Şəhidlər Vətəni qibləgaha
çevirirlər
Qarabağ
müharibəsində şəhid olmuş Azərbaycan
oğulları gənclər üçün əsil qəhrəmanlıq
nümunəsidir. Gənclərimiz bu şəhidlərin
keçdikləri həyat və döyüş yolunu özlərinə
örnək hesab edirlər. Belə qəhrəman şəhidlərdən
biri də aprel döyüşlərində həlak olmuş
Babək Abidinovdur. Şabran rayonunun Zeyvə kəndində
dünyaya göz açan Babəkin döyüş yolu qəhrəmanlıq
salnaməsinə çevrilib... Abidovlar ailəsi Babəki
sonuncu dəfə Novruz bayramında görmüşdülər.
Anası Simnarə ilə 27 mart gününün səhəri
danışıb. Ana oğlunun kefsiz olduğunu hiss edib,
narahatlıq keçirib. Lakin sonradan Babək ata-ananın,
qohum-əqrabanın zənglərinə cavab verməyib.
Atası Vəfadar Abidov Zeyvə kəndinin məktəbində
fizika-riyaziyyat müəllimidir:
"Oğlumun tabutunu aprelin 9-da gətirib verdilər. Heç
açmağa da qoymadılar. Babəklə
birlikdə sayılıb-seçilən oğullar həlak
oldu, komandirləri Murad Mirzəyev idi. Murad
Mirzəyev ancaq mənim oğluma həyatını etibar
edirdi. Ona görə də komandir əsgərini
ön sıraya öz yanında aparmışdı. Həm özü həlak oldu, həm də
oğlum. Onlar hamısı Azərbaycana
dayaq idilər. Bu cür oğulları
itirdi Vətən. Oğlum həlak olandan sonra sənədlərini
almaq üçün Yaşmadakı hərbi hissəyə
getdim. O da MAXE idi. Bir də
gördüm ki, sir-sifəti yanmış, bir qoluni itirmiş
cavan oğlan yanaşdı mənə. Gözləri
də yaxşı görmürdü. Məni
qucaqlayıb dedi ki, "əmi, mən bu gün əlsiz,
gözsüz, yarımçıq canımla sağam. 2014-cü ilin avqustunda ermənilərlə
qızğın döyüşlərdə minaya
düşdüm. Babək məni öz avtomobilinə
qoyub apardı hospitala... İndi Babək kimi
oğul yoxdur, mən isə onun sayəsində sağam".
Onun sözlərinə görə, bir gün oğlunun
generalı Hikmət Mirzəyevin qəbuluna gedib: "Əvvəl
oğlum haqqında soruşdum ki, görüm necə əsgər
olub? Hikmət Mirzəyev ondan çox razılıq elədi.
Dedi ki, Babək öz ölümü ilə min nəfəri
ölümdən qurtardı. Dedi ki, oğlum elə bir qəhrəmanlıq
edib ki, bunlar haqqında gələcəkdə
danışılacaq. Və əlavə etdi ki, oğlumun Milli
Qəhrəman adına layiq görülməsi haqqında iki
dəfə təqdimat da yazıb verib. Babək Şabranın
Zeyvə kəndinin 7-ci şəhididir. Demirəm ki, adı
Zeyvədə əbədiləşdirilsin. Onlar Azərbaycan
uğrunda döyüşüblər. Bu ölkənin hər
yerində onların adını əbədiləşdirmək
olar axı". Vəfadar müəllim deyir ki, biz dağ
adamlarıyıq. Dilimiz də dağ tatlarının dilidir:
"Bu dağlar Qaçaq Mayılın oylağıdır.
Yalnız o vaxtlar Əfəndilər və Qaçaq Mayıl
gələndən sonra burada ermənilərə divan tutublar.
Onları bu dağlardan ilim-ilim itiriblər. Bu yerlərin
adamları, dağlarımız kimi vüqarlı,
çaylarımız kimi coşqun, bulaqlarımız kimi
dumduru və büllurdular. Bizim hər bir oğlumuzun,
qızımızın canında qeyrət, Vətən təəsübkeşliyi
var. Qaçaq Mayıl, Şeyx Şamil bu yerlərdə at
oynadıb. Bu yerlərin havası-suyu adamı qəhrəman
edir. Bu dağlar elə kişilər yetişdirib ki... Hərbiyə
də kəndin cavanları həm Vətən təəssübü
çəkdiklərindən getdilər". Babəkin
anası Samirə xanım deyir ki, bütün analar
üçün balaları şirindir. O da ki, övlad ailənin sonbeşiyi
ola. O, lap şirin olur. Simnarə xanım
deyir ki, 1992-ci il mayın 3-də dünyaya
gəlmişdi oğlu: "Mən oğlumdan heç doymadım...
Hərbi xidmətə yollanandan sonra, öz yolunu özü
müəyyən etdi. Hərbini sevib-seçdi. Heç biri
evlənməyib. Elçinin 30 yaşı var. Lakin,
hazırlaşırdıq ki, Babəki evləndirək.
Deyiklisi qız var idi. İndi o qızın da üzünə
baxa bilmirəm. Gəlir bu həyətə, məlul-müşkül
dayanır, baxıram ürəyim yanır. O qızın da
yanında üzüqara hesab edirəm özümü. Bu nə
bəxt, bu nə tale idi?! Bəlkə də bir nişanəsi
qalsaydı, belə yandırmazdı bizi. Dəfələrlə
qulluq etdiyi hərbi hissədən təşəkkür məktubu,
medal almışdı. Komandiri Murad Mirzəyev, Pəncəli,
Mirsalam, Elnur İsgəndərov, Sahil hamısı birlikdə
şəhid oldular. Talış kəndini alıb, sonra rahat
olublar, amma ardınca ermənilərin atdığı mərmilərdən
həyatlarını itiriblər. Hamısı da qanaxmadan
ölüb. Rus işə qarışıb atəşkəs
elan edəndən sonra yaralı zabit və əsgərlərə
yardım da getməyib. Ana kimi məni bu yandırır. 5
gün üzüqoylu torpaqda qalıb cansız bədənləri.
Mənim oğlum erməniyə can verməzdi. Neçə il
idi Xüsusi Təyinatlı Dəstədə qulluq elədi.
Qırmızı beretlilərdən idi. Dəfələrlə
gedib, ermənilərdən qisasımızı
alıbmış. Bunu oğlum həlak olandan sonra bildik. Bizim
düşmənçiliyimiz erməni ilə tarixən olub.
Bu kəndimizin ayağında Qəni dərə deyilən bir
yer var. Əsl adı "Qanlı dərə"dir. El
içində sonradan belə deyiblər. Balaca uşaqlar idik.
Bir gün nənəmizdən soruşduq ki, "ay Gözəl
nənə, o dərəyə niyə "Qanlı dərə"
deyirlər?". O zaman nənəmin
danışdıqlarından dəhşətə gəldik. Nənəm
dedi ki, bu söhbəti danışmayaq, bizi tutarlar. Nənəm
belə danışdı ki, bunlar balaca uşaq olanda, ailəsi
həyətdə oturub samovar qalayıb ki, çay içsinlər.
Bir də görüblər ki, qətrə-qoşunla
silahlı-sursatlı ermənilər hücum edirlər kəndə.
Həyətə girib uşaqların gözü
qabağında nənmin atasını döyüblər,
babam bunlara baş-başa gəlib, vuruşub, tabe olmayıb.
Belə görəndə qaynar samovarı götürüb
bağlayıblar babamın kürəyinə,
qaçırıblar aşağı-yuxarı, kişi
yıxılıb, uşaqlarının, elə nənəmin
də gözü qarşısında canını
tapşırıb. Nənəm deyirdi ki, həmin gün
aşağıdakı dərədən su əvəzinə
qan axıb. Ermənilər bu kəndlərdə o qədər
adam qırıblar ki, gəl görəsən... Mübariz
İbrahimovun anasına televizorda qulaq asanda eşitdim ki, deyir əvvəl
necə xoşbəxt olmuşuq. İndi Mübarizin
anasını başa düşürəm. İndi bilirəm
ki, şəhid anası olmaq, unudulmaq nə deməkdir,
xoşbəxt olmaq nə deməkdir. Gözüm o qapıda
qalıb. Elçini dilə tuta bilmirəm. Dünən gediblər
ot çalmağa. Ata-bala dəryazı atıb gəliblər
ki, kimin üçün edirik ki, bu tədarükü...
Elçin deyir ki əvvəllər nə iş görsə,
fikirləşirdi ki, qardaşıyla ikisi
üçündür. İndi daha heç bir arzusu yoxdur. Özünə
gələcək arzu etmir. İndi oğlumuz haqqında bir təzə
söz eşitmək, təsəlli almaq üçün
qapı-qapı şəhid evlərini gəzirik. Gah
Xızıya gedirik, gah Neftçalaya gedirik, gah Astaraya...
Heç yerdən Babəki tapmırıq. Barəsində bircə
söz eşidəndə belə, ürəyimiz təsəlli
ilə dolur". Babəkin sevib-seçdiyi Leyli deyir ki, Babək
ondan bir neçə yaş kiçik idi: "Həkiməm.
Mənim qəbuluma gələndə tanış olmuşduq.
Onun böyrəklərində ciddi problem var idi. Mən bilmirəm
bu problemlə onu necə götürmüşdülər hərbiyə.
Neçə dəfə dedim ki, sənə ordudan təxris
olunmaq lazımdır, razı olmadı. Bir neçə dəfə
müayinəyə gələndən sonra, məni sevdiyini
dedi, əvvəlcə güldüm. Başımdan elədim.
Nuh dedi, Peyğəmbər demədi. Əl çəkmədi
məndən. Axır ki, saqqızımı oğurlaya bildi.
2013-cü ilin avqust ayında ilk dəfə görüşə
çıxdıq. Və ondan sonra bəxtəvər günlərimiz
başladı... Bütün bayramlarda mənə ən
gözəl gül buketləri gətirərdi. Onun verdiyi
gülləri nəyə görəsə qurudub
saxlamışam". Leyli sevgisinin çiçək xatirələrini
son ümid kimi yenə də saxlayır, ölən sevgisinin əklilimi,
çiçəkləridirmi deyim bimirəm, ancaq o qurumuş
çiçəklərdə bir dünya sevgi xatirəsi var.
Hər ləçək bir gündür, bir andır Leyli
üçün. Leyli deyir ki, indi Babəkin telefonunu və
nömərsini də o işlədir. Bu telefondan özünə,
öz telefonundan isə Babəkə məktublar yazır.
Özü yazıb, özü də Babəkin əvəzinə
cavab verir. Babəkin bütün xasiyyətlərini bildiyindən,
verdiyi suallara, cavabları da aydındır: "Babək
mayın 3-də 1992-ci ildə dünyaya gəlmişdi.
2016-cı il aprelin 3-də isə mənim və
anasının dünyasını tərk etdi. Namazlarım və
dualarım qəbul olmadı. Mən Babəkimin dəfninə
çata bilmədim... Ondan xəbər gəlməyən həmin
günlər dəli ceyrana dönmüşdüm. Bir
Allahın məndən xəbəri oldu. Getdim sevdiyimin evinə...
Bakıdan Zeyvə kəndinəcən olan yollar necə uzun
imiş. Elə bilirdim ki, mən oraya çatsam, Babək
oyanacaq. Çatmadım. Ağ gəlinlik libasında, fatada gələməli
olduğum həyətə qara paltarda, qara örpəkdə gəldim.
Babəki dəfn edib gələndən sonra, təzəcə
yuxlamışdım ki, bir də gördüm ki,
başımı kimsə tumarlayır. Üzümə Babəkin
nəfəsi toxundu, əli ilə saçlarımda
sığalını hiss elədim. Tez diksinib ayıldım,
gördüm ki, mənə əl eləyib qapımızdan
çıxdı... Özüm həkiməm... Məni kimsə
aldada bilməz. Amma çoxları inanmayacaq ki, mən onun nəfəsini
həqiqətən hiss etdim. Bir də ki, kiminsə
inanmağının nə fərqi var, əsas odur ki, mən
özüm inanıram ki, mənimlə varlığında
olduğu kimi vidalaşan Babəkim idi. İndi daha Babəkgilin
evinə tez-tez gedib gəlirəm. Dəfnindən 7 gün
sonra, ad günündə, Silahlı Qüvvələr
günündə getmişdim kəndə. Bir dəfə gedib
bir ağacın altında dayandım. Bir də gördüm
ki, Simnarə xala mənə deyir ki, "ay qızım, niyə
o ağacın altında dayanmısan?". Cavab verdim ki,
"nə bilim vallah". Simnarə xaladan öyrəndim ki, sən
demə Babək həmişə bu ağacın altında
dayanarmış. O həyətdə, o kənddə hər
yerdə Babəkin əl izləri var".
Neçə
sevgiləri, neçə toyları, neçə sevincləri
yarımçıq qoyur müharibələr. Ancaq müharibələrin
sonunda qələbə olanda, insanları o qədər
yandırmır. Çünki bilirlər ki, o qanlar, o canlar hədər
yerə qurban getməyiblər. 2-5 aprel döyüşlərində
həlak olan qəhrəman oğullarımız dünyaya səs
saldı. Azərbaycan əsgələrinin qəhrəmanlığından
dünya danışdı. Onlar əsil qəhrəman idilər.
Onların qəhrəmanlıqları nəticəsində
düşməndə olan torpaqlarmızın kiçik bir
hissəsi azad olunmuşdu. Və əlbətə ki, ermənilərin
tərəfdaşları, mühafizəkarları işə
qarışmasaydılar, həmin gecələrdə iki
gün ərzində bizim Ordumuz işğalda olan Vətən
torpaqlarını azad edəcəkdilər. Nə yazıqlar
olsun ki, bizi sona qədər qəhrəmanlıq etməyə
də qoymurlar!
Olaylar.- 2016.- 9
avqust.- S.7.