Xaricdə yaşayan azərbaycanlılar

xalqımızın fəxarətidir

 

Ötən həftəyə damğa vuran əsas hadisələrdən biri də millət vəkili Aslan Şahverdiyevin Rusiyada yaşayan soydaşlarımız barədə söylədiyi fikirlər oldu. Parlamentari yerli mətbuata verdiyi müsahibədə şimal qonşumuzda yaşayan azərbaycanlıları aşağılayan fikirlər səsləndirib. O, bildirib ki, "Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb: "Səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin "otxodları"dır"

 

Millət vəkilinin Rusiyada yaşayan soydaşlarımızı aşağılaması xarici ölkələrdə yaşayan həmvətənlərimiz tərəfindən etirazla qarşılanıb. Azərbaycandan kənarda ölkəmizin təbliğatı ilə məşğul olan, Rusiyada yaşayan ehtiyatda olan zabit , hüquqşunas Sərraf Kərimov bildirib ki, Milli Məclisin deputatından bu cür müsahibə utancvericidir: "Əvvəlcə onu qeyd edim ki,mən 32 ildir Rusiyada yaşayıram, Rusiya vətəndaşıyam. Lakin öz doğma dilimi unutmamışam. Bunu unutmağa haqqımız yoxdur. Millət vəkilinin Azərbaycanda yaşaya-yaşaya "mən dilimizi yaxşı bilmirəm, rus dilliyəm" ilə onun həmin kürsüdə oturması doğrudurmu?. Bundan başqa özünün "araşdırmasına" görə Rusiyada yaşayan azərbaycanlıları qeyri etik normalara uyğun aşagılaması isə bagışlanılmazdır. Onu qeyd edim ki, bizim Rusiyada bir çox ziyalılarımız, alimlərimiz, həkimlərimiz, müəllimlərimiz, hüquqşünaslarımız , adamlarmız, dövlət məmurlarımız, hətta burda deputatlarımız , idmançılarımız da az deyil. Təbii ki, bazar ticarəti ilə, pərakəndə satışla məşğul olanlarımız da var. Və bu normal haldır".

Burda öz zəhməti ilə, halal pul qazananlar Azərbaycanda yaşayan ailələrinə maddi dəstək olurlar. Şərəfi ilə fəhləlik edən öz millətindən olan insanları təhqir etmək səlahiyyətini kim verib bu millət vəkilinə? Mən Rusiyada yaşayan bir azərbaycanlı olaraq düşünürəm ki, bu cür yanaşma sizin ya savadsızlıgınızdan irəli gəlir, ya da millətinizə olan nifrətdən". Sərraf Kərimov deyib ki, bu millətin qanını daşıyan kimsə onu aşagılamaz, alçalda bilməz: "Bizlər burada bayrağımızı, dövlətimizi, dövlətçiliyimizi , milli dəyərlərimizi təbliğ etdiyimiz halda, sizin kimi illərdi Vətənə zərrə qədər xeyri dəyməyən deputatların bu gün Rusiyada yaşayan qeyrətli ogullarını etdiyiniz təhqirdən dolayı üzr istəməyiniz zərurətini doğurur. Ən azından xalqın sizi layiq bildiyi kürsüyə hörmət edin. Ən azından çörəyini yediyiniz, suyunu içdiyiniz bu Vətənə , bu torpağa hörmət edin. Seçildiyiniz dairənin adina, Qarabag adina xəcalət cəkin. Mən şəxsim adina təssuf hissi keçirirəm. Həqiqətən təssüf olsun ki , Milli Məclis kimi nüfuzlu, xalqin ümidi olan dövlətin qanunverici orqaninda sizin kimi millət vəkili var. Siz Milli Məclisin dəyərli deputatlarından da üzr istəyin. Çünki onlarin da ailələrinin içində Rusiyada yaşayan fərdlər var. Ulu Öndərimiz Heydər Əliyev hər zaman deyirdi ki , mən zəhmətkeş xalqımın yanındayam. Eyni ilə cənab prezidentimiz İlham Əliyev atasinin yolunu,, siyasi kursunu davam etdirdiyi halda , bəzi məmurlarımız millətin zəhmətkeş təbəqəsini " otxod" adlandirir. Bu nə dərəcədə doğrudur?... Bütün bunları qeyd edərək sonda bir daha demək istəyirəm ki Vətəni sevmək, öz zəhmətkeş təbəqəsinə hörmət etmək özunə ziyalı deyən, vəzifə kürsüsünü tutan hər bir məmurun borcudur".

İctimai Tədqiqatlar Mərkəzinin sədri İlqar Altay deyib ki, bir qayda olaraq parlament oz fəaliyyəti ilə çətin, böhranlı gündə xalqla hökumət arasında anlaşma körpüsü olar. Deputat ağıllı-müdrik davranışı- danışığı ilə xalqın ruhunu rahatlayar və dövlətinə, həyatına inam yaradar: "Bəzi deputatlarımız isə, sanki planlı olaraq ara-sıra çıxış və hərəkətləri ilə insanlarda qıcıq, mənfi emosiya yaratmaq üçün qızışdırıcı katalizator olur. Özü də, birisinin qalmaqal yaratdığı çıxışın yüksək hərarəti soyumamış, o birisi başlayır. Beləcə, neçə müddətdir ölkə, deputatların qaş düzəltdikləri yerdə gözüxarab edən yersiz ifadələri, camaatın buna mənfi reaksiya verməsi və sonra da, bu ifadələrin yanlış çatdırılması və ya, düzgün başa düşülməməsi kimi yumşaldıcı izahlar prosesi ilə məşğuldur. Onsuz da, bu problem yaşanan dövrün üstünə əlavə problem gətirmək lazımdırmı?". İlqar Altay hesab edir ki, adətən, belə böhranlı dövrlərdə deputatlar xalqın qabağına çıxır, çıxış və müsahibələri ilə hökumətin plan və tədbirlərini izah və təqdir edib, ümumi stimul yaradırlar: "Dövlət hakimiyyəti millət vəkillərini millətin içinə göndərir. Bizdə isə, elə gətirib ki, hörmətli parlament sədri deputatlara deyir, sakit oturun, müsahibə filan verməyin, qoyun görək neynirik. Çünki bəzilərində müsbət söz demək üçün intellekt, mənfi söz deməmək üçün məsuliyyət kasadlığı hiss olunur. Hər kəsin ölkənin, dövlətin yaranmış böhrandan çıxışı və inkişafı üçün nə düşündüyünə hörmətlə yanaşıram. Mənim düşündüyüm budur ki, bu yeni şəraitdə reformalar proqramına, Konstitusiyada yeni dəyişiklikdən istifadə olunmaqla, parlamentin buraxılmasının salınması əhəmiyyətli olardı. Yeni, növbədənkənar seçkilərin keçirilməsi ilə, hazırkı parlamentdə olan işlək, bacarıq-qabiliyyətli, intellektli deputatların sırası tamamlanardı".

Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili də millət vəkili Aslan Şahverdiyevin şimal qonşumuzda yaşayan soydaşlarımız barədə söylədiyi fikirləri kəskin tənqid edib. O, bildirib ki, millət vəkili məlum ifadələri ilə ümumilikdə Azərbaycan xalıqını təhqir etmiş olub: "Görünür millət vəkili Rusiyada tanınmış ziyalılarımız, alim və professorlarımız, fəal ictimai-siyasi xadimlərimizin olduğunu bilmir. Mən millət vəkilinin işlətdiyi ifadələrdən təssüf hissi keçirirəm". Toğrul Allahverdili qeyd edib ki, bu gün Rusiyanın ictimai-siyasielmi dairələrində təmsil olunan, sayılıb-seçilən dəyərli azərbaycanlıların bir çoxu zamanında ümummilli lider Heydər Əliyev tərəfindən şimal qonşumuzun müxtəlif ali təhsil ocaqlarına təhsil almaq üçün göndərilən insanlardır. Yəqin, millət vəkili bu məqamı nəzərə aldıqdan sonra nə qədər böyük xətaya yoil verdiyini başa düşər". ASGA-nın Rusiya nümayəndəliyinin rəhbəri hesab edir ki, böyük bir toplumu təhqir edən millət vəkilinə qarşı ən layiqli cavab vermək lazımdır: "Bunun üçün Milli Məclisin intizam komissiyasıına yazılı müraciət etmək lazımdır. Düşünürəm ki, bu "millət vəkili" nin mandatının ləvğ edilməsinə nail olmalıyıq".

Millət vəkili Aydın Mirzəzadə isə facebook statusunda ölkəmizdən kənarda yaşayan həmvətənlərimizlə qürur duyduğunu vurğulayıb. O, qeyd edib ki, zalqımızın fəxarəti - Azərbaycandan kənarda yaşayan həmyerlilərimizdir: "Vaxtaşırı deputat fəaliyyəti ilə bağlı xarici ölkələrdə səfərdə oluram. Axırıncı dəfə ötən həftə Moldovada oldum. Həmişə də əsas fəaliyyətimlə yanaşı həmin ölkədə daimi yaşayan azərbaycanlılarla və ali məktəblərdə təhsil alan tələbələrimizlə də görüşürəm. Mütləq. Əvvəldən səfirlə əlaqə saxlayaraq diaspor nümayəndələri ilə görüşümün təşkilinə kömək istəyirəm, bəzən isə mənə bildirirlər ki, orda yaşayan azərbaycanlılar mənimlə görüşmək istəyirlər. Rəsmi tədbirlərdən sonra bütün boş vaxtımızı məhz yeni dostlarımızla təmasa sərf edirik. Bəzən görüşdə iki-üç nəfər olur, bəzən 30-40 nəfərli böyük bir məclis alınır. Onların bir qismi sovet dövründə hərbi xidmətdən sonra orda qalıb, həyatlarını qurublar, bir qisminin isə orda yaşamaqlarının 10-15 illik tarixi var". Aydın Mirzəzadə bildirib ki, onlarla görüşdən böyük bir mənəvi güc alır: "Hamısı həmin torpağın ən prestijli ali məktəblərini bitiriblər. Bir çoxu buya digər formada uğurlu bizneslə məşğuldurlar, səhiyyə, təhsil, mədəniyyət sahəsində yaxşı ad çıxarıblar. Hamısının öz el-obası ilə sıx əlaqəsi vardır. Öz hesablarına ata-baba yurdlarında məktəb tikdirənlər, su xətti çəkdirənlər, körpü salanlar, yol çəkdirənləri isə sayı-hesabı yoxdur. Övladları artıq valideynlərini də keçiblər, səsləri Harvard, Kembric, Berkli universitetlərindən gəlir". Millət vəkili hesab edir ki, xaricdə yaşayan azərbaycanlılar xalqımızın fəxarəti, bizim qızıl-altunlarımızdırlar: "Onların yaşadılqarı ölkədə nüfuzlarını görmək, parlament, yerli administrasiyalarda uğurlu fəaliyyətlərini görmək insana sevinc yaşadır. Onlar yaşadıqları yerdə birliklərini qoruyur, bir-birinə dəstək olur, mədəniyyətimizi yaşadırlar. Onlar Azərbaycanla nəfəs alır, respublika ilə əlaqələrini kəsmirlər, azərbaycanlı ruhu onları heç zaman tərk etmir. Hətta öz diasporlarına nə zamansa respublikamızla əlaqəsi olmuş insanları da cəlb edirlər. Həmin ölkələrin yerli xalqları xalqımızı birbaşa orda yaşayan həmyerlilərimizin fəaliyyəti ilə tanıyır və ölkəmizə vurulurlar"

 

Süleyman

 

Olaylar.- 2016.- 27 dekabr.- S.10.