Azərbaycan vətəndaşlarının
ən dəyərli
mənəvi keyfiyyətlərindən biri vətənpərvərlikdir
Azərbaycan gənclərinin
milli mənlik şüurunun
inkişaf etdirilməsi, onlarda
vətənpərvərlik hisslərinin artırılması
istiqamətində bütün istiqamətlər
üzrə müvafiq addımlar
atılmalıdır. Birmənalı olaraq
vurğulamaq lazımdır ki, vətənpərvər vətəndaşın
yetişdirilməsi üçün ilk növbədə bu
işə bağçadan, orta məktəbdən başlamaq
lazımdır. Elə əksər ekspertlər, vətəndaş
cəmiyyəti nümayəndələri də bu qənaətdədirlər.
Demokratiyanın İnkişafı Problemləri Mərkəzinin (DİPM) sədri Mütəllim Rəhimli hesab edir ki, orta məktəblər gənc nəslə təkcə təhsil vermir, həm də onun milli-mənəvi ruhda tərbiyə olunmasını, bir şəxsiyyət kimi yetişməsini təmin edir. Təşkilat sədrinin sözlərinə görə, bu mərhələdə gənclər hansı ruhda tərbiyə olunsa sonrakı dövrdə bunlar baza kimi çıxış edir: "Ona görə də çalışmalıyıq ki, orta məktəblərdə gənclərimiz düzgün təlim- tərbiyə alsınlar. Xüsusilə, vətənpərvərlik məsələsində boş yer qoyulmamalıdır. Elə etmək lazımdır ki, orta məktəbi bitirənlərin sonradan əldə etdikləri bilikləri onların vətənpərvərlik ruhunu daha da gücləndirsin, nəinki ona mənfi təsir göstərsin. Vətənpərvərliyin mahiyyəti də gənclərə düzgün başa salınmalıdır. Məsələn, Ermənistanda gənc nəslə azərbaycanlıların onlara düşməni olduğu fikri yeridilir və nifrət aşılanır. Biz bu yolla getməməliyik. Millətimizi digər xalqlara qarşı intiqam, nifrət ruhunda tərbiyə etməməliyik. Bu cür zərərli tendensiyalar gələcəkdə onu məhvə aparar. Biz elə bir optimal variant, tarixən formalaşmış milli-mənəvi-əxlaqi dəyərlərimizə istinad edilməklə mükəmməl yol tutmalıyıq ki, gənclərimiz humanist və şərəfli yetişsin. Şərəfi olan xalq isə onu müdafiə etməyi mütləq bacaracaq. Eyni zamanda hər birimiz ailədə, yetişməkdə olan gənclərdə Vətənə məhəbbət, dövlətə, millətə sədaqətli xidmət aşılamalıyıq. Eləcə də uşaq başçaları, orta və ali məktəblərdə yeniyetmə və gənclər milli ruhda, vətənpərvər yetişdidirilməlidir. Məhz bu halda biz qətiyyətlə deyə bilərik ki, bizim gənclərimiz tam mənada, bizləri qane edə biləcək səviyyədə vətənpəvərdirlər". Mütəllim Rəhimli vətənpərvərliyin təbliği, onun gənc nəslə aşılanmasında kütləvi informasiya vasitələrinin rolunun da önəmli olduğunu söyləyib. O, KİV-lərin bu sahədə aktiv olub-olmamasından da danışıb. Bildirib ki,bununla bağlı birmənalı fikir söyləmək mümkün deyil: "Çünki ölkəmizdə kütləvi informasiya vasitələri kifayət qədər rəngarəngdir və onların yayım məqsədləri, qarşısına qoyduğu hədəflər də bir-birindən fərqlənir. Digər tərəfdən, yerli mediada ölkəmizin əleyhinə təbliğat kompaniyasının aparılması da qanunla qadağan edilir. Bununla yanaşı qeyd etmək olar ki, bir çox özəl televiziya kanalları daha çox tamaşaçı toplamaq üçün kütlə psixologiyasının arxasınca gedirlər. Halbuki onlar ictimai fikri formalaşdırmağa qadir ən təsiredici vasitələrdir. Təəssüf ki, onlar bu misilsiz güclərini dəyərləndirmirlər. Kütlə şüurunun arxasınca süründüklərindən cəmiyyətimizə, xüsusilə gəncliyə doğru yol göstərməyə qadir olmayan nümunələrə daha çox vaxt və yer verirlər. Bu da təəssüf doğurur. Nəzərə almaq lazımdır ki, insanlar cəmiyyətimiz üçün faydalı bir çox məsələlərin müzakirəsinə və ona boş vaxt ayırmağa o qədər də maraqlı deyil. Baxmayaraq ki, bunlar olmadan davamlı və dinamik inkişafdan danışmaq, milli kimliyini qoruyub saxlamaq mümkün deyil. Ona görə də elə məsələlər var ki, onlara KİV-də mütləq yer ayırilmasını təmin etmək lazımdır. Məsələn, "Sosial reklam" haqqında qanun mediadan bu sahəyə pulsuz vaxt və yer ayırmasını tələb edir. Yəni ictimai, bələdiyyə və dövlət tabeliyində olan kütləvi informasiya vasitələri məcburi qaydada öz səhifələrində, efirlərində əvəzi ödənilmədən, pulsuz olaraq aktual sosial problemlərə yer və vaxt ayırmalıdır. Düşünürəm ki, vətənpərvərliyin təbliğinin təkcə bu qanunun tələbləri səviyyəsinə salınması düzgün olmazdı. Ona media daha çox diqqət yetirməli, ən müxtəlif proqramlar şəklində ictimai fikirdə müzakirəsinə nail olmalıdır. Beləliklə də xalqın özünə inamı qorunub saxlanılmış olar və o, tərəqqi edər". Mütəllim Rəhimli deyib ki, gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi üçün onlara mükəmməl şəxsi nümunələr göstərməliyik. Onun qənaətincə, təkcə sözlərlə hər şeyi həll etmək mümkün deyil və bu getdikcə şüarçılığa da çevrilə bilər: "Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov və digər şəhidlərimizin əməlləri gənclərimizin vətənpərvər ruhda yetişməsi üçün olduqca gözəl nümunələrdəndir. Elm, idman, incəsənət, hətta əxlaq sahəsində azərbaycanlıların göstərdiyi təqdirəlayiq və beynəlxalq ictimaiyyəti heyran edən uğurları da bura aid etmək olar. Gənclərimizi məhz belə nümunələrlə tərbiyə etməli, vətənpərvər yetişdirməliyik. Təəssüf ki, öz yaxın qohum-əqrabasını maddi nemətlərə görə öldürən, dövlət əmlakını talan edən, təhsildə uğur qazanmayıb yüksək vəzifə tutaraq ondan sui-istifadə etməklə varlanan, şəxsi maraqları üçün ümummilli mənafeləri satmağa hazır olan şəxslər də vardır ki, bunlar gənclərimizin vətənpərvərlik duyğularını zədələyir. Bunları nəzərə alaraq daimi olaraq gənclər arasında vətənpərvərliyin təbliğ olunmasına ehtiyac olduğunu qeyd edə bilərik. Çünki Azərbaycan vətəndaşlarının ən dəyərli mənəvi keyfiyyətlərindən, ən dərin hisslərindən biri vətənpərvərlikdir. Vətənpərvərlik müstəsna dərəcədə mütərəqqi duyğudur. O, millətlərin təşəkkül tapıb formalaşmasında, milli azadlıq uğrunda gərgin mübarizələrdə, vətənin müdafiə olunmasında mühüm rol oynayır. Məhz yüksək vətənpərvərlik hissi ikinci dəfə dövlət müstəqilliyinə, suverenliyə nail olmağımıza, müasir müstəqil Azərbaycan dövlətini yaratmağımıza kömək etmışdir. Həyatda elə şeylər mövcuddur ki, insanlar onları seçmir. Vətəni buna aid etmək mümkündür. Vətən müqəddəsdir. O, seçılmır, fəqət ona sevgini fərqli şəkildə anlamaq və ifadə etmək mümkündür. Milli əxlaq bizim vətənpərvərliyimizi bərqərar edir. Şəxsiyyətin vətənpərvərlik duyğusunda onun mənsub olduğu xalqa münasibəti, öz xalqı ilə dərin bağlılığını anlamaq, ölkəsinin tərəqqisi və inkişafı naminə göstərdiyi fəaliyyət, öz vətəni üçün milli qürur və iftixar hissi keçirməsi və onun müdafiəsinə hazır olmaq diqqət mərkəzində dayanır. Müşahidələr göstərir ki, bütün bunlar Azərbaycan gəncliyində kifayət qədər yüksəkdir. Gəncliyimiz işğal altında olan torpaqlarımızın azad edlməsi uğrunda döyüşlərə atılmağa bu gün hazırdır, milli xarakter daşıyan və Vətənimizin maraqlarına xidmət edən istənilən tədbirin həyata keçirilməsi naminə bütün səylərini və gücünü səfərbər edə bilir. Təhlükələrə qarşı birləşmək, şəxsi marağından imtina etmək qüdrətinə sahibdir. Lakin vətənpərvərlik hissi dəyişməz deyil, pis nümunələr insanlarda, xüsusilə gənc nəsildə mənfi tendensiyaların qabarmasına şərait yaradır. Xüsusilə, qloballaşma prosesinin gətirdiyi dəyərlər burada ciddi rol oynayır". Mütəllim Rəhimli ölkədə fəaliyyət göstərən gənclər və qeyri-hökumət təşkilatlarının gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasında oynadığı roldan da danışıb. Qeyd edib ki, ölkəmizdə qeyri-hökumət təşkilatları gənclərin vətənpərvərlik hisslərinin artırılması, onların milli-mənəvi dəyərlərimizə yiyələnməsi istiqamətində bir çox maarifləndirmə tədbirləri həyata keçirir: "İstər kütləvi informasiya vasitələri, istər elektron media qurumları, istərsə də sosial şəbəkələr vasitəsilə bu işlər işıqlandırılmaqdadır. Bu sahədə görülən işlər onu deməyə əsas verir ki, milli vətənpərvər gənclərimiz çoxluq təşkil edir. Ancaq təbii ki, bu və ya digər səbəbdən, məlumatsızlıq səbəbindən müxtəlif təsirlərə məruz qalan gənclərimiz də var. Bunlar da göz qabağındadır. Məhz bu kimi mənfi tendensiyanın olmaması üçün biz Azərbaycanda inkişaf etmiş sivil cəmiyyət, vətəndaş cəmiyyəti qurmalıyıq. Bu prosesin istər paytaxtda, istərsə də regionlarda, ümumilikdə ölkədə elə bir səviyyəyə gəlib çatmasına nail olunmalıdır ki, hər bir vətəndaş azad, müstəqil, inkişaf etmiş sivil cəmiyyətdə yaşadığını duysun və həmin cəmiyyətin, dövlətin layiqli üzvü olmağı özünə borc bilsin, bunu dərk etsin. Eyni zamanda bu əhval-ruhiyyə ilə yaşasın. Çox sevindirici haldır ki, bu gün belə bir gənclik yetişməkdədir. Düşünürəm ki, ölkəmizdə imkanlı şəxslərin vətəndaş cəmiyyətlərinə hələ də davam edən ögey münasibəti onların daha geniş spektrdə fəaliyyətinə müəyyən mənada mənfi təsir göstərir. QHT-lərin maliyyə imkanlarının zəifliyi onların daimi olaraq, fasiləsiz fəaliyyətinə mane olur. Bu problemin aradan qalxması vətənpərvər hissinin müxtəlif mövzularda daha maraqlı ideyalar əsasında inkişafına təkan verərdi".
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 25 avqust.- S.7.