“Heydər Əliyevlə görüşmək
böyük risk tələb
edirdi”
"Dedi ki, qorxmadın, mənimlə
görüşməyə gəldin?"
"1982-ci ildə belə bir imkan
yaransa da, son anda Heydər Əliyevlə yaxından
tanış olmaq, görüşmək istəyim baş
tutmamışdı. Bununla belə, nəhayət, 1990-cı ilin
yayında ürəyimdə neçə illərdən bəri
arzum reallaşdı. Həmin ilin iyul ayında Heydər
Əliyev Naxçıvana gəldi. Bu o vaxtlar idi ki,
keçmiş SSRİ və Azərbaycanın o dönəmki
rəhbərliyi tərəfindən bu böyük şəxsiyyətə
qısqanc münasibət hökm sürürdü, ona
qarşı açıq-gizli təqiblər, təzyiqlər
mövcud idi.
Heydər
Əliyevlə görüşmək böyük risk tələb
edirdi, qorxuluydu. Düzünü desəm, bunları göz
önünə gətirib mən də bir qədər tərəddüd,
götür-qoy etdim. Çünki yenə deyirəm, hələ
SSRİ dövrü idi, Naxçıvan Vilayət Partiya Komitəsinin
Büro üzvüydüm, Naxçıvan MSSR Nazirlər
Soveti sədrinin birinci müaviniydim, yüksək vəzifəm
vardı. Amma bütün bunlara baxmayaraq, bir insan kimi Heydər
Əliyevə olan məhəbbətim, bir
naxçıvanlı kimi qeyrətim qəbul etmədi ki,
onunla görüşməyim. Və bir gün gedib Heydər
Əliyevlə görüşdüm.Görüşdüm,
özümü təqdim etdim, ordan-burdan bir xeyli söhbətləşdik.
Dedi ki, Eldar, qorxmadın, mənimlə görüşməyə
gəldin? Dedim ki, yox, niyə qorxuram ki?! Dedi ki, axı, mənimlə
görüşməyə gəldiyin üçün səni
işdən çıxara bilərlər? Cavab verdim ki,
yoldaş Əliyev, ömür müvəqqətidir, o ki vəzifə
olsun, mən bu vəzifəyə gələndə
çıxacağımı da gözümün
qarşısına almışam. Mən qorxaq adam deyiləm.
Siz bizim xalqımızın böyük, dahi oğlusunuz, mənim
bir insan kimi haqqım yoxdur ki, sizinlə görüşməyəm.
Hətta, onu da dedim ki, bəlkə başqa biri olsaydı, gəlməyə
bilərdim, amma mən naxçıvanlıyam, qeyrətim yol
verməz ki, sizin görüşünüzə gəlməyim..."
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin
üzvü, millət vəkili Eldar İbrahinov ümumilli
lider Heydər Əliyevlə bağlı xatirələrini dilə
gətirəkən qeyd edib. Əlavə edib ki, ilk
görüşün üstündən bir ay keçəndən
sonra yenidən H. Əliyevin görüşünə gedib:
"Ümumiyyətlə, imkan yaranan kimi, onun
görüşünə gedirdim, ona baş çəkirdim.
İkinci dəfə görüşəndə dedi ki, Eldar, mən
öyrəndim, sən mənə yaxın adamsan, özün
də Cəhridənsən, rəhmətlik atan Rza kişi də
tanınmış dülgər olub. Sonra gülə-gülə,
zarafatyana soruşdu ki, bura - mənim yanıma yaxın adam kimi
gəlirsən, yoxsa?.. Dedim ki, mən sizi xalqımızın
böyük oğlu kimi tanımışam, pərəstiş
etmişəm, həsrətinizi çəkmişəm ki,
haçansa sizinlə görüşə biləcəmmi? Lap
əvvəldən başladım, hər şeyi açıb
danışdım. Dedim ki, 1982-ci ildə siz Naxçıvana
gəlməli idiniz. O zaman hələ Azərbaycan SSR Kommunist
Partiyası Mərkəzi Komitəsinin birinci katibi idiniz.
1982-ci ilin may ayında Naxçıvana möhkəm qar
düşmüşdü. Siz də həmin vaxt
Gürcüstana səfərdən birbaşa Naxçıvana
gəlmişdiniz. O vaxt "obkom"un ikinci
katibi məni yanına
çağırıb dedi ki, Heydər Əliyev gələcək, sən
də birinci katibin qəbul
otağında növbətçi duracaqsan,
bu sözləri deyəcəksən, məruzə
edəcəksən... Mən sizin pərəstişkarınız
olduğumdan bu xəbərdən
həm sevindim, həm də məsuliyyət
hiss etdiyimdən qorxdum
ki, Heydər Əliyevlə necə
görüşəcəyəm. Axı, Heydər Əliyevin ömrü boyu həsrətində
olmuşdum, bəzən öz-özümə
deyirdim, görəsən, haçansa
onunla görüşə biləcəmmi
ki, əlim onun əlinə
dəysin. Eyni zamanda,
Heydər Əliyev necə geyinir, necə qalstuk bağlayır, yerişi-duruşu
necədir. Bir sözlə, həm çox sevinirdim, həm də
qorxurdum. Ancaq qismət
elə gətirdi ki, siz
gəldiniz, yuxarıya-ikinci mərtəbəyə
qalxmadınız, birbaşa iclas zalına daxil oldunuz, çıxışınızı edib getdiniz. Sizinlə
görüşmək istəyim beləliklə, baş tutmadı, bir növ arzum ürəyimdə
qaldı. Ancaq Allah
sizinlə görüşmək qismətini mənə nəsib
edibmiş. Bu əhvalatı
danışandan sonra Heydər Əliyev
yenidən özünəməxsus tərzdə gülə-gülə
zarafatla dedi ki, bilsəydim, qalxardım yuxarıya - birinci katibin qəbul
otağında səninlə görüşərdim. Heydər Əliyevə dedim ki, məhz bu mənada sizin yanınıza gəlmişəm, qohumluq, yaxınlıq da öz yerində. Çox sağ olun ki,
yaşca məndən böyük
olduğunuz üçün
siz özünüz
bunları deyirsiniz, mən desəydim, başqa cür
çıxardı. Elə o vaxtdan Heydər Əliyevlə bizim
aramızda çox səmimi bir münasibət yarandı və qismət elə
gətirdi ki, 1990-cı ildə Azərbaycan
SSR Ali Sovetinə deputat
seçkiləri zamanı Heydər Əliyev Babək rayonunun Nehrəm kəndindən - 340-cı
dairədən, mən isə həmin rayonun
342-ci Cəhri seçki dairəsindən deputat seçildik. Deputat olandan sonra bizim Heydər
Əliyevlə münasibətlərimiz daha
da yaxınlaşdı, istiləşdi. Ali Sovetin sessiyalarında bir yerdə otururduq,
söhbətləşirdik, dərdləşirdik. Əlimdə
elə bir imkan olmasa da,
çalışırdım ki, ona mənəvi dayaq olum. Xatirinizdədirsə, 1991-ci ilin mart sessiyalarında da ona qarşı hücumlar olurdu..." H. Əliyevə qarşı
hücumların səngimədiyini
görən E. İbrahimov
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin
sədri, mərhum Afiyəddin Cəlilovun yanına gedir və deyir ki,
fasilədən sonra çıxış edib həmin adamların cavablarını verəcək.
Hətta, əsəbindən
kövrələn Eldar
müəllim həmin
adamların ünvanına
söyüş də
söyür: "Rəhmətlik
Afiyəddin də bunu görüb dedi ki, amanın
günüdür, belə
etmə, səni öldürərlər, özüm
danışacağam. Afiyəddin mənə
onu da demişdi
ki, fasilədən sonra Heydər Əliyevə qarşı
yenə hücumlar olacaq. Fasilədən
sonra iclas zalına daxil olanda dedim ki,
Heydər Əliyeviç,
sizə qarşı yenə hücum olacaq, əlacımız dözməkdir, başqa əlacımız yoxdur. Onu da dedim ki, gücüm sadəcə,
Afiyəddinin yanına
getməyə və ağlamağa çatdı.
Heydər Əliyev güldü, dedi ki, Eldar, neyləyək,
birtəhər dözərik.
Oturanda da gördüm ki, cibindən dərman çıxarıb
dilinin altına qoydu. Mən əvvəl başa düşmədim, sonra bildim ki, ürək
dərmandır, onu qəbul edir ki, dözə bilsin..." Bakıdan, Ali
Sovetin iclasından qayıdandan sonra H.Əliyev tez-tez onu yanına çağırar, görüşər,
söhbət edərlərmiş:
"O vaxt artıq Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən
getmişdim. Kommunist Partiyası axır-axırda
mənə qənim oldu...1991-ci ilin mart ayında SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilirdi.
Həmin
vaxt Naxçıvan bu referenduma getmədi. O zaman Bakıdan - Mərkəzi Komitədən bir nəfər katib və Nazirlər Soveti sədrinin müavini rəhmətlik Zülfü Hacıyev Naxçıvana gəlmişdi.
Məni də Afiyəddin Cəlilov onlara təhkim etmişdi. Onlara da dedim ki, heç nə alınan deyil, özünüzü nahaq
yerə yormayın. Heydər Əliyevlə də görüşmək istəyirdilər,
qəbul etməmişdi.
Bildirdim ki, heç görüşməyin də
xeyri yoxdur, Heydər Əliyev nə desə, camaat da onu
deyəcək. Və doğrudan
da, Naxçıvan referenduma getmədi. Heydər Əliyevin yaxın adamı oldugumu düşünən bakıdakılar
və Naxçıvanın
yeni rəhbəri vəzifədə qalmağımı
istəmirdilər, mən
də vəzifəmdən
getməli oldum...Sonra Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi. Düzdür, o ilk dövrdə buna razılıq vermirdi və deyirdi arzum budur ki,
atamın yanında dəfn olunum. Ancaq sonra bir daha
ağsaqqalları onu yanına göndərib birtəhər razı sala bildik. Beləliklə, 1991-ci ilin
sentyabrında Heydər
Əliyev Ali Məclisin
sədri seçildi..."
1992-ci ilin mayın
18-də H. Əliyevin Ali Sovetin
sədri seçilməsi
mümkün olmayandandən
sonra E. İbrahimov mərhum dövlət başçısı ilə
danışır və
deyir ki, onun ətrafında yeni siyasi təşkilat
yaratmağa ehtiyac var: "Heydər Əliyevə dedim ki, sizin rəhbərliyinizlə
partiya yaratmalıyıq.
Partiya yaratmasaq, heç nə mümkün deyil, siz təkcə
Naxçıvana deyil,
bütün Azərbaycana
lazımsınız. Mən hesab
edirəm ki, siz tezliklə buradan gedəcəksiniz.
Güldü, dedi ki, ay Eldar, nə
danışırsan? Heç burada
qoymurlar oturmağa, deyirsən Bakıya gedim? Dedim, yox, elə
demirəm, cəbhəçilər
qabiliyyətsiz adamlardı,
xalq onları qəbul etməyəcək.
Hətta, onu da dedim
ki, bəs, siz mənim telefonuma niyə cavab vermirsiniz? Mən orada ölümlə üz-üzə
gəlmişəm, məni
öldürürdülər, deyirdilər, get, təklifini geri götür. Məni Kamran Rəhimov
çıxartdı oğlunun
maşını ilə,
apardı "İnturist"ə.
Çünki xəbər
gəlmişdi ki, qapıdan çölə
çıxmayım. Heydər Əliyevdən
soruşdum ki, bəs, siz niyə
cavab vermədiniz?
Dedi, Eldar, düzdür, mənə zəng gəlməyib. Amma çox fikirləşdim,
çox gotür-qoy etdim, zəng gəlsəydi, mən nə cavab verməliydim,
nə deməliydim?
Deməliydim, gəlirəm. Mən gəlsəydim, işləyə
bilərdim? Məni qoymazdılar.
Desəydim ki, gəlmirəm,
çox pis çıxardı. Dedim,
bəs nə olacaq, bu xalq
məhv olacaq. Dedi ki, başqa
yolumuz yoxdur, bu gün xalq
onlara inanır, Xalq Cəbhəsinə inanır. Ona görə də
mümkün deyil, mən gəlsəm də, qoymayacaqlar işləməyə. Doğrudan da,
belə alındı.
Sonralar gördüm ki, Heydər Əliyev nə qədər müdrik, nə qədər uzaqgörən
və düzgün yol seçib. Bu söhbətdən sonra dedim ki, partiya
yaratmalıyıq. O da
dedi ki, əşşi, neynirəm
partiyanı-filanı. Dedim,
yox, siz Azərbaycana lazımsınız
və getməlisiniz də. O vaxt mənimlə yanaşı,
Heydər Əliyevin yanına gəlib-gedənlər
də onu partiya yaratmağa razı sala bildi. Bir gün
mənə dedi ki, başla partiya hazırlığı
ilə məşğul
olmağa. Və biz onda bir çox deputatlara müraciət etdik, şəxsən özüm
müraciət etdim.
Çoxu dedi məni uzaq et,
qol çəkmədilər..."
Alim
Olaylar.- 2016.- 13 dekabr.- S.12.