Gənclər milli qəhrəmanlarla
qürur duyurlar
Onların keçdiyi döyüş
yolu gənclərin vətənpərvərlik
hisslərini artırır
Gənclərin
milli mənlik şüurunun
inkişaf etdirilməsi, onlarda
vətənpəvərlik hisslərinin artırılması istiqamətində
müvafiq dövlət qurumları və yerli icra hakimiyyətləri
də məqsədyönlü tədbirlər həyata
keçirirlər. İstər paytaxtda,
istərsə də yerlərdə təşkil edilən bu kimi tədbirlər gənc nəsildə vətənpərvərlik
hisslərini kifayət qədər artırır. Bu baxımdan Xətai Rayon
İcra Hakimiyyəti də gənclərin
vətənpərvər ruhda tərbiyəsinə
yönəlik silsilə tədbirlər təşkil edir. Rayondakı 204 nömrəli məktəbdə isə Milli Qəhrəman Ələkbər
Əliyevin xatirəsinə həsr olunmuş ədəbi-bədii
gecə keçirilib. Tədbirdə şəhid qəhrəmanın
ailə üzvləri, yazıçı Oqtay
Rza , məktəbin müəllim və
şagirdləri iştirak ediblər.
Xatirə gecəsində şəhidin ömür yolu xatırlanıb. Qeyd olunub ki, Əliyev Ələkbər Həsən oğlu 22 dekabr 1955-ci ildə Qubadlının İşıqlı kəndində anadan olub. Sumqayıt Politexnik Texnikumunu bitirib. Qubadlı rayon kimya biriliyinin sədri, sonra isə kəndlərində sovxoz direktorunun müavini vəziyəsində işləyib. Əfsanəvi qəhrəman Ələkbər Əliyev Azərbaycan torpaqları uğrunda gedən vuruşlarda həmişə öz cəsarəti və döyüşkənliyi ilə fərqlənib. Çox qorxmaz bir döyüşçü olub. Sonuncu döyüşü Laçının Suarası kəndində olub. 1992-ci il 7 avqust tarixli gedən bu döyüşdə təkbaşına 20 erməni quldurunu məhv edib və qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə Ələkbər Həsən oğlu Əliyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Milli Qəhrəmanın portreti ətrafına toplaşan məktəblilər onun haqqında yazılan şerlər səsləndirdirib, bədii səhnəciklər nümayiş etdiriblər.
Tədbir çərçivəsində milli qəhrəmanlardan bəhs edən film nümayiş olunub.
263 saylı tam orta məktəbdə isə milli qəhrəmanlar, Qarabağ müharibəsi veteranları və iştirakçıları, həmçinin, aprel döyüşlərində şəhid olmuş pilot Təbriz Musazadənin atası ilə məktəb şagirlərinin görüşü keçirilib. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti Başçısı aparatının şöbə müdiri Pənah İmanov çıxış edərək, xalqımızın, o cümlədən, Qarabağ savaşında iştirak etmiş döyüşçülərin qəlbində xoş və unudulmaz xatirələrlə yuva salmış ümummilli liderimiz Heydər Əliyevin Qarabağ veteranlarına göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb. Natiq həmçinin bildirib ki, Heydər Əliyev hərbçilərə həmişə diqqət və qayğı ilə yanaşır, onların problemlərinin həllinə çalışır, müharibə veteranları, şəhid ailələrinə xüsusi diqqət göstərilməsini hamıdan tələb edirdi. Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən müharibə veteranları və şəhid ailələrinə göstərilən ehtiram və qayğı gündən-günə artırılır, onların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. Bu gün Heydər Əliyev Fondunun Prezidenti, Millət Vəkili Mehriban Əliyeva tərəfindən də sosial yardıma ehtiyacı olan vətəndaşların, xüsusi ilə veteranların, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin maddi, sosial, məişət problemlərinin həllinə böyük diqqət göstərilir. Görüşdə çıxış edən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədr müavini Şura Məmmədov, birliyin Xətai rayon filialının sədri Fuad Salahov, birliyin Nizami rayon filialının sədri Məhin Mehdiyev, Milli Qəhrəman Zabit Quliyev, Milli Qəhrəman Rövşən Əliyevin bacısı Fəranə Əliyeva dövlət tərəfindən Qarabağ veteranlarına, əlillərinə və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıblar. Natiqlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə işğal olunmuş torpaqlarımızın azad edilməsinə hər zaman hazır olduqlarını qeyd etmiş və dövlətimizin başçısının siyasətini hər zaman dəstəklədiklərini bildiriblər. Tədbir çərçivəsində bir qrup Qarabağ müharibəsi iştirakçısına diplom və "Vətən naminə" medalı təqdim olunub. Tədbir məktəb şagirdlərinin hazırladıqları bədii kompazisiya ilə davam etdirilib.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq Ukrayna meydanı yaxınlığında yerləşən Heydər Əliyev parkında Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə çağırış yaşı çatan gənclərin təntənəli ordu sıralarına yola salma mərasimi keçirilib. İlk öncə tədbir iştirakçıları rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Xətai rayon idarəsinin nümayəndələri, rayonun müəssisə və təşkilatının rəhbərləri, Xətai və Əhmədli bələdiyyələrinin sədrləri, çağırış yaşı çatan gənclər, veteranlar, rayon ictimaiyyətinin nümayəndələri və digər qonaqlar Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon İcra Hakimiyyətinin Başçısı cənab Razim Məmmədov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Ulu Öndər, Ümummilli liderimizin şah əsəri olan Müstəqil Azərbaycan Respublikası bu gün möhtərəm prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin yeritdiyi inamlı siyasət nəticəsində günbə gün inkişaf edir, çiçəklənir, dünyanın aparıcı dövlətlərindən birinə çevrilir. Amma təəssüflər olsun ki, hələ də torpaqlarımızin bir hissəsi düşmən işğalı altındadır. Bu da əlbəttə ki, hər bir Azərbaycan vətəndaşını narahat edir. Lakin qüdrətli Azərbaycan Ordusu hər an, hər saniyə torpaqlarımızı düşmən tapdağı altından azad etməyə hazırdı. Məlum aprel hadisələri zamanı biz bir daha bunun şahidi olduq. Və bu gün də orduya yola saldığımız bu gəncləri görəndə bu inam hissi daha da artır. İnanırıq ki, tez bir zamanda Ali Baş Komandanın rəhbərliyi altında zəfər bayramını qeyd edəcəyik. Mən bir daha vətənin keşiyini çəkmək üçün ordu sıraların yola düşən gənclərimizə uğurlar arzulayıram. Tədbirdə digər çıxış edənlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xətai Rayon Dövlət İdarəsinin rəisi Eldar Tağıyev, Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyi Xətai rayon şöbəsinin sədri Fuad Salahov, çağrışçı Elnur Nəbiyev və digərləri vətənin müdafiəsinə yola düşən gənclərə əsl mərdlik, şücaət məktəbini şərəflə keçməyi, hərbi texnikanın sirlərini mükəmməl öyrənməyi, hər an torpaqlarımızın azadlığı uğrunda müsəlləh əsgər olmağı arzulayıblar. Sonra hərbi xidmətə yola düşən gənclərə rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri verilib. Tədbir Xətai rayonunda fəaliyyət göstərən mədəniyyət evinin kollektivlərinin ifasında konsert proqramı ilə davam etdirilib.
Rayondakı "ALP INN " oteldə "Gənclərin Qarabağ müharibəsi veteranları və şəhid ailələrinin üzvləri ilə görüşlərin təşkili" layihəsi ilə bağlı Xətai rayon orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında "Qəhrəmanlar unudulmur" mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi təşkil olunub. Tədbirdə Xətai rayon Icra Hakimiyyətinin nümayəndələri, rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov, Gənclərin "Tənhalara Dayaq" İctimai Birliyinin sədri Xoşbəxt Seidova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin Xətai rayon filialının sədri Fuad Salahov, müsabiqədə iştirak etmiş şagirdlər və valideynlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Gənclərin "Tənhalara Dayaq" İctimai Birliyinin sədri Xoşbəxt Seyidova layihə haqqında ətraflı məlumat verib. O layihənin əsas məqsədininin yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin təbliği, vətənə sevgi və sədaqət hisslərini aşılamaq, həmçinin layihə vasitəsilə milli qəhrəmanlarımız və şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu haqqında yeniyetmə gəncləri məlumatlandıqmaq olduğunu qeyd edib. Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin Xətai rayon filialının sədri Fuad Salahov çıxışında torpaqlarının 20 faizi düşmən tapdağında olan, on minlərlə şəhid vermiş ölkə olaraq Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin gücləndirilməsinin ən aktual mövzulardan biri olduğunu bildirib. Daha sonra çıxış edən Xətai rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov bu cür tədbirlərin yeniyetmə və gənclərin vətənə sadaqət ruhunda böyüməsi, onlarda dövlət və vətən qarşısında vəzifələrinin layiqincə yerinə yetirilməsi sahəsində məsuliyyətin artırılması nöqteyi nəzərindən mühüm əhəmiyyət kəsb etdiyini və bu tədbirlərin Xətai rayonunda uğurla həyata keçirildiyini vurğulayıb. Sonra çıxış edən layihə iştirakçıları mövzu ilə əlaqədar öz təəssuratlarını paylaşıblar. Sonda qaliblər diplomla mükafatlandırılıblar.
Ümumiyyətlə, Xətai rayonunda şagirdlərə vətənpərvərlik ruhunun aşılanması və onların maarifləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu tədəbirlərin davamı olaraq Xətai rayonundakı 264 saylı orta məktəbdə "Qəhrəmanlar unudulmur" mövzusunda konfrans keçirilib. Tədbirdə Qarabağ müharibəsi əlilləri, veteranlar, rayonda fəaliyyət göstərən hərbi təhsil müəsisələrinin kollektivləri, QHT nümayəndələri, əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxıblar. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva bildirib ki, tədbirin əsas məqsədi gənc nəslə hərbi vətənpərvərlik tərbiyyəsini aşılamaq, həmçinin məktəb şagirdlərinin ordu sıralarında xidmətə hazırlanmasında köməkliyin göstərilməsidir. Qeyd olunub ki, bu istiqamətdə rayon İcra Hakimiyyəti tərəfindən mühüm işlər görülür. Məktəblərdə vətənpərvərlik mövzusunda tədbirlər təşkil edilir, "Cəsurlar" və "Şahinlər" hərbi idman oyunları və yazı inşa müsabiqələri keçirilir. Hazırda rayon ərazisində bir sıra hərbi təhsil müəsisələri o cümlədən Heydər Əliyev adına Ali Hərbi Məktəb, Cəmşid Naxçıvanski adına hərbi lisey fəaliyyət göstərir. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədr müavini Ariz Məmmədov, təşkilatın Xətai rayon filialının sədri Fuad Salahov, ehtiyatda olan zabitlər, şəhid ailələrinin təmsilçiləri və digər çıxışçılar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən islahatlardan, dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıblar. Vurğulanıb ki, ordumuzun gücləndirilməsi, şəhid ailələrinin, hərbi xidmətdə çalışanların həyat şəraitinin yüksəldilməsi dövlətin əsas prinsiplərindən biridir. Bu gün ölkədə Silahlı Qüvvələrin maddi texniki bazası möhkəmləndirilib, bütün hərbi hissələr müasir hərbi texnika ilə təchiz edilib, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan ordu yaradılıb. Tədbir çərçivəsində "Azərbaycan əsgəri" mövzusunda keçirilən rəsm sərgisinin qalibləri mükafatlandırldı. Sonra Milli Qəhrəmanlardan bəhs edən film nümayiş olunub. Tədbir şagirdlərin ifasında ədəbi-bədii kampazisiya ilə davam etdirilib.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 23 dekabr.- S.15.