Müasir Azərbaycan qadının

real obrazı: Mehriban Əliyeva

 

2004-cü ildə Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun təsis edilməsi müasir Azərbaycan tarixinin əlamətdar hadisələrindən biridir. Heydər Əliyev Fondu Azərbaycanın dövlətçilik tarixini zənginləşdirmiş ümummilli liderimizin xatirəsinə Azərbaycan xalqının ehtiramını ifadə etmək məramı ilə, ulu öndərin zəngin mənəvi-siyasi irsinin öyrənilməsi, milli dövlətçilik ideyalarının nəsildən-nəsilə ötürülməsi zərurətindən yaranmışdır.

Heydər Əliyev Fondu ölkəmizin və müasir dünyanın yeni və qabaqcıl ideyalarla hərəkət edən ən innovativ təsisatlarından biri olaraq təhsil, mədəniyyət, səhiyyə, idman, elm və texnologiya, ekologiya və sosial sahələrdə cəmiyyət və dövlətimiz üçün aktual olan layihələrin həyata keçirilməsində təşəbbüskar və təşkilatçı qurum kimi çıxış edir. Xüsusi qayğıya ehtiyacı olan insanlara yardım göstərilməsi, Azərbaycan vətəndaşlarının yaradıcı potensialının üzə çıxarılması və inkişaf etdirilməsinə, mənəvi dəyərlərimizin qorunmasına dəstək verilməsi, azərbaycançılıq ideologiyasının təbliği Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətləridir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Azərbaycan Respublikasının beynəlxalq nüfuzun artırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi Fondun fəaliyyət dairəsinə daxil olan prioritet sahələrdir. Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Marçellinio və Pietro katakombalarının, Luvr muzeyinin bir hissəsinin bərpası Azərbaycanın nadir bir tolerantlıq məkanı kimi dünya miqyasında mədəniyyətlər və dinlər arası dialoqda oynadığı tarixi rolun təzahürüdür.

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində ölkə səhiyyəsinin inkişafı və təhsil sisteminin qabaqcıl dünya standartları əsasında təkmilləşdirilməsi də xüsusi yer tutur. 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin müxtəlif bölgələrində təhsil və səhiyyə ocaqlarının bərpası və yeniləri ilə əvəzlənməsi müasir Azərbaycanın inkişaf tarixində parlaq bir səhifədir. "Yeniləşən Azərbaycana yeni məktəblər", Uşaq evləri və internat məktəblərinin inkişafına dəstək layihələrinin gerçəkləşməsi, Daun Sindromlu Şəxslərin Reabilitasiyası Mərkəzinin, Talassemiya Mərkəzinin tikilməsi, 50 mindən çox insana sağlamlığına qovuşması üçün zəruri dəstəyin göstərilməsi kimi vacib tədbirlər Mehriban Əliyevanın ölkəmizdə fiziki və əqli cəhətdən sağlam nəslin yetişməsinə verdiyi əhəmiyyətin parlaq təzahürüdür.

Ölkəmizin birinci xanımı Mehriban Əliyevanın ictimai-siyasi-mədəni sahələrdə çoxsaylı təşəbbüslərin müəllifi kimi önə çıxması Azərbaycan qadınının inkişafı üçün yeni üfüqlər açmışdır. Bu ənənənin davamı olaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti və Rusiya Nümayəndəliyinin rəhbəri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq təşəbbüsünün (İDEA) təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlər artıq gənc Azərbaycan xanımının cəmiyyət üçün aktual olan məsələlərin həllində söz sahibinə çevrildiyini göstərir.

İdmana qayğı, ölkəmizdə sağlam nəslin yetişməsinə dəstək də Mehriban xanım Əliyevanın fəaliyyətində prioritet sahələrdəndir. O, 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti, 2004-cü ildə Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü seçilmişdir. Müvafiq olaraq, 2005, 2007, 2009 və 2014-cü illərdə gimnastika üzrə dünya və Avropa çempionatlarının Azərbaycanda keçirilməsi ölkəmizdə bu idman növünə marağın artmasında və Azərbaycanın idman ölkəsi kimi dünyada tanıdılmasında mühüm rol oynamışdır.

2013-cü ilin yanvarında dövlət başçısı cənab İlham Əliyevin Birinci Avropa Oyunlarının yüksək səviyyədə həyata keçirilməsini təmin etmək məqsədilə imzaladığı Sərəncama müvafiq olaraq Təşkilat Komitəsi yaradılmış və Mehriban Əliyeva həmin Komitənin sədri təyin edilmişdir. Dünyanın aparıcı şəhərlərində I Avropa Oyunlarına dair təqdimatların keçirilməsi Azərbaycanın dünyada tanıdılmasıüçün tarixi fürsət olmuşdur. Birinci Avropa Oyunlarına hazırlıq işlərinin mükəmməl şəkildə tamamlanması və bu mötəbər yarışın Olimpiya oyunları səviyyəsində təşkili Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin gərgin əməyi sayəsində mümkün olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 29 iyun tarixli Sərəncamı ilə ölkəmizin birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və Birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilmişdir. Mehriban xanım Əliyevanın ölkəmizin ali mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif olunması Azərbaycanın Birinci xanımının fəaliyyətinə verilmiş ən yüksək dəyərdir. Bu mükafatla ölkə başçısı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlərin Azərbaycan xalqı və dövləti üçün nə qədər əhəmiyyətli olduğunu göstərmişdir.

Prezident İlham Əliyev Birinci Avropa Oyunları ilə əlaqədar keçirilən mükafatlandırma mərasimindəki çıxışında Mehriban xanım Əliyevanın fəaliyyətinə səmimiyyətlə dəyər verir: "Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın böyük fəaliyyətini xüsusilə yüksək qiymətləndirirəm. O, bu Oyunların keçirilməsinə çox böyük töhfə vermişdir. Deyə bilərəm ki, bu Oyunların bu səviyyədə keçirilməsinə öz canını qoymuşdur".

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə idman, mədəniyyət, təhsil sahəsində və ümumiyyətlə, dünyada Azərbaycanın müsbət imicinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər ölkə ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. İdmandan təhsilə qədər, mədəniyyətdən səhiyyəyə qədər, xeyriyyəçilikdən multikulturalizm təşəbbüskarlığına qədər əhatəli fəaliyyət potensialına malik olan Mehriban Əliyevanın ölkəmizin bütün ictimai, siyasi, mədəni dairələri tərəfindən güclü Azərbaycan qadını kimi tanınması və sevilməsi cəmiyyətimizdə Azərbaycan qadınınaverilən yüksək dəyərin ifadəsidir.

Mehriban xanımın ölkə və qlobal səviyyədə gördüyü işlər beynəlxalq aləmdə də yüksək qiymətləndirilməkdədir. 2016-cı ildə Mehriban xanım Əliyeva Avropada idmanın inkişafına göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitəsinin ən yüksək mükafatı olan Ali Ordenlə təltif edilmişdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransanın "Şərəf Legionu" ordeninə və bir çox dövlətlərin orden və medallarına, çoxsaylı mükafatlarına layiq görülmüşdür.

Azərbaycan xanımına xas olan bütün nəcib xüsusiyyətləri özündə əks etdirən Mehriban xanım Əliyevanın səyləri nəticəsində bu gün Azərbaycanda qadın hərəkatı keyfiyyətcə yeni səviyyəyə yüksəlmiş, ölkəmizin siyasi sistemində güclü "Birinci Xanım" institutu formalaşmışdır. Mehriban xanım Əliyevanın maddiqeyri-maddi irsimizin qorunması, Azərbaycan gerçəkliklərinin, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, xeyriyyəçilik və humanitar təşəbbüslərin irəli sürülməsi kimi çoxşaxəli fəaliyyət dairəsi Azərbaycan xanımının tükənməz gücünü nümayiş etdirir. Bütün bunlar müasir Azərbaycan xanımının öz tarixi missiyasını ləyaqətlə davam etdirdiyini, milli-mənəvi dəyərlərimizin keşiyində cəsarətlə durduğunu göstərir.

Xalqımız Mehriban Əliyevanın fəaliyyətinə layiqli qiymət verərək onun bütün təşəbbüslərini dəstəkləyir və onun şəxsində Azərbaycan xanımına ən yüksək hörmət və ehtiramını ifadə edir. Xüsusilə bu gün, Mehriban xanım Əliyevanın doğum günündə milyonlarla insanın ürəyində sevinc və minnətdarlıq hissi yaşanır. Bu ürəklərdəsəslənən ən xoş arzular xalq üçün, Vətənimiz üçün yorulmadan, usanmadan çalışan fədakar insana - Mehriban Əliyevaya ünvanlanır. Sonsuz xalq sevgisinə sahib olan Mehriban Əliyevaya milli maraqlarımızın müdafiəsinə, dövlətçiliyimizin möhkəmləndirilməsinəvə xüsusən, Azərbaycan qadınının mənəvi yüksəlişinə xidmət edən yorulmaz fəaliyyətində davamlı uğurlar arzusu ilə,

 

Cavanşir Feyziyev

 

Millət vəkili, Fəlsəfə doktoru

 

Olaylar.- 2016.- 27-29 avqust.- S.8.