“Ay ana, mən şəhid olacam, sənin
də yerin cənnət
olacaq, mənim də”
"Əsgər oldum, gedirəm irəli.
Haqqını halal et, anam. Bəlkə, qismət olar,
şəhid oldum. Bayram günü bayram payımı saxlama,
şəhid olsam qəbrim üstə ağlama"
Təmas xəttində
ermənilərin hücumunun qarşısını alarkən
həlak olan hərbçimiz, 19 yaşlı şəhid, kəşfiyyatçı
əsgər Emin Bağırovun sosial mediada yazdığı
bu sözlər dostlarını və onu sevənləri heyrətləndirməyə
bilməzdi. Emin Bağırov düşmənlə
döyüşlərdə minaya düşərək həyatını
itirib. O, Azərbaycanın suverenliyi uğrunda qəhrəmancasına
həlak olub. Şəhid əsgərimiz Binəqədi qəsəbəsində
dəfn olunub. Onu da bildirək ki, E. Bağırov Binəqədi
Rayon Gənclər və İdman idarəsi "Arktika"
idman klubunda uşu idman növü ilə məşğul
olurdu. Binəqədi rayonundakı 182 saylı məktəbi
bitirən Emin 2014-cü ildə həqiqi hərbi xidmətə
çağrılıb. Milli ordunun xüsusi təyinatlı
bölməsində kəşfiyyatçı kimi xidmət
keçib.
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət "Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolu" layihəsi çərçivəsində şəhid Bağırov Emin İmran oğlunun ailəsini ziyarət edib.
Giriş qapısından asılmış üçrəngli bayrağın altından keçərək soyuq, bir az da təmirə ehtiyacı olan divarlar arasında Eminin doğmaları ilə görüşürük. Göz yaşlarına boğulan ata, qara paltara bürünmüş ana və durmadan "Emin" deyərək ah çəkən nənəni gördükcə qubarlanmamaq mümkün deyildi. Çünki Emin torpaq, Vətən uğrunda şəhid olmuşdu. Əslində bu evdə Vətən kəlamı gələndə hamı bir ah çəkirdi. Çünki Eminin atası və əmisi də peşəkar hərbçi olublar. Şəhid Bağırov Emin İmran oğlu 1996-cı il iyulun 15-də Bakı şəhərində anadan olub. Əslində 15 iyul bağırovlar ailəsi üçün xüsusi əhəmiyyətə malik bir gündür. Çünki həmin gün Eminin atası İmran kişinin də doğum günüdür.
"Vətən
dardadır" deyə evə
gəlməkdən
imtina edib
Şəhidin atası İmran Bağırov deyir ki, həmyaşıdlarından fərqlənən Eminin Vətənə bağlılığı hələ uşaqlıq illərindən bəlli idi. Çünki, istər baxçada, istərsə də məktəbdə Vətənlə bağlı keçirilən tədbirlərdə həmişə öndə olardı. Uşaq vaxtından idmana həvəsi onu boks üzrə "Respublika çempionu"na qədər yüksəltmişdi. İmran kişi deyir ki, oğlu hələ uşaqlıqdan Vətən eşqi ilə alışıb yanıb. Yoldaşları arasında vətənpərvərliyi ilə fərqlənib. Bütün hərəkətlərində öndə olmaqla yanaşı, nümunə olmağa çalışıb: "Hərbi xidmətdə də eyni hərəkəti təkrar etmiş oldu. Ordudan təxris olunmasına baxmayaraq aprel döyüşlərinin başlanması onu evə gəlmək fikrindən döndərib. Komandirin təkidinə baxmayaraq "Vətən dardadır" deyə evə gəlməkdən imtina edib. Biz hamımız onun evə gələcəyini gözləyirdik. Lakin məlum oldu ki, ermənilər cəbhə xəttində təxribat törədiblər. Aprelin 2-də onunla telefon əlaqəsi saxladım. Bildirdi ki, narahat olmayın, hər şey öz qaydasındadır. Əslində isə o, bizi narahat etmək istəməyib, ayın 3-də yenidən döyüşə atılıb. Ayın 4-də qəhrəmancasına şəhid olub, 5-də isə bizə xəbər çatdı". Atası deyir ki, Eminə bir şey olanda dərhal özünü pis hiss edirmiş: "Dərhal bilirdim ki, Eminə nə isə olub. Sonuncu dəfə həyətdə iş görürdüm, nədənsə özümü narahat hiss etməyə başladım. İşimi yarımçıq qoysam da nədənsə onun can verdiyini, şəhid olduğunu hiss etmədim". Eminin uşaqlıq illərini xatırlayan İmran kişi deyir ki, o, uşaqlıqdan qəribə xasiyyətə malik olub. Çətin vəziyyətdən özü çıxmağa çalışıb. Vətən uğrunda isə hər şeyə hazır idi. Əgər bir işi görmək lazım idisə, nə etsən belə, onu yolundan döndərmək mümkün deyildi. Eminin uşaq vaxtlarından hərbiyə xüsusi həvəsi olub. Hətta taxtadan silah düzəldib çiyninə qoyar, özünü qəhrəman əsgər kimi təsvir edərdi. Məhz uşaqlıqda onda formalaşan bu istək Emini şəhidlik zirvəsinə yüksəldib. Əslində Emin sıradan bir əsgər olmayıb. O, aprel döyüşlərində misli görünməmiş qəhrəmanlıq göstərib. Hətta əsgər yoldaşlarının döyüş bölgəsindən çıxarılmasında əsil fədakarlıq göstərib. Bunu onun bütün döyüş yoldaşları təsdiq edir. "Mən onun hərbi xidmətdə olduğu, döyüşdüyü bütün bölgələri ziyarət etdim. Əmin oldum ki, oğlum öz arzusuna çataraq şəhid olub. Elə ona görə də yeganə istəyimiz ondan ibarətdir ki, Eminin xatirəsi əbədiləşdirilsin. Lakin indiyə qədər onun adı nə bir məktəbə, nə də bir küçəyə verilməyib. Təəssüf ki, bu məsələyə aidiyyati qurumlar da biganə yanaşırlar. Bizi də bir valideyn kimi ağrıdan şəhid ailəsinə göstərilən belə münasibətdir".
O, sanki şəhid
olacağını əvvəlcədən bilirdi
Eminin qeyri-adi, vətənpərvər gənc olması onu əhatə edənlərin gözündən yayınmayıb. Şəhidin qardaşı Yaqub Bağırov qeyd edir ki, Eminin ölüm xəbərini alanda dəhşətə gəlib: "Aprelin 5-də təsadüfən küçəyə çıxan zaman mülki formada olan bir nəfər mənə yaxınlaşaraq bildirdi ki, sizin məhəllənizdə şəhid olan var. Mən ona deyəndə ki, mənim qardaşım da hərbi xidmətdədir, onun rəngi dərhal ağardı. Sən demə bizdən başqa bütün məhəllə Eminin şəhid olduğunu bilirmiş. Biz bələdiyyə ilə əlaqə saxlayanda dedilər ki, belə bir şey yoxdur. Lakin biz dözməyib hərbi komissarlığa getdik. Dəhşətli xəbəri də elə oradan aldıq. O, sanki şəhid olacağını əvvəlcədən bilirdi. Hətta bu barədə telefonunda xəbərdaredici qeydlər də yazmışdı".
"Hər Ana əsgər dünyaya gətirə bilər, amma yalnız azəri qadınları şəhid, qəhrəman, Mübariz İbrahimov gətirirlər dünyaya". Eminin Vətən yolunda şəhid olduğunu deyən əmisi Abdulla Bağırovun sözlərinə görə, o, düşmən əsgərlərinə qarşı qəhrəmanlıqla vuruşub. Eyni zamanda, döyüşdə əsgər yoldaşlarına yardım edib. Hərbi xidmət müddətinin başa çatmasına baxmayaraq Vətən uğrunda şəhid olmağa üstünlük verib: "Atası Eminlə aprelin 2-də telefon əlaqəsi saxlayıb. Sonradan məlum oldu ki, Emin atası ilə danışanda ayağından yaralı olub. Lakin bu barədə atasına heç nə deməyib. Bununla kifayətlənməyərək ailənin tək uşağı olan əsgər yoldaşının əvəzinə döyüşə girişib. Komandir bunun əleyhinə olmasına baxmayaraq, Emin deyib ki, əsgər yoldaşı ailənin tək uşağıdır, başına nə isə gəlsə özünü bağışlaya bilməz. Beləliklə o, Vətən uğrunda döyüşə girişib və qəhrəmancasına şəhid olub. Əsgər yoldaşları da Eminin cəsarətli bir əsgər olduğunu qeyd edirlər".
Emin öz arzusuna
çatdı
Eminin anası Sədaqət xanım şəkər xəstəsi olduğundan söhbəti nənəsi Bağırova Xatunzadə ilə davam etdirdik: "Emin uşaqlıdan cəldliyi, cəsarətli olması ilə fərqlənirdi. Valideynlərinin istənilən arzusunu tez bir zamanda yerinə yetirməkdən zövq alırdı. Orta məktəbi bitirdikdən sonra orduya çağrıldı. İdmançı olduğundan xüsusi təyinatlı bölməyə yazılmışdı. Hətta evdən idman ləvazimatlarını da aparmışdı ki, orada əsgərlərə də öyrətsin". Onun sözlərinə görə, Eminin Azərbaycan bayrağına xüsusi sevgisi olub. Belə ki, hələ uşaq yaşlarında düzətdiyi arabalarının üzərinə qələmlə Azərbaycanın bayrağını həkk edərmiş. Hətta atasına israr edirmiş ki, otağın birinə Azərbaycan bayrağını, Azərbaycan Prezidentinin şəklini qoysun: "O, doğrudan da çox vətənpərvər bir gənc idi. Hərbi xidmətdə onu 9 aya yaxın bir müddətdə görmədik. Bu müddətdə o hərbi-döyüş sirlərinə yiyələnmişdi. Sonradan deyirdi ki, bu 9 ayda sanki bir akademiyanı bitirib". Xatunzadə ana deyir ki, əslində Emin aprel ayında evə gəlməli idi. Çünki hərbi xidmət müddəti başa çatmışdı. Komandir ona deyir ki, heç olmasa get valideynlərini gör, sonra qayıdarsan. Lakin Emin bildirir ki, "mən Vətəni dar gündə qoyub heç yerə gedə bilmərəm. Əvvəlcə torpağlarımızı geri alaq, sonra valideynlərimi görərəm": "Emin heç vaxt bu yoldan dönməzdi. Çünki bu onun qəbul etdiyi qəti qərar idi. Hətta anasına demişdi ki, "ay ana, mən şəhid olacam, sənin də yerin cənnət olacaq, mənim də". Sonda Emin öz arzusuna çatdı. İndi Eminin əsgər yoldaşları deyir ki, "ana, sən ağlama, sən Eminlə fəxr etməlisən. Çünki o, şəhid də olsa düşməndən qisasını alıb. Onun atdığı güllələrin biri də boşa çıxmırdı".
Bəli, Emin hərbi xidmətdən qəhrəman döyüşçü, torpaqlarımızı düşmən tapdağından azad etmiş qalib əsgər kimi alnı açıq, üzü ağ valideynlərinin hüzuruna dönmək istəyirdi. Elə bu istək də onu Vətən uğrunda döyüşə aparmışdı. İndi bağırovlar ailəsinin yeganə arzusu ondan ibarətdir ki, Eminin adının əbədiləşdirilməsi istiqamətində müəyyən addımlar atılsın: "Emini tanıyanların hamısı onun adının əbədiləşdirilməsi arzusundadır. Hətta onun yaxınlarına qəribə gəlir ki, niyə indiyə qədər bu məqsədlə addım atılmayıb. Emin öz əməli ilə bu qəhrəmanlığı qazanıb, öz arzusu ilə şəhidlik zirvəsinə yüksəlib. Şəhid olduqdan dörd ay sonra onun 20 yaşı tamam oldu. Toy görmədi, atalıq borcunu yerinə yetirə bilmədi. Heç olmasa bir küçəyə, məktəbə onun adının verilməsi həm gənclər üçün vətənpərvərlik nümunəsi, həm də xəstə ana üçün bir təsəlli ola bilər".
Qeyd edək ki, Emin Bağırov ölümündən sonra "Xüsusu xidmətdə fərqləndiyinə görə" medalı ilə təltif olunub. Eminin aprel döyüşlərində göstərdiyi qəhrəmanlıq təkcə Binəqədi rayon gənclərinin deyil, bütövlükdə Azərbaycan gəncləri üçün bir örnəkdir. Artıq Binəqədi rayon gəncləri Emin kimi qəhrəman olmaq istəyirlər. Bunu iyulun 15-də Eminin məzarı üzərində təşkil edilən andiçmə mərasimində gənclərin dilindən səslənən fikirlər bir daha təsdiq etdi.
Alim Hüseynli
Azərbaycan
Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyilə ABUC-un həyata
keçirdiyi "Vətənpərvərlik hissinin yüksəldilməsində
QHT-lərin rolunun artırılması" layihəsi çərçivəsində
çap olunur
Olaylar.- 2016.- 31 avqust.- S.7.