Məcburi köçkün
gənclər
vətənpərvər ruhda
tərbiyə olunur
Gənclərin milli mənlik şüurunun
inkişaf etdirilməsi və onlarda vətənpərvərlik hisslərinin
artırılması istiqamətində keçirilən tədbirlər
məcburi köçkün
rayonlarında öz intensivliyi
ilə seçilir. Bu
rayonlardan olan gənclər
arasında Vətənə məhəbbət hissini
artırmaq və onları vətənpərvərlik ruhunda tərbiyə etmək məqsədilə
müxtəlıif səpkili tədbirlər təşkil olunur.
Belə tədbirlərdən biri "Vətən tarixi" seminarıdır ki, Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə keçirilib. Vətən tarixi seminarlarının məqsədi müasir Azərbaycan tarixi gerçəkliklərinin və ölkənin taleyində mühüm rol oynayan proseslərin interaktiv müzakirəsini, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması istiqamətində həyata keçirilən tədbirlərin davamlı xarakter daşımasını təmin etməkdən və bununla əlaqədar pedaqoji kollektivlərin fəaliyyətini gücləndirməkdən ibarətdir. Tədbirdə millət vəkili Elman Məmmədov, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, eləcə də AMEA-nın Qarabağ tarixi şöbəsinin müdiri Qasım Hacıyev, BDU-nun Azərbaycan tarixi kafedrasının müdiri Mehman Abdullayev, əməkdar müəllim Əyyub Şırlanlı və Təhsil Nazirliyinin əməkdaşları, Şuşa rayon təhsil ictimaiyyətinin nümayəndələri, şagirdlər və valideynlər iştirak ediblər. Seminar iştirakçılarına "Şuşa öz tarixi, abidələri və övladları ilə" adlı videoçarx nümayiş olunub. Seminarda Azərbaycanın keçdiyi tarixi inkişaf yoluna nəzər salınıb, ölkəmizin məruz qaldığı hərbi müdaxilə və Ermənistanın işğalçılıq siyasəti barədə konkret faktlar sadalanıb. Hazırda Azərbaycanın sabit və qüdrətli dövlət kimi öz haqq işini zəfərlə başa çatdırmağa, ərazi bütövlüyünü bərpa etməyə qadir olduğu vurğulanıb. Seminarda çıxış edən natiqlər qeyd ediblər ki, gələcəyimiz olan bugünkü məktəblilər elmi biliklərə dərindən yiyələnməklə bərabər, eyni zamanda əsl vətəndaş kimi formalaşmalı və milli -mənəvi dəyərlərimizə qəlbən bağlı olmalıdırlar. Bu baxımdan ümumi təhsil müəssisələrində şagirdlərin vətənpərvərlik tərbiyəsi üzrə aparılan işlər daha sistemli və intensiv xarakter almalı, onlarda doğma torpağa sədaqət hissinin möhkəmləndirilməsi pedaqoji kollektivlər tərəfindən prioritet vəzifə kimi qəbul edilməlidir. Sonra mövzu ətrafında geniş müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Bildirilib ki, ümumi təhsil müəssisələrində ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı müstəsna xidmətlərinin izahına, Azərbaycanın dövlət rəmzləri haqqında şagirdlərin biliklərinin möhkəmləndirilməsinə, onlarda respublikamızın, eləcə də yaşadıqları ərazinin tarixi və mədəni abidələri, görkəmli şəxsiyyətləri, ölkəmizin dünya birliyində mövqeyi və son dövrlərdə qazandığı nailiyyətlər, Vətən uğrunda şəhid olmuş qəhrəmanlar barədə məlumatların artırılmasına xüsusi diqqət yetirilməsi mühüm əhəmiyyət kəsb edir. Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva yekun nitq söyləyərək bildirmişdir ki, belə dərslərin keçirilməsi hal -hazırda ölkəmizin həsas dönəmində gənclərin vətənpərvərlik tərbiyəsində çox aktualdır.Belə bir dərsin ilk dəfə Şuşa məkəblərində keçirilməsi mühüm əhəmiyyət daşıyır. Vüsalə Fətəliyeva Şuşa Rayon İcra Hakimiyyəti başçısı cənab Bayram Səfərov adından Təhsil Nazirliyinə, layihənin rəhbərlərinə təşəkkürünü bildirib.
Bu bir danılmaz faktdır ki, 2016-cı il aprel ayının ilk günləri xalqımızın yaddaşına zəfərlə yazıldı. Ordumuz saxta erməni mifini darmadağın etdi! Azərbaycan düşmənə nəyə qadir olduğunu göstərdi. Ordumuzun göstərdiyi bu şücaət, hamı kimi Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivini də ürəkdən sevindirir. Şuşa teatrının yaradıcı heyəti doğma Şuşaya qayıtmağın sevincini yaşayaraq, ordumuzun qələbə ruhunu əks etdirən "Aprelin dörd günü" adlı musiqili ədəbi - bədii kompozisiya hazırlayıb. Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının ildönümü ilə əlaqədar keçirilən - Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi, Şuşa Dövlət Musiqili Dram Teatrı, "Azərsun Holdinq" Şirkətlər qrupunun "Vətən dərsi" birgə layihəsi çərçivəsində təqdim olunan kompozisiya, Azərbaycan və Türk şairlərinin şeirləri əsasında Loğman Kərimov tərəfindən səhnələşdirilib. Kompozisiyanın hazırlanmasında Azərbaycan bəstəkarlarının musiqilərindən, Azərbaycan ordusunun qüdrətini əks etdirən video materiallardan istifadə olunub. "Azərsun Holdinq" Şirkətlər qrupunun Mədəniyyət Mərkəzində keçirilən tədbiri Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vusalə Fətəliyeva açaraq, aprel ayının əvvəlində işğalçı Ermənistanın hərbi birləşmələrinin atəşkəs rejimini pozaraq mövqelərimizə etdiyi hücumların qarşısını alan zaman igid oğullarımızın göstərdiyi qəhrəmanlığı, qazanılan qələbəni Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi kimi dəyərləndirmiş, ordumuzun rəşadəti sayəsində torpaqlarımızın tezliklə düşmən işğalından azad ediləcəyinə, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıdacaqlarına inam ifadə edib. Şəhid olmuş bütün Azərbaycan övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə "Azərsun Holdinq" Şirkətlər qrupunun əməkdaşı Afik Səfərov çıxış edərək aprelin dörd günü ərəfəsində əsgər və zabitlərimizin şücaətini, qəhrəmanlığını xüsusi qeyd edib. Eyni zamanda tədbir Bakı şəhərinin Yasamal rayonunun ərazisində yerləşən 53 nömrəli məktəbdə davam edib.
"Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi"nin üzvləri ilə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərovla İcmanın mərkəzi qərargahında görüş keçirilib. Görüşdə "Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi"nin sədri, müharibə veteranı Radə Abbas, "Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatı" ictimai birliyinin sədri, abidəşünas Faiq İsmayılov, "Əsgər Ailələrinə Dəstək" İctimai Birliyinin sədri Cəfərova Mətanət Əsgərqızı və tarixçi - etnoqraf Ramazan Hüseynov iştirak ediblər.
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin mərkəzi qərargahında " Xankəndi " Məcburi Köçkünlərə Dəstək ictimai birliyinin xətti ilə çəkilən "Xankəndi məcburi köçkün və şəhid ailələrinin yaşam mücadiləsi" videoçarxının təqdimatı keçirilib. Tədbirdə Şuşa rayon İcra
Hakimiyyətinin başçısı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı icması" İctimai Birliyi İdarə Heyətinin sədri-icma rəhbəri Bayram Səfərov, Milli Məclisin deputatları - Flora Qasımova, Gövhər Baxşəliyeva, Aydın Mirzəzadə, icma üzvləri, Xankəndi və Şuşa ziyalıları iştirak edib. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Azərbaycan övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi İdarə Heyətinin sədri-icma rəhbəri Bayram Səfərov açaraq, videoçarxın erməni silahlı qüvvələri tərəfindən Xankəndi camaatının öz doğma torpağından didərgin salınaraq, məcburi köçkünə çevrilməsindən, onların yaşam mücadiləsindən, bütövlükdə Qarabağ ağrı-acılarından, faciələrindən, şəhid ailələrinin həyatından bəhs etməsindən danışıb. B.Səfərov ötən illər ərzində Azərbaycanın bütün istiqamətlər üzrə çox böyük uğurlara imza atdığını, beynəlxalq əlaqələrimizin genişləndiyini, ölkəmizin bu gün dünyada çox etibarlı tərəfdaş kimi tanınmasını bildirib. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, " Azərbaycan heç vaxt - nə bu gün, nə on ildən sonra, nə də yüz ildən sonra əzəli torpağımız olan Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək razılaşmaya getməyəcək. Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməli, işğalçı Ermənistanın hərbi qüvvələri zəbt olunmuş Dağlıq Qarabağ və ətraf rayonlardan çıxmalıdırlar. Beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının müvafiq qətnamələri də elə bunları tələb edir". Sonra " Xankəndi məcburi köçkün və şəhid ailələrinin yaşam mücadiləsi " videoçarxı nümayiş etdirilib. Milli Məclisin deputatları - Flora Qasımova, Gövhər Baxşəliyeva, Aydın Mirzəzadə öz çıxışlarında erməni vandallarının vəhşiliklərinin ifşasından, məcburi köçkünlərin öz el-obasına, yurduna olan həsrət və bağlılıqlarından, nəyin bahasına olursa-olsun, torpaqlarına qayıtmaq istəyindən söhbət açıblar. Tədbirin sonunda "Xankəndi-Məcburi Köçkünlərə Dəstək" ictimai birliyinin sədri Xatirə Vəliyeva çıxış edərək "Xankəndi məcburi köçkün və şəhid ailələrinin yaşam mücadiləsi" videoçarxının ərsəyə gəlməsində əziyyəti olan hər kəsə öz təşəkkürünü bildirib.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 15 dekabr.- S.15.