135 illik şərəfli yol
Fəxarət və
qürur mənbəyi
Dünən
Bakı Əyləncə Mərkəzində "Kaspi" qəzetinin
yaranmasının 135 illiyi münasibətilə tədbir
keçirilib. Dövlət və hökumət nümayəndələri,
millət vəkilləri, ziyalılar, KİV rəhbərlərinin
iştirak etdiyi yubiley tədbirində əvvəlcə mətbu
orqanın tarixinə həsr olunmuş film nümayiş
edilib. Filmdə qeyd edilir ki, qəzet 1881-ci ildən nəşr
olunmağa başlayıb və 1919-cu ilədək müddətdə
10 min 65 nömrəsi çıxıb.
Qəzetin ilk 28 nömrəsi həftədə iki dəfə, sonra bir müddət həftədə 3 dəfə çıxıb. 1884-cü ilin yanvarından isə gündəlik olub. 1897-ci ildən qəzetin naşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürüb və redaktorluq vəzifəsi Əlimərdan bəy Topçubaşova tapşırılıb. O, 24 iyun 1898-ci ildən 1907-ci ilin oktyabrınadək qəzetin redaktoru olub. Ondan sonra qısa müddətdə qəzetin redaktorluğuna Əli bəy Hüseynzadə təyin olunub. 1907-ci ilə kimi "Kaspi"nin 300-dən çox sayı Həsən bəy Zərdabinin imzası ilə işıq üzü görüb. Qəzetdə H.Zərdabidən başqa N.Nərimanov, S.M.Qənizadə, M.A.Şahtaxtinski və başqaları publisistik yazılarla çıxış ediblər. Mətbu orqan 1919-cu ildə fəaliyyətini dayandırıb. 1999-cu ildə yazıçı-publisist Sona Vəliyevanın təşəbbüsü ilə "Kaspi" qəzeti bərpa olunub. Hazırda "Kaspi" gündəlik Azərbaycan dilində, həftəlik rus dilində nəşr olunur. Qəzetin 3 əlavəsi fəaliyyətdədir. 2011-ci ildə qəzetin 130 illik yubileyi keçirilib və bu münasibətlə mətbuat araşdırmaçılarının tədqiqat məqalələrinin yer aldığı "Üç əsrin qəzeti" kitabı işıq üzü görüb. Filmdə həmçinin hökumət rəsmiləri, millət vəkilləri, jurnalist təşkilatları rəhbərləri, eləcə də media kapitanlarının "Kaspi" qəzeti barədə fikirləri yer alıb.
Yubiley mərasimində çıxış edən Sona Vəliyeva bildirib ki, qəzetin 135 illik yubileyi tarixi, əlamətdar bir vaxta təsadüf edir. O, bildirib ki, rəhbərlik etdiyi media orqanının yubileyinin Azərbaycan Respublikasının müstəqilliyinin 25 illiyinə təsadüf etməsi də qürurvericidir: "Yubiley hansısa bir müəssisənin, təşkilatın, qurumun keçmişinə nəzər salmaq, bu gününü təhlil etmək, gələcək planlarını müəyyənləşdirmək üçün keçirilir". "Kaspi" qəzetinin tarixinin böyük olduğunu diqqətə çatdıran Sona Vəliyeva deyib ki, mətbu orqan milli şüurun oyanması, formalaşması, istiqlal düşüncəsinin formalaşmasında mühüm rol oynadı: "Ona görə də düşünürəm ki, bu qəzet həm də xalqın həyatında müstəsna rol oynayıb. Bu qəzet həm də xalqın azadlıq tribunası idi". Sona Vəliyeva deyib ki, qəzetin müstəqillik illərində yenidən nəşrə başlamasında ümummili lider Heydər Əliyevin xeyir-duası olub: "Müstəqilik illərində bu qəzetin həyatında yeni bir mərhələ açılıb. Kaspi 3 dildə elektron formada, Azərbaycan və rus dillərində isə qəzet formatında çıxır. Bundan başqa həftədə 3 dəfə ədəbiyyat, mədəniyyət və gənclik əlavələri çıxır. İnanıram ki, bundan sonra da qəzetin inkişafı üçün yeni səhifələr açılacaq".
Sonra Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev çıxış edərək "Kaspi" qəzetinin yeri və rolundan, cəmiyyəti informasiya ilə təmin etmək istiqamətindəki fəaliyyətindən, eləcə də bu günə qədər əldı etdiyi nailiyyətlərdən danışıb. Qəzetin uzun və şərəfli bir yol keçdiyini deyən Vüqar Əliyev müstəqillik illərindən sonra "Kaspi" qəzetinə yeni bir nəfəs verildiyini söyləyib. Prezident Administrasiyasının rəsmisi ölkədə mətbuatın inkişaf etdirilmıəsi istiqamətində atılan addımlardan söz açıb. Bildirib ki, Azərbaycan dövləti mətbuatın inkişaf etdirilməsi istiqamətində hər zaman bu sahəyə öz dəstəyini verir.
Daha sonra çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, Azərbaycanın ictimai fikir tarixində əsası dahi mütəfəkkir və alim Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatımızın rolu son dərəcə böyükdür. O, bildirib ki, milli nəşrlərimiz XIX əsrin sonu - XX əsrin əvvəllərində dövrün görkəmli ziyalılarını öz ətrafında birləşdirərək dövlət müstəqilliyimizin ideoloji bazası rolunu oynayıb: "Bu şərəfli işi həyata keçirən mətbuat orqanlarımızdan biri də bu gün 135 illik yubileyini qeyd edən "Kaspi" qəzetidir. "Kaspi" görkəmli ziyalıların, ictimai-siyasi xadimlərin və fikir dühalarının ideya və baxışlarının tribunasına çevrilmiş qəzetdir. Nəşr böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin himayədarlığı ilə azərbaycançılığı, türkçülüyü və İslam dini dəyərlərini əsas tutaraq son dərəcə müstəsna tarixi missiya yerinə yetirmişdir. Qətiyyətlə deyə bilərik ki, klassik mətbu irsimizin nümunəvi daşıyıcısı olan yubilyar nəşrin keçdiyi 135 illik yol fəxarət və qürur mənbəyimizdir". Əflatun Amaşov qeyd edib ki, "Kaspi" dedikdə gözlərimiz önündə bütöv bir mərhələ canlanır: "Bu günün "Kaspi"si isə gündəlik ictimai-siyasi qəzet kimi fəaliyyəti, təşəbbüsləri, həyata keçirdiyi layihələri ilə həmin tarixi mərhələyə işıq saçır. Nəşrin dəst-xətti yüksək peşəkarlıqdan, məsuliyyətdən və həssaslıqdan qidalanır, ənənələrə sadiqlik ruhuna köklənir. "Kaspi"ni geniş oxucu auditoriyasına sevdirən də məhz budur". Çıxışının sonunda Əflatun Amaşov "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyevanı Mətbuat Şurası adından təbrik edib və ona rəhbərlik etdiyi qurumun diplomunu təqdim edib. Sonra "Kaspi" qəzetində müxtəlif mövzularda araşdırmalar aparan, təhlili yazılar qələmə alan tanınmış yazarlar media orqanı tərəfindən mükafatlandırılıb.
Nigar Adil
Olaylar.- 2016.- 10-12
dekabr.- S.9.