Strateji Yol Xəritəsi:

Milli iqtisadiyyatın inkişafında yeni dönəm

 

XX əsrin sonları və yeni yüzilliyin əvvəllərində dünyanın siyasi ab-havasını dəyişdirən qlobal transformasiyalar ölkələrin iqtisadiyyatlarında da öz təsirini göstərməkdədir. Tərəqqi, durğunluq və tənəzzül fazalarının əvvəllər olduğu kimi ayrıca götürülmüş ölkələrdə deyil, məhz qlobal miqyasda bütün ölkələrdə demək olar ki, eyni zamanda müşahidə olunması da məhz müasir dövrümüzün təzahürlərindən biridir. Hazırda, qloballaşma şəraitində milli iqtisadiyyatların kənar təsirlərə qarşı həssaslığının artdığı bir vaxtda iqtisadi inkişaf proseslərinə təsir göstərən qlobal siyasi, iqtisadi faktorların da sayı ciddi şəkildə artmışdır. Bu baxımdan, iqtisadi inkişaf prosesinin hansı mərhələsində olmasından asılı olmayaraq bütün ölkələrin bu və ya  digər dərəcədə qlobal böhranın təsirlərinə və onun doğurduğu fəsadlara məruz qalması qaçılmazdır. Xüsusilə keçid dövrünü yaşayan ölkələrdə düzgün strateji baxışın, dayanıqlı inkişafı hədəfləyən proqram və layihələrin olmaması iqtisadi durğunluğu dərinləşdirərək tənəzzül fazasına keçidi sürətləndirir. Hazırda milli dövlətlərin üzləşdiyi əsas çağırış iqtisadi proseslər zəncirində neqativ meyllərin qarşısının alınmasına yönəlmiş islahat tədbirlərinin zamanında və səmərəli şəkildə həyata keçirilməsidir. Belə bir şəraitdə iqtisadiyyatın  təməlinin sağlamlaşdırılması güclü siyasi iradəyə və dərin iqtisadi təhlillərə əsaslanan strateji baxışın olmasını zəruri edir. 

 

Milli inkişafın bütün istiqamətlərində önəmli uğurlara imza atmış, XXI əsrin onuncu illərində iqtisadiyyatın artım səviyyəsinə görə dünya öncülü olmuş Azərbaycan zamanın iqtisadi gerçəkliklərinə hər zaman çevik münasibəti ilə fərqlənib. Müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz də dərin siyasi-iqtisadi transformasiya şəraitində böhranlı mərhələlər yaşayıb. Düşmən təcavüzü, ölkədəki qeyri-müəyyən siyasi durum Azərbaycanın milli maraqlarına birbaşa təhdid formalaşdırmaqla yanaşı, ölkə iqtisadiyyatını da iflic vəziyyətə salmışdı. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra qısa zaman ərzində bərqərar edilmiş siyasi sabitlik iqtisadi institutların da normal fəaliyyətinə şərait yaradaraq bazar iqtisadiyyatına keçidi sürətləndirdi. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan dünyanın enerji xəritəsində əhəmiyyətli mövqe qazandı. Beləliklə, iqtisadiyyatda müşahidə olunan tənəzzül meylləri qısa zamanda dinamik iqtisadi inkişaf tendensiyası ilə əvəzləndi.

Son 10 ildə sosial-iqtisadi-maliyyə infrastrukturunun modernləşdirilməsi nəticəsində Azərbaycan iqtisadiyyatı dayanıqlı yüksəlişə nail olmuş, ölkənin strateji valyuta ehtiyatları əhəmiyyətli dərəcədə artmışdır. 2004-2015-ci illər ərzində ölkədə orta hesabla 10,6 faiz illik iqtisadi artım müşahidə edilmiş, ÜDM-in həcmi isə 7,6 dəfə artmışdır. Eyni zamanda, həmin dövr ərzində adambaşına ÜDM-in həcmində 6,5 dəfə artım olmuşdur ki, bu da Azərbaycanı dünya ölkələri arasında 134-cü yerdən 79-cu yerə yüksəlməsinə səbəb olmuşdur. Beynəlxalq reytinq agentlikləri və təşkilatları tərəfindən Azərbaycanda həyata keçirilmiş iqtisadi islahatlaramövcud iqtisadi mühitə yüksək qiymət verilmişdir. Dünya Bankının "Doing Business" hesabatına əsasən Azərbaycan 2009-cu ildə dünyanın "lider islahatçı dövləti" kimi qiymətləndirilmişdir.  Neft strategiyasının uğurlu tətbiqi nəticəsində əhalinin rifah səviyyəsi yüksəlmiş, iqtisadiyyata kapital qoyuluşu dəfələrlə artmış, makroiqtisadi sabitliyə nail olunmuşdur. Bu baxımdan, Azərbaycanın bu günədək keçdiyi sosial-iqtisadi inkişaf yolunu kifayət qədər uğurlu hesab etmək olar.

Lakin 2014-cü ilin ortalarından başlayaraq dünya bazarlarında enerji daşıyıcılarının qiymətlərində kəskin eniş, xarici ticarət tərəfdaşı olan ölkələrdə iqtisadi böhran və maliyyə böhranları Azərbaycana da mənfi təsirlərini göstərdi. Ölkəyə valyuta axını nəzərə çarpacaq dərəcədə azaldı, nəticədə ölkənin idxal-ixrac balansında ciddi fərq yarandı. Son illərdə müşahidə olunan davamlı iqtisadi artımın sürəti yavaşıdı və beləliklə, ölkəmizdə yeni iqtisadi modelə keçid zərurəti gündəmə gəldi. Belə bir şəraitdə Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev tərəfindən yeni iqtisadi strategiyanın hazırlanmasına və müvafiq institusional islahatların keçirilməsinə dair təşəbbüs irəli sürülüb.

Azərbaycan Respublikası Prezidentinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında" 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamına əsasən milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə bütövlükdə 12 strateji yol xəritəsi hazırlanıb. Strateji yol xəritələrinin layihələri hazırlanarkən maraqlı tərəflərin, vətəndaş cəmiyyəti institutlarının rəy və təklifləri də nəzərə alınmışdır ki, bu da prioritet sahələrə geniş baxış bucağından yanaşmaq üçün əlverişli şərait yaratmışdır. Strateji yol xəritələrinin icrasında başlıca məqsəd Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin, inklüzivliyininsosial rifahın artırılmasının təmin edilməsindən ibarətdir. Nəzərdə tutulan layihələr neft-qaz, kənd təsərrüfatı, istehlak malları istehsalı, ağır sənaye və maşınqayırma, ixtisaslaşmış turizm, logistika və ticarət, əhalinin uyğun qiymətə mənzil təminatı, peşə təlimləri, maliyyə xidmətləri, telekommunikasiyakommunal xidmətlər sahələrini əhatə edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Milli İqtisadiyyat Perspektivi üzrə Strateji Yol Xəritəsi" sözügedən istiqamətlər üzrə strateji məqsəd və hədəfləri, nəzərdə tutulan tədbirlərin qiymətləndirmə və maliyyələşdirmə mexanizmlərini müəyyən edir.

Strateji Yol Xəritəsində dayanıqlı iqtisadi inkişafa nail olunması üçün 4 əsas strateji hədəf  müəyyən edilmişdir:

1) Fiskal dayanıqlığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi;

2) Özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi;

3) İnsan kapitalının inkişaf etdirilməsi;

4) Əlverişli biznes mühitinin inkişafı.

Qeyd olunan 4 strateji hədəfin icrası milli iqtisadiyyatın dayaqlarını möhkəmləndirərək onun şaxələnməsinə, şəffaf idarəetmə və nəzarət sisteminin qurulmasına imkan yaradacaqdır.

Şübhəsiz, müasir iqtisadi modellərdə maliyyə sabitliyinin təmin edilməsi uzunmüddətli inkişafın və ölkənin investisiya cəlbediciliyinin başlıca şərtidir. Bu baxımdan, büdcə-pul siyasətinin düzgün çərçivəsinin və effektiv icra mexanizminin formalaşdırılması xüsusilə önəmlidir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra böyük özəlləşdirmə proqramının icrası ölkə iqtisadiyyatının təkamülündə və özəl sahibkarlığın inkişafında əvəzsiz rol oynamışdı. Bu günkü mərhələdə də özəlləşdirmə ilə bağlı kompleks tədbirlərin ikinci strateji hədəf kimi müəyyən olunması ölkə iqtisadiyyatında özəl investisiyanın çəkisinin daha da artırılmasına şərait yaradacaqdır.

Dəyəryaratma prinsipi ilə idarə olunan iqtisadi modeli İKT  imkanlarından istifadə bacarığına malik, peşəkar və dərin ixtisaslı mütəxəssislər olmadan təsəvvür etmək mümkün deyil. Bu səbəbdən, insan kapitalının inkişaf etdirilməsinin də strateji hədəflərdən biri kimi müəyyənləşdirilməsi olduqca vacibdir.

Ölkəyə sərmayə yatırımını kütləviləşdirməyin, investisiya cəlbediciliyinin artırılmasının başlıca şərti isə biznes mühitinin təkmilləşdirilməsidir. Strateji hədəflərdən biri olaraq müəyyən olunan əlverişli biznes mühitinin inkişafı ölkəmizə investor inamını yüksəltməklə iqtisadiyyata sərmayə qoyuluşu imkanlarını daha da genişləndirəcəkdir.

Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq iqtisadi təşkilatlar yaxın illər ərzində Azərbaycan iqtisadiyyatının illik 2-3 faiz artacağını proqnozlaşdırır. Bu səviyyə, əslində, dünya ölkələri üçün sabit inkişafın təminatlı vəziyyətidir. Lakin Strateji Yol Xəritəsində əksini tapan məqsəd və hədəflərə çatmaqdan ötrü ölkəmizin böyük potensialı olduğunu nəzərə alsaq onun daha yüksək iqtisadi artıma nail olmaq imkanlarını da istisna etmək olmaz. Bunun üçün ölkəmizin bütün potensial imkanlarını hərəkətə gətirmək lazımdır. Ölkə iqtisadiyyatının şaxələndirilməsi, ixrac yönümlü və özəl investisiya əsaslı iqtisadi modelin formalaşdırılması həmin imkanlardan hansı səviyyədə istifadə olunacağından asılıdır. Beləliklə, iqtisadiyyat və idarəetmədə sistem xarakterli islahatların həyata keçirilməsi ilə 12 istiqamət üzrə hazırlanmış strateji yol xəritələrinin uğurlu icrası nəticəsində Azərbaycan növbəti illər ərzində proqnozlaşdırılan göstəricilərdən daha yüksək iqtisadi inkişaf tempinə nail ola bilər.

Beynəlxalq Konsaltinq Şirkəti PWC-nin proqnozuna əsasən dünya iqtisadiyyatı 2014-2050-ci illər arasında  hər il orta hesabla 3 faiz artım nümayiş etdirərək bütövlükdə 3 dəfəyədək böyüyəcək. Proqnoza əsasən, 2030-cu ilədək hazırda böyük 20-liyə daxil olan İndoneziyaMeksika iqtisadiyyatları Böyük Britaniya və Fransanı ötəcək. Göründüyü kimi, qlobal arenada iqtisadi-maliyyə güc mərkəzlərinin ciddi yerdəyişməyə məruz qalacağı gözlənilir. Bu baxımdan, Azərbaycan kimi inkişaf etməkdə olan dövlətlərin də öz xarici ticarət strategiyasını qlobal iqtisadi məkanda baş verən dəyişikliklərə uyğunlaşdırmasına, xarici ticarətdə tərəfdaş dövlətlərlə yeni ticari əməkdaşlıq modellərinin yaradılmasına ehtiyac vardır. Strateji Yol Xəritəsində tərəfdaş dövlətlərlə azad ticarət sazişlərinin bağlanması nəzərdə tutulmuşdur ki, bu da ixrac fəaliyyətinin stimullaşdırılmasına və beynəlxalq ticarətd\ Azərbaycanın fəallığının artmasına öz töhfəsini verəcəkdir.

Ölkəmizin yerləşdiyi əlverişli coğrafi mövqe onun geoiqtisadi baxımdan tranzit əhəmiyyətini xeyli artırır. Bu da Şərq - Qərb və Şimal - Cənub istiqamətlərində mal və əmtəələrin daşınmasında Azərbaycanın açar ölkə kimi geostrateji mövqeyini gücləndirməklə bərabər, ölkədə istehsal olunan məhsul və xidmətlərin də dünya bazarlarına çıxarılması üçün əlavə imkanlar yaradır. Avropa, Rusiya, İran, Hindistan və Mərkəzi Asiyanı birləşdirəcək Şimal-Cənub nəqliyyat dəhlizi, böyük "İpək Yolu" layihəsinin gerçəkləşməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi Azərbaycanın rəqabət qabiliyyətli və dünya standartlarına cavab verən sənaye, kənd təsərrüfatı məhsullarının ixracına stimul verəcəkdir. Bu isə eyni zamanda ölkəmizə birbaşa xarici investisiyaların cəlb edilməsinə, ölkə iqtisadiyyatının diversifikasiyasına əlverişli şərait yaradacaqdır.

 

Ardı var...

 

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

Fəlsəfə doktoru

 

Olaylar.-2016.- 28 dekabr.- S.10.