Akademik Aqil Əliyevin

90 illik yubileyi qeyd edilib

 

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı və "Yeganə" Şadlıq Sarayının dəstəyi ilə akademik Aqil Əliyevin 90 illik yubileyi keçirilib.

Mərhum akademikin yaxınları, ziyalı alimlər, hakim Yeni Azərbaycan Partiyasının üzvləri, millət vəkilləri və s. iştirak etdiyi yubiley tədbirində əvvəlcə akademik Aqil Əliyevin həyat və fəaliyyətini əks etdirən slayd nümayiş olunub. Məlumat verilib ki, əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Aqil Əliyev 1926-cı il dekabrın 10-da Naxçıvan şəhərində anadan olub. Orta məktəbi Naxçıvan şəhərində bitirdikdən sonra, o, 1946-cı ildə Bakı Dövlət Universitetinə daxll olur və 1951-ci ildə oranı bitirir. 1953-cü ilə qədər Aqil Əliyev Azərbaycan SSRİ Elmlər Akademiyasının Tarix İnstitutunda elmi işçi vəzifəsində çalışır. Sonrakı illərdə bir sıra sahələrin inkişafına öz töhfəsini verən Aqil Əliyev iqtisad elminə böyük marağı olduğundan 1953-cü ilin may ayından Azərbaycan Tibb İnstitutunun "Siyasi iqtisad" kafedrasında işləməyə başlayır. O, 1970-ci ildə iqtisad elmləri namizədi, 1973-cü ildə dosent, 1979-cu ildə professor elmi adlarına layiq görülür, 1983-cü ildə iqtisad elmləri doktoru adı qazanır. Aqil Əliyev 2006-cı il, mart ayının 7-də dünyasını dəyişir.

Slayd şounun nümayişindən sonra çıxış edən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov Aqil Əliyevlə olan münasibətlərindən, mərhum akademikin onlara verdiyi dəyərli tövsiyyələrdən söhbət açıb. Bildirib ki, Aqil Əliyev onlarla yeri gələndə bir dost, yeri gələndə isə müəllim, ağsaqqal kimi davranardı: "Xatirimdədir, bir gün Aqil Əliyev sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir qrup şəxslə görüşüb hansısa problemlərin olub-olmadığı, bizlərin fəaliyyətinə maneçilik törədilib-törədilmədiyi ilə maraqlandı. Təbii ki, hər kəs bəzi məqamlarla bağlı hörmətli akademikə məlumat verdi. Bizim Aqil Əliyevlə görüşümüzdən cəmi bir neçə gün sonra ümummilli lider Heydər Əliyev sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı məmur özbaşınalığının aradan qaldırılması barədə müvafiq sənəd imzaladı". İlham İsmayılov Aqil Əliyevin həm də xeyriyyəçi biri olduğunu vurğulayıb. Bildirib ki, mərhum akademiklə bərabər müntəzəm olaraq xeyriyyə aksiyaları keçirib, həmçinin beynəlxalq yarışlara qatılan idman komandalarına dəstək olublar. Çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin akademik Aqil Əliyevin 90 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncama toxunan İlham İsmayılov bu sərəncamın Aqil Əliyevi sevənlər, onun yaxınları üçün bir sürpriz olduğunu ifadə edibbundan dolayı dövlət başçısına təşəkkürünü bildirib. Həmin sərəncam əsasında Aqil Əliyevin 90 illik yubileyinin müxtəlif səviyyələrdə qeyd olunacağını deyən ATXƏM sədri bundan bir neçə gün əvvəl isə Azərbaycan Tibb Universitetində akademikin 90 illik yubileyi ilə əlaqədar tədbir təşkil olunduğunu diqqətə çatdılrıb. Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun müdir müavini Şahbaz Musaoğlu akademik Aqil ƏIiyevin yüksək ixtisaslı iqtisadçı kadrlarının hazırlanmasında müstəsna xidmətlər göstərdiyinin diqqətə çatdırıb. Bildirib ki, Aqil ƏIiyevin rəhbərliyi altında bu illər ərzində görülən işlər sayəsində böyük inkişafın təməli qoyulub. Azərbaycan Tibb Universitetinin "Siyasi iqtisad" kafedrası uzun illər "Ən yaxşı kafedra" fəxri adına layiq görülüb, kollektivin işi əsl nümunə məktəbinə çevrilib. Qeyd edib ki, Aqil Əliyev həyat səviyyəsi, istehlak, sosial sahələrin iqtisadiyyatı problemlərinə dair sanballı elmi araşdırmaları, kitabları ilə tanınan, uzun illər respublikamızın ali təhsil sistemində məhsuldar və səmərəli fəaliyyət göstərən görkəmli iqtisadçı alimlərdən olub.

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Aqil Əliyevin dəyərli alim, gözəl insan, vətənpərvər bir şəxsiyyət olduğunu vurğulayıb. Aqil Əliyevin vəfatını Azərbaycan elminin böyük itgisi kimi dəyərləndirən millət vəkili Aqil Əliyevin Yeni Azərbaycan Partiyasına da bağlı bir insan olduğunu dilə gətirib. Bildirib ki, akademik Aqil Əliyev Yeni Azərbaycan Partiyasının həyatında yaxından iştirak edirdi.

İş adamı Akif Rəhimov da çıxışında akademik Aqil Əliyevin Azərbaycan elminə verdiyi töhfələrdən bəhs edib. Bildirib ki, elm sahəsindəki xidmətlərinə görə 1982-ci ildə Əməkdar elm xadimi fəxri adına layyiq görülmüş Aqil Əliyev bir neçə ordenmedallarla, "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif olunub. Akif Rəhimov deyib ki, Aqil Əliyev 130-dan artıq elmi əsərin, o cümlədən 19 monoqrafiya və kitabın müəllifidir. Onun bir sıra əsərləri Moskvada, Sankt Peterburqda və digər xarici ölkələrdə çap olunub. O, Azərbaycanda ilk dəfə tədqiq olunan "Şəxsi istehlakın Iqtisadiyyatı", "Tibbin iqtisadiyyatı", "Xalq istehlakı", "Aqrar Iqtisadiyyatın aktual problemləri" və s. sanballı monoqrafiyaların müəllifi olub. Alimin əsas elmi istiqamətlərindən birini maddi-texniki bazasının, kənd əhalisinin həyat tərzinin yüksəldilməsi, səhiyyənin iqtisadi problemləri təşkil edib. Yalnız bazar iqtisadiyyatına keçid şəraitində professor Aqil ƏIiyevin 32 elmi əsəri çap olunub. O, beynəlxalq və respublika konfranslarında, simpoziumlarda, seminarlarda məruzələrlə çıxış edib.

Daha sonra çıxış edən digər natiqlər akademik Aqil Əliyevin həyat və fəaliyyəti, Azərbaycan elminə verdiyi töhfələr və s. barədə danışıblar. Yubiley tədbirinin sonunda iştirakçılara akademik Aqil Əliyevin 90 illik yubileyi ilə əlaqədar çap edilmiş kitablar hədiyyə edilib.

 

Süleyman

 

Olaylar.- 2016.- 13 dekabr.- S.13.