişlər: onlar üç dildə – Azərbaycan
türkcəsi, fars və ərəb dillərində
yaratdıqları “Divan”larla klassik dünya ədəbiyyatını
zənginləşdirmişlər. Bütün
bu faktorlar türk sivilizasiyasının universal mühitində
milli mədəniyyətlərin rəngarəng
arxitektonikasının yaranmasına başlanğıc
vermişdir. Məhz buna görə bu
gün Azərbaycan mühitində müşahidə olunan
unikal dini tolerantlıq dünyanın istisnasız olaraq
bütün ölkələrində heyranlıq və qibtə
ilə qarşılanır. Azərbaycandan
başqa dünyanın heç bir ölkəsində dini
konfessiyalardan birinə aid olan dini bayram və mərasimlərdə
digər konfessiyaların nümayəndələrinin də
xoş məramla iştirakına rast gəlinmir və
ümumiyyətlə bunu mümkün hesab etmirlər.
Prezident İlham Əliyevin də
vurğuladığı kimi, Böyük İpək yolu
coğrafiyasının kəsişmə nöqtəsində
yerləşən Azərbaycanın multikultural məkanı
dünya sivilizasiyasının dəyərlərini nəinki
özündə qovuşdurmuş, həm də buradan
onların yeni inkişaf poliqonuna çıxmasına şərait
yaratmışdır.
Böyük
İpək yoluna tarixi kontekstdə baxsaq, görərik ki, bu
yolun əsas marşrutları ilə bəşər
sivilizasiyasının öz inkişafında əldə etdiyi
bütün mütərəqqi yeniliklərin nümunələri,
maddi və mənəvi nemətlərin çoxsaylı
çeşidləri (ipək, qiymətli daş-qaşlar, ədviyyat,
dəri, yun və digər toxuculuq məmulatları,
kağız, çini qablar, şüşə, çay,
şərab, düyü, bitki və meyvə toxumları,
geyimlər, parçalar və bəzəklər, kosmetika,
silahlar və kitablar, əlyazmaları və dini rəmzlər,
ornamentlər, insan fəaliyyətində istifadə olunan
bütün alət, ləvazimat və avadanlıqlar, hətta
ov itləri, ov şahinləri, tutuquşu, bəbir və
şir, nəhayət, canlı insanlar – qullar)
daşınmışdır. Bu yol üzərindəki
karvansaraylar, ticarət şəhərləri,
alınıb-satılan mallar, tədavüldə olan pullar,
ünsiyyət yaradan dillər, ticarət yollarına nəzarət
edən dövlət və imperiyalar dəyişmiş, yeniləri
ilə əvəz olunmuşdur. Ancaq ticarət-mübadilə
mədəniyyətinin bir “qızıl qaydası” dəyişməz
olaraq qalmışdır: insanlar və dövlətlər
bütün tarixi zamanlarda qarşılıqlı münasibətlərin
daha yüksək səviyyəsinə, geniş miqyasına
qalxmağa, bir-birini daha dərindən tanımağa, malik
olduqları ən yaxşı maddi və mənəvi nemətləri
bir-biri ilə bölüşməyə, nəticədə,
istehsal və istehlak mədəniyyətinin daha optimal
texnologiyalarına yiyələnməyə
çalışmışlar. Bütün
bunlar ümumbəşəri dəyərləri
formalaşdıran əsas stimullar olmuşdur. Beləliklə, bu gün müasir dünyada qlobal
sivilizasiyanın qazandığı başlıca universal
nailiyyətlərin kökündə həm də
Böyük İpək yolu mədəniyyəti dayanır ki,
bu mədəniyyətin müasir dövrümüzdə ən
dolğun şəkildə daşıyıcısı məhz
Azərbaycandır.
Böyük İpək yolunun xüsusilə XVI-XVIII əsrləri
sözün əsl mənasında klassik Şərq şəhərlərinin
mükəmməl ticarət mədəniyyətinə yiyələndiyi
və bu mədəniyyət arsenalı üzərində
iqtisadi-mədəni əlaqələrin ən yüksək səviyyəsinin
əldə edildiyi bir mərhələ olmuşdur. Buxara, Səmərqənd,
İstanbul, Təbriz və Dehli dünyanın hər yerindən
tacirlərin axın-axın gəlib mal
daşıdığı paytaxt-şəhərlər kimi
şöhrətlənmişdir. Bu yolun Çin – Mərkəzi
Asiya – Qafqaz – Aralıq dənizi regionunu birləşdirən
tarixi marşrutu erkən orta əsrlərdən başlayaraq,
bu günümüzədək Azərbaycandan keçdiyindən,
bizim şəhərlərimiz – Təbriz, Ərdəbil,
Naxçıvan, Bakı, Gəncə, Şəki sürətlə
inkişaf etmiş, böyümüş, klassik Şərq
memarlığının incəliklərini özündə
ehtiva edən karvansaray kompleksləri ilə zənginləşmiş,
beynəlxalq ticarətin özünəməxsus
qanunauyğunluqlarını mənimsəmişlər.
Beləliklə,
Böyük İpək yolu üzərində Şərq və
Qərb sivilizasiyalarının qarşılıqlı təmasını
təmin edən Azərbaycan həm Şərqin, həm də
Qərbin ən mükəmməl dəyərlərini öz
məkanında sintezləşdirməyə nail olmuş və
dünyanın da ondan bəhrələnməsinə geniş
imkanlar açmışdır.
Bu gün Azərbaycan təkcə iqtisadi cəhətdən
deyil, həm də beynəlxalq siyasi nüfuz və mədəni
yeniliklərin təşəbbüskarlığı
baxımından dünya üçün əhəmiyyətli
bir ölkədir. Respublikamız qlobal miqyasda mədəniyyətlərarası
münasibətlərin inkişaf etdirilməsi siyasətini
regionda uğurla həyata keçirən dövlət olaraq
öz tarixi missiyasını yerinə yetirir. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin həm Şərq, həm də Qərb dövlətləri
ilə apardığı uğurlu siyasət qlobal əməkdaşlığa
və dinamik inkişafa, tarixi-mədəni əlaqələrin
dərinləşməsinə və daha da məhsuldar,
çoxtərəfli və davamlı olmasına geniş
perspektivlər açır. Artıq Azərbaycan
mədəniyyətlərarası dialoqun
reallaşdığı beynəlxalq mədəni-intellektual məkan
statusu qazanmışdır. 2011-ci ildə (10-11 oktyabr)
ölkəmizin paytaxtında keçirilən “Bakı Beynəlxalq
Humanitar Forumu”nda çıxış edən Azərbaycan
Respublikasının Prezidenti söyləmişdir: “Nəinki
Azərbaycanda, bir çox ölkələrdə və
qonşu ölkələrdə multikulturalizmin böyük ənənələri
vardır. Ona görə, bu gün
multikulturalizmi şübhə altına qoymaq, yaxud onun
iflası haqqında danışmaq hesab edirəm ki, həm
yersizdir, həm zərərlidir. Çünki
multikulturalizmin alternativi yoxdur. Multikulturalizmin
alternativi özünütəcriddir. Mən
inanmıram ki, iyirmi birinci əsrdə, qloballaşan
dünyada hər hansı bir siyasi qüvvə
özünütəcrid siyasətini aparmağa cəhd etsin.
Bu yol heç bir yerə aparmır”. Bu mövqe bir daha onu göstərir ki, beynəlxalq
humanitar siyasətdə müasir dünyanın çoxmədəniyyətliliyi
faktını təsdiq edən yeni siyasi etikanın
meyarları ilə dövlətlərarası və mədəniyyətlərarası
münasibətlərə baxılmaq ənənəsi
yaranmaqdadır. Bu ənənənin
konseptual müddəaları isə indi Azərbaycanda
dünyanın aparıcı siyasi-intellektual elitasının
iştirkı ilə ardıcıl keçirilən tarixi
Forumlarda onların birgə səyi ilə
formalaşdırılır. Bu Forumlarda mədəniyyət
və sivilizasiyaların tarixi və müasir planda müqayisəli
öyrənilməsindən əldə olunan elmi-analitik nəticələr
planetar sivilizasiyaya doğru dünya inkişafının
strategiyasına daxil edilir, ayrı-ayrı mədəniyyət
və sivilizasiya kodlarından universal sivilizasiya
kodlarının sistemləşdirilməsi imkanları
araşdırılır, “müxtəlifliyin vəhdəti”
paradiqması mədəniyyət və sivilizasiyaların tərəqqi
perspektivinə çıxarılır. Global
humanitar Forumlar beynəlxalq münasibətlərin siyasi-etik
normativlərini mədəniyyətlərarası və
sivilizasiyalararası münasibətlərin moralist yanaşma
modelləri və prinsipləri ilə sintezləşdirərək,
beynəlxalq həyatda etik-siyasi mədəniyyətin konvergent
inkişafını təmin edir. Dünyamızın
gələcək taleyini müəyyənləşdirməyə,
bütövlükdə Yer kürəsini onun üzərində
yaşayan bütün xalqlar və millətlər
üçün təhlükəsiz bir məkana çevirməyə
yönəlmiş səylərin ortaya qoyulduğu Azərbaycan
isə multikulturalizmin vətənidir.
Multikulturalizm bir etikadır. Siyasət, əxlaq, din və mənəviyyat
qaynaqlarının bir-birindən ayrılmazlığı
ideyasından, ayrı-ayrı sivilizasiyaların və mədəniyyətlərin
qarşılıqlı münasibətlərini aramsız
olaraq dərinləşdirmə, təkmilləşdirmə və
genişləndirmə imperativlərindən
çıxış edən və özünün həm nəzəriyyəsi,
həm də praktikasında müxtəlif yanaşmaların,
tolerantlıq səylərinin enerjisini toplayaraq hərəkət
etdirə bilən etika. Bu 3-cü minilliyin əvvəlində
bəşəriyyətin əldə etdiyi ən böyük
universal dəyərdir və vətənimiz Azərbaycan bu
unikal dəyərin ən öncül
daşıyıcısıdır.
Cavanşir Feyziyev
Fəlsəfə doktoru, millət vəkili
Olaylar.- 2016.- 29 aprel.- S.12.