Ordu quruculuğunda əldə

edilmiş uğurlu nəticələr

 

Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinə müsbət təsir edir

 

Ölkənin müxtəlif bölgələrində hərbi vətənpərvərlik tədbirləri davam etdirilir. Tədbirlərə müxtəlif yaş kateqoriyalarına daxil olan insanlar cəlb edilir. Belə tədbirlərdən biri Lənkəran şəhər 7 saylı orta məktəbində baş tutub. Bu təhsil ocağının məzunu olmuş, Azərbaycan Silahlı Qüvvələrinin şəhid zabiti Qalib Layim oğlu Zülfüqarlının anım mərasimi keçirilib.Tədbirdə rayonun icra strukturlarının nümayəndələri, hərbi qulluqçular, Qarabağ müharibəsi veteranları, məktəbin şagird və müəllimləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məktəbin direktoru Ülviyyə Əliyeva şəhid zabitin ömür yolundan danışıb. Diqqətə çatdırılıb ki, Qalib Layim oğlu Zülfüqarlı 1992-ci il dekabrın 20-də anadan olub. Lənkəran şəhər 7 saylı orta məktəbini bitirdikdən sonra 2010-cu ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunub. 2014-cü ildə leytenant rütbəsi ilə cəbhənin ön sıralarında hərbi xidmətini davam etdirib. Zabiti olduğu hərbi hissənin döyüşçüləri ilə birlikdə Qalib Zülfüqarlının döyüşlərdə fərqləndiyi, komandanlığın təşəkkürnamələri ilə təltif olunduğu bildirilib. Qeyd olunub ki, ötən il martın 27-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu ərazisində düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbçi ölkə başçısı İlham Əliyevin tapşırığı və müdafiə naziri Zakir Həsənovun əmri ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunub. Mərasimdə Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov, Milli Qəhrəman Əsgər Əliyevin atası Ələkbər Əliyev, Lənkəran Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Cəmil Axundzadə, Qarabağ Müharibəsi Əlilləri və Veteranları Cəmiyyətinin sədri Əbülfət Əliyev, müəllim Amil Qurbanov və digərləri çıxış edərək Vətən torpaqları uğrunda şəhid olmuş Qalib Zülfüqarlının daim xatirələrdə yaşayacağını, onun qısa, lakin mənalı ömür yolunun gələcək nəsillərə örnək olacağını bildiriblər. Şəhid leytenantın atası Layim Veysəlov göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. Oğlunun Vətən uğrunda şəhidliyindən böyük iftixar hissi keçirən ata yeganə oğlu Qabillə birlikdə döyüşə atılmağa hazır olduğunu bəyan edib. Anım mərasimində məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilib. Zərdab Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşkilatçılığı ilə "Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir" devizi altında hərbi vətənpərvərlik tədbiri keçirilib.Tədbir iştirakçıları əvvəlcə mütəşəkkil ordumuzun qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla yad ediblər. Sonra Şəhidlərin xatirə parkı, Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun abidəsi, eləcə də aprel döyüşlərində şəhid olmuş zərdablı gizir Nurlan Abdullazadənin Böyük Dəkkə kəndindəki məzarı ziyarət olunub. Heydər Əliyev Mərkəzində keçirilən hərbi vətənpərvərlik tədbiri Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev çıxışında bildirib ki, milli mətbuatımızın banisi Həsən bəy Zərdabi kimi böyük mütəfəkkiri dünyaya bəxş edən bu diyarın insanları Vətənə, dövlətə, xalqa, Ulu öndər Heydər Əliyevin ideyalarına həmişə sədaqət nümunəsi göstərib və bu günöz ənənələrinə sadiqdirlər: "Yüzlərlə zərdablı Qafqaz dağlarının ətəklərindən Berlinədək şanlı döyüş yolu keçib, İkinci Dünya müharibəsinin Qələbə tarixinə unudulmaz qəhrəmanlıq səhifələri yazıblar. Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun, "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif olunmuş Muradalı Heydərovun adları hərb tarixinə qızıl hərflərlə həkk edilib. Qarabağ uğrunda döyüşlərdə neçə-neçə zərdablı gənc Vətən qarşısında öz övladlıq borcunu şərəflə yerinə yetirib, 130-dan çox həmyerlimiz şəhidlik zirvəsinə ucalıb". İcra başçısı bütün xalqımız kimi hər bir zərdablının da hər an Ali Baş Komandanın əmrlərinə hazır olduqlarını bir daha nəzərə çatdırıb. Ali Baş Komandanın cəbhə bölgələrinə səfərlərini əks etdirən videoçarxın nümayişindən sonra Lələtəpə uğrunda döyüşlərin iştirakçısı, Müdafiə Nazirliyinin zabiti, əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani çıxış edib: "Tədbirə çox gözəl ad seçilib: "Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir". Bu dəyərli sözlər Cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məxsusdur. Bu, həqiqətən də belədir. Məhz Azərbaycan Ordusu müdrik və qətiyyətli sərkərdəmizin - Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aprel döyüşlərində qələbə qazandı, düşmənin layiqli dərsini verdi. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərində işğal altında olan 2000 hektardan çox torpaq uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edildi, minlərlə hektar torpaq Azərbaycan Ordusunun tam nəzarətinə keçdiuzun illərdən sonra qəhrəman döyüşçülərimiz xalqımıza qələbə sevinci yaşatdı. Ali Baş Komandanımızın da dəfələrlə dediyi kimi, aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi". Polkovnik A.Qurbani Lələtəpə əməliyyatları, zərdablı zabit Elşən Qarayevin həyat yolu, Lələtəpə uğrunda döyüşlərdə xüsusi xidmətləri barədə ətraflı məlumat verib. Tədbir iştirakçıları döyüşlərdə sağ ayağını itirmişbir neçə yara almış aprel döyüşlərinin qazisini, Lələtəpə fatehlərindən biri olan E. Qarayevi ayaq üstə alqışlarla qarşılayıblar. Bəstəkar Azad Zahidin A. Qurbaninin sözlərinə yazdığı "Lələtəpə fatehləri" qəhrəmanlıq odası ifa edilib. Aprel döyüşlərində göstərdiyi şəxsi şücaət və rəşadətə görə Prezidentin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuş E.Qarayev həmin döyüşləri xatırlayıb, Qarabağ uğrunda döyüşlər başlayacağı təqdirdə yenə də cəbhədə, qəhrəman döyüşçülərin sıralarında olacağına söz verib: "O gecə heç kimdə qorxu hissi deyilən şey yox idi. Məqsədimiz düşmənin silahlı təxribatının qarşısını almaq, onu geri oturtmaqstrateji yüksəkliyi ələ keçirmək idi. Bilirdik ki, ölsək, yaralansaq xalqımız bizi yaşadacaq, xatirəmizi əziz tutacaq, adımızı əbədiləşdirəcək, ailəmizi diqqət və qayğı ilə əhatə edəcək. Təki Vətən sağ olsun!" Vaxtilə igid zabitə dərs demiş Zərdab şəhər 3 nömrəli tam orta məktəbinin müəllimi Solmaz Məmmədova, sinif yoldaşı Natiq Mehrəliyev, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Zərdab rayon şöbəsinin sədri Neman Yediyarov çıxışlarında Elşənin və aprel döyüşlərinin bütün iştirakçılarının qəhrəmanlıqlarından qürur duyduqlarını bildiriblər. Respublika Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bir neçə gün öncə cəbhə bölgələrinə səfərlərinin təəssüratlarını danışıb: "Bu gün Azərbaycan Ordusu nəinki regionun, hətta dünyanın ən güclü orduları sırasındadır. Bütün hərbi hissələrdə, eləcə də cəbhə bölgələrində əsgəri xidmət üçün hər cür şərait yaradılıb, hərbçilərin döyüş ruhu, vətənpərvərlik hissi çox yüksəkdir. Prezident, Ali Baş Komandan İlham Əliyevin cəbhə bölgələrinə səfərləri, hərbçilər qarşısında proqram əhəmiyyətli çıxışları, döyüşlərdə fərqlənmiş bir qrup hərbi qulluqçunu qiymətli hədiyyələrlə mükafatlandırması ön səngərlərdəki əsgərlərin qələbə əzmini daha da artırıb və onlar istənilən anda aprel döyüşlərində qazanılan qələbəni təkrarlamağa hazırdırlar". Lələtəpə uğrunda döyüşlərin fəal iştirakçılarından olan polkovnik-leytenant Elşən Qarayevə və aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmış gizir Nurlan Abdullazadənin ailəsinə Respublika Veteranları Təşkilatının yubiley medalları təqdim edilib. Zərdab Rayon İcra Hakimiyyətinin rəhbərliyinə rayonda vətənpərvərlik işinin təşkilində xidmətlərinə görə həmin təşkilatın xüsusi mükafatları verilib. Tədbirin sonunda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı L.Babayev müharibə şəraitində olan bir məmləkətdə belə hərbi vətənpərvərlik tədbirlərinə böyük ehtiyac olduğunu, bu istiqamətdə bundan sonra da yeni-yeni tədbirlərin təşkil ediləcəyinə əminliyini bildirib, zərdablıların da Ali Baş Komandanın əmrlərinə hər an müntəzir olduğunu söyləyib. Bu arada orta məktəb şagirdlərinin vətənpərvərlik ruhunun tərbiyyəsi istiqamətində də tədbirlər davam etdirilir. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə həyata keçirilən "Əsgərə məktub" layihəsi başa çatıb. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il bayramı münasibətilə BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin I-XI sinif şagirdləri könüllülük əsasında əsgərlərə məktub yazırlar. BŞTİ-dən bildiriblər ki, layihənin əsas məqsədi əsgərlərimizə mənəvi dayaq olmaq, ictimaiyyətin ordu ilə birliyini daha da gücləndirmək və məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsi işinə töhfə verməkdir. Şagird məktublarında Azərbaycan əsgərinə göstərdiyi qəhrəmanlığa və möhkəm iradəyə görə minnətdarlıq edilir, xalqımızın hər bir nümayəndəsinin döyüşə hazır olduğu bildirilir və ərazi bütövlüyümüzün bərpasına sonsuz inam ifadə olunur. Əsgərlərimizdə ruh yüksəkliyini daha da artırmaq məqsədi daşıyan layihə dekabrın 20-də tamamlanıb. Xalqımızın birliyini nümayiş etdirən, yaşından asılı olmayaraq hər kəsin mübariz ruhunun təcəssümü olan əsgərlərə yazılan məktublar paytaxtın təhsil işçiləri tərəfindən cəbhə bölgəsində xidmət edən əsgərlərimizə çatdırılacaq.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 22 dekabr.- S.15.