Milli qəhrəmanlar və şəhidlərin

ruhuna göstərilən yüksək ehtiram

 

Gənclərin vətənpərvərlik ruhunu artırır

 

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasına xidmət edən başlıca amillərdən birimilli qəhrəmanlarımıza, şəhidlərin ruhuna göstərilə yüksək ehtiram, onların əziz xatirəsinin yad edilməsidir. Bu mənada Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin grdüyü işlər, həyata keçirdiyi tədbirləri təqdirəlayiq hesab etmək olar. Belə ki, bu günlərdə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı şəhid İsgəndər Aznaurovun 60 illik yubileyi münasibətilə tədbirlər keçirilib.

Keçirilən tədbirlər çərçivəsində "İsgəndər qalası"nın müdafiəçiləri ilə görüş olub. Gədəbəy rayonunda dəniz səviyyəsindən 2300 metr yüksəklikdə, sərt relyef şəraitində təşkil olunan tədbirdə Müdafiə Nazirliyinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə qəhrəmanın xatirə lövhəsi qarşısına gül dəstələri düzülüb. Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani "topçu İsgəndər"in həyat və döyüş yolu barədə ətraflı məlumat verib. Şəhid Milli Qəhrəman Məzahir Rüstəmovun atası İzzət Rüstəmov isə 1992-1993-cü illərdə qəhrəmanla görüşlərini xatırlayaraq, gənc əsgərlərə unudulmaz xatirələrini bölüşüb. Tədbirdə çıxış edən millət vəkili, professor Xanhüseyn Kazımlı, Gədəbəy rayonunun prokuroru Allahverdi Səfərov və başqaları Azərbaycan Ordusunun gündən-günə daha da qüdrətləndiyini, dünyanın ən müasir, nizami orduları sırasına yüksəldiyini fəxrlə qeyd ediblər. General-mayor Gəray Bağırov isə çıxışında bu gün də Azərbaycan əsgərinin ata-babalarımızın qəhrəmanlıq ənənələrini uğurla davam etdirdiklərini bildirib. Qalanın müdafiəçiləri adından çıxış edən hərbi qulluqçu, çavuş Sakit Həsənov qonaqları əmin edib ki, onlar bundan sonra da vətən, xalq və dövlət qarşısında əsgəri borclarını şərəflə yerinə yetirəcək, İsgəndərin, Məzahirin qanı hopan bu qalanı mərdliklə qoruyacaqlar. Qeyd edək ki, İsgəndər Aznaurov ahısqa türklərindəndir. Onun ata-babaları vaxtilə indiki Gürcüstan ərazisindən Orta Asiyaya sürgün olunub. İsgəndər Aznaurov 1956-cı il avqustun 16-da Özbəkistanın Buxara vilayətində anadan olub. Lakin 1980-ci illərdə Fərqanə vadisində baş verən hadisələrdən sonra digər ahısqa türklərinin ailələri kimi İsgəndər Aznaurovun da ailəsi Azərbaycana pənah gətirərək, Şəmkir rayonunun Kür qəsəbəsində məskunlaşıblar. 1992-ci ilin baharında isə İsgəndər Aznaurov Azərbaycan Milli Ordusu sıralarına zabit kimi daxil olaraq qısa müddətdə "topçu İsgəndər" kimi tanınıb. Çox keçmədən İsgəndər Aznaurov Gədəbəy rayonunda Başkəndin erməni quldurlarından azad olunmasında, Mutu dərədə, Şınıxda, Ər dağı və Ləzgi daşında, eləcə də rayonun digər strateji əhəmiyyətli ərazilərində xeyli düşmən texnikasını və canlı qüvvəsini məhv edərək böyük qəhrəmanlıqlar göstərib. Hətta ermənilər bu şücaətlərinə görə onun başına yüksək məbləğdə vəsait də vəd ediblər. İsgəndər Aznaurov 1993-cü ilin yazında qəhrəmanlıqla şəhid olub, iki il sonra - 1995-ci ilin yanvarında isə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Hazırda Şəmkirin Kür qəsəbəsində orta məktəb və qəsəbə onun adını daşıyır. Xidmət etdiyi hərbi hissədə xatirəsinə abidə ucaldılıb, Gədəbəyin Şınıx kəndində isə Mormor yüksəkliyi onun şərəfinə "İsgəndər qalası" adlandırılıb. Tərtərin Sarov kəndində isə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş həmyerlimiz, "Azərbaycan Bayrağı" ordenli Şahlar Allahverdiyevin baralyefinin açılışı olub. Rayonun icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, ziyalıların, veteranların, yerli icra və bələdiyyə strukturları təmsilçilərinin iştirak etdikləri tədbiri giriş sözü ilə Sarov kənd İƏD üzrə nümayəndə Ramin Quliyev açdı. Əvvəlcə torpaqlarımız uğurunda şəhid olan vətən oğullarının xatirəsi bir dəqiqəlik sukutla yad edilib. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qəhrəmanın ömür yolundan söhbət açıb, Qarabağ Müharibəsi veteranlarına, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğını dilə gətirib. Bildirib ki, şəhid ailələri və müharibə veteranlarının maddi-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə rayonda xeyli işlər görülür. Rayon rəhbəri Azərbaycanın Milli Qəhrəmanları Vəzir Orucovun, Mübariz İbrahimovun, "Azərbaycan Bayrağı" ordenli Mehrac Mahmudovun, İlqar Həsənovun şəhərin küçələrinə adlarının verilməsindən, qeyd olunan küçələrdə aparılan abadlıq işlərindən, küçələrin girişində onların baralyeflərinin hazırlanıb qoyulmasından da danışıb. Tədbirdə iştirak edən Tərtər batalyonunun keçmiş qərargah rəisi, II qrup Qarabağ Müharibəsi əlili, Şahlar Allahverdiyevin döyüş yoldaşı Pənah Məmmədov, "Azərbaycan Bayrağı" ordenli, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri, döyüş yoldaşı Nizami Heydərov, Şəki şəhərindən gəlmiş şəhidin döyüş yoldaşları Aydın PaşayevMaqsud Məmmədov, döyüş yoldaşı, həmkəndlisi İsgəndər Cuquyev, şəhidin qardaşı Niyaz Allahverdiyev torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən mərd oğullara, onların ailələrinə göstərilən diqqət və qayğıdan danışıblar.

Etiraf etmək lazımdır ki, hərbi qulluqçuların döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsində mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinin də rolu çox böyükdür. Bu işin əhəmiyyətini nəzərə alan Müdafiə Nazirliyi ölkəmizin bütün yaradıcılıq təşkilatları ilə mütəmadi olaraq əlaqə saxlayır, xüsusi plana əsasən silsilə tədbirlər həyata keçirilir. Gəncə Dövlət Dram

Teatrının aktyoru, Respublikanın Xalq Artisti Alim Məmmədovun gənc əsgərlərlə görüşü şəxsi heyətdə xoş təəssüratlar oyadıb. Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbani Xalq Artistinin həyat və yaradıcılığı haqqında məlumat verərək onun Azərbaycan teatrı və kinosu tarixində mühüm yer tutduğunu nəzərə çatdırıb. Qeyd olunub ki, on altı yaşından səhnə fəaliyyətinə başlayan aktyor "Bir cənub şəhərində", "Qara volqa", "Ölülər" və başqa filmlərdə, eləcə də Azərbaycan və dünya klassiklərinin, çağdaş dramaturqların tamaşaya qoyulan bir çox əsərlərində uğurla çıxış etmiş və aparıcı aktyor kimi xidmətləri həmişə yüksək qiymətləndirilmişdir. Xalq Artisti Alim Məmmədov Müdafiə Nazirliyinin yerli icra hakimiyyəti orqanları ilə birlikdə təşkil etdiyi kütləvi vətənəpərvərlik tədbirlərində də yaxından iştirak etmiş, ona həvalə edilən obrazların öhdəsindən layiqincə gəlmişdir. Silahlı Qüvvələrimizin şəxsi heyəti A.Məmmədovu Nizami Gəncəvi, Cavanşir, Cavad xan, Mücirəddin Beyləqani, general Əliağa Şıxlinski, ilk hərbiyyə nazirimiz Səmədbəy Mehmandarovbaşqa şəxsiyyətlərin obrazlarının mahir ifaçısı kimi tanıyır. Xalq Artisti gənc əsgərlər qarşısında çıxış edərək hərbi xidmət illərini yada salıb, yaratdığı obrazların dili ilə onları salamlayıb, monoloqlar, vətənpərvərlik şeirlərindən nümunələr söyləyərək əsgər və zabitləri ruhlandırıb, gələcək xidmətlərində uğurlar qazanmağı arzulayıb və onları maraqlandıran sualları cavablandırıb. Polkovnik-leytenant Elşən Salayev dəvətlərini məmnuniyyətlə qəbul edərək gənc əsgərlərlə görüşə gələn və onlarda xoş əhval-ruhiyyə yaradan sənətkara şəxsi heyət adından dərin minnətdarlığını bildirib, Müdafiə Nazirliyinin xətti ilə nəşr olunmuş "Ruhumuzun qələbəsi naminə" adlı kitab-albomu Xalq Artistinə xatirə olaraq hədiyyə edib.

Bu günlərdə isə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Silahlı Qüvvələrin birlikləri, Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin hərbi hissələrinin ərazilərində təşkil edilmiş mərasimlərdə rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilərək Dövlət himni ifa edilib və tədbir açıq elan olunub. Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər. Andiçmə mərasimlərində şəhid ailələrinin üzvləri, hərbi hissələrin komandanlığı, yerli icra orqanları və ictimaiyyət nümayəndələri, veteranlar, əsgər valideynləri iştirak ediblər. Təntənəli mərasimdə çıxış edənlər gənc əsgərlərə nümunəvi olmağı, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmalarını tövsiyə ediblər. Rəsmi mərasim başa çatdıqdan sonra şəxsi heyət üçün konsert proqramı təşkil olunub və valideynlərə hərbi hissələrdə yaradılmış şərait nümayiş etdirilib.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 24 avqust.- S.7.