Milli qəhrəmanlarımız

vətənpərvərlik örnəyidir

 

Hər bir xalqın tarixin müxtəlif dövrlərində öz milli qəhrəmanları, tarixi sərkərdələri olur. Birmənalı olaraq xalq da hər zaman onların xatirəsini əziz tutur, onları yad edir, böyük ehtiram göstərir. Azərbaycanın da zaman-zaman öz sərkərdələri, qəhrəmanları olub. Onlarin şan-şöhrəti dünyanın dörd bir yanına yayılıb. Azərbaycan xalqı hər zaman öz qəhrəmanlarını böyük ehtiramla yad edib.

Günümüzdə isə tarixi qəhrəmanlarımızla yanaşı torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin də əziz xatirəsi müntəzəm olaraq anılır, onların ailə üzvlərinə, övladlarına yüksək səviyyədə diqqət və qayğı göstərilir. Bu gün respublikanın hər bir bölgəsində bu müsbət tendensiyaya rast gəlmək mümkündür. İstər paytaxtda, istərsə də respublikanın şəhər və rayonlarında mütəmadi olaraq şəhidlərimiz, milli qəhrəmanlarımıza həsr olunmuş anım tədbirləri, toplantı və konfranslar keçirilir ki, bu da ümumilikdə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə müsbət təsir göstərən amillərdəndir. Belə tədbirlərdən biri bu günlərdə Binəqədi rayonunda təşkil edilib. Belə ki, Binəqədi rayonunda şəhid Rəşad Cəfərzadənin "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalının təqdimetmə mərasimi keçirilib. Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərimizə minaatanlardan atəş açması nəticəsində şəhid olan Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Cəfərzadə Rəşad Əlyar oğlu "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub. Medalın təqdimetmə mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənəvi- Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin zabitləri polkovnik Nazim Əhmədov, polkovnik-leytenant Hafiz Həsənov, polkovnik-leytenant Rövşən Qarayev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Elman Dadaşov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Rayon İdarəsinin rəisi Mehman Qurbanov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, İctimai Şuranın sədri Aslan Mehdiyev, QHT sədrləri, ASAN Könüllüləri, şəhid Rəşad Cəfərzadənin qəyyumu Mahir Pənahov və rayon fəalları iştirak ediblər. Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Rayon İdarəsinin rəisi Mehman Qurbanov, Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin zabiti polkovnik Nazim Əhmədov Azərbaycanda ordu quruculuğu, ordunun inkişafına sahəsində əldə olunan nailiyyətlərdən bəhs ediblər. Tədbir zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhid Rəşad Cəfərzadənin "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı onun qəyyumu Mahir Pənahova təqdim edilib.

Şəhid Eldar Babayevin vəfatının 25-ci ildönümü ilə əlaqədar olaraq isə Rəsulzadə bələdiyyəsinin "İctimai-Humanitar" sektorun təşkilatçılığı ilə şəhidin ailə üzvləri, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov və bələdiyyə üzvləri Eldar Babayevin məzarını ziyarət ediblər. Məzarı önündə yad edilən şəhidin qəhrəmanlığı haqqında M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov söz açaraq bildirib ki, şəhidlik elə bir zirvədir ki, həmişə onlar qəlbimizdə yaşayacaqdır. Daha sonra şəhidin ailə üzvləri şəhidlərə göstərilən diqqətə və qayğıya görə ölkə rəhbərliyinə, o cümlədən rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər. Şəhid Eldar Babayev 1991-ci ilin avqust ayının 10-da Goranboy rayonunda döyüş yoldaşlarının həyatını xilas edən zaman qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Qırmızı Ulduz" ordeni və 1995-ci ildə isə ulu öndər Heydər Əliyevin Fərmanına əsasən "İgidliyə görə" medalı ilə təltif olunub. Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində küçələrdən biri şəhid Eldar Babayevin adı ilə adlandırılıb.

Masallı rayonu Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun anım günü keçirilib. Tədbirdə Masallı rayon İcra hakimiyyətinin, rayonunun ictimaiyyətinin nümayəndələri, ziyalılar, Qarabağ veteranları, KİV nümayəndələri və kənd sakinləri İştirak edib. Ərazi nümayəndəliyinin qarşısındakı abidə önündə keçirilən tədbiri Milli Qəhrəmanın müəllimi Səadət Əliyev açaraq Milli Qəhrəmanın uşaqlıq, məktəb illərindən və sonrakı fəaliyyətindən söhbət açıb. Masallı rayon İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nazim Muradov, rayon hərbi komissarlığının məsul işçisi Babək Hacıyev, Milli Qəhrəmanın atası Eynulla Eynullayev, tanınmış şair və publisist, "Yeni həyat" qəzetinin Baş redaktor müavini Rəsul Rzayev, şair Tahir Heydərli (Hüseynov), Qarabağ müharibəsi veteranı Əhliman Səfərov, Xıl kənd tam orta məktəbinin direktoru Aybəniz Qafarova, Xıl kənd tam orta məktəbinin şagirdi Murad Hüseynli və başqaları Milli Qəhrəman Elşad Hüseynovu el-oba üçün qürur mənbəyi kimi dəyərləndirib. Tədbirdə çıxış edənlər Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşənlərə dövlət qayğısından danışaraq bildiriblər ki, Elşad Xıl kəndinin igid oğlu, vətənpərvər övladı, fəxri və qürurudur. Xıl tam orta məktəbinin şagirdləri Milli Qəhrəmana həsr olunmuş şeirlər söyləyiblər. Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Elşad Hüseynov 08 oktyabr 1960-ci ildə Masallı rayonunun Xıl kəndində anadan olub. 1978-ci ildə burada məktəbi bitirib sovxozda işləyib. 1979 - 1981 -ci illərdə Batumidə (indiki Gürcüstan Respublikasında) hərbi xidmətdə olub. Daha sonra Bakı şəhərində DİN-nin milis nəfəri kimi işə qəbul olunur. Ermənilərin doğma torpaqlarımıza basqınlarını görən Elşad cəbhəyə getmək istəyirdi, bir neçə dəfə müraciətdən sonra o cəbhəyə yola düşür. Elşad Hüseynov Cuvarlı, Ağbulaq və bir çox başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşub. Onun şücaəti erməni qəsbkarlarını lərzəyə salmışdı. 15 iyun 1992-ci il döyüşçülərimiz Fərrux kəndini düşməndən azad etməli idilər. 1992-ci il 15 iyunda Ağdam-Fərrux istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olur. Ailəli idi, üç övladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin 08 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Hüseynov Elşad Eynulla oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Salyanda isə erməni qəsbkarları ilə döyüşdə qəhrəmancasına həlak olmuş və "İgidliyə görə" medalı ilə təltif edilmiş (ölümündən sonra) baş leytenant Mehdiyev Rəşid Rövşən oğlunun valideynlərinə medalın təqdim edilmə mərasimi keçirilib..Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, Müdafiə Nazirliyinin mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisinin I müavini polkovnik Abdulla Qurbani, şəhidin valideynləri, xidmət etdiyi hərbi hissənin döyüşçü yoldaşları,hüquq mühafizə orqanları, idarə,müəssisə və təşkilatlar,Böyük Vətən və Qarabağ Müharibəsi veteranları,şəhid ailələri, ziyalılar, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak edib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhid Rəşid Rövşən oğlu Mehdiyevin təltif edildiyi "İgidliyə görə" medalı rayon icra hakimiyyətinin başçısı tərəfindən anası Məxburə Mehdiyevaya təqdim olunub. Tədbirdə çıxış edənlər Baş leytenant Rəşid Mehdiyevin qısa, lakin şərəfli həyat yolundan söz açıb, onun hər zaman igidliyi və cəsurluğu ilə seçildiyini bildiriblər. Tədbirdə Salyan rayonu Xələc kəndində anadan olmuş, Rəşid Mehdiyevin xidmət etdiyi hərbi hissənin tank tağımının komandiri leytenant Elnur Rzayevə "General Həzi Aslanov" medalı rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təqdim edilib

Sabirabad rayonunda şəhid, xüsusi təyinatlı qüvvələrin polkovnik-leytenantı, Milli Qəhrəman Murad Telman oğlu Mirzəyevin xatirəsinə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə şəhidin sənədli film nümayiş etdirilib. Böyük Vətən müharibəsi zamanı qəhrəmancasına həlak olanların və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edərək bildirib ki, faşizm üzərində tarixi qələbənin respublikamızda qeyd olunmasında ulu öndər Heydər Əliyevin müstəsna xidməti vardır. Xalq cəbhəsinin hakimiyyəti dövründə "9 may-Qələbə Günü"nü təqvimdən silməyə çalışır, tarixi qələbənin qazanılmasında böyük əməyi olan veteranların xidmətlərini heçə endirirdilər. Bu qələbənin əldə olunmasında Azərbaycan xalqının vətəndaşları həm ön cəbhədə, həm də arxada əsl fədakarlıq göstərmiş və dəyərli töhfələrini veriblər. Ona görə də Qələbə Gününü böyük qürur hissi ilə qeyd etməyə veteranların mənəvi haqqı vardır. Bu haqqı onlara ulu öndər Heydər Əliyev qaytarıb. Daha sonra Nazim İsmayılov qeyd edib ki, 1988-ci ildən başlayaraq Ermənistan silahlı birləşmələri ölkəmizin suverenliyi və müstəqilliyinə xələl gətirən təxribatlara əl atır, dinc sakinlərimizi, ordumuzun keşikçi məntəqələrini iriçaplı silahlardan, bəzən artilleriya qurğularından atəşə tuturlar. Bu ilin aprel ayının əvvəllərində xüsusi təyinatlı qüvvələrin polkovnik-leytenantı, Muğan Gəncəli kəndindən olan Murad Telman oğlu Mirzəyev və Çiçəkli kəndindən Rizvan Telman oğlu Muradov qoşunların təmas xəttində erməni işğalçılarının törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı qəhrəmancasına şəhid olublar. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə Murad Mirzəyev Milli Qəhrəman adına layiq görülüb. Murad Mirzəyev 1976-cı ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib, ABŞ, Rumıniya, İordaniya kimi ölkələrdə təlimlər keçib.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 26 avqust.- S.7.