İki od arasında”...

 

 yenə”...

 

Elçin Hüseynbəylinin "Yenə iki od arasında" romanı böyük söz adamı Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə həsr olunub "Azərbaycan" jurnalının bu ilki sentyabr-oktyabr saylarında nəşr edilib. Roman ədəbiyyat çevrələrinin zövqlü oxucuların diqqətini çəkib. İndi sizə professor Nizami Cəfərovun əsər barədə ədəb-tənqidi qeydlərini təqdim edir inanırıq ki, onun bu məqaləsi geniş oxucu dairəsi üçün diqqətəlayiq izlər qoyacaq...

 

Əvvəli ötən sayımızda

 

Elçin Hüseynbəyli, ədalət naminə demək lazımdır ki, Ustadı həm görür, həm eşidir... Onun tərcümeyi- halını ilk mənbədən alırmış kimi heç bir tərəddüdə yol vermədən, heç bir mübahisəyə yer qoymadan yazır...

"... İstanbulda səfirlik fəaliyyəti  başa çatandan sonra Yusif Vəzir Bakıya qayıtmadı. Müsavatçılarla fikir ayrılıqları olsa da, o, yeni qurulmuş hökuməti qəbul etmirdi. Ona görə məcbur olub Parisə, qardaşı Mirinin (Mirdamətin) yanına getdi. Bakıdan xaricə getmək mümkün deyildi. Yeni hökumət hər kəsdən hər şeydən şübhələnirdi, hərəyə bir damğa vururdu".

Paris Yusif Vəziri elə problemlər, çətinliklərlə üz- üzə qoyur, onsuz da doğulandan bəri kədəri sevincindən qat- qat çox olan ömür kitabına elə dərdli səhifələr əlavə edir ki, həmin səhifələrin təsvirində "Yenə iki od arasında" müəllifinin istifadə elədiyi sərt realizm metodu, görünür, özünü tamamilə doğruldur. qardaşı Mirinin ölümünü, özü çətinlik içərisində olan yerlisi Ceyhun Hacıbəylidən kömək umması xəcalətini, Lev Nissenbaumun böyük, Xristoferin kiçik dələduzluqlarını, "həkimləri Şuşa dəlləklərindən sırtıq" olan Parisin həyatını görəndən sonra Yusif Vəzirin Sovet Azərbaycanına dönməkdən başqa çarəsi qalmır.

Vətən o vətən olmasa da, ilk illər hər halda normal keçir... Bacılarının evlənmək təkidi, Bilqeyis xanımla tanışlıq, ailə həyatı, uşaqları - Fikrətin, Orxanın, Gülarənin dünyaya gəlməsi... Ancaq bu xoşbəxtlik ondan ötrü imiş ki, sonra onun həsrətini çəkə- çəkə qürbətdə can versin.

"...Yusif Vəzir otağına qayıtdıqdan sonra qeydlərini nəzərdən keçirməyə başladı. O, indiyə kimi Qarabağ tarixilə bağlı yazdıqlarını Lyubov Petrovnaya dilucu anlatmışdı. Bununla da onun Azərbaycan Qarabağ tarixinə marağını artırmışdı. Hazırda İbrahim xanın özünün ailəsinin müsibətindən bəhs edən hadisəni qələmə alırdı"...

"Yenə iki od arasında"nın üçüncü süjeti "İki od arasında"nın süjetinin, bir növ, təfsirindən ibarətdir. , bu təfsir maraqlıdır... Ağaməhəmməd şah Qacarın Şuşanı tutması, Molla Pənah Vaqifin, Məhəmməd bəy Cavanşirin şah hüzuruna gətirilməsi, eləcə Qacarın, Vaqifin, Məhəmməd bəyin, İbrahim xanın qətlləri "Qarabağnamə"lərdən bu günə qədər müxtəlif əsərlərin mövzusu olsa da, "İki od arasında" müəllifi, yəqin ki, tarixi həqiqətə daha çox sadiq olmağa çalışmaqla yanaşı, həmin tarixin ( həqiqətin!) fəlsəfəsinə daha çox nüfuz etmişdir... Elçin Hüseynbəyli bu fəlsəfəni, təbii ki, yeni dövrün faktlarına istinad etməklə daha da zənginləşdirməyə çalışaraq Ustadla birbaşa olduğu kimi, dolayısı ilə mükalimə aparır ki, həmin mükalimələrin ən maraqlı təzahürləri Qarabağ uğrunda mübarizə ətrafında baş vermiş hadisələrin təcəssümüdür...

"... ağır cinayət, pis rəzalət. Oğulun başını atanın sinəsi üstündə kəsmək!? Özü o ata ki, Qarabağ camaatına qədər xeyri dəyib, çoxunu zindandan qurtarıb, vətəninin birliyini istəyib. Qadınlara gələndə isə... şair qəlbi sevgiyə acdır... yaxşı, onu keçək Molla Pənahın şairliyinə. Düzmü dedim, ustad? Amma onu qətlə yetirdilər! Özü necə?!

Danışma, - deyə ustad bağırdı əli ilə ağzımı yumdu.

Mən susdum. Qəfil gəldiyim kimi, qəfil yox oldum. Mən onu danışdırmalıydım. Danışdı da..."

"Yenə iki od arasında" müəllifinin elə ehtimalları var ki, Ustadın özünü düşünməyə məcbur edir...

"- Bəlkə, Mehdiqulu ağanın qarşıdakı müsibətdən xəbəri vardı? Axı, sonradan Rusiya imperatoru ona xan titulu, general rütbəsi vermişdi? - deyə hövsələsizlik eləyib ustaddan soruşdum...

Ustad çaşqın halda üzümə baxdı:

Orasını fikirləşməmişəm, çünki inanmıram...

Biraz fikirləşəndən sonra:

Bəlkə ... bilmək olar, - deyə yarıpıçıltıyla səsləndi..."

Əlavə təfərrüatları nəzərə almasaq roman Ustadın ölüm ayağında bacısına yazdığı məktubla başa çatır...

"Bacısı Əzətə məktubunda Yusif Vəzir yazırdı: "Əziz bacım!

Mən sağ salamatam. Lakin sizdən heç bir məlumatım olmadığı üçün nigarançılıq keçirirəm. Mənə tez- tez məktub yazın. Məndən isə tez- tez məktub gözləməyin. Çünki başım çox qarışıqdı, işləyirəm. Boş vaxtlarımda yazıram. Yazdıqlarım əsasən Qarabağ tarixiylə bağlıdır. Ötənlərdə buraxdığım boşluqları doldururam. Mənim barəmdə qadınıma xəbər et. Bacı, mənim əvəzimdən ərizə verib xahiş et ki, məni başqa yerə azad sürgünə göndərsinlər. Mən xəstələnmişəm, qocalmışam. Zənnimcə icazə verərlər. Artıq yazmağa elə bir şey qalmayıb. Sənin göndərdiyin bağlamalar biləsən mənə necə kömək etmişdi. Əgər mümkünsə, yenə bağlama göndər. Dəftər qələmlə birgə.

Yaz görüm, mənim ailəm necə yaşayır?! Onlar sağdılarmı? Çoxdandır ki, mənim onlardan heç bir xəbərim yoxdur. Keçən ilin iyun ayında onların yazdıqları məktubu bu ilin fevral ayında almışam.

İndi məktublar vaxtında gəlir. Mənə tez- tez məktub yazın.

Ünvan: Qorki dəmir yolu. Suxobezvodnaya stansiyası. Poçt qutusu 242/9. Vəzirov Yusifə. 13.11.1942."

 

***

 

...Məktub ünvanına çatanda Yusif Vəzir bu dünyada yoxuydu. O, 1943-cü il yanvarın 3- də, qışın oğlan çağında nahaq dünyaya əlvida demişdi: ürək tutmasından və onlarca xəstəlikdən..."

Elçin Hüseybəyli "Yenə iki od arasında" romanı ilə sübut etdi ki, o, doğrudan da, böyük bir Ustadın şagirdidir... Və yeni "Qarabağnamə" yazmağa da həm mənəvi, həm də intelektual haqqı varmış...

 

Olaylar.- 2016.- 9 dekabr.- S.12.