Ailədən başlanılan
vətənpərvərlik tərbiyəsi
Azərbaycan müharibə şəraitində
yaşadığından, mənfur qonşularımızla
müharibə apardığımızdan, cəmiyyətimizdə
vətənpərvərlik təbliğatının bir an belə
dayandırılmaması gərəkdir. Bunun üçün
isə təlim-tərbiyə, təhsil müəssisələrində,
mətbuatda, dərsliklərdə, cəmiyyət arasında hərbi
vətənpərvərlik tərbiyəsinin təbliği, ordu, şəhidlər, Milli
Qəhrəmanlar, düşmənə nifrətlə
bağlı müxtəlif yönümlü
maarifləndirmə işləri aparılmalı,
yazılar yazılmalı, verilişlər göstərilməlidir.
Ancaq etiraf edilməlidir
ki, bu işdə ailənin
xüsusi yeri, xüsusi təsir dairəsi var.
Təsadüfi deyilməyib ki, vətənpərvərlik hissi uşağa ilk növbədə atadan, anadan gəlməlidir. Məhz ailə uşağı elə tərbiyə edə bilər ki, o vətənə, torpağa, elə-obaya, orduya, şəhidlərə məhəbbət, düşmə¬nə isə ni-frət ruhunda böyüsün... Ailə ictimaiyyətin təməl daşı hesab olunur. Ən qədim sosial institut olan bu "kiçik dövlət"lə bağlı mövzular bütün zamanlarda öz aktuallığı ilə seçilib. Azərbaycanlılar üçün isə ailə dəyərləri, onun mənəvi-əxlaqi keyfiyyətləri həmişə xüsusi önəm daşıyıb. Amma cəmiyyətin bütün elementləri kimi, ailə də daim dəyişikliyə məruz qalır. İctimai inkişaf prosesi ailənin formalaşmasına, qadının və kişinin ailədə tutduğu yerə, uşaqların tərbiyəsinə, ailə planlaşmasına öz təsirini göstərir. Lakin bütün bunlar daxilində milli mentalitetə məxsus ailə dəyərlərinin qorunub saxlanılması olduqca vacib məsələdir. Etiraf edilməlidir ki, Qərbə inteqrasiya meyli milli ailə dəyərlərinin aşınmasına, gənclərin, uşaqların psixologiyasına təsir göstərən amillərdir. Təsadüfi deyil ki, son illər bəzi Azərbaycan ailələrində qeyri-ənənəvi dəyərlərə meyllər yaranıb ki, bu da olduqca zərərli tendensiyadır. Təəssüf ki, Azərbaycan ailələrində hərbi-vətənpərvərlik tərbiyəsi istənilən səviyyədə olmadığından ciddi narahatlığa əsas var. Nəzərə alınmalıdır ki, hazırda az sayda ailələr qarşısını övladının vətənpərvər böyütməsi məqsədini qoyur. Əksər hallarda ailələr bu vəzifəni məktəblərin üzərinə qoymaqla yaxalarını belə məsuliyyətli məsələdən çəkməyə çalışırlar. Məhz bu kimi məsuliyyətsizlikdən sabahımız olan uşaqların, yeniyetmə və gənclərin əksəriyyəti Azərbaycanın hansı bölgələrinin erməni işğalı altında olduğunu belə bilmir, o ki qaldı onlardan işğal tarixlərini soruşasan. Çoxları neçə Milli Qəhrəmanımızın olduğunu, onlardan heç olmasa 3-4 nəfərin adını bilmir. Əgər məktəbdə, universitetlərdə, küçədə sorğu keçirilsə, yəqin ki əksəriyyət neçə Milli Qəhrəmanın şəhid, neçəsinin isə sağ olduğunu söyləməkdə çətinlik çəkəcək. Bu isə bir daha göstərir ki, uşaqların vətənpərvər övlad kimi yetişməsində ailə tərbiyəsinin xüsusi rolu var. Odur ki, biz ailədə dili yenicə söz tutmağa başlayan, ağlı yenicə kəsən uşaqlarımıza düşmənimizin kim olduğunu, şəhidlərimizin nə üçün öldüyünü, onların niyə müqəddəs sayıldığını, vətənimizin haradan başlayıb, harada qurtardığını, milli kimliyimizi, torpağın ana qədər doğma sayıldığını anlatmalıyıq. Həm də elə anlatmalıyıq ki, bunları heç vaxt yaddan çıxara bilməsinlər.
Məlumdur ki, milli mənlik anlayışına vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək, təbii sərvətləri qorumaq kimi sosial keyfiyyətlər daxildir. Milli mənliyə gedən yol isə milli özünüdərkdən keçir. Sadalanan keyfiyyətləri insan dünyagörüşünün formalaşdığı vaxtda əldə edir bu da vətəndaşın gənclik dövrünə təsadüf edir. Danılmaz faktdır ki, insan ilk tərbiyəsini ailədə alır. Bu tərbiyəyə yalnız etika, estetikanı aid etmək olmaz. Bəzən ailəni dövlətin kiçik modeli də adlandırırlar. Aparılan soğrular deməyə əsas verir ki, dövlətin vətəndaşı ailədə həm də dövlətin tələb etdiyi tələblərə uyğun tərbiyə almalıdır. Belə tərbiyə məsələsində hər bir valideynin üzərinə böyük yük və məsuliyyət düşür. Sözsüz ki, söhbət hüquqi məsuliyyətdən deyil, mənəvi məsuliyyətdən gedir. Hesab edirik ki, gənclərin ən mühüm tərbiyəsi sırasında onların vətənpərvər ruhda tərbiyə olunması əsas olmalıdır. Bizim həm də müharibə şəraitində olmağımız, torpaqlarımızın bir hissəsinin qəsb edilməsi isə gənclərin məhz vətənpərvər ruhda böyüməsinin əhəmiyyətini bir qədər də vacib edir. Hazırkı dövrün sürətli informasiya, yeni kommunikasiyalar əsri olduğunu nəzərə alsaq, onda gənclərin zərərli ideologiyalarla zəhərlənməsinin qarşısı da düşünülmüş metodlarla alınmalıdır. Təbii ki, söhbət zorakı metodlardan getmir. Gənclərin maraq göstərdiyi texnologiyaların tərkibində dövlətin gənclərlə bağlı siyasətinə cavab verən alternativ təbliğat sistemi qurulmalıdır. Verilən rəsmi statistik məlumatlara görə, Azərbaycan əhalisinin 31%-ni 14-29 yaşında olan gənclər təşkil edir. Ölkə əhalisinin mühüm bir hissəsini əhatə edən bu sosial təbəqənin ailədə vətənpərvərlik tərbiyəsi yüksək səviyyədə aparılmalıdır. Milli dövlətin qarşısında duran ən başlıca işlərdən biri əhaliyə düzgün, sağlam vətəndaşlıq və vətənpərvərlik hisslərini aşılamaqdır. Ailədə uşaqların vətənpərvərlik tərbiyəsi ilə məşğul olması üçün valideynin özü buna hazır olmalıdır. Bütövlükdə cəmiyyətdə sağlam vətəndaşların formalaşmağında ailə tərbiyəsi ilə yanaşı, uşaq bağçasından tutmuş məktəblər də özünəməxsus rol oynayır. Bir növ bu təsisatların vəhdəti sayəsində tərbiyə işi aparılmalıdır ki, effektli nəticə əldə etmək mümkün olsun. Aydındır ki, dünyada dini, etnik kimlik nöqteyi-nəzərindən müxtəlif tərbiyə üsulları var. Bütövlükdə ailə tərbiyəsinin cəmiyyətdə oynadığı rol, ata-ananın tərbiyəsi, onun dünyagörüşü və əxlaq tərzi ilə ölçülür. Yəni onların əxlaq tərzi, düşüncəsi, cəmiyyətə, insanlığa, dövlətə, xalqa və vətənə münasibətinin hansı səviyyədə olması ilə bağlıdır. Bu isə o deməkdir ki, ki, ailə tərbiyəsi təsadüfən yaranmayıb, bu uzun illərin təcrübəsi nəticəsində formalaşıb. Tərbiyənin arxasında duran adamın özü gərək yuxarıda sadalanan meyarları özündə daşısın ki, övladlar yad ünsürlərin təsiri altına düşməsinlər. Ailə tərbiyəsi vətəndaşın formalaşmasına o zaman müsbət təsir göstərir ki, ailə üzvlərinin dünyagörüşü, mənəviyyatı, əxlaqı yüksək olur. Digər tərəfdən, belələri təkcə milli yox, həm də bəşəri təfəkkür sahibi olmalıdırlar. Ümumən ailədə tərbiyə məsələsi ailənin üzvlərindən başlayır. Bir şeyi nəzərə almaq lazımdır ki, ölkəmiz Şərq və İslam dünyası ilə vəhdətdə götürüləndə azərbaycanlıların ailədə çox fərqli tərbiyə metodları ortaya çıxır. Xüsusən də övlada, uşağa münasibətdə fərqlər yetərincə çoxdur. Bu yöndə yaxşı cəhətlər də var, kəsirli cəhətlər də. Tərbiyəmizdə kəsirli cəhət ondan ibarətdir ki, uşaqlarımızı bir sıra hallarda sərbəst böyüməyə qoymuruq. Bu isə uşaqların sərbəst düşünməsinə və mütərəqqi təşəbbüslərlə çıxış etməsinə mane olur. Bəzən bu o həddə gəlib çatır ki, müəyyən mənfi fəsadlara gətirib çıxarır. Ancaq bununla bərabər, danmaq olmaz ki, Azərbaycan ailəsində həqiqətən də yüksək tərbiyə normaları var. Halbuki, bir çox xalqlarda bu deyilənlər yoxdur. Böyüyə hörmət, insanpərvərlik kimi nəcib keyfiyyətlər bizim qədim ənənələrdən gəlir. Bu ənənələrin kökündə də xalqımızın mütərəqqi ailə tərbiyəsi vərdişləri dayanır. Bütün bunlar gənclərimizin sağlam vətəndaş olaraq formalaşmağına çox müsbət təsir göstərir. Bu Azərbaycan ailə tərbiyəsinin vacib elementlərindən biridir. Bizdə humanizm, insanpərvərlik ailədə uşaqlara çox yaxşı aşılanır. Bu da, öz növbəsində, uşaqların tərbiyəsinə müsbət mənada çox yaxşı təsir göstərir. Valideynlər çalışır ki, övladları xeyirxah, istedadlı, cəmiyyətə faydalı olsun. Bu minvalla bizim millətin, xalqın mənəvi-əxlaqi keyfiyyətlərinin hansı səviyyədə durduğunu, hansı cəhətdən mütərəqqi, qabaqcıl olduğunu dünyaya çatdıra bilərik. Digər tərəfdən, mütərəqqi övlad tərbiyəsi ənənələrinin təhsil sahələrində geniş təbliğ olunmasına ehtiyac var. Çünki ailədə uşağa verilən tərbiyəni məktəbdəki təlim-tərbiyədən ayrı təsəvvür etmək olmaz. Bunlar bir-biri ilə sıx bağlıdır. Avam, savadsız, dünyagörüşü məhdud olan ailə üzvlərindən yüksək səviyyədə nəsə gözləmək olmaz. Yəni uşağın formalaşmağını bugünkü dövrün tələbləri çərçivəsində qura bilməz. İstər-istəməz bu kimi amillər ailə tərbiyəsində uşağın formalaşmağına sirayət edir. Bu mənada ailə tərbiyəsi, cavanların vətənpərvər ruhda, insan, şəxsiyyət kimi böyüməsi valideynlərdən asılıdır. Körpə vaxtından tərbiyənin özülü necə qoyulubsa, o cür də olacaq. Ona görə də ailə tərbiyəsinin oynadığı rolu dəyərləndirərkən, ilk növbədə valideynlərin özünün səviyyəsinə, tərbiyəsinə fikir verməliyik. Hər bir kəs yadda saxlamalıdır ki, torpaqları işğal altında olan Azərbaycan ailəsində ata da, ana da, övlad da vətənpərvər olmalıdır.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 1 dekabr.- S.15.