Aprel döyüşləri Azərbaycan cəmiyyətinin

vətənpərvərlik ruhunu gücləndirdi

 

Səbinə Novruzzadə: "2-4 aprel tarixlərində həyata keçirən əməliyyatlar və cəmiyyətin reaksiyası Azərbaycan gəncinin vətənpərvər olmasına şübhə yeri qoymur"

 

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması hər zaman ölkə üçün prioritet hesab edildiyindən Azərbaycanda fəaliyyət göstərən əksər gənclər və qeyri-hökumət təşkilatları da bir qayda olaraq qeyd edilən istiqamətə üstünlük verirlər. Belə təşkilatlar sırasında Türkiyə Universitetləri Məzunları İctimai Birliyini (TUMİB) xüsusi qeyd etmək yerinə düşər. TUMİB-in qeyd edilən istiqamətdə gördüyü işlər, həyata keçirdiyi layihələr, ümumilikdə ölkə gənclərinin vətənpərvər ruhda tərbiyə olunması istiqamətində atılan addımlar barədə İctimai Birliyin mətbuat katibi Səbinə Novruzzadə ilə söhbətləşdik.

 

-Səbinə xanım, bu gün ölkədə fəaliyyət göstərən gənclər və qeyri-hökumət təşkilatları gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində öz üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlərmi?

-Azərbaycan gənci öz həmyaşıdları ilə müqayisədə daha vətənpərvərdir. Bunun obyektiv səbəbi var. Məlum olduğu kimi, bu gün Azərbaycan torpaqlarının təxminən 20 faizi işğal altındadır. Xalqımız uzun illərdir ki, Ermənistanın təcavüzünə məruz qalıb. İstəmədən cəlb edildiyimiz bu müharibə bizə böyük itkilər hesabına başa gəlib. Azərbaycanın minlərlə qəhrəman övladı bu müharibədə həyatını itirib, 1 milyona yaxın soydaşımız doğma yurd-yuvasından, isti ocağından didərgin düşüb. Sözsüz ki, bu amil gənclərimizin yaşam tərzinə, həyat fəlsəfəsinə öz təsirini göstərir. Amerikada, ya da Avropada hansısa gəncin ümumbəşəri ideyaların arxasınca getməsi normal qarşılana bilər. Amma Azərbaycan gəncini düşündürən başlıca vəzifə işğal altında olan torpaqların tezliklə azad edilməsi olmalıdır. 2-4 aprel tarixlərində Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əməliyyatlar əsnasında gənclərimizin nümayiş etdirdiyi həmrəylik aksiyası bir daha sübut etdi ki, Azərbaycan gənci vətənpərvərdir, o, həyatını belə vətən uğrunda fəda etməyə hazırdır. Təqdirəlayiq haldır ki, ölkəmizdə mövcud olan gənclər təşkilatlarının fəaliyyətinin əsas hissəsini milli mənlik şüurunun inkişaf etdirilməsi təşkil edir.

-Sizcə, bu istiqamətdə çatışmayan cəhətlər hansılardır?

-Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının tarixi bir o qədər də qədim deyil. Ölkəmizdə qeyri-hökumət təşkilatları sektoru 20 ildən bir qədər artıq dövr ərzində fəaliyyət göstərir. Sözsüz ki, nöqsanlar, çatışmayan cəhətlər də olacaq. Nəzərə almaq lazımdır ki, xüsusilə gənclər təşkilatlarında fəaliyyət göstərən insanların həyat təcrübəsi bir o qədər də zəngin deyil. Onlar hələ indi öyrənir, təcrübə qazanırlar. Buna baxmayaraq, gənclər təşkilatlarının Azərbaycanın QHT sektorunda xüsusi çəkiyə malik olduğunu danmaq ədalətsizlik olardı. Çatışmayan cəhətlər haqda çox danışmaq istəməzdim. Arzu edirəm ki, gənclər təşkilatlarımız qarşıdakı dövrdə daha mütərəqqi ideyalarla çıxış etsinlər.

-Sizə elə gəlmirmi ki, qeyd edilən istiqamətə diqqət, maliyyə dəstəyi daha çox olmalıdır?

-Azərbaycanda gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların milli-mənlik şüurunun inkişaf etdirilməsi istiqamətində bir neçə dövlət qurumu fəaliyyət göstərir. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Gənclər fondunun və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi  Şurasının fəaliyyətinin əsasını gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə yayılması və fərdi təşəbbüslərin dəstəklənməsi təşkil edir. Hər il yüzlərlə QHT gənclərimizin milli ruhda tərbiyə olunması və vətənpərvər ruhda yetişməsi üçün müxtəlif layihələr həyata keçirirlər. Çox yaxşı haldır ki, təkcə QHT-lərdə birləşən gənclərin deyil, həm də müstəqil fəaliyyət göstərən yeniyetmə və gənclərimizin fərdi təşəbbüslərinin dəstəklənməsi üçün vəsait ayrılır, onlara maddi və mənəvi dəstək verilir. Bu istiqamətə ayrılan vəsaitin daha da artırılması ümumi işin xeyrinə olardı. Onu da nəzərə almaq lazımdır ki, anoloji layihələrin reallaşması yeniyetmə və gənclərimizin pul xərcləmək vərdişlərinin formalaşmasına və inkişafına təkan verir. Gənclərimizin gələcəkdə uğur qazanmasında bu amil böyük rol oynayacaq.

-Aprel döyüşləri gənclərimizin vətənpərvərlik ruhunun daha da artmasına necə müsbət təsir göstərdi?

-Aprel döyüşləri təkcə Azərbaycan gəncinin deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin vətənpərvərlik ruhunu gücləndirdi, ölkəmizdə yeni dövrün başlanğıcını qoydu. 2-4 aprel tarixlərində həyata keçirilən əməliyyatlar sübut etdi ki, Azərbaycan xalqı erməni işğalı ilə heç vaxt barışmayacaq. Həmin günlərdə uşaqdan tutmuş böyüyə kimi hamı əsgərlərimizlə həmrəylik nümayiş etdirirdi. Əgər xatırlayırsınızsa, həmin günlərdə Azərbaycanda fəaliyyət göstərən bütün ali məktəblərin qarşısı dəniz kimi dalğalanırdı. Azərbaycan gənci könüllü şəkildə cəbhəyə getmək, düşmənə layiq olduğu cavabı vermək istəyirdi. Aydın məsələdir ki, müharibəni yaxşı təlim görmüş ordular aparır. Üç günlük əməliyyatlar zamanı biz Azərbaycanın peşəkar orduya sahib olduğunu gördük. Əminəm ki, Azərbaycan Ordusu erməni tapdağı altında olan torpaqlarımızı Azərbaycan xalqının mənəvi dəstəyi ilə tezliklə işğaldan azad edəcək. 2-4 aprel tarixlərində həyata keçirilən uğurlu hərbi əməliyyatlar bu cür düşünməyə əsas verir.

-Sizcə, bu gün Azərbaycan gənci tam mənada vətənpərvərdirmi?

-2-4 aprel tarixlərində həyata keçirən əməliyyatlar və cəmiyyətin reaksiyası Azərbaycan gəncinin vətənpərvər olmasına şübhə yeri qoymur. Əgər kimsə gününü əyləncə məkanlarında keçirən beş-on nəfərin "fəaliyyətini" əsas götürüb, gənclərimizin vətənpərvərliyinə şübhə ilə yanaşmaq istəyirsə, bu, doğru yanaşma deyil. Şəxsi maraqlarını milli maraqlardan üstün tutan, gününü ucuz əyləncələrlə keçirən insanlar həmişə olub, gələcəkdə də olacaq. Əsas odur ki, bu cür insanlar Azərbaycanda azdır, onlar gəncliyin aparıcı qüvvəsini təşkil etmir.

-Silahlı Qüvvələrə, onun şəxsi heyətinə göstərilən diqqət və qayğı gənclərin vətənpərvərlik hisslərinin artmasına necə təsir göstərir?

-Azərbaycanda yaxşı təlim görmüş peşəkar ordu var. Azərbaycan Ordusunun hədəfi bəllidir. Bu hədəf işğal altında olan Azərbaycan torpaqlarının son qarışına kimi azad edilməsidir. Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan xalqı işğal faktı ilə əbədi barışa bilməz. Fəxrlə deyə bilərik ki, son illər Ordumuzun maddi-texniki bazası xeyli gücləndirilib. 2-4 aprel tarixlərində həyata keçirilən hərbi əməliyyatlar Azərbaycan Ordusunun döyüş ruhunun yüksək olduğunu göstərdi. Məncə, bəzi məsələlər barədə açıq danışa bilərik. Bir neçə il əvvəl ayrı-ayrı insanlar müxtəlif yollarla övladlarının ordu sıralarında xidmət etməsinin qarşısına sədd çəkirdilər. İndi bunun əksi baş verir. Valideynlər özləri övladlarının ordu sıralarında xidmət etməsinə can atır, bunu toy-bayrama çevirirlər. Bu ilin aprel ayında həyata keçirilən uğurlu hərbi əməliyyatlar cəmiyyətdə Azərbaycan Ordusuna inamı artırdı. Hazırda Azərbaycanda xalq-ordu həmrəyliyinin ən yüksək səviyyədə olduğunu söyləyə bilərik.

-Sizcə, vətənpərvər ruhda çəkilən filmlər, videoroliklər, təbliğat vasitələrinin sayını artırmaq günün tələbi deyilmi?

-Bu sahədə bəzi çatışmazlıqların olduğunu inkar edə bilmərik. Təəssüf ki, müharibə mövzusunda ortaya nə sanballı film, nə də sanballı əsər qoya bilmişik. Mən bunu deməklə şair və yazıçılarımızın, rejissorlarımızın əməyini yerə vurmaq niyyətində deyiləm. Amam etiraf edək ki, ötən 25 ildə "Tütək səsi" səviyyəsində film çəkə bilməmişik. Ədəbiyyatda da, musiqidə də geriləmə müşahidə olunur. Yəqin ki, düşmən üzərində qələbə çaldıqdan sonra dünya ekranlarına yol tapan filmlər çəkməyə müəssər olacağıq. Qələbə təkcə hərbi sahədə deyil, ədəbiyyatda da, mədəniyyətdə də, incəsənətdə də canlanma yaradacaq.

-Bəs Türkiyə Universitetləri Məzunları İctimai Birliyi olaraq gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində hansı layihələr, tədbirlər həyata keçirirsiniz?

-Türkiyə Universitetləri Məzunları İctimai Birliyi ölkədə ciddi strukturlara malik olan azsaylı gənclər təşkilatından biridir. Biz gənclərimizin milli ruhda tərbiyə olunması, vətənpərvərlik ideyalarının yayılması istiqamətində çoxsaylı layihələr həyata keçirmişik. TUMİB öz fəaliyyətini yalnız qrant layihələri üzərində qurmayıb. Layihələr olmayanda belə daxili imkanlarımız hesabına fəaliyyət göstərir, müxtəlif tədbirlər reallaşdırırıq. TUMİB özünün könüllülər ordusunu yaratmağa müvəffəq olub. Məhz buna görə əlimizdə vəsait olmayanda belə hansısa ideyanı reallaşdırmağa çətinlik çəkmirik. İnsan öz fəaliyyəti ilə cəmiyyətə fayda verdiyini hiss edəndə onun mənəvi gücü artır. Biz gördüyümüz işdən mənəvi zövq aldığımız üçün heç vaxt yorulmuruq.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 17 avqust.- S.7.