Vətənpərvərlik qəhrəmanlığın

əsasını qoyan amildir

 

İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir, artır. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin isəm ən vacib vəzifələrindən olub.

Ulu öndərimiz Heydər Əliyevin həmişə vətənpərvərliklə bağlı kəlamı bela olub: "Müstəqillik qazanmaq olar, amma onu saxlamaq çox çətindir. Onu saxlamaq üçün isə bizim gənclərimiz öz səylərini bu yolda əsirgəməməlidirlər". "Vətənpərvərlik insanın canından, qanından gəlməlidir. İstər- istəməz hər kəs bu vətənin övladıdır və hər kəs bu Vətənə borcludur". "Məncə Azərbaycanın, bu Vətənin suyunu içiriksə, havasını içimizə çəkiriksə, məncə biz də bu Vətənə borcluyuq. Yeri gəlmişkən, mən öz vətənpərvərlik hissimi mahnılarda əks etdirirəm".Ölkəmizin tarixi haqqında sistemli, uşaqların başa düşəcəyi tərzdə verilən məlumatlar da vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. İstər dərsliklərdəki ayrı-ayrı mətnlərdə, istərsə də aparılan tərbiyəvi söhbətlər, tədbirlər zamanı verilən belə məlumatlardan şagirdlər Vətənimizin zəngin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq üçün apardığı mübarizələr, azadlıq və müstəqillik uğrunda gedən mücadilələr haqqında biliklər əldə edir, bu biliklər əqidəyə çevrilərək onlarda vətənpərvərlik hisslərini daha da artırır. Vətənpərvərlik tərbiyəsində xalqımızın qəhrəman oğulları, tarixi şəxsiyyətlər haqqında şagirdlərə verilən məlumatlar, aşılanan biliklər də güclü təsir qüvvəsinə malikdir. Şagirdlərlə aparılan vətənpərvərlik tərbiyəsi işi onların Vətənə məhəbbət və sədaqət ruhunda böyümələrinə, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrinə müsbət təsir göstərir. Ölkəmizin hər yerində olduğu kimi, Yardımlı şəhərində də bu işə xüsusi diqqətlə yanaşılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, digər sahələrdə olduğu kimi, gənclərlə iş sahəsində də çoxsaylı dövlət proqramları qəbul olunub və həyata keçirilir. Dövlət proqramlarında hərbi-vətənpərvərlik tərbiyəsi işinə xüsusi yer ayrılıb. Bu baxımdan, pedaqoq və müəllimlərin də üzərinə çox böyük məsuliyyət düşür. Yardımlı rayonunda çalışan müəllim heyətinin əsas məqsədi böyüməkdə olan gənc nəsli bu işə cəlb etməkdir. Pedaqoq Zaur Zahirov deyir ki, gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi bizim işimizin əsasını təşkil edir. Gənclərin orduya hazırlığı istiqamətində müəyyən işlər aparılır: "Yardımlı rayon icra hakimiyyətinin rəhbərliyi ilə son illərdə rayonumuzda bir sıra mütərəqqi ənənələrin təməli qoyulub. Bu tədbirlər ictimaiyyət tərəfindən çox böyük razılıqla qarşılanır. Bu ənənələrdən biri də məktəblilərin hərbi paradıdır ki, bu paradı artıq üçüncü dəfədir ki, yüksək səviyyədə hazırlayıb həyata keçiririk. May ayında təşkil etdiyimiz hərbi paradda məktəblərdən xeyli şagird iştirak etdi. Sözsüz ki, paradlar gənc nəslin vətənpərvər ruhda böyüməsində mühüm əhəmiyyət kəsb edir. Gənclərin orduya hazırlığı, onların milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi, qeyd etdiyim kimi, ən vacib məsələdir. Orduya hazırlaşan gənclərin hərbi paradlarda iştirakı, onların arasında vətənpərvərlik mövzusunda geniş söhbətlərin aparılması gənclərimizin vətənin müdafiəçiləri kimi formalaşmasında xüsusi rol oynayır. Yardımlı məktəblərində də bu iş ön plandadır. Məktəblərdə milli qəhrəmanlarımızın foto-stendi yaradılıb, Qarabağda igidlik göstərən oğullarımız barədə şagirdlərlə söhbətlər aparılır, diskussiyalar təşkil olunur. Şagirdlər "Cəsurlar" və "Şahinlər" hərbi-idman oyunlarında iştirak etməklə hərb sənətinin incəliklərinə yiyələnirlər. Onların hər biri sabahın əsgərləri, vətənimizin keşikçiləri olacaqlar. Bu baxımdan şagirdlərimizin hərbi-idman oyunlarında, eləcə də hərbi paradlarda iştirakı onların vətənpərvər ruhda tərbiyəsinə müsbət təsir göstərir. Hesab edirəm ki, məhz bu cür tədbirlər gənc nəslin vətən sevgisini, torpağa bağlılığını artırır, onlarda milli mənlik şüuru formalaşır". Onun sözlərinə görə, gənclərin çoxluq təşkil etdiyi bu şəhərdə vətənpərvərlik mövzusuna geniş yer ayırır. Şəhərin yeniyetmə və gənclərinin milli ruhda yetişdirilməsi bu idarənin fəaliyyət proqramının əsasını təşkil edir. Hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində aparılan işlər şəhərdə fəaliyyət göstərən müxtəlif dövlət qurumları, ictimai təşkilatlarla birgə həyata keçilir. "Şahinlər" hərbi-idman və "Cəsurlar" hərbi-idman və turizm oyunları, "Vətənin müdafiəsinə hazıram" çoxnövçülüyü məktəbli yeniyetmələr tərəfindən həvəslə qarşılanır. Gənclərin müxtəlif hərbi hissələrlə əməkdaşlığı da ildən-ilə gücləndirilir: "Bütün bunlar isə, şübhəsiz ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır. Çünki torpaqlarımızın 20 faizdən çoxu erməni qəsbkarlarının işğalı altındadır. 1 milyondan çox qaçqın və məcburi köçkünlərimiz var. Belə bir vəziyyətdə qarşıda duran əsas vəzifələrimizdən biri gənclərimizi düzgün istiqamətləndirmək və onların hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi işinə xüsusi önəm verməkdir".

Pedaqoq Nasim Qurbanov qeyd edir ki, bu gün həyatın bütün sahələrində quruculuq işlərinin sükanı arxasında olan orta və yaşlı nəsili sabah gənclər əvəz edəcək. Ölkənin qurucuları, sahibləri onlar olacaqlar. Bu mənada gəncləri sabahkı həyata, ata-babalarının işlərini ləyaqətlə davam etdirməyə, dövlətin, xalqın onlara bəslədikləri ümidləri doğrultmağa hazırlamaq bütün dövrlərdə xalqların əsas qayğısına çevrilib: " İnsan özünü və dünyanı əsasən gənclik yaşlarından dərk edir. Onda doğma Vətən, mənsub olduğu xalq qarşısında borc, məsuliyyət hissləri də bu yaşdan təşəkkül tapır. Ona görə də hər bir ölkənin, xalqın gələcəyinin necə olması bugünkü gəncliyin hansı ideallarla yaşamasından, övladı olduğu Vətəni, xalqı qarşısında borc, məsuliyyət hissini necə dərk etməsindən, vətənini, xalqını nə dərəcədə sevməsindən, milli-mənəvi özünüdərkindən asılıdır. Əgər biz gələcəyimizi xoşbəxt, əmin-amanda görmək istəyiriksə sadalanan cəhətlərin bugünkü gənclikdə olmasına çalışmalıyıq. Bu çalışmanın mərkəzində isə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi durur. Ona görə də gənclərin vətənpərvərlik tərbiyəsi, onlara Vətənə, xalqa məhəbbət hisslərinin aşılanması həmişə olduğu kimi bu gün də aktualdır". Onun sözlərinə görə, Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələ kimi baxıb. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir: "Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir". N.Qurbanov əlavə edib ki, doğma Vətən, mənsub olduğu xalq qarşısında borc, məsuliyyət hissləri də bu yaşdan təşəkkül tapır. Ona görə də hər bir ölkənin, xalqın gələcəyinin necə olması bugünkü gəncliyin hansı ideallarla yaşamasından, övladı olduğu Vətəni, xalqı qarşısında borc, məsuliyyət hissini necə dərk etməsindən, vətənini, xalqını nə dərəcədə sevməsindən, milli-mənəvi özünüdərkindən asılıdır: "Əgər biz gələcəyimizi xoşbəxt, əmin-amanda görmək istəyiriksə sadalanan cəhətlərin bugünkü gənclikdə olmasına çalışmalıyıq. Bu çalışmanın mərkəzində isə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi durur".

 

Olaylar.- 2016.- 10 avqust.- S.7.