ÜZSÜZLƏR
(hekayə)
Metroda
uzun müddət davam edən səssizlikdən sonra dar,
dörd divar bir hamamın döşəməsinə...
Metroda
uzun müddət davam edən səssizlikdən sonra dar,
dörd divar bir hamamın döşəməsinə
damcılayan su damcılarının yaratdığı
alçaq, amma olduqca aydın səs qədər diqqət
yaradan və eyni zamanda tükürpərdici ayaq səsləri
gəlməyə başladı. Kevin Makloded bu səsi
aydın eşitsə də nədəndir bilinməz, amma
özünü eşitməməzliyə vurub növbəti
qatarı gözlədi. Səs isə elə hey
yaxınlaşırdı. Təsadüfdən stansiyada Kevindən
başqa kimsə gözə dəymirdi. Sırf
bu durum Kevinin aramsız eşitdiyi ayaq səsləri daha da
vahiməli edirdi. Amma o, səsi önəmsəməyə
çalışır, evə getmək üçün minəcəyi
qatarı elə hey gözləyirdi. Qatarsa gəlmək bilmirdi, baxmayaraq ki, bir öncəki
qatarın stansiyanı tərk etməsindən 7 dəqiqədən
də çox vaxt keçmişdi. Kevin
son olaraq diqqətini gələcək qatara və gedəcəyi
evinə mərkəzləşdirib onu bu dəqiqə qorxudan
və ağlını məşğul edən əlavə
fikirlərdən uzaqlaşmaq üçün telefonun
qulaqcığını taxaraq, həzin bir musiqiyə qulaq
asmaq istədi. Amma onu ürküdən
sirli ayaq səsləri ilə bərabər telefonun musiqi
qutusundakı ilk mahnı da vahiməliydi. Üst-üstə
bu qədər təsadüf Kevini əməlli-başlı
qorxutmuşdu...
Cəmi 18 yaşı olmasına baxmayaraq Kevin, çox fərqli,
keşməkeşli və təlatümlü həyat hadisələrinin
şahidi olmuşdu. Yadına gəlir, son dəhşətli və
eyni dərəcədə maraqlı olay keçən ay, Nyu
Yorkun qıraq küçələrindən birində, sadə
bir məhəllədə, Kevinin gözləri önündə
baş vermişdi. Orta yaşlı,
saçlarının yarısı ağarmış,
başının önü azacıq dazlaşmış,
alnı nisbətən böyümüş məmur Stiveni o,
rəfiqəsi Amandanı görməyə gəldiyi zaman,
axşam saatlarında dəhlizdə, boynu
qırılmış, üzünün sağ almacıq
sümüyü əzilmiş və ağzında - üst
çənəsində yan-yana 3 azı dişi
sınmış halda görmüşdü. Əlbəttə
ilk dəfə gördüyü zaman qorxmuşdu, gənc dəliqanlı
Kevin. Amma cəsədə bir müddət diqqətlə
tamaşa etdikdən, üzərində sadə bir izləyici
kimi analiz apardıqdan sonra Kevin sakitləşmiş və
gördüyü hadisə fraqmentini sadəcə bəsit bir
cinayət, olası ölüm hadisəsi kimi qiymətləndirmişdi...
Anası ilə atası ta onun 5 yaşı olanda
ayrılmışdı. Bu səbəbdən bir müddət
valideyn problemi yaşayan Kevin özünün də arzusu ilə
15 yaşına qədər demək olar ki fasiləsiz, Texasda
- kiçik dayısı Semin yanında qaldı.
Kiçik bir əyalətdə polis komissarı işləyən
dayısının xüsusi tərbiyəsi və təlimatları
əsasında Kevin cinayət aləmini, cinayətkarların
xarakterlərini və baş vermiş cinayətlərin səbəb
və psixologiyasını demək olar ki, mənimsəmişdi...
Orta məktəbi
bitirdikdən dərhal sonra dayısının himayəsi,
anasının razılığı ilə sevdiyi və
seçdiyi Kollecdə oxumaq üçün Nyu Yorka, yeni tanış olduğu, amma cəld
dostlaşdığı tələbə
yoldaşlarının yanına gəldi. Bir müddət
yalnız qalmasına icazə verməyən ailəsi, daha
sonra Markus adlı, italyan əsilli, bir tələbə
yoldaşının yanında yaşamasına razı
oldular...
Bir
çox maqnatı, narkobaronu, onlarla siyasətçini, sənət
adamını, şou əhlini içində “həzm
etmiş” əfsanəvi Nyu York, Kevini elə-belə qəbul
etmək fikrində deyildi. Keçən hər
gün daha fərqli, daha çətin və daha
anlaşılmaz gəlirdi Kevinə. Öz
zalım və anarxist qaydaları ilə sanki Kevini
sınağa çəkirdi, zəngin Amerika şəhəri.
Saysız hesabsız qumarxanaları, möhtəşəm
rəqs və striptiz klubları, xüsusi elektron oyun mərkəzləri,
barları və s. – onun üçün hələ ki
qadağan edilmiş əyləncə vasitləriylə də
marağını çəkmirdi Kevinin, ekzotik Nyu York. Sanki Kevini bu şəhərə
bağlayan tamam başqa şey idi və çoxlarının
həyatını, ömrünü xərclədiyi ucuz gecə
əyləncələri onun üçün heç də cəlbedici
deyildi...
Arıq,
nisbətən ortaboylu, uzun və say, tünd qəhvəyi,
boynuna qədər tökülmüş saçları,
üzü təmiz, yumşaq dərili, ordları azacıq
batıq olan Kevin oxuduğu kollecdə bir çox qızın
marağını cəlb etmişdi. Üz quruluşundan
azacıq məşhur müğənni Castin Tinbrleyk-ə bənzəyən
Kevininsə qismətində kollecə daxil olduğu zamandan
üç ay sonra tanış olduğu,
alman əsilli, sarışın gözəl Amanda vardı. Ənənəvi dolu bədənli, nisbətən
kobud görünüşlü və tərzli alman
qızlarından çox fərqlənən Amandanın xarici
görünüşü cənubi avropalılara, yəni
yunanlara, italyanlara bənzəyirdi. Nə bilmək olar bəlkə
də əcdadı qədim Roma imperiyası zamanında
köçmüşdü Almaniyaya...
Onunla ilk dəfə bədən tərbiyəsi dərsində,
təsadüfən və səhvən girdiyi qızların
soyunma otağında təkbətək qalmışdı. Cəld
üzr istəyib otaqdan çıxmağa çalışsa
da, yeniyetmə gözəl, hətta yaşına görə
daha çox əsrarəngiz görünən Amanda, Kevinə
imkan vermədi. Sərrast baxışlarıyla onu bir
peşəkar ovçu kimi yaralayıb üzərinə yeridi
və qapını içəridən kilidlədi... Bəli, artıq onlar üz-üzə, nəfəs-nəfəsə
qalmışdılar. Yeniyetmə
ağlı durmuşdu. Damarındakı qanın təziqiylə
birlikdə ürəyinin döyüntüləri də
olduqca artan Kevin nə edəcəyini bilmirdi, sadəcə...
Bir də onda ayıldı ki, qarşısındakı
çılğın alman qızı onun incə, hətta
uzaqdan seçilməyən dodaqlarına açılmaz bir
kilid kimi bağlanmış, əllərini incə, arıq əllərinə
keçirmiş, nəfəsini nəfəsinə
dayamışdı... Amanda Kevindən azacıq
dolu bədənliydi və əslində onun belə olması
Kevinin çox xoşuna gəlirdi. Sportiv stildə geyinməyi
sevən Amandanın bütün qadınlığı,
yaşının az olmasına baxmayaraq
ortaya çıxırdı... Və hal-hazırda Kevin bu
sirli, ecazkar baxışlı, ala gözlü avropalı
qızın əsiri idi...
İndi o zamanları xatırladıqca gülümsəyir,
Amandayla keçirdiyi saysız-hesabsız gözəl, həyəcanlı
anları özləyirdi, evə tələsən Kevin. Və görəsən
onun evə tələsməyinə əsas səbəb nə
idi? Getdikcə yaxınlaşan vahiməli ayaq səslərimi,
yoxsa saatın əqrəblərinin artıq gecə 11-ə
yaxınlaşmasımı, ev yoldaşı Markusun bu gün
qeyd edəcəkləri ad günümü, ya da başqa bir əlamətdar
hadisə?... Bəlkə də
sadəcə evə getmək adi bir hal idi. Amma yox, Kevin üçün heç bir adi hal və
təsadüf yox idi. O, sadəcə buna inanmırdı.
Ona görə baş verən hər hadisənin, həyatına
girən hər kəsin ayrı bir mənası, özəlliyi
vardı və baş verən bütün olasılıqlar,
qarşıladığı hər şey vahid “bloqun” bir
parçası idi...
Düz
bir ay əvvəl o internetdə sadə bir araşdırma nəticəsində
insanlar arasındakı münasibətləri və psixoloji vəziyyəti
mövzu edən bir forumla tanış oldu.
O forumda Kevin kimi hadisələrə adi yanaşmayan çox gənc
vardı. Amma onda hələ Kevin bilmirdi ki, sadəcə
marağa yazışdığı bu gənc komanda gün gələcək
onun ayrılmaz parçası olacağı bir
bütövün tərkib hissəsi olacaq.
Forumda keçirdiyi vaxt ərzində yeni dostlar qazanan
Kevin, bir müddət sonra internetin daha sirli və qanundan kənar
hissəsini öyrəndi. Onunla daim əlaqə saxlayan Markus və
artıq sevgilisi olan Amanda da qeyri-ixtiyari olaraq bu qrupa daxil
oldular... Bəli, Kevindən başqa demək
olar ki, hər kəsin məqsədi sadə idi – bəsit gənclik
əyləncəsi. Amma Kevinə, uşaqlıqdan bu yana qarşılaşdığı
bütün dəhşətli cinayət, psixoloji
qarşıdurma, ata-anasının aramsız mübahisələri,
dayısının açdığı cinayət işləri,
tv-də eşitdiyi qətl və oğurluq hadisələri
güclü təsir etmişdi. Və bir şəxsiyyət
kimi formalaşdığı dövrdə o ailəsindən
uzaq, valideyn nəzarətindən kənar və
qayğısından yoxsun qalmışdı.
Yavaş-yavaş onda özünün də hiss etmədiyi dərin
psixoloji proseslər gedirdi. Kevin get-gedə insanlığa
qarşı mərhəmətini itirir, var olan bütün
sistemə içində üsyan etməyə başlayır
tədricən öz və yaxınlarının həyatı
üçün təhlükəli birinə çevrilirdi...
Bu gün
isə evə tələsməyinin səbəbi, uzun müddətdən
sonra yaşadığı dərin bir
peşmançılıq hissi idi...
Tərkibinə daxil olduğu qrup rəhbərliyi
qısa zamanda onun həssaslığından və yüksək
analiz bacarığından istifadə edərək Kevini
sistemin düşməni halına gətirdilər. Hökumət əleyhinə
olan, özü də bilmədiyi bir siyasi qrup tərəfindən
yönləndirilən gənc komanda “cəza” xarakterli qətllərin
törədilməsində fəal iştirak etmişdi... Son
bir ayda isə Amerikanın hər yerində ümumilikdə 2
senator, 3 vəkil, 4 polis komissarı və bir maqnat faciəli
şəkildə öldürülmüşdü...
Budur, ayaq səsləri uzun sürən davamiyyətdən
sonra kəsildi və o andaca Kevinin yanında nisbətən
hündürboy, tünd boz kapşon geymiş, qaranlıqda
üzü görünməyən, arıq bir oğlan peyda
oldu. Kevin onun
varlığını bədəninin bütün zərrəcikləriylə
hiss etdi. Dönüb üzünə baxmaq, bəlkə
də salamlamaq istəsə də bacarmadı.
Ayaqları tutmadı, əlləri qalxmadı – bütün bədəni
bir andaca sanki qurudu...
Üzvü olduğu komanda onu da başqaları kimi qatil
edə bilmişdi. Bəli, elə ən dəhşətlisi
də bu idi. Yox ki, oxumağa gələn gənc tələbə
artıq qatil olmuşdu, ona görə ki
öldürdüyü iki insanın biri onun neçə
zamandır yanında qaldığı, birlikdə
yaşadığı, deyib-güldüyü, birlikdə
çörək yediyi dostu Markus, digərisə həyatının
ən özəl anlarını paylaşdığı, gənc
bir oğlan kimi, yetkin kişi xeylağı kimi toxunsa da tamamən
sahib olmağa cəsarət etmədiyi gözəl Amanda... Bəli,
indi çox şeydən sonra Kevini əsas bu məsələ
düşündürür, zaman keçdikcə içini
yeyib dağıdırdı, axı onlar birlikdə axıra qədər
olmadılar, vüsala çatmadılar...
Səbəbə olduqca sadə idi, qətlin. Yox ki, rəhbərlik
belə tapşırıq vermişdi. Ona görə ki,
dostu və sevgilisi Kevinə xəyanət etmişdi, bəli,
ani bir səhv olsa da bu belə idi...
Daxil olduğu qrupun qaydaları çox sadə idi. Topluma
qarşı, insanlıq düşüncəsindən uzaq,
hissi aldatma, hər növ xəyanət və bir də sadə
hakimlik eqoizmi düşüncələriylə yaşayan, bu
kimi “cinayətlər” törədən hər kəs
ölümə məhkum edilirdi. Dəhşətli,
faciəli ölümə.
Amma bir gecə qrup toplantısından evə qayıdarkən,
“təsadüfən” qarşılaşdığı mənzərə
qarşısında tab gətirə bilməyən Kevin əzizlərinə
faciəli ölümü rəva görmədi. Sadəcə
yatdıqları yerdə onları sırayla boğdu...
O gecə,
o məsum və fəlakətli gecə Kevin “işi olduğu
üçün” Amandayla gəzməyə
çıxmadı. Dedi ki, sən get evə, mən də
işimi bitirib gələcəm. Hələlik Markusla söhbət
edərsiniz... Amma bilmirdi ki, “təsadüfən” Amandanın
canı öncə şərab içmək, sonra “monopoliya”
oynamaq, daha sonra Markusla zarafatlaşmaq istəyəcək və
o anda hələ teninə qadın teni dəyməmiş
Markus, gənc mələk Amandanı birdən-birə
ağuşuna alacaq. Ardından hər şey sadəcə
özü baş verəcək...
Nə onlar sevişərkən əzizləri Kevini, nə
də toplantıya gedən Kevin həmin anlarda onları
düşünmürdü, düşünə bilmirdi. Bəlkə də ona
görə düşüncəsizlik, başı
qarışıqlıq, diqqətsizlik dostları öncə
xəyanətə, sonra ölümə vadar etdi...
İndi evə ona görə tələsirdi ki, Kevin,
qonşular, polis orqanları xəbər tutmadan
dostlarının cəsədlərini bir yerdə gizlətsin. Öldürən
zaman buna vaxtı olmamışdı. Çünki qətl
hadisəsindən dərhal sonra ağır psixoloji gərginlik
yaşayan Kevin “nəfəs almaq” üçün
özünü zalım Nyu Yorkun səfil küçələrinə
atmışdı... Ağlı başına gələndə
isə hər şey gec idi, həm də çox...
Kapşonlu
oğlan Kevinə yaxınlaşdı, azacıq gülümsədi
və beləcə dedi:
- Törətdiyin cinayətə
görə kimsəyə baxmağa üzün yoxdursa, qoy səni
hər kəs “Üzsüz” deyə tanısın. Onsuz da bəziləri
min cür yalan işlər görüb, adam
aldadıb, dostuna, yarına xəyanət edib, məzlumun
haqqına girib, Tanrıdan qorxmadan “Tanrılıq” iddiasına
düşərək bu dünyada yaşayırlar. Və onlar heç də günahları
üzündən sifətlərini, şəxsiyyətlərini
itirdiklərini düşünmürlər. Halbuki ki, bir
insan güzgü qarşısında durub özünə
baxdığında xarici görünüşündən
savayı onun xarakteri, daxili, ruhudur əsl üzü... Sənsə
onlardan fərqli olaraq üzünü itirməmisən...
Beləcə
oğlan əlini Kevinin çiyninə qoyub onunla birlikdə qatarı gözlədi. Qatar tezliklə gəldi
və onlar getdilər...
Qaranlıq bir küçədə tədricən 1-5-10
və daha çox kapşonlu adamlar peyda oldu. Onlar
yavaş-yavaş gəzir, qətiyyətlə
addımlayırdılar. Onlardan olmayan kimsələr
onların üzünə baxdıqda sadəcə qaranlıq
görürdü. Çünki başqalarına görə
onlar, onlara görə isə yerdə qalan bütün
insanlıq böyük bir “Üzsüzlər” ordusu idi...
Elşən İsmayıl
Olaylar.- 2016.- 23
dekabr.- S.12.