İKT-nin inkişafı dövlət
siyasətinin tərkib hissəsidir
Günümüzdə
həyatımızın ayrılmaz bir parçasına
çevrilən informasiya kommunikasiya texnologiyaları
keçmişdən bu günə qədər böyük
bir inkişaf yolu keçib. Xəbər göyərçinləri,
çaparların gördüyü işlər,
yaratdığı rabitə əlaqəsi tədricən təkmilləşərək
daha müasir texnologiyalarla əvəzlənib. Bu əvəzləmə
prosesinin bir çoxunun şəxs olaraq da canlı şahidinə
çevrilmişik.
Uşaqlıq illərimizin təsadüf etdiyi Sovet İttifaqının zamanında rabitə əlaqəsi, xəbər çatdırma funksiyası da bir növ keçmişdən fərqli deyildi. Əgər uzaq tarixdə bir şəhərdən, vilayətdən digərinə xəbər çatdırma prosesini göyərçinlər, çaparlar həyata keçirirdisə, SSRİ zamanında bu poçt əlaqəsi, bu əlaqəni birbaşa ünvanına çatdıran poçtalyonlarla əvəzlənmişdi. Düzdür, poçtalyona qədərki mərhələyədək bir qədər təkmilləşdirmə prosesi həyata keçirilmişdi. Yəni, nəqliyyat vasitələri, poçt vasitəsilə gələn məktub və teleqramalar, son mərhələdə məhz poçtalyon tərəfindən alıcıya çatdırılırdı. İndiyə kimi xatirimdədir, bizim məhəllə ilə də rabitə əlaqəsini poçtalyon Əhəd dayı qururdu. Uşaq olarkən bizə gələn məktub və teleqramların Əhəd dayı vasitəsilə ilk mənbədən gətirildiyini zənn edirdik. Hər kəs poçtalyonun gələcəyi günü səbirsizliklə gözləyər, əsgərlikdə olan əmisi, dayısına, tələbə həyatı yaşayan qardaşına yazdığı məktubun cavabının həsrəti ilə yaşayardı. Aldığımız məktuba cavab yazıb poçtalyona verərkən isə sanki kiməsə yazdığımız bir neçə cümləlik vərəq parçasını məhz poçtalyon qarşı tərəfə çatdıracaq inamı ilə "Əhəd dayı, xahiş edirəm özünə ver məktubu" deyə bərk-bərk tapşırardıq. Düzdür, indi o vaxtlar etdiyimiz hərəkətlər, dediyimiz sözlər nə qədər gülməli görünsə də, ancaq etiraf etmək lazımdır ki, o illər ən şirin anlardan biri idi. Bu həmin illər idi ki, artıq şəhər və rayonlarda kütləvi şəkildə telefonlaşdırma prosesi gedirdi. Tədricən insanların bir-birinə xəbər ötürməsi prosesi də asanlaşırdı. Artıq nənə-babalarımıza hər hansı bir xəbəri çatdırmaq üçün kənd sovetliyi ilə əlaqə saxlayıb onlardan hansısa məlumatı ünvanına çatdırmaq xahişinə ehtiyac qalmırdı. Əvvəllər yalnız kənd sovetliyində olan telefon vasitəsilə bir ünvana xəbər çatdırmaq mümkün idisə, artıq kənd sakinləri özləri də sərbəst şəkildə evlərinə, mənzillərinə telefon xətti çəkdirə bilərdilər. Bu sanki toy-bayrama çevrilən bir hadisə olurdu. İlk dəfə bizim mənzilə telefon xəttinin çəkildiyi günün sevinci də indiki kimi xatirimdədir.
İKT-nin
inkişaf dövrü
İllər keçdikcə tədricən inkişaf edib dəyişən informasiya kommunikasiya texnologiyalarının Azərbaycanda sürətli inkişaf dövrü müstəqillik illərindən sonraya təsadüf edir. Düzdür, ona qədər də bu sahədə müəyyən addımlar atılır, işlər görülürdü. Elə informasiya kommunikasiya texnologiyalarının bu günkü inkişafının təməlinin məhz 70-ci illərdə qoyulduğunu da söyləmək olar. Belə ki, 1970-80-ci illərdə ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Elmlər Akademiyasında, ali məktəblərdə və sahə institutlarında elektron avadanlıqlar və telekommunikasiya texnologiyaları üzrə kadr hazırlığı genişləndirildi. Həmçinin istedadlı alimlər və təcrübəli mütəxəssislər yetişdirən yeni istehsalat müəssisələri yaradıldı. Lakin sonrakı illərdə cərəyan edən proseslər, Sovet İttifaqının dağılması, nəticədə hakimiyyətə siyasi cəhətdən səriştəsiz insanların gəlməsi bu sahənin diqqətdən kənarda qalmasına səbəb oldu. Heydər Əliyevin zamanında İKT sahəsində yetişən mütəxəssislər diqqətsizlik, səbəbindən respublikanı tərk etmək məcburiyyətində qaldılar. 1993-cü ilin iyununda Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmasından sonra hər bir sahə kimi İKT sahəsinin inkişaf etdirilməsi də prioritet vəzifələr sırasına daxil oldu. Qısa müddətdə bu sahədə infrastrukturun yaradılması, fəaliyyətini dayandırmış müəssisələrin yenidən fəaliyyətə başlaması istiqamətində müvafiq addımlar atıldı. 1993-cü ilin avqust ayında Azərbaycanla Amerika qitəsi arasında birbaşa rabitənin yaradılmasına imkan verən peyk-rabitə sisteminin açılışı ölkəmizin telekommunikasiya sisteminə xarici investisiyaların qoyulması üçün stimul verdi. Məhz həmin tarixi hadisədən sonra ölkə iqtisadiyyatında ilk xarici investisiyalar telekommunikasiya sahəsinə yatırıldı. Beləliklə, 1994-cü ildə "Bakcell" və 1996-cı ildə "Azercell" birgə müəssisələri yaradılmaqla Azərbaycanda mobil rabitənin inkişafının əsası qoyuldu. Beləliklə, Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan regionda ilk dövlət olaraq ölkədə informasiya cəmiyyəti quruculuğu prosesinə başlandığını bəyan etdi. 2003-cü ilin fevral ayında "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya"nın qəbul edilməsi ilə bu proses əməldə də öz təsdiqini tapdı. 2003-2012-ci illəri əhatə edən həmin sənəd Azərbaycanda İKT-nin inkişafını yeni mərhələdə özündə ehtiva edən bir baza rolunu oynayırdı. Ümumilikdə,1993-2003-cü illərdə görülən işlər nəticəsində ölkənin telefon şəbəkəsinin 48,4 faizi, o cümlədən Naxçıvan Muxtar Respublikasının telefon şəbəkəsi, Bakıətrafı kənd və qəsəbələrin hamısı telefonlaşdırıldı, bütün bölgələrin yaşayış məntəqələri telefon rabitəsi ilə təmin olundu. Paralel olaraq ölkənin bütün ərazisində internet xidmətlərindən istifadə etmək imkanı yaradıldı. Ümumiyyətlə, Azərbaycanda İnternet 1993-cü ildən inkişaf etməyə başlayıb. Bu gün ölkədə fəaliyyət göstərən hər 3 mobil rabitə operatoru internetə yüksək sürətli çıxışı təmin edir və hər üç mobil rabitə operatoru 3G xidməti göstərir. Günümüzdə hhər 100 nəfərdən 100-nün mobil rabitə istifadəçiləri olduğunu nəzərə alaraq, faktiki hər bir şəxsin İnternetə çıxış imkanının olduğunu söyləmək mümkündür. Ölkə üzrə isə əhalinin 75 faizi internetin imkanlarından istifadə edə bilir. Ölkəmizin Trans-Asiya-Avropa kabel magistralına qoşulması da öz-özlüyündə bu prosesin genişlənməsi, intermet istifadəçilərinin sayının artmasına müsbət təsir edən amillərdən oldu.
Yeni mərhələnin
başlanğıcı
Heydər Əliyev kursunun layiqli davamçısı İlham Əliyevin 2003-cü il, oktyabrın 15-də xalqın yüksək etimadını qazanaraq prezident seçilmıəsi ilə ölkəmizin inkişafında yeni bir mərhələnin əsası qoyuldu. Dövlət başçısının prezident kimi həyata keçirdiyi müxtəlif sahələri əhatə edən islahatları Azərbaycanın bütün sahələrdə sürətli inkişafı üçün zəmin yaratdı. Qısa müddət ərzində bu istiqamətdə çox güclü işlər grüldü və mühüm addımlar atıldı. Azərbaycan İKT üzrə beynəlxalq tədbirlərin fəal iştirakçısı və təşkilatçısına çevrildi. Bu fəaliyyətin qanunvericlik bazasını formalaşdırmaq məqsədilə "Elektron imza və elektron sənəd haqqında", "İnformasiya əldə etmək haqqında", "Telekommunikasiya haqqında", "Poçt rabitəsi haqqında" mühüm qanunlar, "Azərbaycan Respublikasının telekommunikasiya sahəsinə dair siyasət planı" və "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-cu illər üçün Dövlət Proqramı" qəbul edildi. Müasir dövrün tələblərinə uyğun olaraq ölkədə sürətlə inkişaf edən yüksək texnologiyalar fonunda Prezident İlham Əliyevin 2004-cü il fevralın 20-də imzalanmış fərmanı ilə 1953-cü ildən Rabitə Nazirliyi olaraq təsis edilən bu qurum ləğv edilərək onun bazasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradıldı. Dövlət başçısının imzalamış olduğu məlum fərman ölkədə İKT sahəsinin gələcək inkişafı, eləcə də hər bir vətəndaşın müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanları baxımından mühüm addım idi. Bu həm də o demək idi ki, informasiya kommunikasiya texnologiyalarının inkişafı və hərtərəfli tətbiqi Azərbaycan Respublikasının iqtisadi siyasətinin əsas istiqamətlərindən birinə çevrilir. Prezident İlham Əliyev çıxış və keçirdiyi görüşlərdə də bunu açıq şəkildə bəyan edirdi. Belə ki, 2007-ci il fevralın 13-də "Regionların sosial-iqtisadi inkişafı üzrə (2004-2008-ci illər) Dövlət Proqramı"nın üç illiyi münasibətilə keçirilmiş konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda tətbiqini prioritet məsələ elan etmişdi. Təsadüfi deyil ki, həmin vaxtdan etibarən bu sahənin inkişafına daha çox diqqət ayrılır, hökumət üçün həyat fəaliyyətinin bütün sahələrində informasiya texnologiyalarının tətbiqi əhəmiyyət kəsb edir. Görülən uğurlu işlərin nəticəsi idi ki, 2008-ci ildə postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda ucqar və kiçik yaşayış məntəqələrinin tam telefonlaşdırılmasını başa çatdırıldı. Ancaq irəlidə daha vacib
məsələlər dayanırdı ki, bunlardan biri də ölkədə kompüterləşmə səviyyəsini artırmaq, vətəndaşların internetə çıxmaq imkanlarını asanlaşdırmaq idi. Beləliklə, 2009-cu ildə ölkədə kompüterləşdirmə səviyyəsinin artırılması üçün "Xalq kompüteri" layihəsinin icrasına başlanıldı.
İKT-dən
kosmik sənayeyə
İKT sahəsində əldə etdiyimiz ən böyük uğurlardan biri Azərbaycanda kosmik sənayenin yaradılması idi. Həmin il, dekabrın 21-də BMT Baş Assambleyasının 64-cü sessiyasında Trans Avrasiya Super İnformasiya Magistralı layihəsinə dair qətnamə qəbul edildi ki, bununla da Azərbaycanda kosmik sənayenin yaradılmasına start verildi. Bir il sonra, 2010-cu ildə isə "Azərkosmos" ASC yaradıldı. Artıq ölkədə elektron hökumətin qurulması istiqamətində də mühüm işlər görülürdü. Nəticə etibarilə tədricən dövlət orqanlarında elektron xidmətlər göstərilirdi. 2013-cü ilin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi bu prosesi daha da sürətləndirdi. Bu sərəncam həmçinin dövlətin, dövlət başçısının İKT-nin inkişafını necə prioritet hesab etdiyini təsdiqləmiş olurdu. Görülən işlərin uğurlu nəticəsi olaraq 2013-cü il, fevral ayının 7-də Azərbaycanın ilk peyki olan "Azerspace-1" telekommunikasiya peyki Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxıldı. Hazırda isə ikinci süni peykin orbitə buraxılması istiqamətində işlər gedir. İkinci süni peykimizin gələn ilin sonlarında orbitə buraxılması nəzərdə tutulur. Göründüyü kimi bu gün Azərbaycan İKT-nin sürətlə inkişaf etdiyi ölkələrdən biri kimi tanınır və hər bir sahədə olduğu kimi İKT sahəsində də regional liderliyini qoruyub saxlayır. Məhz ölkəmizin bu sahədə qazandığı nailiyyətlərin nəticəsidir ki, bu gün İKT sahəsi ilə məşğul olan beynəlxalq təşkilat və qurumların mühüm əhəmiyyətli tədbirləri Bakıda keçirilir. Həmçinin Azərbaycan hər il İKT sərgilərinin keçirilməsinə evsahibliyi edir. Bu da öz növbəsində ölkəmizin qeyd edilən sahədə əldə etdiyi nailiyyətlərin bariz nümunəsidir.
Süleyman
İsmayılbəyli
"Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim
etmək üçün"
Olaylar.- 2016.- 9 dekabr.- S.11.