Müasir Azərbaycan qadının

real obrazı: Mehriban Əliyeva

 

 

"Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir".

 

Mehriban Əliyeva

 

Ölkəmizin gender tarixinə nəzər saldıqda əsrlər boyu bu topaqda yaşayıb dəyişən nəsillərin dünyanın əksər bölgələrində olduğu kimi, tam patriarxal sosial sistemdə yaşadığını iddia etmək mümkün deyil. Azərbaycan qadını tarixən azad düşüncəli, təmiz qəlbli, nikbin ruhlu olmuş, mənsub olduğu ailənin, elin-obanın yükünü kişilərlə bərabər paylaşmaqla cəmiyyətin inkişafına önəmli töhfələr vermişdir.

Türklərin qadına nəcib münasibətini aydın şəkildə ortaya qoyan "Kitabi Dədə Qorqud" dastanında da qadının cəmiyyətdə tutduğu üstün mövqe özünün real əksini tapmışdır. Burla Xatun, Banu Çiçək, Selcan Xatun kimi qəhrəman qadın obrazları, onların mübariz həyat tərzi, cəsur və mərdanə davranışları cəmiyyətdə qadınların hələ yüz illər bundan öncə kişilərlə bərabər hüquqlara, hətta daha mötəbər statusa malik olduqlarının əyani təzahürüdür. Bu faktlara sadəcə folklor yaradıcılığımızdan deyil, real həyatdan da kifayət qədər misallar gətirmək olar. Atabəylərin Möminə xatunu və Mehrican xatunu, XII əsr Şərq İntibahının Azərbaycan ulduzu Məhsəti Gəncəvi, XV əsr Ağqoyunluların Sara xatunu, Qarabağ Xanlığının sonuncu vərəsəsi - Xan qızı Natəvan, sovet sisteminin fədakar qurucularından və eyni zamanda qurbanlarından biri olmuş Ayna Sultanova, XX əsr Azərbaycan qadınının əldə etdiyi ən yüksək məziyyətləri özündə əks etdirən Zərifə xanım Əliyeva, yeni dövr Azərbaycan elmində önəmli iz buraxmış Aida İmanquliyeva kimi mötəbər xanımlar tariximizin müxtəlif dövrlərində cəmiyyətin və dövlətçiliyin təkamülündə aparıcı qüvvə kimi çıxış etmiş və özlərindən sonrakı nəsillər üçün Azərbaycan qadınının mükəmməl örnəyinə çevrilmişlər. Tariximizin həssas məqamlarında Azərbaycan xanımlarının göstərdiyi sarsılmaz iradə, əvəzsiz fədakarlıq, sonsuz vətənpərvərlik bu günkü dövlət quruculuğumuzda, cəmiyyətimizin siyasi-iqtisadi, mənəvi-sosial inkişafında yorulmadan çalışan Azərbaycan qadını üçün ilham və enerji mənbəyidir.Bu yaradıcı enerjini xalq və dövlət üçün, bu günkü və gələcək nəsillərın rifahı üçün hərtərəfli real fəaliyyət proqramına çevirmək missiyasını böyük əzmkarlıqla öz üzərinə götürmüş XXI əsrın ən görkəmli Azərbaycan xanımı isə Mehriban Əliyevadır.

Mehriban xanım Əliyeva özünün peşəkar fəaliyyəti, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxış bucağı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini başlamışdır. Mehriban xanım Əliyeva bu hərəkat tarixində ilk şəxsiyyətdir ki, onun fəaliyyəti təhsildən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət arealını əhatə edir. Onun çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi, vətənpərvərlik, bəşəri ideallara sadiqlik, zərif humanizm dayanır. Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda, beynəlxalq sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual sahələri də əhatə edir. Mehriban xanım Əliyevanın malik olduğu üstün mənəvi məziyyətlərin nəcib ailə köklərinə dərin bağlılıqdan qaynaqlanması, onun vətənimizə, dövlətçiliyimizə və xalqımıza sadiqlik əzmini şərtləndirən əsas amildir. Mehriban Əliyeva ölkənin birinci xanımı olmaqla bərabər, həm də nümunəvi anadır, məsuliyyətli vətəndaşdır, dünyəvi və dini dəyərlərimizə sadiq olan Azərbaycan qadınının yeni simasıdır.

Mehriban Əliyeva qadının ailədə rolu haqqında belə deyir: "Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq, analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm". Bu yanaşma ilə, o Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində ailə amilinin nə qədər önəmli olduğunu diqqətə çatdırır.

Mehriban xanım Əliyevanın fəaliyyət dairəsi çox genişdir. O, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri kimi sistemli və aydın, bir-birini təkrarlamayan fəaliyyət zənginliyinə malikdir. Hələ 21 il öncə -1995-ci ildə Azərbaycan Mədəniyyəti Fondunu təsis edən Mehriban Əliyeva milli-mənəvi dəyərlərimizin qorunmasını, incəsənətimizin inkişafı və təbliğini, Azərbaycan mədəniyyətinin ümumbəşəri mədəni dəyərlər sisteminə inteqrasiyasını fəaliyyətinin başlıca prinsipləri kimi müəyyənləşdirmişdi. Fondun fəaliyyətinin əsas məqsədi Azərbaycan mədəniyyətini təbliğ etmək, onu bütün dünyaya tanıtdırmaq idi. Ölkəmizin müstəqilliyini yenicə bərpa etdiyi zamanlarda Mehriban xanım Əliyevanın belə bir müqəddəs missiyanı üzərinə götürməsi onun zəngin mənəvi irsimizə sadiqliyinin bariz göstəricisi idi. Bu təşəbbüs xalqımıza azərbaycançılıq məfkurəsinin aşılanması, onun zəngin mədəniyyət tariximizlə mənəvi bağlarının möhkəmləndirilməsi yolu ilə Sovet hakimiyyətinin süqutundan sonra yaranmış ideoloji boşluğun aradan qaldırılması baxımından xüsusi önəm kəsb edirdi.

Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə "Azərbaycan-İrs" jurnalı işıq üzü görmüş, milli musiqimizin korifeylərinin albomları hazırlanmış, həm ölkə daxilində, həm də beynəlxalq arenada Azərbaycan mədəniyyətini və tarixini təbliğ edən çoxsaylı təqdimat mərasimləri, sərgilər, festivallar, mədəniyyət günləri təşkil edilmişdir. "Bakı Muğam Mərkəzi"nin yaradılması, "Qarabağ xanəndələri" musiqili albomun buraxılışı, "Bakı payızı", Beynəlxalq Bakı Caz festivallarının təşkili kimi ölkəmizin incəsənət tarixində xüsusi yer tutan mədəniyyət hadisələri Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşəbbüsü ilə reallığa çevrilmişdir.

Azərbaycanın "Eurovision" Mahnı Müsabiqəsində iştirakının təşəbbüskarı kimi çıxış etmiş Mehriban xanım Əliyeva bu musiqi yarışması vasitəsilə Azərbaycanın və onun musiqisinin dünyada tanıdılmasına xüsusi səy göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il "Eurovision" Mahnı Müsabiqəsinin təşkili və keçirilməsi haqqında müvafiq Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinə rəhbərlik edən Mehriban xanım Əliyeva bu musiqi yarışmasının Azərbaycanda ən yüksək səviyyədə keçirilməsinə nail olmuş və Azərbaycanın müxtəlif məzmunlu beynəlxalq tədbirlərin təşkilində qabaqcıl dövlətlərdən birinə çevrildiyini ortaya qoymuşdur.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi də fəaliyyəti peşəkarlıq və səmərəlilik baxımından xüsusilə diqqətəlayiqdir. 2005, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Mehriban Əliyeva seçicilərin böyük səs çoxluğu ilə millət vəkili seçilmişdir. Bu, həm də Mehriban xanım Əliyevanın fəaliyyətinə verilmiş layiqli vətəndaş qiymətinin bariz nümunəsidir. Azərbaycan seçicisi bu seçimlə dövlətçiliyimizin möhkəmləndirilməsi və xalqın rifahının yüksəldilməsi işində həm ölkə başçısı İlham Əliyevin, həm də bütün təşəbbüslərində ona öz dəstəyini əsirgəməyən Birinci xanım Mehriban Əliyevanın yanında olduğunu bir daha sübut etmişdir. 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən isə Partiyanın sədr müavini olan Mehriban Əliyeva Azərbaycanın siyasi elitasının aparıcı qüvvələrindən birinə çevrilmişdir.

Milli Məclisdəki fəaliyyəti dövründə Mehriban xanım Əliyeva humanizm prinsiplərinə sadiqliyini dəfələrlə sübut etmişdir. Onun təşəbbüsü ilə hazırlanmış Amnistiya aktları 2007, 2009, 2013 və 2016-cı illərdə Milli Məclis tərəfindən qəbul olunmuş, nəticədə, ümumilikdə 30 mindən çox məhkum müxtəlif növ cəzalardan azad edilmişdir. Cəmiyyətə layiqli vətəndaş qazandırmağın onu cəzalandırmaqla deyil, bağışlamaqla, sosial həyata inteqrasiyasına lazımi şərait yaratmaqla mümkünlüyü düşüncəsində olan Mehriban Əliyeva hər zaman məsuliyyətli qərarlar vermək bacarığını nümayiş etdirmişdir. Azərbaycan Parlamentində "28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında" sonuncu Qanun layihəsinin müzakirəsi zamanı söylədiyi fikirlərlə Mehriban xanım Əliyeva cəmiyyətdə humanizm prinsiplərinin rəhbər tutulmasının nə qədər önəmli olduğunu ifadə etmişdir: "Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir". Mehriban Əliyevanın simasında Azərbaycan qadını ilk dəfə olaraq humanist dəyərləri mənəvi kamilliyin əsas meyarı kimi önə çıxarır, ədalətli cəmiyyətin bərqərar edilməsinin zəruri şərtlərini müəyyən edir. Beləliklə, Azərbaycanın qadın hərəkatında güclü dövlət, ədalətli cəmiyyət və azad qadın anlayışı bir-birinə möhkəm tellərlə bağlanaraq, sosial-mədəni inkişafımızın mütəhərrik qüvvəsinə çevrilir.

 

ardı var...

 

Cavanşir Feyziyev

 

Millət vəkili, Fəlsəfə doktoru

 

Olaylar.- 2016.- 26 avqust.- S.8.