Ana təbiət qayğı umur
Planetin
canlı örtüyünün önəmli payını təşkil
edən heyvanların ümumi sayında həcmli azalmalar həyəcan
təbili çalmaqdadır.
21ci yüzillik heyvanlar aləmi üçün ən itkili yüzillik olub desək yanılmarıq. Belə ki, insan fəaliyyəti nəticəsində 1970-ci ildən bəri dünyada mövcud olan heyvan növlərinin yarıdan çoxu məhv olub.
Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) 2016-ci ilə olan hesabatı göstərir ki, son 40 ildə məməlilər, quşlar, sürünənlər, suda-quruda yaşayanlar və balıqların sayı 58 faiz azalıb. Qeyd etmək gərəkdir ki, bu göstərici son iki ildə 6 faiz artıb - 2014-cü ilin hesabatında rəqəm yalnız 52 faiz azalmışdı. Fondun ekspertləri hesab edir ki, əgər azalma eyni sürətlə davam edərsə 2020-ci ilə heyvanlar aləminin 67 faizi yox olmuş olacaq.
Başqa sözlə, vəziyyət kifayət qədər təhlükəlidir və həyəcan təbili çalmağın vaxtı çatıb. Vəhşi heyvanların ümumi sayı bir insan ömrü ərzində yarıdan çox azalıb və lazımi tədbirlər görülməzsə planetin bu önəmli varlıqlarını gələcək nəsillərə gördüyümüz təkin çatdırmaq müşkülümüz olacaq.
Maraqlı orasıdır ki, nəsli tükənməkdə olan heyvanlar siyahısına ən son daxil olan heyvanlardan biri də bal arısıdır. ABŞ-ın Balığ və Vəhşi Heyvanları Araşdırma İnstitu bir neçə il davam edən araşdırmaların nəticəsi olaraq elan edib ki, Havay adasında olan 7 arı növünün nəsli artıq tükənməkdədir. Nəzərə alsaq ki, arılar meyvə, tərəvəz və ümümumilikdə bitki artımında əsas rol oyanayır onda Albert Eynşteynin "Arıların nəslinin tükəndiyi təqdirdə insanların 4 il ömrü qalmış olacaq" tezisinə heçbir şübhə qalmır.
İqlim dəyişiklikləri, yaşam ərazilərinin artması, qanunsuz ovlanma və meşə yanğınları bütün bunlar bioaləmin ciddi şəkildə dəyişməsinə gətirib çıxarır.
Bu faktorlar arasında iqlim dəyişikliyi ən böyük təsir göstərən amildir belə ki, dünyanın iqlim sistemində dəyişikliklərə səbəb olan qlobal istiləşmənin təsirləri ən yüksək dağ zirvələrindən, okean dərinliklərinə, ekvatordan qütblərə qədər dünyanın hər bir nöqtəsində hiss edilir.
Qütblərdəki buzlaqlar əriməkdə, dəniz suyu səviyyəsi yüksəlməkdə və sahil seqmentlərində torpaq itkiləri yaşanmaqdadır. İstiliyin artmasıyla buzlaqların əriməsi səbəbiylə dəniz səviyyələri 10-20 santimetr arasında yüksəlmişdir. Son on ildə yaz və payız fəsillərində təxminən 40 faizə çatan nisbətdə azalma müşahidə olunur. 2050-ci ilə qədər Şimal dənizdə buzlaqların tamamilə yox olacağı gözlənir. BMT hesabatına əsasən, bütün dünyada qlobal iqlim dəyişmələri nəticələrində fəsil anlayışı - payız, qış, yaz, yay getdikcə yox olacaq və tarixə çevriləcək. Hər hansı bir mövsümdə həm 40 dərəcə isti, həm də 0 dərəcə şaxta müşahidə etmək mümkün olacaq.
National Geography ekspertləri iddia edir ki, 2040 ci ildə buzlar o dərəcədə ərimiş olacaq ki, Şimal qütbdən gəmi ilə üzərək keçmək mümkün olacaq. Arktik buzların yox olması nəinki okean axıntıları və hava axınlarını dəyişəcək, həmçinin qütb ayıları, göy balina və bu kimi bir çox heyvanların məhvinə səbəb olacaq.
İqlim dəyişiklikləri artıq Cənubi Qafqaz ölkələrində də göz qabağındadır; güclü yağışlar, dolu fırtınaları və artan quraqlıq kimi ekstremal hava şəraiti iqlim dəyişikliyi ilə bağlıdır. Sel, heylan, fırtına və torpaq sürüşməsi kimi təbii fəlakətlərin intensivləşməsi səbəbiylə flora və faunaya zərərlər artır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov qəzetimizə müsahibəsində qeyd edib ki, iqlim dəyişikliyinin elementləri özünü göstərməkdədir və zaman keçdikcə kəskin hava şəraiti daha tez-tez müşahidə olunacaq.
"2020-ci ilə qədər hökumətlərarası ekspertler qrupunun 5ci qiymətləndirmə hesabatı göstərir ki , heç bir tədbir görülməzsə və son 10 ildəki vəziyyət davam edərsə onda 2050-ci ilə istilik 3 dərəcə arta bilər," Süleymanov deyib.
"Temperatur şimala
getdikçə daha çox artır. Əgər bütün
dünyada tempratur 2 dərəcə artırsa
şimala doğru məsələn Rusiyada və Kanadada 3-4 dərcəcə, Qrenlandiyada
4-5 dərəcə artacaqdır."
Müstəqil ekspert Dzneladze Malxaz iddia edir
ki, daha isti və quru
iqlim bütün Cənubi Qafqazda su qıtlığı və səhralaşma kimi ciddi nəticələrlə
birgə heyvanlar aləminə də ziyansız ötüşməyəcək,
belə ki, heyvanların alışdığı
şərait getdikcə
yox olacaq.
Bütün bu bədbin proqnozlara baxmayaraq indiyədək bu sahədə real işlərin
görülməməsinin, iqlim dəyişikliyinin illər boyu arxa plana atılmasının
və heyvanların belə tezliklə dünyamızdan yox olmasının səbəblərdən
biri də dəyişikliklərin uzun
illər ərzində
baş verməsi idi, ancaq bugün
proseslər daha sürətlə baş verir.
Bugün bəşəriyyətin gələcək
nəsillər qarşısında
mənəvi öhdəliyi
ekosistemin, eləcə
də nadir flora və
fauna növlərinin qorunmasından
ibarətdir.
Ekoloji təhdidlərin
sərhəd tanımadığı
və heç bir dövlətin bu təhlükədən
sığortalanmadığını nəzərə alaraq Azərbaycanda bu məsələyə həmişə
aktual yanaşılıb. Ölkənin bu sahədəki əsas ideologiyası təbii resursların, ətraf mühitin, heyvanların qorunması və gələcəkdə
də ana təbiətə sağlam
münasibət bəsləməkdir.
Ümumilikdə ətraf mühitin çirklənməsinə qarşı,
havaya atılan tullantıların qarşısının
alınması istiqamətində
aparılan tədbirlərə
görə Azərbaycan
dünyada 5-ci dövlətdir.
Azərbaycan, başı qarlı
dağlar, çaylar,
göllər, böyük
meşələr, çəmənliklər
və ovalıqlar diyarıdır və mövcüd 11 iqlim qurşağından 9-u Azərbaycanda
var. Dünyada rast gəlinən bütün
bitki tiplərinin demək olar ki, hamısı ölkəmizdə yayılmışdır.
Azərbaycanda bitən
təxminən 4500 növ
ali, sporlu
çiçəkli bitkilər
125 dəstə və
920 cinsdə birləşir.
Ölkəmizdə 250-ə yaxın qidalanma və əmələgəlmə şəraitinə
görə fərqlənən
təbii şirin və şorsulu göllər mövcuddur.
Azərbaycanda təbii şəraitin
müxtəlifliyi ilə
əlaqədar onun heyvanlar aləmi də çox rəngarəngdir; ölkə
ərazisində 100 növə
qədər məməli,
357 növ quş, 67 növ amfibi və reptili, 1 növ dəyirmiağız,
97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur.
Bütün bu dəyərlərin qorunması üçün
Azərbaycan Prezidenti tərəfindən "Azərbaycan
Respublikasında bioloji
müxtəlifliyin qorunmasına
və davamlı istifadəsinə dair
2017-2020-ci illər üçün
Milli Strategiya" təsdiqlənib.
Strategiyanın əsas məqsədi
genetik resursların səmərəli istifadəsi,
bioloji müxtəlifliyin
müdafiəsi və
mühafizəsi, ekoloji
dayanıqlılığın təkmilləşdirilməsi, xüsusi
mühafizə olunan ərazilərin yaradılması,
bioloji müxtəlifliyə
təsir edəcək
risklərin azaldılması
və s. təşkil
edir.
Bioloji müxtəliflik
üzrə birinci Milli Strategiya və Fəaliyyət Planının həyata keçirilməsindən bəri
Azərbaycanda qorunan ərazilərin sahəsi
5%-dən 10.3%-ə, meşə
örtüyü sahəsi
isə 11.4%-dən
11.8%-ə qədər artmışdır. Ölkədə artıq doqquz milli park təsis olunub və hazırda bir milli park da yaradılmaqdadır.
Milli parkların yaradılması
həmin ərazidə
təbiətin kompleks
şəkildə qorunmasına,
"Qırmızı Kitab"a
daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılmasına, xüsusilə
burada məskunlaşmış
məməli heyvan növlərini (ceyran, cüyür, bəbir, çöl donuzu və. s.) və quşları (qırqovul,
turac, kəklik və s.) qorumağa imkan verir.
Heyvanların qorunmasında və onların təbii areallarında yaşamalarının
təminatı üçün
əsas faktorlardan biri də meşələrin
qorunmasıdır. Azərbaycan nəinki
meşələrin qırılması
prosesini dayandıran, həm də onların sahəsini artıran azsaylı ölkələrdən biridir.
ABŞ-ın Yel və
Kolumbiya universitetləri
tərəfindən hazırlanan
Ekoloji Effektivlik İndeksi reytinqində Azərbaycan son 10 ildəki
göstəricilərini 18,1 faiz yaxşılaşdıraraq
180 ölkə arasında
31-ci sırada yer alıb.
Ekologiya
və təbii sərvətlər nazirinin
müavini Firdovsi Əliyevin mediaya açıqlamasında qeyd
edib ki, son bir neçə ildə ölkə ərazisindəki meşə
sahələri 11.4 faizdən
11,8 faizədək artıb. Əliyev qeyd edib ki, son 8 ildə 5 milyondan çox ağac əkilib.
Vurğulamaq gərəkdir ki,
təbiətin mühafizəsində
dövlət ilə yanaşı həmçinin
insanların və ictimai birliklərin də üzərinə böyük iş düşür. Bu sahədə ən fəal olan qüvvələrdən biri
məhz İDEA İctimai
Birliyidir.
2011-ci ildə təsis
edilən IDEA İctimai
Birliyinin Azərbaycanda,
eləcə də regionda nəsli kəsilməkdə olan vəhşi heyvanların mühafizəsi ilə bağlı böyük layihə reallaşdırır. Qafqazın yox
olmaq təhlükəsi
altında olan 5 əsas heyvanı müəyyənləşdirilib və onların mühafizəsi ilə bağlı tədbirlər
planı hazırlanıb.
IDEA İctimai Birliyinin "Ceyranların
Qafqazda tarixən məskunlaşdıqları ərazilərə
reintroduksiyası" layihəsi
çərçivəsində yüzdən artıq ceyran Azərbaycandakı tarixi yerlərində məskunlaşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
və İDEA-nın dəstəyi, Ümumdünya
Təbiəti Mühafizə
Fondu ilə birgə həyata keçirilən bəbirlərin
populyasiyasının bərpası
layihəsi öz nəticələrini verir. Ölkənin müxtəlif areallarında
bəbirlərin sayında
artım müşahidə
olunaraq davamlı populyasiyasının yarandığı
faktlarla təsdiqlənib.
Bu yaxınlarda IDEA İctimai
Birliyi və "Qafqaz Təbiəti Mərkəzi" MQKT arasında
əməkdaşlıq sazişi
imzalanıb və sazişə əsasən
tərəflər arasında
Qafqaz bəbirinin mühafizəsi və sayının artırılması
sahəsində birgə
fəaliyyət istiqamətləri
müəyyən olunub.
Tərəflər zubrların Qafqaza reintroduksiyası və onların sayının artırılması və
Xəzər suitisinin mühafizəsi sahələrində
də əməkdaşlıq
perspektivlərini nəzərdən
keçirir.
O cümlədən, IDEA-nın
təşəbbüsü ilə respublikada 5 milyondan çox ağacın əkilməsi,
ağacların kəsilməsinin
qarşısının alınması
tədbirləri, sahibsiz
heyvanlar üçün
sığınacağın təşkili, ekoloji tədbirlər və müsabiqələrin keçirilməsi,
sənaye və məişət tullantılarının
azaldılması layihələri
həyata keçirilib.
Nərə balığının yetişdirilməsi və Xəzər dənizinə
buraxılması layihəsi
üzrə İDEA Blue Marine Fondu ilə əməkdaşlığa başlayıb.
Ancaq iş yalnız vəhşi təbiətin qorunması ilə bitmir, belə ki sahibsiz heyvanların da qorunması vacibdir. Noyabr ayında IDEA Heyvanlara Qayğı Mərkəzinin açılışı olub. Burada sahibsiz heyvanlara peyvənd, sterilizə və zəruri hallarda əməliyyat xidmətlərinin göstərilməsi nəzərdə tutulur. Mərkəzdə tikilən 24 sığınacaq eyni vaxtda mindən çox heyvanın yerləşdirilməsinə imkan verir.
Bundan əlavə, yaralı və yaxud peyvəndə ehtiyacı olan sahibsiz heyvanların mərkəzə gətirilməsinə məsul xüsusi qrup fəaliyyət göstərəcək. Mərkəzdə müalicə olunmuş sahibsiz heyvanlar fərqləndirici çiplərlə təchiz olunacaq. Burada, həmçinin ölkəmizdə ilk dəfə olaraq sahibsiz heyvanların elektron baza sistemi yaradılacaq ki, bu da heyvanların qorunmasında irəliyə doğru atılmış böyük addımdır.
Ana təbiət öz səxavətini insanlardan heç bir halda əsirgəməyib, lakin onu qoruyub saxlamaq və kənar təsirlərdən maksimum qorumaq isə məhz bəşər övladının üzərinə düşən öhdəlikdir. Başqa sözlə, planetin hər sakini bu prosesə öz töhfəsini verməli, ətraf mühitin sağlamlaşdırılması istiqamətində təşəbbüskar mövqedən çıxış etməlidir.
Yazı Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi
müsabiqəyə təqdim etmək üçün
çap olunub. Layihənin
istiqaməti: "Ekologiya və ətraf mühitin mühafizəsi"
Gülqız Muradova
Olaylar.- 2016.- 1 dekabr.- S.10.