Gənclərdə milli
vətənpərvərlik
hissləri güclü
olmalıdır
Cavid Şahverdiyev:
"Dövlətimizi seviriksə, onun
qanunlarına riayət ediriksə, dövlətçilik siyasətini
dəstəkləyiriksə vətənpərvərik"
Gənclərin
milli mənlik şüurunun
inkişaf etdirilməsi, onlarda
vətənpərvərlik hisslərinin
artırılmasına dövlətlə yanaşı,
qeyri-dövlət təşkilatları da
hər zaman xüsusi
diqqət yetirir, bu
istiqamətdə müntəzəm olaraq
layihələr reallaşdırır, tədbirlər təşkil edirlər. Sevindirici hal ondan ibarətdir ki, qeyd edilən istiqamətlərə
xüsusi diqqət yetirən QHT-lərin
sayı ildən-ilə artır. Gənclərin milli mənlik şüurunun
inkişaf etdirilməsi, onlarda
vətənpərvərlik hisslərinin artırılması
istiqamətində uğurlu fəaliyyət
göstərən QHT-lərdən biri də
Azərbaycan Demokratik İslahatların
İnkişafı Mərkəzidir. Mərkəzin sədri Cavid Şahverdiyevlə söhbətimizdə rəhbərlik
etdiyi təşkilatın qeyd
edilən istiqamətlərdə gördüyü
işlərdən danışdıq.
-Cavid müəllim, Azərbaycan gənclərinin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində istər dövlət, istərsə də gənclər və qeyri-hökumət təşkilatları səviyyəsində görülən işləri qaneedici saymaq olarmı?
-Bəli, qaneedici saymaq olar. Bu mövzu daim aktual olub və dövlət daim bu məsələyə xüsusi diqqət yetirib. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının ildə iki dəfə maliyyələşdirdiyi layihələr sırasında bu məsələyə xüsusi önəm verilir. Bütün zamanlarda gənclərimizin milli-mənəvi şüurunun inkişaf etdirilməsi, onların vətənpərvərlik ruhunda böyüməsi, tərbiyə alması vacibdir və bu məsələdə III sektor da hökumətə imkanları daxilində dəstək olmalıdır. Bu il bizim təşkilat QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycanda yaşayan azsaylı xalqlar, milli azlıq və etnik qruplar arasında vətənpərvərlik ruhunun aşılaması məqsədilə maarifləndirmə kampaniyasını həyata keçirəcək. Layihənin əsas məqsədi həm də ölkəmizdə yaşayan azsaylı xalq, milli azllıq və etnik qrupların vətənə, xalqa və dövlətə bağlılıq, məhəbbət və sədaqət ruhunda böyümələrinə, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrinə yardım, bu istiqamətdə onların maarifləndirməsinə kömək etməkdir. Bu dövlətin bizə yaratdığı şərait, imkanlardan biridir. Bundan lazımı səviyyədə, özü də şəffaf şəkildə yararlanmaq lazımdır.
- Sizcə, gənclər Vətənə sadiq, Vətənini sevən biri olmaq üçün dövlətin onlara yaratdığı imkanlardan tam mənada yararlanırlarmı?
- Tam yararlanır deyə bilmərəm. Vətənpərvər nə deməkdir? Ancaq gedib döyüşlərdə ölmək vətənpərvər demək deyil. Harada vətənə, dövlətə, millətə xeyrimiz dəyirsə vətənpərvərik. Dövlətimizi seviriksə, onun qanunlarına riayət ediriksə, dövlətçilik siyasətini dəstəkləyiriksə vətənpərvərik. Gənclərdə milli vətənpərvərlik hissləri güclü olmalıdır. Bizim gənclərimizin vətənpərvər olmaları isə xüsusilə vacibdir. O mənada ki, torpaqlarımız işğal altındadır, məcburi köçkünlərimiz var, qız-gəlinlərimiz əsirlikdədir. Torpaqlarımızın işğaldan azad edilməsi, əsirlərimizin öz doğmaları ilə qovuşması üçün gənclərimizdə vətənpərvərlik ruhu günü-gündən artmalıdır. Azərbaycan xalqı gələcəyımiz olan gənc nəslin vətənə məhəbbət, xalqa elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyatı əhəmiyyətli məsələ kimi baxıb. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Cavanşır, Babək, Şah İsmayıl Xətai, Səmədağa Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkədələrimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirmişdir. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir.
-Necə hesab edirsiniz, bu gün demək olarmı ki, Azərbaycan gənci tam mənada vətənpərvərdir?
- Bilirsiniz, gənclərimizin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasında təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti böyükdür. Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir. Bugünkü gənc nə qədər savadlı, nə qədər vətənpərvər, nə qədər yüksək dünyagörüşünə malik olarsa, dövlətin, millətin gələcəyi bir o qədər işıqlı və ümidverici olar. Bu gün milli dövlətçiliyin formalaşması, milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik ruhunun yüksəldilməsi kimi qlobal proseslərdə gənclərin üzərinə böyük məsuliyyət düşür. Gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyüməsi, milli vətənpərvərlik ruhunda tərbiyə olunması müstəqil dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin ideya-siyasi, elmi və mədəni tərəqqisi üçün mühüm amildir. Məhz bu amillərin təsiri nəticəsində gənclərin həyat tərzini, dünyaya baxışını, Vətənə, torpağa sayğıdan uzaqlaşmaq təhlükəsi yaranır. Belə anda ən mühüm məsələ kimi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi məsələsi önə keçmiş olur. Burada mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də gənclərin Avropa və bəşəri dəyərlərlə milli dəyərləri düşüncəsində, həyat tərzində uzlaşdıra bilməsidir. Nəzərə alsaq ki, müasir dövrdə bu müəyyən mənada o qədər də asan məsələ deyil, o zaman bunun nə qədər aktuallıq kəsb etdiyi bir daha ortaya çıxar. Çünki müasir dövrdə bu sahədə bir sıra problemlər var. Bu problemlərə sinə gələn gənc özünü vətənpərvər hesab edə bilər.
- Sizcə, vətənpərvərlik mövzularında daha çox kitabların yazılması, filmlərin çəkilməsi, təbliğatın aparılmasına ehtiyac varmı?
- Əlbəttə ki var. Bu mövzuda
yetərincə iş görülüb.
Kitablarımız da var, filmlərimiz də çəkilib. Açığını
deyim, amma çox az
adam tapılar ki, vətənpərvərlik
mövzusunda yazılan
kitabları oxusun. Bu acı bir
həqiqətdir. Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu inkişaf etdikcə vətənpərvərlik tərbiyəsinə,
o cümlədən böyüməkdə
olan nəslin hərbi vətənpərvərlik
tərbiyəsinə xüsusi
diqqət yetirilməlidir.
Böyük Atatürk deyirdi
ki, sülh istəyən xalq hərbə hazır olmalıdır. Bu çox dəyərli kəlamdır. Azərbaycan xalqı
müharibəni arzulamır,
həmişə sülhün,
əmin-amanlığın tərəfdarı olmuşdur.
Hərbi
- vətənpərvərlik tərbiyəsini sadəcə
olaraq quru sözlərlə, nəsihətlərlə
də məhdudlaşdırmaq
olmaz. Bu sahədə
məqsədəuyğun müvəffəqiyyət
əldə etmək üçün məktəblərlə
yanaşı kitabxana da hər şeydən
əvvəl öz işini düzgün planlaşdırmalı, il ərzində görəcəyi işləri
müəyyənləşdirməlidir. Burada tədbirlər arasında
yaradılacaq əlaqə
nəzərə alınmalı,
işin təşkili
əsaslandırılmalıdır. Kiçik yaşlı oxucuların vətənpərvərlik tərbiyəsi
ailədə, tərbiyə
müəssisələrində və orta ümumtəhsil
məktəbində uşaq
və yeniyetmələrə
verilən vahid tərbiyə işinin vacib tərkib hissəsidir. Artıq bu
gün müstəqil
Respublikamızın inkişafı
ilk növbədə böyüyən
nəslin təlim-tərbiyə
işinin düzgün
təşkilindən, vətəndaşlıq
hazırlığından asılıdır.
Vətəndaş tərbiyə etmək-mənsub
olduğu dövlətin
inkişafına çalışan,
mənafeyini gözləyən,
onun təhlükəsizliyi
üçün məsuliyyət
daşıyan, dövlətin
cari və perespektiv işlərində
iştirak edən, insan yetişdirmək deməkdir. İnsan fərd kimi
doğulub, vətəndaş
kimi fəaliyyət göstərərək tərbiyə-təhsil
prosesində, əmək
prosesində vətəndaş
hazırlığı keçir.
Əsl vətəndaş dedikdə,
bilavasitə vətənə,
dövlətə gərəkli
fəaliyyəti ilə
xidmət edən, böyük mənəvi keyfiyyətlərə malik
olan insan nəzərdə tutulur.
Vətəndaşlıq tərbiyəsinin mənbəyi ailədir.
Təcrübə göstərir ki,
ailədə vətəndaşlıq
tərbiyəsi yalnız
özbaşına axınla
korkoranə deyil, planlı, sistemli, məqsədli şəkildə
təşkil olunmalıdır.
Uşaqların vətənaşlıq təriyəsi dedikdə, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə
yiyələnmə və
şəxsiyyət kimi
yetişmə nəzərdə
tutulur. Onlar davranış qaydalarını,
nizam-intizamı, savadlı
olmağı, vətəninin
tarixini, coğrafiyasını,
mədəniyyətini, milli
adət- ənənələrini
bilməlı, vətəni
sevməlıdirlər. Uşaqlar ideyaca savadlı olmalı, işə şüurlu yanaşmalı,
məsuliyyətli, vicdanlı,
mübariz olmalı, pis niyyətlə, əliəyriliklərlə barışmamalıdır.
Mənəviyyat tərbiyəsini qiymətləndirmək üçün
uşaqlarda yaxşını
pisdən ayırmaq, həqiqətə, ədalətə,
insanlara-böyüklərə, ailə üzvlərinə
hörmət etmək
kimi insani keyfiyyətlər aşılanmalıdır.
- Bu
istiqamətdə televiziya,
KİV-lərin rolunu necə qiymətləndirirsiniz.
Onlar vətənpərvərlik mövzularına
ciddi diqqət ayırırlarmı?
- Mediada yetərincə bu məsələyə yer ayrılır. TV-lər isə
bu məsələdə
çox axsayırlar.
Onlar daha çox şouya üstünlük
verirlər. Bu elə bir mövzudur
ki, buna bütünlüklə ictimaiyyət
nüfuz etməli, diqqətdə saxlamalıdır.
Gənclərimizin, elə məktəbli
uşaqların çoxu
bu gün mediadan, tv-dən uzaqdırlar. Elmi texniki
tərəqqi elə inkişaf edib ki, onlar günlərinin
çoxunu ya elmə, ya da
sosial şəbəkələrə,
oyunlara sərf edirlər. Ona görə bu
məsələdə cəmiyyət
də məsuliyyət
daşımalıdır. Deyirik ki, uşağın tərbiyəsi ailədən,
uşaq bağçasından
başlanmalıdır. Vətənpərvərlik ruhunun aşılanması
prosesi də ilk növbədə uşaq bağçalarından və
məktəbdən başlanmalıdır.
Bəs bu günün uşaqları necə, vətənpərvər ruhda
böyüyürmü? Uşaqların vətənpərvər ruhda böyüməsi kimdən asılıdır?
Bağça, məktəb, yoxsa
valideyn burada əsas rol oynayır?
Vətənpərvərlik hissi necə
aşılanmalıdır? Vətən üçün gözümüzü
belə qırpmadan ölümə getməyə
hər an, hər dəqiqə hazır olmağı da uşaqlara öyrətmək
lazımdır. Amma burada
uşaqlara qəhrəmancasına
ölümün nə
olduğunu savadlı,
şüurlu şəkildə
başa salmaq lazımdır ki, "ucuz qəhrəmanlıqlar"
etməsinlər. Biz uşaqlarımıza başa
salmalıyıq ki, vətənə xidmət
yalnız cəbhədə
olmur. Savadlı bir həkim,
mühəndis və ya siyasətçi olmaq və vətən
uğrunda işlər
görmək, arxa cəbhədə vətən
üçün çalışmaq
da vətənpərvərlikdir.
Vətən olmadan bir millətin ayaqda dayanması mümkün deyil. Bir millətin var
olması, həyatını
davam etdirə bilməsi ancaq vətəninə sahib olmasıyla
mümkündür. Uşaqların vətəndaşlıq tərbiyəsi
dedikdə, yüksək
əxlaqi-mənəvi keyfiyyətlərə
yiyələnmə və
şəxsiyyət kimi
yetişmə nəzərdə
tutulur. Onlar davranış qaydalarını,
nizam-intizamı, savadlı
olmağı, vətəninin
tarixini, coğrafiyasını,
mədəniyyətini, milli
adət-ənənələrini bilməli, vətəni sevməlidirlər. Uşaqlar ideyaca
savadlı olmalı, işə şüurlu yanaşmalı, məsuliyyətli,
vicdanlı, mübariz
olmalı, pis niyyətlə, əliəyriliklərlə
barışmamalıdır. Mənəviyyat tərbiyəsini qiymətləndirmək üçün
uşaqlarda yaxşını
pisdən ayırmaq, həqiqətə, ədalətə,
insanlara-böyüklərə, ailə üzvlərinə
hörmət etmək
kimi insani keyfiyyətlər aşılanmalıdır.
Onların davranış xüsusiyyətlərini
uyğun qiymətləndirməli,
yaxşı davranış
və qarşılıqlı
əlaqə təmin olunmalıdır. TV-lərdə cizgi filmləri, uşaq verilişləri də vətənpərvərlik ruhunun
aşılanması üzərində
köklənməlidir.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.- 2016.- 20-22 avqust.- S.7.