Gənclərə hər zaman

vətənpərvərlik hissləri aşılanmalıdır

 

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması mütəmadi olaraq diqqətdə saxlanılır və hər zaman qarşıda duran əsas prioritetlərdəndir. Sevindirici haldır ki, son illər bu istiqamətdə istər dövlət qurumları, istərsə də qeyri-hökumət təşkilatları səviyyəsində təqdirəlayiq addımlar atılır.

Məhz həyata keçirilən məqsədyönlü tədbirlərin göstəricisidir ki, artıq regionlarda da sözün həqiqi mənasında milli şüura malik, vətənpərvər gənclər böyüyür. Elə region gəncləri də bu istiqamətdə həyata keçirilən tədbirlərdən, gənclərin vətənpərvər ruhda böyüməsi üçün görülən işlərdən razılıq ifadə edirlər. Elə Qaradağ rayonunun fəal gənclərindən olan Rizvan Məmmədov da bu qənaətdədir. O, deyir ki, yaşadığımız zaman kəsiyində gənclərin milli ruhda böyüməsi, onlara vətənpərvərlik hisslərinin aşılanması ən vacib istiqamətərdən biridir. Onun sözlərinə görə, bu bu hər bir dövlətin diqqət yetirməli olduğu məqamdır: "Danılmaz faktdır ki, gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvər ruhda tərbiyəsi hər bir dövlət üçün başlıca prioritetdir. Çünki bu günün gəncləri sabahın dövlət idarəçiləri hesab edilir. Qeyri-sağlam mühitdə böyüyən, vətənpərvər ruhda tərbiyə olunmayan gənclik isə sabah dövlət idarəçiliyini həyata keçirə bilməz. Bu mənada Azərbaycanda da gənclərin milli mənlik şürunun inkişaf etdirilməsi, onların vətənpərvər ruhda tərbiyə olunması istiqamətində lazımı tədbirlər görülür, müvafiq addımlar atılır". Rizvan Məmmədov deyir ki, vətənpərvərlik insanın qanında olmalıdır: "Vətənə sevgi, məhəbbət ailədən başlayıb, cəmiyyətdə formalaşır. Bunlar olmadıqda vətənpərvərlik olmur. Xüsusilə də torpağı düşmən tapdağı altında olan bir millətdə vətənpərvərlik ruhu daha yüksək olmalıdır. Bu gün hər bir Azərbaycan gənci, vətəndaşı vətənpərvər olmağa məhkumdur. Çünki bu gün bizim 20 faiz torpaqlarımız erməni işğalı altındadır və 1 milyona yaxın qaçqın və məcburi köçkünümüz var. Amma əfsuslar olsun ki, bu məsələ bizdə ürəkaçan deyil. Ona grə də gənclərimizin doğru, düzgün yola dəvət edilməsi, onlarla lazımı səviyyədə iş aparılması istiqamətinə də ciddi diqqət yetirməliyik. Məlumdur ki, Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi gənclərlə iş sahəsinə də müəyyən poblemlər mövcud idi. Düzdür, həmin dövrdə gənclərdə vətənpərvərlik hissləri yüksək səviyyədə idi və gənclərimiz könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə qoşulurdular. Lakin dövlət idarəçiliyi sahəsində mövcud olan müəyyən boşluqlar bir sıra qeyri-ənənəvi dini sektalar, missioner təşkilatların ölkəmizəö ayaq açmasına, gəncləri öz torlarına salmasına gətirib çıxarırdı. Nəticə etibarilə Azəbaycan gənci getdikcə millət, Vətən sevgisindən uzaq düşürdü. Digər tərəfdən ölkədə yaşayış səviyyəsinin pisləşməsi gənclərimizin dolanışıq ardınca xaricə, daha çox şimal qonşumuza üz tutmasına səbəb olurdu. Nəticə etibarilə yuxarıda qeyd etdiyim kimi gənclər arasında vətənpərvərlik hissləri tədricən ölürdü. Lakin 1993-cü ilin iyun ayında Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi gənclərlə iş sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanıldı". Rizvan Məmmədov deyir ki, günümüzdə də gənclərin vətənpərvər ruhda tərbiyəsi diqqət mərkəzində saxlanılmalıdır. Onun sözlərinə görə, gənclərimiz tarixin müxtəlif dövrlərində yaşamış və ad qoymuş tarixi şəxsiyyətlərimiz, sərkərdələrimizi, milli qəhrəmanlarımızı yaxından tanımalı, onların həyat yolu, Vətən uğrunda apardıqları mübarizəni dərindən öyrənməlidirlər: "Heç şübhəsiz ki, bu biliklər gənclərimizə təhsil ocaqlarında aşılanmalıdır. Düzdür, ümumtəhsil müəssisələrində gənclərə bu istiqamətdə məlumatlar verilir. Ancaq hesab edirəm ki, gənclərimiz daha çox məlumatlandırılmalıdırlar. Eyni zamanda gənclər arasında müntəzəm olaraq maarifləndirici xarakter daşıyan işlər görülməli, tədbirlər keçirilməlidir". Natiq yaşadığı rayonda müntəzəm olaraq gənclərin vətənpərvərlik ruhunda böyüməsi, onların milli mənlik şüurunun inkişaf etdirilməsi istiqamətində tədbirlərin keçirildiyini söyləyib. Qeyd edib ki, eyni zamanda rayon məktəblərində də tez-tez milli qəhrəmanlarımıza həsr olunmuş tədbirlər keçirilir: "Bu kimi tədbirlər heç şübhəsiz ki, gənclərin vətənpərvər ruhda böyüməsinə, tərbiyə olunmasına müsbət təsir göstərir. Bir faktı da qeyd edim ki, bir müddət əvvəl rayonlardan birində reklam lövhələrində torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin portretlərinin əks olunduğunun şahidinə çevrildim. Əvvəla onu qeyd edim ki, bu çox təqdirəlayiq bir haldır. Arzu edərdim ki, bu kimi aksiyalar müntəzəm olaraq həyata keçirilsin və respublikamızın digər rayonlarında da anoloji addımlar atılsın. Çünki belə tədbirlər gənclərimizdə həm milli qəhrəmanlarımız haqqında məlumat formalaşdırır, onları maarifləndirir, həm də şəhidlərimizə olan yüksək ehtiramı nümayiş etdirir. Heç şübhəsiz ki, belə tədbirlər eyni zamanda gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına stimul verir. Paralel olaraq rayon ərazisində yerləşən hərbi hissələrdə də müntəzəm şəkildə görüşlər keçirilir. Bu da öz növbəsində həm Azərbaycan Silahlı Qüvvələrində böyük ruh yüksəkliyi yaradır, həm də döyüş əzmini artırır. Eyni zamanda gənclərdə də vətənpərvərlik hissi formalaşdırır". Rizvan Məmmədov onu da bildirib ki, vətənpərvərlik hissi uşaqlarda körpə yaşlarından formalaşdırılmalıdır: "Torpaqlarımızın işğal altında olduğu bir şəraitdə uşaqlara vətənə, torpağa, elə-obaya sevgi, məhəbbət hissini formalaşdırmaq məqsədi ilə mütəmadi məlumatlar verilməlidir. Torpaqlarımızın işğal günlərində bunu uşaqlara faciə kimi deyil, bu faciəni törədənlərə nifrət hissi kimi aşılamaq lazımdır. Bundan əlavə məktəblərdə işğal günləri ərəfəsində müxtəlif müsabiqələr, divar qəzetləri, rəsm, inşa müsabiqələri təşkil olunmalıdır. Tarix dərslərində şagirdlərə torpaqlarımızın azadlığı uğrunda canından və qanından keçən şəhidlərimiz, milli qəhrəmanlarmız və tarixi sərkərdələrimiz haqqında demək olar hər dərs, hər gün məlumatlar verilməlidir. Məhz bu halda orta məktəblərdə vətənpərvərlik ruhunu yüksək səviyyəyə qaldırmaq olar. Əks halda ortaya çıxan nəticə bizlər üçün qaneedici olmayacaq. Bu təhlükə ilə üzləşməmək üçünsə lazımı addımlar atmalıyıq". O, deyir ki, bu gün Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də gənclər üçün bir örnəkdir və onun Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğı gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına öz müsbət təsirini göstərir: "Ali Baş Komandan, Azərbaycan

Respublikasının Prezidenti İlham Əliyev bu sahədə gənclərə bir örnəkdir desək yanılmarıq. Etiraf etmək lazımdır ki, son illərə qədər gənclər arasında vətənpərvərlik hissləri demək olar ki, aşağı səviyyədə idi. Gənclərimiz yad, xarici təsirlərə məruz qalır, onlarda Vətən, millət sevgisi demək olar ki, hox olurdu. Lakin sonradan Ramil Səfərov, Mübariz İbrahimov kimi Vətən övladlarının nümayiş etdirdiyi qəhrəmanlıq, eyni zamanda onlara verilən layiqli qiymət gənclər arasında vətənpərvərlik hisslərinin artmasına təkan verdi. Təbii ki, burada Ali Baş Komandan, Azərbaycan Respublikasının Pezidenti cənab İlham Əliyevin xidmətlərini də xüsusi qeyd etmək lazımdır. Erməni zabitini öldürməkdə ittiham olunaraq Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovun ölkəmizə ekstradisiya olunması, eyni zamanda misilsiz şücaət göstərərək onlarla erməni hərbiçini qətlə yetirən Mübariz İbrahimovun nəşinin düşmən tərəfindən geri alınaraq onun Azərbaycan ictimaiyyətinin iştirakı ilə dəfn olunması, şəhid Mübariz İbrahimova milli qəhrəman adının verilməsi öz-özlüyündə gənclərdə vətənpərvərlik hisslərinin artmasına öz müsbət təsirini göstərdi. Elə bunun bariz nümunəsi idi ki, keçən ilin avqust ayında cəbhədə baş verən erməni təxribatı və bir neçə günlük hərbi əməliyyatlar zamanı yüzlərlə Azərbaycan gənci könüllü olaraq Müdafiə Nazirliyinə müraciət edərək cəbhə xəttinə getməyə hazır olduğunu bildirdi. Bütün bunlar Ali Baş Komandanın ordu quruculuğu, Silahlı Qüvvələrin şəxsi heyətinə göstərdiyi diqqət və qayğının təzahürüdür. Heç şübhəsiz ki, Ali Baş Komandanın hərbi hissələrə səfəri, əsgər və zabitlərlə görüşməsi, eləcə də hərbi təlimləri izləməsi də ordu sıralarında qulluq edən gənclərimizin ruh yüksəkliyinə, onlarda vətənpərvərlik hisslərinin artmasına təkan verir. Ümid edirəm ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın mərd və vətənpərvər oğulları tezliklə işğal altında olan torpaqlarımızı azad edəcəklər"

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 6 dekabr.- S.15.