Vətən yolunda şəhid olanlar
ölmürlər
Qəhrəmanlar
və qəhrəmanlıqlar unudulmur
Azərbaycan qəhrəmanlar
yurdu, igidlər məskənidir. Vətənin müqəddəsliyi
öz millətini, yurdunu, elini, obasını sevən hər
bir insan üçün əsas amal və arzudur. Azad və
müstəqil olmayan vətəndə azad vətəndaş
ola bilməz. Vətən uğrunda canından keçən qəhrəmanlar
heç vaxt unudulmur. Məhz unudulmayan qəhrəmanlardan biri
də İsmayıllı rayonunun Pirəbilqasım kəndində
anadan olan Mahmudov Ərəstun İspəndi oğludur.
İsmayıllı rayon ziyalısı Nəsimi Teymurov deyir
ki, Pirəbilqasım kəndindən olan Bədəlov Rəhim
Rza oğlu tərəfindən İsmayıllı rayon
İcra Hakimiyyətinin başçısı Mirdaməd
Sadıqova məktub göndərilmişdi.
Məktubda 1918-ci ildə baş verən hadisələr və Qarabağ müharibəsində göstərilən qəhrəmanlıqlar barədə fikirlər əks etdirilmişdir: "Xatırlatmaq istərdim ki, bu kənd tarixi keçmişinə sadiq qalmasına görə fəxr olunası kəndlərdən biridir. RİH başçısının Keyvəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Murad Zalovla görüşüb haqqında danışılan kəndə yolandıq. Kənd ağsaqqallarından olan Həbib Baxışovla görüşüb kəndin tarixi keçmişi haqqında məlumat əldə etdik. Məlumata əsasən 1918-ci il mart ayında erməni silahlıları kəndə soxularaq kiçikdən böyüyə kimi kənd əhalisinin hamısını qoz ağacının altına yığaraq onları öldürmək istəyiblər. Zərgəran ermənilərindən biri Fətullah kişini tanıyıb. Ona qohumlarını götürüb kənddən çıxmasını söyləyib. Ermənin dedikləri ilə razılaşmayan Fətullah kişi belə deyib: Kənd əhalisi mənim qohum və əqrəbalarımdır, öləcəyiksə hamımız bir ölək. Ermənilər belə bir vəziyyətdə kənd əhalisindən pul istəyiblər. Kənddə kimsədə pul olmadığı üçün haqqında əsas söhbət açdığımız qəhrəmanımızın ana babası olan Vahid kişi olan pulunu ermənilərə verərək bir kəndi erməni cəlladlarından azad edib. Qeyd edim ki, Fətullah kişinin nəvəsi həmin kəndə yaşayan Sahib Xələfovla da görüşdük. Həbib Baxışovun verdiyi məlumatların eynisini eşitdik". Hər iki kənd sakininin məlumatına əsasən Pirəbilqasım kəndinin adamları ikinci dünya müharibəsi illərində yaxın kənd və rayonlara buğda təminatında əlindən gələn köməyi əsirgəməyib. Sonra kənd sakinlərindən Azərbaycan Respublikasının Milli Qəhrəmanı olan Mahmudov Ərəstun İspəndi oğlu haqqında danışmaqlarını xahiş etdik. Beləliklə söhbət açacağımız mövzunun qəhrəmanı olan Mahmudov Ərəstun İspəndi oğlu 1956-cı ildə fevral ayının 20-də İsmayıllı rayonunun Pirəbilqasım kəndində anadan olmuşdur. Milli qəhrəmanımız orta məktəbi bitirdikdən sonra arzusuna çatmaq niyyəti ilə Rusiyada Vıborq Texniki Aviasiya Məktəbinə daxil olur və təhsilini bitirdikdən sonra vətənə qayıdır. 1978-ci ildə Zabrat Mülki Aviasiya birliyində bort mühəndisi işləməyə başlayır. Xidməti zamanı o, Azərbaycan Mülkü Aviasiya idarəsinin, rayon komsomol komitəsinin fəxri fərmanlarına layiq görülmüşdür. O, həm də Omsk və Kremençuk şəhərlərində aviasiya ixtisasartırma kurslarını bitirmişdir. Qarabağ torpağı indi düşmən tapdağı altındadır. Bizim hər birimizin ən böyük arzusu qələbədir. İşğal olunmuş torpaqlarımız, doğma Qarabağımızın geri qaytarılması, azad olunmasıdır. Xalqımız inanır ki, qeyrətinə arxalandığımız, ümidimizi bağladığımız igid oğullarımız bu torpağı xilas edəcəkdir. Ərəstun Mahmudov 1988-ci il Qarabağ münasibətləri başlayan zaman idarə etdiyi Mİ-8 vertolyotu ilə Qarabağın mühasirə şəraitində uçuşlar edir, dinc əhalinin xilası üçün gecəli-gündüzlü çalışırdı. Vertolyot komandiri Viktor Sereyagin, II pilot Səfa Axundov və Ərəstun Mahmudov yaxşı bilirdilər ki, hər uçuşda onları ölüm təhlükəsi gözləyir. 1992-ci il yanvarın 28-də saat 16-20 dəqiqədə Ağdamdan Şuşaya uçan, salonunda 40 nəfər olan Mİ-8 vertolyotu Şuşa səmasında Xankəndi tərəfindən atılan Stinger raketi ilə vuruldu. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəman adı verildi. Şəhidlər xiyabanında dəfn olundu: "Xatırladım ki, Bakı şəhəri Nizami rayonundakı 220 nömrəli məktəb-liseyi qəhrəmanımızın - Ərəstun Mahmudovun adını daşıyır. Elə həmin məktəbdə də büstü qoyulub. Qəhrəmanımız ailəli idi, 3 övladı vardı. Milli qəhrəmanımız haqqında məlumatı dinlədikcə bu məlumat məni çox təsirləndirdi. Ərəstun Mahmudov vertolyotu ilə öz kəndinə enərək kənd əhalisi ilə görüşüb, onlarla həmsöhbət olmuşdu. Ölümündən sonra milli qəhrəmanımızın xatirəsinə hörmət olaraq kənd sakinləri vertolyot endiyi yerə qoz ağacı əkiblər. Xatırladaq ki, Milli Qəhrəmanımızın oğlu Elnur Mahmudov atasının davamçısı olub. Belə ki, Milli Aviasiya Akademiyasını bitirərək atasının şərəfli peşəsini davam etdirmişdir. Elnur Mahmudov Əfqanıstana uçuşu zamanı terror təşkilatı olan taliblər tərəfindən vurulmuş, bu günə kimi də itkin düşmüşdür. Bəli, əsrlərdən bəri tariximiz qəhrəmanlıq salnaməsi, analarımız qəhrəmanlar anası kimi anılıblar. Qəhrəmanlar heç vaxt unudulmur. Xalqımız ana vətənin azadlığı, doğma diyarın istiqlalı, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir. Onu da deyim ki, şəhidlər qaranlıq keçmişimizdən işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan qəlb dünyamızdır".
İsmayıllı rayonunun Ağbulaq kənd ümumi orta məktəbin müəllimi Əflatun Baxışov qeyd edir ki, Vətən yolunda şəhid olanlar ölmürlər, xalqın qəlbində, ürəyində əbədi yaşayırlar: "Biz onların qəhrəmanlığı, şəhidliyi ilə fəxr edirik. Ulu Öndər Heydər Əliyevin bu sözləri qədirbilən xalqımızın ürəyindən xəbər verir. Torpağı şəhid qanı ilə suvarılan ölkə heç vaxt əsarətdə ola bilməz. Şəhidi olmayan məmləkət isə azad ola bilməz". Onun sözlərinə görə, Ağbulaq Azərbaycanın kiçik bir hissəsi olsa da, onun da öz şəhidləri var. Onların xatirəsi həmişə əziz tutulur. Bu günlərdə kənd məktəbində maraqlı tədbir keçirildi. Məktəbdə adını daşıdığı, Qarabağ döyüşlərində şəhid olmuş Ziyad Mehdiyevin xatirə günü keçirilmişdir. Tədbirə döyüşçü veteranlar, kənd camaatı, məktəbin müəllim və şagird kollektivləri qatılmışdı.Tədbiri giriş sözü ilə məktəbin direktoru Mehman Əşrəfov açaraq şəhidlərin hər an yad edilməsinin vacibliyini diqqətə çatdırdı. Müəllimlərdən Rəfiqə Mustafayeva, Xuraman Səlimova, Gülxar Əkbərova, kənd ağsaqqalları, şəhidin qohumları, övladları şəhid ailələrinə dövlət qayğısından, prezident İlham Əliyevin əməli qayğısından söz açdılar. Z.Mehdiyevin döyüş dostları adından Zöhrab Bayramov döyüş xatirələri ilə bir daha hamını o, ağır və dəhşətli günlərə qaytardı... Məktəblilərin bu mövzuda hazırladıqları ədəbi-bədii kompozisiya tədbiri daha təsirli və yaddaqalan etdi. Şagirdlərdən Aliyə Baxışlının, Nuranə Bağırovanın, Bəhruz Dosməmmədovun, Elnarə Yusifovanın, Səadət Məmmədovanın, Elnarə Əkbərovanın, Sübhanə Bağırovanın, Könül Mahmudovanın, Soltan Əsədovun səsləndirdikləri şeirlər tədbir iştirakçılarının ürəyincə oldu, gəncləri isə Vətəni daha ürəkdən sevməyə, onu göz bəbəyi kimi qorumağa səsləyirdi. Tədbir şəhidin uyuduğu Ağbulaq kənd qəbiristanlığında şəhid məzarı önündə davam etdirildi. Bu tədbir kəndətrafı yolların kənarlarında yeni ağac əkilməsi işləri ilə başa çatdırıldı. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda müharibə veteranları və şəhid ailələri dövlət qayğısı ilə əhatə olunub. Təkcə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ilin ötən dövründə Beyləqan rayonunda 54 mənzilli yaşayış binasını, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 53 ədəd mənzili, respublikanın 30-a yaxın rayonunda (Siyəzən, Şabran, Qusar, Şamaxı, Ağstafa, Qazax, Sabirabad, Biləsuvar, İmişli, Füzuli, Oğuz, Şəki, Ağcabədi, Tərtər, Zaqatala, Balakən, Tovuz, Ağdaş, Samux, Cəlilabad və s.) 116 ədəd fərdi yaşayış evini istifadəyə verməklə, 223 nəfər Qarabağ müharibəsi əlilini və şəhid ailəsini müasir tələblərə uyğun inşa olunmuş yeni mənzillərlə təmin edib. Nazirlikdən daxil olan məlumata görə, respublikamızda dayanıqlı iqtisadi inkişafın təmin edilməsi ilə paralel olaraq daim güclənən sosial siyasət kursu Qarabağ müharibəsi əlilləri və şəhid ailələrini də əhatə edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu təbəqələrdən olan insanların sosial rifah halının yaxşılaşdırılması məqsədilə ardıcıl olaraq imzaladığı fərman və sərəncamlar, dövlət başçısının tapşırığı əsasında ildən-ilə gücləndirilən mühüm sosial proqramlar onların etibarlı sosial müdafiə sistemi, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmalarına şərait yaradıb.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2016.- 12 avqust.- S.7.