Azərbaycan gənciliyinin böyük əksəriyyəti

kifayət qədər vətənpərvər vətəndaşdır

 

Sona Əlizadə: "Aprel döyüşləri gənclərimizin vətənpərvərlik hisslərinin nə qədər güclü olduğunu bizə əyani olaraq nümayiş etdirdi"

"Yüksək rütbəli zabitlərin əsgərlərimizlə çiyin-çiyinə vuruşması, onları qorumaq üçün özünü qumbaranın önünə ataraq canından keçməsi gənclərimiz üçün əsil qəhrəmanlıq məktəbi oldu"

Azərbaycan gənclərinin sağlam ruhda, vətənpərvər olaraq tərbiyə olunması dövlət gənclər siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Məhz bu siyasətə uyğun olaraq a müvafiq dövlət qurumları, eləcə də ayrı-ayrı gənclər və qeyri-hökumət təşkilatlarının həyata keçirdiyi layihələr, təşkil etdikləri tədbirlərin mütləq əksəriyyəti də gənclərin vətənpərvərlik hisslərinin artırılmasına xidmət edir. Belə təşkilatlardan biri də "Bizim Gənclik" İctimai Birliyidir. İctimai Birliyin sədri Sona Əlizadə ilə söhbətimizdə ölkədə gənclərin vətənpərvər ruhda tərbiyə olunması istiqamətində görülən işlər, rəhbərlik etdiyi təşkilatın bu sahəyə verdiyi töhfə və s. barədə danışdıq.

-Sona xanım, bu gün gənclər və qeyri-hökumət təşkilatları gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirmi?

-Bu gün gənclər təşkilatlarının işlədiyi hər bir gəncin milli mənlik şüurunun bünövrəsi, vətənpərvərlik hisslərinin əsası ailədə və məktəbin ilk illərində qoyulur. Təbiidir ki, bu istiqamətdə fəaliyyət göstərən gənclər təşkilatlarının işinin effektivliyi bu bünövrənin nə qədər möhkəm və əsaslı olmasından birbaşa asılıdır. Digər tərəfdən isə unutmaq lazım deyil ki, biz həm də qloballaşma dövründə yaşayırıq. Bu dövr özünün müsbət tendensiyaları ilə yanaşı mənfilərini də gətirir. Belə bir zamanda hər bir millət özünəməxsus olanı təbliğ etməklə yanaşı, öz milli kimliyini tanımalı və tanıtmalıdır. Hazırda bir çox gənclər və qeyri-hökumət təşkilatları gənclərimizin Qarabağ müharibəsi veteranları ilə görüşlərini təşkil edir, müharibədə qəhrəmanlıq göstərən əsgərlərimizlə söhbətlərin aparılması üçün şərait yaradır, şəhidlərimizin unudulmaması, tarix və adət-ənənələrimizin təbliği, onların milli mənlik şüurunun inkişafı, vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində müxtəlif növ layihələr həyata keçirməkdədir. Azərbaycanın bütün regionlarını əhatə edən bu işi təbii ki, dəyərləndirməmək düzgün olmazdı. Lakin biz bu fəaliyyətlə kifayətlənməməli və daha effektiv, daha çox gəncin marağını cəlb edə biləcək layihələr reallaşdırmalıyıq.

-Bu istiqamətdə çatışmayan cəhətlər nədən ibarətdir?

-Ümumiyyətlə, milli mənlik şüuru və vətənpərvərlik hisslərinin gənclərə təbliğ edilməsinin vacib əsaslarından biri də onların öz kökünü tanıması, millətini, onun özünəməxsus adət və ənənələrini bilməsi, tarixi həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında vasitəçi rolunu oynaya bilməsidir. Xüsusən də Azərbaycan kimi müharibə şəraitində olan ölkə üçün bu çox vacib məsələdir. Təəsüflər olsun ki, bu gün Azərbayacan həqiqətənlərinin təbliği üçün xarici dillərdə kifayət qədər elektron resurs yoxdur. Onların sayının artırılması üçün biz həm dövlətlə, həm də qeyri-hökumət təşkilatları olaraq bir-birimizlə əməkdaşlıq etməli və bu boşluğun arandan qaldırılması üçün birlikdə səylər göstərməliyik. Bununla yanaşı gənclərin tarixini, milli kökünü dərindən bilməsi üçün biz onları daha çox elmi əsaslı layihələrə cəlb etməyin yollarını tapmalıyıq. Təbii ki, vətənpərvərlik insanın daxilindən gələn bir hissdir. Bunu hər kəs anlayır və qəbul edir, amma bizim hədəfimiz əgər informasiya müharibəsinin qalibi olmaq və Azərbaycan həqiqətlərinin təbliğidirsə, onda fəaliyyətimiz hisslər yox elm, bilikfaktlar üzərində qurulmalıdır. Çünki hər bir halda faktlardan emosial vəziyyətə keçid məğlubiyyətdir.

-Sizə, elə gəlmirmi ki, qeyd edilən istiqamətlərə diqqət, maliyyə dəstəyi daha çox artırılmalıdır?

-Əlbəttə, əvvəldə qeyd etdiyim fəaliyyətlərin daha çox kütləni əhatə edərək yüksək səviyyədə keçirilməsində qeyri-hökumət təşkilatlarına ayrılan diqqət, yaradılan şərait və maliyyə vəsaitinin miqdarının da önəmi vardır. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Gənclər və İdman Nazirliyi hər zaman olduğu kimi bu günbu istiqamətə böyük önəm verir və vətənpərvərlik sahəsində layihələr icra edən gənclər təşkilatlarının maliyyələşdirilməsini prioritet məsələlər siyahısına aid edir.

-Aprel döyüşləri Azərbaycan gəncinin vətənpərvərlik hissinin daha da artmasına nə dərəcədə müsbət təsir göstərdi?

-Aprel döyüşləri gənclərimizin vətənpərvərlik hisslərinin nə qədər güclü olduğunu bizə əyani olaraq nümayiş etdirdi. Bu döyüşlər zamanı Azərbaycan gənclərində xüsusi bir qələbə əzmi, vətənpərvərlik, döyüş ruhu yarandı, siyasi mövqeyindən asılı olmayaraq hər kəs dövlətin, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşdi. Minlərlə gənc orduya könüllü olmaq üçün müraciət etdi, Qarabağ uğrunda küçlərə axışdı, Tükiyə və digər ölkələrdə yaşayan gənclərimiz yürüşlər keçirdi və gənclərimizin sosial şəbəkələrdəki fəaliyyəti bizi qürurlandırdı. Bu Azərbaycan xalqının birliyinin, gəncliyimizin qüdrətinin göstəricisi oldu. Bu eyni zamanda düşmənlərimizə gənclərimizin nəinki münaqişəni unutmadığını, əksinə, Qarabağ uğrunda ölümə belə getməyə hazır olduqlarını bir daha sübut etdi.

-Sizcə, bu gün Azərbaycan gənci tam mənada vətənpərvərdirmi?

-Bəli, bu gün qürurla deyə bilər ki, Azərbaycan gənciliyinin böyük əksəriyyəti kifayət qədər vətənpərvər, öz könünə, tarixinə, adət-ənənələrinə və dövlətçilik prinsiplərinə bağlı vətəndaşdır. Bu bizim əsrlər boyu qoruyub saxladığımız dəyərdir. Bu dəyər əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin mühüm tərkib hissələrindən biridir. Dövlət tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin nailiyyətləri sayəsində bu gün o, geridə qalmış və gənclər siyasəti üzrə inkişaf etmək istəyən digər ölkələrə model olaraq təklif edilir. Təbii ki, bu bizim üçün yüksək nəticədir, lakin biz bu nailiyyətləri ideallaşdırmamalı və gənclər siyasətinin həyata keçirilməsi, daha böyük uğurlarla nəticələnməsi üçün Azərbaycan gəncliyi olaraq irəlidə lokomativ rolunu oynamlıyıq.

-Silahlı Qüvvələrə göstərilən diqqət qayğı gənclərin Vətən uğrunda savaşması, torpaqlarını işğaldan azad etməsi ruhuna necə təsir göstərir?

-Azərbaycan Ordusu həm insan resursları, həm də maddi-texniki baza baxımından günü-gündən inkişaf etməkdədir. Bu inkişafaprel döyüşlərində Azərbaycan Ordusunun göstərdiyi şücaət nəticəsində əldə etdiyimiz qələbələr hər bir Azərbaycan vətəndaşında ruh yüksəkliyi yaratdı, gənclərimizin qələbə əzmini artırdı. Xüsusilə yüksək rütbəli zabitlərin əsgərlərimizlə çiyin-çiyinə vuruşması, onları qorumaq üçün özünü qumbaranın önünə ataraq canından keçməsi gənclərimiz üçün əsil qəhrəmanlıq məktəbi oldu. Bu ruh yüksəkliyini orduya yazılmaq üçün hər gün artan müraciətlərdən aydın şəkildə görmək olardı.

-Sizcə, vətənpərvərlik mövzusunda çəkilən filmlər, reklam çarxları, kliplərin sayını artırmaq günümüz üçün vacib deyilmi?

-Əlbəttə, bizim bu mövzuda çəkilmiş filimlərə də, reklam çarxlarına, kliplərə də böyük ehtiyacımız var. Ümumiyyətlə, yaradıcılıq və incəsənətin insana böyük mənəvi təsiri vardır. Təəsüflər olsun ki, bu sahədəki vəziyyəti o qədər də qənaətbəxş hesab etmək olmaz. Xüsusən də vətənpərvərlik mövzusunda keyfiyyətli filmlər demək olar ki, yox səviyyəsindədir. Düşünürəm ki, bu sahədə inkişaf müharibə şəraitində yaşayan ölkə və onun gəncliyi üçün zəruridir.

-"Bizim Gənclik" İctimai Birliyi gənclərin vətənpərvərlik hisslərinin artırılması istiqamətində hansı addımlar atır, layihələr həyata keçirir?

-İlk öncə qeyd etmək istərdim ki, 2006-cı ildən etibarən fəaliyyət göstərən "Bizim Gənclik" İctimai Birliyinin elə yaranma məqsədi birbaşa olaraq Azərbaycan gəncliyinin inkişafına töhfə vermək, onları vətənpərvərlik və dövlətçilik prinsipləri ətrafınada birləşdirməkdən ibarət olub. Bu günə qədər İctimai Birlik vətənpərvərlik, milli-mənəvi dəyərlər, azərbaycançılıq ideologiyasının təbliği istiqamətində layihələr həyata keçirmişdir. Biz bununla bərabər günün tələblərini və gənclərimizin istəklərini nəzərə alaraq digər istiqamətli layihələrin də həyata keçirilməsi üçün çalışmışıq. Məsələn, Bakı 2015 Avropa Oyunlarında daha təcrübəli könüllülərin iştirakı üçün ingilis dillində 8 günlük ardıcıl praktiki təlimlər, "Multikulturalizm İli" ilə əlaqədar olaraq silsilə tədbirlər keçirmişik. Ümumiyyətlə, biz belə düşünürük ki, bu gün gənclər təşkilatları Azərbaycan gəncliyinin inkişafına təkan verən, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayan qüvvələrdəndir. Hansı istiqamətdə fəaliyyət göstərməsindən və hansı layihəni həyata keçirməsindən asılı olmayaraq hər bir tədbirin özəyinə baxdıqda vətənpərvərliyin təbliğini görmək mümkündür. Məsələn, zərərli vərdişlərdən uzaq olmaq və ətrafındakı gəncləri bu bəladan mühafizə etmək vətənpərvərlikdir, ətraf mühiti qorumaq vətənpərvərlikdir, ixtisaslı kadr olmaq vətənpərvərlikdir. Çünki bütün bunlar cəmiyyətin, xalqın, Azərbaycanın inkişafı deməkdir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına

Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 23 avqust.- S.7.