QHT-lər gənclərin vətənpərvər
ruhda tərbiyəsində aktiv rol oynayır
Gənclərin milli mənlik şüurunun
inkişaf etdirilməsi, onlarda
vətənpərvərlik hisslərinin artırılması
istiqamətində qeyri-hökumət təşkilatları da üzərilərinə düşən vəzifənin
öhdəsindən layiqincə gəlirlər. Məhz bu kimi tədbirlərin nəticəsidir
ki, getdikcə vətənpərvər gənclərin
sayı artır. Belə tədbirlərədən
biri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-
Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının dəstəyi ilə, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının və Anadolu Universiteti "Azərbaycan
Proqramları"nın birgə təşkilatçılığı
ilə baş tutub.
"Milli Mənəvi Dəyərlərin Qorunmasında Vətənpərvərliyin rolu" tədbirdə, Anadolu Universiteti "Azərbaycan Proqramları"nın Kooordinatoru Azər Hətəmov, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının Prezidenti, İctimai Televiziyanın Yayım Şurasının üzvü Sevil Yusifova, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının Vitse-Prezidenti Şəhla Bayat və Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İstitutunun Filologiya üzrə fəlsəfə doktoru, Dosent Esmira Fuad iştirak edib. Tədbiri giriş sözü ilə açan Koordinator Azər Hətəmov, qonaqları və tələbələri salamlayaraq, tədbirin əhəmiyyətindən, bunun Azərbaycan gəncləri üçün nə qədər önəmli olmasından bəhs edərək, son zamanlar ölkəmizdə bu istiqamətdə çox böyük işlərin görüldüyünü qeyd edib. Həmçinin natiq Azər Hətəmov çıxışında gənclərə xitabən deyib: "Qarabağ kimi problemimizin olması və yeni müstəqillik qazanmış bir ölkə olaraq, vətənpərvərlik, həmçinin hərbi vətənpərvərlik mövzusunun aktuallığı bizlər üçün hər zaman böyük əhəmiyyət kəsb edir və buna görə də gənclərimizi milli ruhda, vətənpərvər yetişdirməliyik ki, gələcəkdə Azərbaycan üçün öz töhfələrini verə bilməklə yanaşı layiqli vətəndaş olsunlar". Daha sonra Koordinator Azər Hətəmov, Layihənin rəhbəri, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının Prezidenti, İctimai Televiziyanın Yayım Şurasının üzvü Sevil Yusifovanı gənclərə təqdim edərək onun 2010-cu ildə Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edildiyini, Azərbaycan və Gürcüstan QHT-ləri tərəfindən də mükafatlandırıldığını qeyd edərək sözü Sevil xanıma verib. Sevil Yusifova öz nitqində vurğulayıb: "Bu gün burada sizlərlə görüşümüzü təşkil edən, Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmova, layihəmizin həyata keçməsində, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkür edirəm. Əziz Anadolu Universitetinin tələbələri. Sizlər hansı ixtisasın sahibi olursunuz olun, ən vacibi öz dilinizi, Azərbaycan dilini yaxşı bilərək qoruyub saxlamalısınız. Bu cəmiyyətdə sizlərin bir fərd kimi, şəxs kimi, savadlı bir insan imicinizi yaradacaq. Milii mənəvi dəyərlər hər bir vətəndaşın cəmiyyətdə formlaşmasına və inkişafına təkan verən dəyərlərdir. Qloballaşan dünyada , hər bir kiçik dövlət öz milli mənəvi dəyərlərinə sahib çıxacaqsa, bu qloballaşmanın içində əriyib getməyəcək. Siz gənclər bugün hər biriniz bizim Türkiyədəki diaspora gücümüzsünüz, Azərbaycanı hər kəs öz şəxsində necə təqdim edirsə, təkcə millətini deyil, o həmçinin ailəsini və özünü təqdim etmiş olur. Bizlər öz milli dəyərlərimizin fərqinə başqa xalqların yanında olanda vara bilirik və nə qədər milli mənəvi dəyərləri zəngin bir millət olduğumuzu bir daha anlayırıq". Daha sonra söz Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İstitutunun Filologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Fuada verilib. Esmira Fuad öz çıxışında qeyd edib ki, "Siz tələbələrin keyfiyyətli insan kimi formalaşması, Anadolu Universiteti və bütün təhsil müəssisələrinin əsas hədəf nöqtəsidir. Sizlərin digər tələbələrdən bir üstünlüyünüz və fərqiniz vardır ki, siz Türkiyənin Anadolu Dövlət Universitetində distant formada təhsil almaqla, universitetiniz ilə məsafədən əlaqəyə girərək fərqli və müasir təhsil almaqdasınız. İnsanı insan edən onun milli dəyərlərə sahiblik duyğusunun hansı səviyyədə olmasıdır. Bir insanın maddi zənginliklərinin miqdarının çoxluğundan asılı olmayaraq, əgər o insanın ayağı vətən torpağına dəymirsə, o sadəcə canlı bir varlıqdır. Əgər bizim torpağımız , himnimiz, gerbimiz, bayrağımız yoxdursa biz kimə gərəyikki? Təhsil aldığınız qardaş Türkiyədə , 29 Oktyabr olduğum zaman Cümhuriyyət günü münasibətilə, bütün eyvanlarda bayraqlar asıldığının şahidi oldum, sanki binalarda lalələr açılmışdır, bu çox qürurverici bir hissdir. Bizlər də bayrağımızı evlərimizdən, eyvanlarımızdan sevgi və istəklə asmalıyıq. Cənubi Azərbaycan şairi Əli Daşqının bayrağımıza həsr etdiyi "Mən səni öylə sevdim ki" şeirini səsləndirən Esmira Fuad, şeirdəki "Mavi gözlü, yaşıl telli, al çiçəkli köynəyini" misrasında, şairin milli atributlarımızı vəsf etdiyini bildirdi" Sonra söz Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının vitse-prezidenti, Azərbaycan Times İnformasiya Agentliyinin rəhbəri Şəhla Bayata verilmişdir. Şəhla Bayat öz çıxışında: "Vətənpərvərlik ancaq hərbiçilərdə olmalı deyil, bizim hər birimizdə olmalıdır. Vətənpərlik ən birinci vicdandan başlayır, vicdansız adam vətənini sevə bilməz." Daha sonra tələbələrlə intellektual oyunlar apararaq, milli atributlarımızın mənalarından danışan Şəhla Bayat, tələbələri vətəni, milləti üçün könüllü olaraq xidmət göstərməyə dəvət edib". Tədbirdən sonra Anadolu Universiteti "Azərbaycan Proqramları"nın Koordinatoru Azər Hətəmov qonaqları qəbul edərək, tədbirin mövzusunun müzakirəsini dəyirmi masada davam etdiriblər, layihənin rəhbəri Sevil Yusifova, Anadolu Universiteti "Azərbaycan Proqramları" ilə əməkdaşlıqdan hər zaman məmnun olduğunu bildirərək, gənclərimizdə vətənpərvərlik ruhunun inkişafına yönələn əməkdaşlığa görə də, Koordinator Azər Hətəmova öz dərin minnətdarlığını bildirib. Eyni zamanda Koordinator Azər Hətəmov da, bu istiqamətdə gördüyü işlərə, belə layihələri həyata keçirdiyinə görə , Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının Prezidenti Sevil Yusifovaya öz təşəkkürünü bildirib.
Azərbaycan Memarlıq və İnşaat Universitetində isə veteranlarla görüş keçirilib. Tədbirdə veteranlar, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə və müəllimləri iştirak ediblər.Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatı sədrinin müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov təşkilatın fəaliyyəti, xüsusilə gənclərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində görülən işlər barədə geniş məlumat verib. Bildirilib ki, Respublika Veteranlar Təşkilatı gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda yetişmələri üçün ardıcıl iş aparır, müxtəlif universitetlərdə görüşlər keçirir, Azərbaycanın şanlı hərb tarixinin təbliğində bilik və təcrübəsini əsirgəmir. Bu tədbirlərin təşkilinin əsas məqsədi gənclərimizi erməni hərbi birliklərinin işğalı altındakı Vətən torpaqlarını azad etməyə hazır olmağa ruhlandırmaqdır. Bu ilin aprelində cəbhə xəttində dördgünlük müharibə göstərdi ki, ölkə gəncləri Vətəni, torpağı uğrunda canından keçməyə hazırdırlar. Aprel döyüşlərində cəmiyyətin orduya, Azərbaycan əsgərinə dəstəyi ölkədə vətənpərvərlik hisslərinin güclü olduğunu bir daha nümayiş etdirib. O, diqqətə çatdırıb ki, Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən ordu quruculuğu sahəsində aparılan ardıcıl iş torpaqlarımızın işğaldan azad ediləcəyinə hər kəsdə qəti inam yaradıb. Aprel hadisələri qəhrəman Azərbaycan əsgərinin nəyə qadir olduğunu bir daha sübut edib. Müharibə əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, bütün veteranlarımıza göstərilən qayğı da məhz buna xidmət edir. Azərbaycanda veteranlara qayğı ardıcıl həyata keçirilən dövlət siyasətidir. Biz də bu diqqət və qayğıya əməli işimizlə cavab vermək üçün bütün imkanlarımızı səfərbər etmişik. Tədbirdə İkinci Dünya müharibəsi veteranları Bəkir Məmmədov, Daməd Nəbiyev, Respublika Veteranlar Təşkilatının nümayəndələri, universitetin tələbələri çıxış edərək ali təhsil ocaqlarında keçirilən belə görüşlərin əhəmiyyətindən danışıblar. Sonda təhsildə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində fərqlənən bir qrup müəllim və tələbəyə Respublika Veteranlar Təşkilatının yubiley medalları və fəxri fərmanları təqdim edilib.
"Əqli Mülkiyyətçilərə Kömək" İctimai Birliyi isə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədilə həyata keçirdiyi layihəni yekunlaşdırıb. "Gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi tədbirlərinin həyata keçirilməsi" adlı layihə çərçivəsində sonuncu tədbir Biləsuvar rayonu ərazisindəki 2 saylı Cəbrayıl qəsəbəsində təşkil olunan tədbirdə gənclər, orta məktəblərin yeniyetmə şagird və müəllimləri, İcra Hakimiyyətinin nümayəndələri, ekspertlər iştirak ediblər. Layihə rəhbəri Əfqan Qafarov qeyd edib ki, "Əqli Mülkiyyətçilərə Kömək" İB-nin bu təşəbbüsü köçkün qəsəbələrində yaşayan gənclərin və yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsinə dəstək məqsədi daşıyıb, onlar arasında Azərbaycançılıq ideologiyası ilə bağlı informasiya çatışmazlığını aradan qaldırmağa yönəlib. Layihənin eksperti Seymur Verdizadə 2016-cı ilin 2-5 aprel aralığında Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin, qəhrəmanlıq göstərən döyüşçülərimizin Azərbaycan gəncləri üçün vətənpərvərlik nümunələri olduğunu vurğulayıb. O, yeniyetmə və gəncləri dövlətin və millətin mənafeyini hər şeydən üstün tutmağa çağırıb. Cəbrayıl rayon İcra Hakimiyyətinin nümayəndəsi Fəridə İbayeva, "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal, orta məktəb müəllimləri, Sədaqət Ağayev, Vəli Cəlilov layihənin əhəmiyyətindən danışıb, onun gələcəkdə davam etdirilməsinin zəruriliyi qeyd ediblər. Tədbirin sonunda "Əqli Mülkiyyətçilərə Kömək" İctimai Birliyi adından layihə çərçivəsində keçirilmiş əvvəlki tədbirlərin aktiv iştirakçılarına diplom və hədiyyələr təqdim olunub.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 17-19 dekabr.- S.15.