Hər bir Azərbaycan
əsgəri
sinəsini Vətənə
səngər bilir
Gənclərimizin ürəyi Vətən
eşqilə döyünür
Vətən kəlməsinin
yozumu çoxdur. Onlardan biri və bəlkə
də ən başlıcası əsgər ürəyidir. Vətən
əsgər ürəyində yaşadılır, bu səbədən müqəddəsdir Vətən.
Vətən ana sözü
ilə qoşa işlədilir. Buna görə də onu həmişə
müqəddəslik mərhələsində
yaşadırıq. Vətən həmişə göz bəbəyi kimi qorunur. Bu səbəbdən
də Vətəni gözümüzün
nuru bilirik. Azərbaycan
əsgəri də Vətəni dərin məhəbbətlə
sevir və qoruyur.
Ölkəmizin hər qarşı torpağı Vətən olaraq qorunur. Ata nəsihəti, ana öyüdü ilə böyüyən, hər oxuyub eşitdiklərindən düşüncələrinə Vətən sevgisi süzülən, saflaşan, durulaşan azəri oğullarının torpağa mehri artır. Hazırda hər bir Azərbaycan əsgəri sinəsini Vətənə səngər bilir. Hər əsgər üçün Vətənin müqəddəsliyi, bu müqəddəsliyin yaşarlığı yaşam fəlsəfəsidir. Ömür deyilən zaman kəsimini Vətən üçün yaşayan Azərbaycan əsgəri daim ayıq və sayıqdır. Qətiyyətlə demək olar ki, Azərbaycan əsgəri ona tapşırılmış mövqedə sayıqlıqla dayanır. Başa düşür ki, müharibə şəraitindəyik. Hələ ki, müharibə başa çatmayıb, bu müharibə torpaqlarımız işğaldan azad ediləndən sonra başa çatacaq. Düşmnin hər tərpənişini müşahidə edən, onu daim nəzarətdə saxlayan Azərbaycan əsgəri üçün ən böyük vəzifə torpağı qorumaqdır. Ona görə də yayın bürküsündə, qışın sazağında səngərdə gecələyən əsgərlərimiz bunu özünə müqəddəs vəzifə hesab edir. Onu da qeyd edək ki, əsgər hazırlığı Silahlı Qüvvələrin müxtəlif növlərində həyata keçirilir. Gənclərimiz isə böyük fəxarətlə ordu sıralarına yazılırlar. Bu arada Dövlət Sərhəd Xidmətinin Lənkəran və Göytəpə şəhərlərində yerləşən hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılmışdır. Tədbirlərdə çıxış edənlər yaradıcısı müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyev olan və 14-cü ildönümü qeyd edilən Dövlət Sərhəd Xidmətinin sıralarına qatılmaları münasibəti ilə gənc əsgərləri və onların valideyinlərini təbrik etmişlər. Milli sərhəd strateqiyasının təməlini qoyan Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunmasına xüsusi diqqət yetirərək Dövlət Sərhəd Xidmətinin yaradılması barədə tarixi qərarının ölkəmizın sərhəd mühafizəsi tarixində yeni mərhələnin başlanğıcı olduğu, Silahlı Qüvvələrin Ali Baş Koman¬danı cənab İlham Əliyevin ali diqqət və qayğısı sayəsində dövlət sərhədlərimizin mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıldığı, dövlət sərhəd¬lərimizin toxunulmazlığının təmin olunması istiqamətində davamlı dinamik inkişafa nail olunduğu çixışlarda xüsusi qeyd edilmişdir. Gənc əsgərlərin valideyinləri yaradıl¬mış şəraitə görə əlkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, öz övladlarını təbrik edərək vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə etmişlər. Tədbirlər gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatmışdır.
Əsgərlərimiz səngərlərdə Vətən qarşısında borclarını yerinə yetirdikləri zaman madafə naziri Zakir Həsənov ordumuzun beynəlxalq əlaqələrini genişləndirmək istiqamətində ciddi cəhdlə çalışır. Məhz bu məqsədlə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Karol Krofts ilə görüşüb. Müdafiə naziri qonağı yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edildiyi görüşdə Azərbaycan-Böyük Britaniya münasibətlərinin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub, Silahlı Qüvvələr arasında əməkdaşlığın daha da genişləndirilməsinin və hərbi təhsil sahəsində əldə edilən razılaşmaların inkişaf etdirilməsinin vacibliyi xüsusi vurğulanıb. Sonda Müdafiə naziri səfirin fəaliyyəti dövründə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın daha da inkişaf edəcəyinə ümidvar olduğunu qeyd edib. Britaniyalı diplomat isə öz növbəsində əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. Ardınca müdafiə naziri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda akkreditə olunmuş hərbi attaşe və hərbi nümayəndələri ilə görüşüb. Əvvəlcə tədbir iştirakçıları Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin binasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Sonra Müdafiə naziri görüş iştirakçıları qarşısında geniş çıxış edib. Nazir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində orduda bütün istiqamətlər üzrə aparılan islahatların əhəmiyyətindən danışıb. Cəbhə xəttindəki son vəziyyətdən danışan Müdafiə naziri Silahlı Qüvvələrin təşkilat-ştat strukturunun təkmilləşdirilməsinin, ordunun müasir silah-sursat, zirehli texnika və döyüş vasitələri ilə təchiz edilməsinin, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması məqsədilə yeni poliqonların istifadəyə verilməsinin və müxtəlif qoşun növlərinin cəlb olunması ilə təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün yeni hərbi şəhərciklərin, xidməti və daimi mənzillərin istifadəyə verildiyini vurğulayaraq bu sahədə görüləcək işlər və digər tədbirləri hərbi attaşelərin diqqətinə çatdırıb. Həyata keçirilən xidməti fəaliyyətlərə, o cümlədən xarici hərbi prioritetlərimizə dair geniş məruzənin sonunda general-polkovnik Z.Həsənov şəxsi heyət qarşısında duran məqsəd və tapşırıqları müəyyən edib, qarşıya konkret vəzifələr qoyub və tövsiyələrini verib.
Yeri gəlmişkn qeyd edək ki, Azərbaycan ordusunun artan nüfuzu beynəlxalq təşkilatlar və xarici ölkələrin diqqətindən kənarda qalmayıb. Silahlı Qüvvələrimizin gücünü dərk edən bir sıra ölkələr hətta birgə hərbi təlimlərə üstünlük verirlər. Elə bunun nəticəsidir ki, "Dəniz kuboku - 2016" müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya və Qazaxıstan hərbi dənizçiləri Xəzər dənizinin poliqonlarında ilk olaraq "hava hədəfləri"nə atışlar keçiriblər. Ssenariyə əsasən, şərti düşmənin təyyarəsi gəmiyə aviasiya bombası atdıqdan sonra gəmi komandiri vəziyyəti qiymətləndirərək 60 mərmidən artıq istifadə etməmək şərti ilə hava hədəfini məhv etməlidir. Bu mərhələdə hakim kollegiyası tərəfindən gəmilərin poliqona daxil olması vaxtı, atış barədə komandirin qərar qəbuletmə vaxtı, hədəfin dəqiq vurulması və döyüş məşğələsinin yerinə yetirilməsinin ümumi vaxtı qiymətləndirilir. İkinci mərhələdə dənizçilər dəniz hədəfləri üzrə atış keçiriblər. Dəniz hədəfi qismində xüsusi quraşdırılmış gəmi lövhəsi istifadə edilib. Atışlar təxminən 4500 m. məsafədən artilleriya qurğularından yerinə yetirilib, hədəfin vurulması üçün artilleriya qurğuları heyətlərinə 40 sursat verilib. Qiymətləndirmə birinci mərhələdə olduğu kimi həyata keçirilib. Rusiyanın "Uqliç" kiçik raket gəmisi, Qazaxıstanın "Oral" raket-artilleriya gəmisi və Azərbaycanın G-124 patrul-mühafizə gəmisinin heyətləri müsabiqənin ilk iki elementini müvəffəqiyyətlə yerinə yetirərək növbəti mərhələlərin hazırlıq işlərinə başlayıblar. Növbəti mərhələlərdə dənizçilər artilleriya qurğularından üzən minaya atışlar və gəmi manevri keçirməli, gəminin sağ qalması üçün mübarizə zamanı gəminin dəliklərinin tutulması və gəmiyə dolmuş suyun çəkilməsi üzrə normativləri yerinə yetirməli və son mərhələdə xilasedici vasitələrdən istifadə etməklə qəza vəziyyətinə düşmüş gəmini vaxtında tərk etməlidirlər. Azərbaycan hərbi dənizçilərinin yarışlarda iştirakı davam edir.
Müşahidələr qətiyyətlə deməyə əsas verir ki, Azərbaycan əsgəri vətənsevər, cəsarətli və qətiyyətlidir. Başa düşür ki, yüksək döyüş və mənəvi hazırlığa malik əsgər Vətənin gücü deməkdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev qətiyyətlə dediyi bu fikir Azərbaycan əsgərinin qalibiyyət əsgəri olduğunu təsdiqləyir: "Aprel döyüşləri onu da göstərdi ki, bu gün Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır və istənilən vəzifəni icra edə bilər. Ən başlıca vəzifəmiz isə torpaqlarımızı işğaldan azad etməkdir". Azərbaycan ordusunun qüdrəti deməyə əsas verir ki, əsgərlərimiz o əraziləri işğaldan azad edəcəklər. O torpaqlara bir vaxt düşən izlərimiz yenidən dirçələcək. Bir də həmin ərazilərə yad izlər dəyməyəcək. Ona görə bu Vətəni qoru, azərbaycan əsgəri! Bu Vətəni ürəyinlə, varlığınla qoru!
Olaylar.- 2016.- 6-8 avqust.- S.7.