Gənclərin vətənpərvərlik ruhunda

tərbiyəsinə diqqət artırılır

 

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması bu gün ölkəmizdə əsas prioritet istiqamətlərdən sayılır.  Bu səbəbdən müvafiq dövlət qurumları müntəzəm olaraq gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasına xidmət edən layihələr həyata keçirir, tədbirlər təşkil edir. Bu mənada Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin qeyd edilən istiqamətlərdə gördüyü işləri təqdirəlayiq hesab etmək olar. Baş İdarə mütəmadi olaraq gənclərin vətənpərvərlik hisslərinin artırılmasına xidmət edən tədbirlər təşkil edir.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən Hövsan qəsəbəsindəki  "N" saylı hərbi hissədə əsgər və zabit heyəti ilə görüşü də bu qəbildən hesab etmək olar.. Tədbirdə hərbi hissənin rəhbərliyi,  Baş İdarənin gənclərlə sektorunun müdiri Zamin Əhmədov, Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov iştirak ediblər. Görüş iştirakçıları əsgərlər və zabitlər qarşısında çıxış edərək tədbirin əsas məqsədinin əsgərlərə xoş ovqat bəxş etmək, yeniyetmə və gəncləri hərbi xidmətə həvəsləndirmək, onlarda milli vətənpərvərlik ruhunu yüksəltməkdən ibarət oldugunu qeyd ediblər. Sonra hərbi xidmətdə fərqlənmiş 10 nəfər əsgər və zabit heyəti Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunub. Sonda Suraxanı rayon Mədəniyyət evinin kollektivi  konsert proqramı ilə çıxış edib. Vətənpərvərlik mahnılarının  sədaları altında əsgərlər rəqs ediblər. Konsert proqramı tədbir iştirakçıları və əsgərlərə xoş ovqat bəxş edib.

Qaradağ rayon Heydər Əliyev Mərkəzində isə hərbi hissələrin əsgərləri arasında bilik yarışması keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən bilik yarışmasının əvvəlində Azərbaycan Dövlət himni səsləndirilib.

Tədbirdə Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Baş İdarənin Gənclərlə sektorunun aparıcı-məsləhətçisi Samir Kazımov, Heydər Əliyev Mərkəzinin direktoru Hicran Xəlilova çıxış edərək 1918-ci il iyunun 26-da yaradılmış Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarixindən danışıb.. Bildirilib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ordumuzun daha da güclənməsinə böyük diqqət və qayğı göstərir. Sonra bilik yarışmasına start verilib. Əsgərlərə Azərbaycan hərb tarixiÜmummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında suallar verilib. Sonda Heydər Əliyev Mərkəzinin direktoru Hicran Xəlilovaya Baş İdarə tərəfindən fəxri fərman təqdim edilib. Qaliblər isə müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin "N" saylı hərbi hissəsində əsgər və zabitlər arasında  "Breyn-ring" intelektual oyunu keçirilıb. Yarışda 10 komanda iştirak edib. Komandaların tərkibi 6 əsas və 2 ehtiyyat oyunçulardan ibarət olub. Komandalara verilən suallar Azərbaycan hərb tarixinə və Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə aid edilib. Nəticələrə görə I yerə "Bozqurd" komandası, II yerə "Qarabağ" komandası, III yerə "İntellekt" komandası çıxıb. Tədbirin sonunda qaliblər Baş İdarə tərəfindən  fəxri fərmanlar və xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən "Şahin" hərbi-idman oyununun Bakı üzrə zona birinciliyinə start verilib. Oyunların baş komandanı, C.Naxçıvanski adına Hərbi Liseyin rəis müavini, polkovnik-leytenant Fuad Şərifzadə deyib ki, "Şahin" hərbi-idman oyunları gənc nəslin hərbi vətənpərvərlik ruhunda böyüməsində, Vətənə, xalqa, dövlətə sədaqət ruhunda tərbiyə almasında, onların ordu həyatına atılmasında mühüm rol oynayır. Artıq bu oyunlar Azərbaycan gəncləri arasında böyük diqqətə və marağa səbəb olub. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanda istedadlı, bacarıqlı, çalışqan, vətənsevər gənclər yetişir. Onların inkişafı üçün bütün imkanlar yaradılır. Gənclərimiz daim dövlətimizin diqqət və qayğısını hiss edirlər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov bildirib ki, məqsəd gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır. O, oyunların iştirakçılarına müraciət edərək deyib: "Sizin hər biriniz artıq qalibsizin. Çünki bu tədbir sizin rayonlarınızda keçirilib. Rayon birinciliyində siz birinci yerə çıxdığınız üçün bu gün Bakı şəhərində mübarizə aparacaqsınız".

Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov bu oyunların artıq 20 ildir keçirildiyini bildirib. Vurğulayıb ki, kütləvi xarakter alan bu oyunlarda gənclərin fəal iştirakı çox sevindiricidir və onları gələcək uğurlara ruhlandırır. Aprelin əvvəllərində yaşanan hadisələr bir daha göstərdi ki, Azərbaycan gəncləri vətənpərvərlik ruhunda böyüyürlər. Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir.

"Siz Azərbaycanın gələcək zabit heyətini formalaşdıracaqsınız. Azərbaycanın gələcəyi sizin əllərinizdə olacaq. Siz nə qədər vətənpərvər, Vətənə bağlı olarsınızsa, bizim dövlətimizin, xalqımızın gələcəyi də o qədər möhkəm əllərdə olacaq".Bu fikirləri isə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov səsləndirib. O qeyd edib ki, gənclərimiz Vətən uğrunda, ölkəmizin ərazi bütövlüyü uğrunda hər zaman döyüşə hazırdırlar. Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov deyib ki, dövlətimizin gücü və qüdrəti bizim hər birimizin gücümüz və qüdrətimizdən keçir. Gənclərimizin bugünkü tədbirdə fəal iştirakı onların nə qədər vətənpərvər olduğunu göstərir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov qeyd edib ki, dövlətimiz ordu quruculuğu, hərbi vətənpərvərlik, təhsillə bağlı tədbirlərə böyük önəm verir. Bugünkü tədbir sizin həm komanda düşüncənizin inkişafına, silahla davranma, sıra addımlama, əleyhqazdan istifadə etmə və hər hansı ekstremal vəziyyətdə nəyi necə etmə məsələlərinə kömək olacaq. Fiziki, əqli cəhətdən güclü hazırlıqlı hər bir gəncimiz sabah orduda, həqiqi hərbi xidmətində bilik və bacarığını ortaya qoyacaq. Sonra "Şahin" hərbi-idman oyunlarının Bakı üzrə zona birinciliyinə start verildi. Yarışda paytaxtın 11 rayonu ilə yanaşı, Zəngilan, Şuşa və Laçın rayon komandaları da iştirak etdilər. amal Nəticələrə görə Xətai rayon komandaı I yerə, Yasamal rayon komandası II yerə, Nəsimi rayon komandası III yerə layiq görüldü.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinın təşkilatçılığı ilə Novruz bayramı münasibətilə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində əsgər və zabit heyəti ilə görüş keçirilib. Tədbirdə baş idarənin Gənclərlə sektorunun müdiri Zamin Əhmədov çıxış edərək Gənclər və İdman NazirliyiBaş İdarənin rəhbərliyi adından Novruz bayramı münasibətilə əsgərləri təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb. Sonra hərbi xidmətdə fərqlənmiş bir qrup əsgər və zabit heyəti Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunub. Tədbirin sonunda hərbi hissənin rəhbərliyi çıxış edərək qonaqlara təşəkkür etmiş, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını, matros və zabitlərin Ali Baş Komandanın əmr və tapşırıqlarına sözsüz hazır olduqlarını ifadə edib, düşmən üzərində qələbənin uzaqda olmadığını bildirib. Bayram şənliyi incəsənət ustalarının iştirakı ilə davam edib, əsgərlər vətənpərvərlik mahnılarının sədaları altında rəqs ediblər.

Siyəzən rayon Gənclər Mərkəzində ordudan yeni tərxis olunmuş gənclərin iştirakı ilə "Vətənin keşiyində durmağa hər an hazıram!" mövzusunda görüş keçirilib. Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsinin, rayon Məşğulluq Mərkəzinin nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdən tərxis olunmuş gənclər iştirak edib. Tədbiri giriş sözü ilə açan Gənclər və İdman idarəsinin rəisi Nadir Məmmədov Vətən qarşısındakı borcunu şərəflə yerinə yetirən gəncləri təbrik edibgörüşün məqsədi haqqında iştirakçılara məlumat verib. Daha sonra Məşğulluq Mərkəzinin direktoru Etibar Heydərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsinin zabiti Seymur Nəzərov və  Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini Rəşad Muradov tədbirdə çıxış ediblər. Çıxışlarda ilk növbədə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin və məşğulluğunun təmin edilməsinin dövlət gənclər siyasətinin prioritet istiqamət olduğu nəzərə çatdırılıb. Bildirilib ki, ölkə rəhbərliyi bütün dövrlərdə ordu quruculuğumilli kadrların hazırlığı məsələlərinə daim diqqət yetirib. Heç də təsadüfi deyil ki, bu gün Azərbaycan ordusu geniş maddi- texniki bazaya malik güclü ordulardan birinə çevrilib. Çıxışlarda işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına və məcburi köçkünlərin öz yurdlarına qayıdacaqlarına əminlik ifadə olunub. Tədbirdə, həmçinin,  gənclərə məşğulluqla bağlı bir sıra məsləhətlər verilib. Sonda tədbir təşilatçıları hərbi xidməti başa vuraraq,  ordudan tərxis olunmuş gəncləri bir daha təbrik edərək, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 18 avqust.- S.7.