Şəhidlərin ruhuna göstərilən yüksək ehtiram

 

Gənclərin Vətənə olan sevgisini artırır

 

Torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə göstərilən ehtiram, onların əziz xatirəsinin hər zaman uca tutulması gənc nəsildə də Vətənə, torpağa məhəbbət hissini artırır, onların vətənpərvər ruihda böyüməsinə gətirib çıxarır. Sevindirici hal ondan ibarətdir ki, bu kimi tədbirlər respublikanın hər bir bölgəsində keçirilir. Bu günlərdə belə tədbirlərdən biri Qax rayonunda baş tutub. Belə ki, cəbhə bölgəsində düşmənin mövqelərimizə hücumu zamanı 2015-ci ilin dekabr ayında şəhid olan Silahlı Qüvvələrimizin zabiti, baş leytenant Abdulla Molla oğlu Mollayevin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından Müdafiə nazirinin əmri ilə təltif olunduğu "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal şəhidin il mərasimində onun ailəsinə təqdim edilib. Qax rayonunun Qaxbaş kəndində təşkil olunan tədbirdə şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin, Qax Rayon İcra Hakimiyyətinin nümayəndələri, hərbi qulluqçular və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları əvvəlcə Qax şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib, şəhid A.Mollayevin məzarı üzərinə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Şəhidin doğulub boya-başa çatdığı kənddə təşkil edilən mərasimdə Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Abdulla Qurbani çıxış edərək ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən, aprelin əvvəllərində cəbhə bölgəsində döyüşlərdə Milli Ordumuzun qazandığı uğurlardan danışıb. Qeyd edib ki, şəhidlərimizin intiqamı həmişə alınıb, bu gün də düşmənlə qarşıdurma xəttində Ermənistan silahlı bölmələrinin təxribatlarının qarşısı qətiyyətlə alınır və təmas xəttində əməliyyat şəraiti Milli Ordumuzun tam nəzarəti altındadır. Aprel döyüşləri bir daha dövlətimizin və Silahlı Qüvvələrimizin gücünü, xalqımızın birliyini və həmrəyliyini göstərib. Xalq Ordusuna güvəndiyi kimi Azərbaycan əsgəri də arxasında böyük xalqın dayandığından daha da ruhlanaraq qarşıya qoyulmuş bütün tapşırıqları layiqincə yerinə yetirir. Mərasimdə şəhidin qısa, lakin Vətənə həsr olunan mənalı ömür yolundan bəhs edilərək diqqətə çatdırılıb ki, o, 1988-ci ildə Qax rayonunda anadan olub, Qaxbaş kənd 2 nömrəli tam orta məktəbində oxuyub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini başa vurduqdan sonra A.Mollayev Naxçıvan Muxtar Respublikasında və Goranboy rayonu ərazisindəki hərbi hissələrdə xidmət edib. Sağlığında "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif olunan gənc zabit peşəkarlığı və işgüzarlığı ilə həmişə fərqlənib. Xidməti vəzifəsini yerinə yetirərkən 1 il əvvəl şəhidlik zirvəsinə ucalıb. Özündən sonra bir oğlu yadigar qalıb. Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev bütün xalqımız kimi hər bir Qax sakininin də həmişə Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiklərini, ulu öndər Heydər Əliyevin ideyalarına sadiq olduqlarını vurğulayıb. O, bildirib ki, Qarabağ Qaxdan uzaqdadır, lakin orada atılan hər bir güllə səsi rayonda da eşidilir. Qarabağ uğrunda döyüşlərdə 140-dan çox Qax sakini şəhid olub. Hazırda Silahlı Qüvvələrimizdə yüzlərlə qaxlı gənc xidmət edir. Həmişə onların xoş sorağını eşidirik. Gənclərin vətənpərvərlik tərbiyəsi, orduya ləyaqətli oğulların hazırlanması rayonda prioritet məsələlərdən biridir və hər bir qaxlı bu gün Vətən uğrunda Ali Baş Komandanın hər bir əmrinə hazırdır. Qaxbaş kənd 2 nömrəli tam orta məktəbinin direktoru Rasim Çələbiyev, şəhidin xidmət etdiyi hərbi hissənin zabiti mayor Eldəniz İsmayılov, onun tarix müəllimi Fəxriyyə Kərimova və başqaları da A. Mollayev haqqında xatirələrini bölüşüblər.

Şəhidin atası Molla Mollayev oğlunun Vətən uğrunda həlak olduğunubununla fəxr etdiyini deyib. O, göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Şəhidin layiq görüldüyü medalın onun iki yaşlı oğlu Kənanın sinəsinə sancılması mərasim iştirakçılarına duyğulu anlar yaşadıb

Nizami rayonu 12 ¹-li tam orta məktəbdə isə bu təhsil müəssisəsinin məzunu olmuş şəhid Tahirli Natiq Namiq oğlunun doğum günü ilə əlaqədar xatirə mərasimi keçirilib. Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, rayon ictimaiyyətinin nümayəndələri, veteranlar  və  şəhidin doğmaları iştirak edib. Tədbiri giriş sözü ilə açan 12 saylı tam orta məktəbin direktoru Əli Alıyev  qonaqları salamlayıb və qeyd edib ki, Natiq Tahirli 2016-cı ilin may ayının 17-də erməni təxribatının qarşısını alarkən şəhid olub. Məktəbin müəllimi və şəhidin sinif rəhbəri Nailə xanım çıxışı zamanı Natiqin məktəbdə təhsil aldığı müddətdə özünü sakit, tərbiyəli, intizamlı şagird kimi göstərdiyini, əxlaq və davranışı ilə hər zaman yoldaşlarına nümunə olduğunu, xarakterində vətənpərvərlik hisslərinin daima açıq-aşkar duyulduğunu  qeyd edib.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova  respublikamızda Vətən uğrunda şəhid olanların ailələrinin və müharibə veteranlarının yaşayış şəraitlərinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində xeyli işlər görüldüyünüdaim diqqətdə saxlanıldığını, bu qəbildən olan insanlara qayğı ilə yanaşıldığını vurğulayıb. O, erməni işğalçıları tərəfindən zəbt olunmuş ərazilərimizin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə geri qaytarılacağı və şəhidlərimizin qisasının alınacağı günün uzaqda olmadığını bildirib.

YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva çıxış edərək dövlətçiliyimiz, müstəqilliyimiz, suverenliyimiz uğrunda gedən döyüşlərdə canını qurban verərək şəhidlik zirvəsinə ucalmış Natiq Tahirlinin gənclərə örnək olduğunu bildiribqeyd edib ki, Vətən, Ana torpaq uğrunda şəhid olanlar, doğma xalqına sədaqət nümunəsi göstərənlər heç vaxt unudulmur, onların xatirəsi hər zaman xalqımız tərəfindən xatırlanaraq qəlblərdə əbədi yaşayır.

Şagirdləri Natiq kimi vətənpərvər olmağa çağıran çıxışçılar tezliklə torpaqlarımızın erməni işğalçılarından azad olunacağını bildirib və belə tədbirlərin keçirilməsinin gənclərin milli ruhda tərbiyə olunmasında böyük rol oynadığını qeyd ediblər.

Sonda şəhidin ailə üzvləri çıxış edərək Natiqin xatirəsinə bəslənən hörmətə, valideynlərinə olan diqqət və qayğıya görə rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Tədbir şəhidin məktəb illəri və həyat yolundan bəhs edən video-çarx və şagirdlər tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya ilə başa çatıb.

Müdafiə Nazirliyi və Bərdə rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə isə Bərdə rayon Mədəniyyət Mərkəzində "Xalqımıza qələbə sevinci yaşadanlar" silsiləsindən aprel ayında cəbhə xəttində ermənilərin törətdikləri təxribatın qarşısını alarkən şəhid olmuş Azərbaycan Ordusunun baş leytenantı Ziya Həsənovun xatirə   mərasimi keçirilib. Tədbirdən öncə rayon ictimaiyyətinin nümayəndələri, Ziya Həsənovun xidmət etdiyi hərbi hissənin komandanlığı, döyüşçü dostları Bərdə şəhidlər xiyabanına gedərək şəhidin məzarını ziyarət ediblər.

Mədəniyyət Mərkəzində Əməkdar İncəsənət Xadimi Abdulla Qurbaninin ssenarisirejissorluğu ilə Z.Həsənovun xatirəsinə həsr olunmuş "Ruhumuzun qələbəsi naminə" adlı kompozisiya təqdim edilib. Kompozisiyada Silahlı Qüvvələrin mahnı və rəqs ansamblı, Gəncə qarnizonu zabitlər evinin kollektivi, eləcə də Bərdə hərbi birliyinin hərbi özfəaliyyət kollektivinin üzvləri iştirak ediblər. Tədbirdə Ziya Həsənovun həyat və döyüş yoluna işıq salınıb, qəhrəmanlığı təbliğ olunub. Təqdim edilən vətənpərvərlik mahnıları və hərbi marşlar tamaşaçıları Qarabağ uğrunda mübarizəyə səsləyib. Tədbirin sonunda Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya çıxış edərək ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb, xalqımızın şəhidlərə yüksək ehtiram göstərdiyini və Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə hər an torpaqlarımızın azadlığı uğrunda döyüşə hazır olduğunu bildirib. Tədbirdə iştirak edən Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Cəmşid Naxçıvanski adına hərbi liseydə Ziya Həsənovun müəllimi olmuş Şakir Əhmədov, şəhid zabitin xidmət etdiyi hərbi birləşmənin komandiri Eldəniz İmaməliyev, Tərtər rayonundan gəlmiş Qarabağ müharibəsi veteranları çıxış edərək şəhidlərimizə Allahdan rəhmət diləyib, onların qanlarının yerdə qalmayacağına, işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə əminliklərini bildiriblər. Şəhidin atası Niyazi Həsənov göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə   minnətdarlığını ifadə edib. Şəhid Ziya Həsənovun ölümündən sonra layiq görüldüyü "Cəmşid Naxçıvanskinin yubiley medalı" onun ailəsinə təqdim olunub.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 8 dekabr.- S.15.