Orduda vətənpərvərlik
tədbirləri davam etdirilir
"Açıq
qapı" günü də bu məqsədə xidmət edir
Azərbaycan ordusuna dövlət tərəfindən
göstərilən diqqət və qayğı davam etdirlir. Həmçinin
orduda vətənpərvərlik hissinin artırılmasında böyük
önəm daşıyan ictimaiəyytlə əlaqələrin
genişlənməsinə böyük yer verilir. Elə bu məqsədlə ölkənin Müdafiə
Nazirliyi mütəmadi olaraq
müxtəlif tədbirlər təşkil edir.
Növbəti tədbirlərdən biri əsgər
valideyinləri üçün təşkil
edilən "Açıq qapı" günüdür.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, dekabrın 30-da saat 11.00-da 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü keçiriləcək. Həmin gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkəcək, eləcə də qonaqlar üçün müxtəlif döyüş texnikaları və silahların nümayişi təşkil olunacaqdır. Hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək "Açıq qapı" günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran bütün məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan ordusunun artan qüdrəti dünya, eləcə də qonşu dövlətlərin diqqətindən kənar qalmır. Daha dəqiq, region dövlətlər Azərbaycanla həri əməkdaşlığa üstünlük verirlər. Azərbaycanın və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planınin imzalanması dediklərimizə bariz nümunədir. Sənəd Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Müdafiə naziri Levan İzoria ilə keçirilən görüşü çərçivəsində imzalanıb. Görüşdən əvvəl Gürcüstanın nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Qonaqlar, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri, "Əbədi məşəl" abidəsi önünə əklil qoyublar. Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Gürcüstanın Müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq "Şərəf kitabı" imzalanıb. Azərbaycanın və Gürcüstanın Müdafiə nazirləri arasında əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüş keçirilib. Qonaqları salamlayan general-polkovnik Z.Həsənov gürcüstanlı həmkarını yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Ölkələrimizin hərbi əməkdaşlığının ikitərəfli və NATO çərçivəsində həyata keçirilən proqramlar, treninqlər vasitəsilə, eləcə də Azərbaycan-Türkiyə-Gürcüstan hərbi qurumları formatında aparıldığını xatırladan general-polkovnik Z.Həsənov vurğulayıb ki, gələn ildə də ikitərəfli və üçtərəfli təlimlərin keçirilməsi planlaşdırılır. Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın yüksək səviyyəsindən danışan general-polkovnik Z.Həsənov bunun təkcə ölkələrimizin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. Müdafiə naziri beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəklədiklərinə, respublikamızın ərazi bütövlüyünü, Dağlıq Qarabağı onun ayrılmaz tərkib hissəsi kimi tanıdıqlarına görə gürcü xalqına minnətdarlığını bildirərək vurğulayıb ki, Azərbaycan da Gürcüstanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.General-polkovnik Z.Həsənov ölkələrimizin hərbi qurumları arasında 2017-ci il üçün əməkdaşlıq planının səmərəli tərəfdaşlığımızın möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirib. Azərbaycanın Müdafiə naziri görüşdə Ermənistanın regional sabitliyə əsas təhlükə yaratdığını, işğalçı ölkənin dövlət səviyyəsində daim separatizmi dəstəklədiyini diqqətə çatdırıb. İlk rəsmi səfərini məhz Azərbaycana etməsindən məmnunluğunu bildirən L.İzoria bunun ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəsinin bariz nümunəsi olduğunu vurğulayıb. Dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını deyən Gürcüstanın Müdafiə naziri bu cür görüşlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından zəruriliyini xüsusi qeyd edib.L.İzoria onu da bildirib ki, gələn ildən Gürcüstan da Azərbaycan ilə Türkiyə arasında keçirilən birgə hərbi təlimlərdə iştirak etməyə hazırdır. Görüşdə Azərbaycan ilə Gürcüstan Müdafiə nazirlikləri arasında hərbi, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın perspektivləri, birgə hərbi təlimlərin keçirilməsinin imkanları, işçi görüşlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov paralel olaraq ölkəmizdə səfərdə olan ABŞ-ın Nəqliyyat komandanı general Darren MakDyunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə naziri qonaqları salamlayaraq regiondakı hərbi-siyasi vəziyyət, Ermənistanın işğalçılıq siyasətinin davam etməsi, son zamanlar cəbhə bölgəsində baş verən atəşkəs rejiminin pozulması hallarının artması və bu təxribatların erməni silahlı bölmələri tərəfindən törədilməsi barədə onlara ətraflı məlumat verib. Bölgədə nüvə təhlükəsizliyinin gücləndirilməsi məsələsinə də toxunan general-polkovnik Z.Həsənov vurğulayıb ki, bu, təkcə region üçün deyil, həm də dünya üçün ciddi bir problemdir. Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın müxtəlif istiqamətləri üzrə əldə edilmiş müsbət nəticələrdən danışan general-polkovnik Z.Həsənov qarşılıqlı əlaqələrin genişlənməsindən məmnunluğunu ifadə edib.Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə verdiyi töhfəyə görə minnətdarlığını bildirən ABŞ-ın Nəqliyyat komandanı da ölkələrimiz arasında səmərəli hərbi əməkdaşlığı yüksək qiymətləndirib.Tərəflər ikitərəfli əməkdaşlığa dair bir sıra digər məsələləri də müzakirə ediblər. Onu da qeyd edək ki, orduda vətənpərvərlik hissinin yüksəlməsinə xidmət edən tdbirlər vətəndaş cəmiyyətləri tərəfindən də həyata keçirilir. Aydınlar Ocağı Humanitar ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirdiyi "Qəhrəmanların təbliği məqsədilə tədbirlərin təşkili" layihəsinə yekun vurub. Layihə Bakı və Gəncə şəhərlərində, Ağdam, Bərdə, Tərtər və Füzuli rayonlarında icra edilib.Keçirilən bütün seminarlar torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib. Seminarlarda rayon icra hakimiyyətlərinin, gənclər və idman idarələrinin, ziyalıların, tələbə və şagirdlərin iştirakı ilə geniş müzakirələr aparılıb. Ekspertlər layihənin əhəmiyyətindən, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyindən danışaraq təmas xəttində baş verən hadisələrə diqqət çəkərək ermənilərin mütəmadi təxribat diversiya həmlələrinə baxmayaraq Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində itki verərək geri çəkildiklərini qeyd ediblər. Natiqlər Milli Qəhrəmanların təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin istər məktəblilər, tələbələr, istərsə də digər gənclər arasında təbliğ olunması işinin bugünkü vətənpərvər gənclərdən ibarət Milli Ordunun formalaşmasında xüsusi rolu olduğunu qeyd ediblər. Aydınlar Ocağı humanitar ictimai birliyinin sədri, layihənin koordinatoru Vüqar Qədirov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ordu quruculuğunda apardığı islahatlardan danışaraq, aparılan siyasət nəticəsində Azərbaycan Ordusunun müasir silah -sursatla təminatı ilə bərabər ordumuzda vətənpərvərlik ruhunun ən yüksək səviyyədə olduğunu qeyd edib. V. Qədirov çıxışında qəhrəmanlarımıza ən böyük dəstəyin və qayğının Prezident İlham Əliyev tərəfindən olduğunu və bunun gənclərimizdə böyük ruh yüksəkliyi yaratdığını bildirib. Natiq Prezident İlham Əliyevin Mübariz İbrahimovu təmas xəttinin ermənilərə aid hissəsində xüsusi qəhrəmanlıq göstərərək şəhid olduğuna görə Azərbaycanın Milli Qəhrəmanı adı ilə təltif etdiyini, Milli Qəhrəmanımızın nəşinin ölkəmizə gətirilməsinə nail olduğunu və dəfnində iştirakını gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasına ən böyük töhfəsi kimi qeyd edib. Prezidentimizin ordumuza və gənclərimizə qayğının nəticəsi idi ki, 2-5 aprel savaşlarında Azərbaycan oğulları ermənilərin Füzuli rayonunun Lələtəpə ərazisindən diversiya-təxribat hücumları təşkil etdiyi zaman xüsusi qəhrəmanlıq göstərərək Ermənistan ordusunu darmadağın etdi, strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyini və Tərtər istiqamətində Talış yüksəkliyini ələ keçirərək 7 milyon kvadrat metr ərazini işğaldan azad etdi- deyən V. Qədirov düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Telman oğlu Mirzəyevin Prezident İlham Əliyevin sərəncamı ilə Milli Qəhrəman adına layiq görüldüyünü qeyd edib. Tədbirlərdə çıxış edən natiqlər vurğulayıblar ki, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında qəhrəmanların təbliği xüsusi önəm daşıyır. Çıxışçılar Ermənistanın Azərbaycan torpaqlarına silahlı təcavüzünün dəf edilməsində xüsusi qəhrəmanlıq göstərmiş şəxslərin adlarının əbədiləşdirilməsinin, onların qəhrəmanlığını tərənnüm edən bədii əsərlərin yazılmasının, orta ümumtəhsil məktəblərində, kolleclərdə və ali təhsil müəssisələrində mütəmadi tədbirlərin təşkilinin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusi rola malik olduğunu bildiriblər.
Olaylar.- 2016.- 20 dekabr.- S.15.