Vətənpərvərlik hissinin
formalaşması
düzgün tərbiyədən keçir
Vətənpərvərlik
vətən naminə çalışmaq, vətəni qorumağa hər an
hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar
göstərmək deməkdir. Bu hiss insanda anadangəlmə
olsa da, bütün digər hisslər kimi,
tərbiyəyə möhtacdır və o,
tərbiyə yolu ilə daha
da möhkəmlənir, güclənir.
Müşahidələr göstərir ki,
uşaqların və gənclərin vətənpərvərlik
tərbiyəsində onların vətəndaşlıq mövqeyinin formalaşması ən vacib amildir. Mütəxəssislər
burada əsas diqqətin onların bir-biri ilə qarşılıqlı
münasibətlərinə, əxlaqi və mənəvi dəyərlərinin
formalaşmasına yönəldiyini deyirlər.
Vətəndaşlıq mövqeyinin formalaşması, eyni zamanda, milli mədəniyyətə, adət-ənənələrə, ana dilinin qorunmasına, doğma yurda məhəbbətə, vətən qarşısında öz borcunu yerinə yetirməyə, sağlam həyat tərzinə böyük diqqət artırılmasını tələb edir. Bu gün har bir vətəndaş övladının gələcək taleyi üçün məsuliyyət daşıyır. Ona görə ki, bu gün qayğısız böyüyən övladlar sabah vətənin, dövlətin müqəddəratı üçün laqeyd ola bilər. odur ki, hər kəs bilməlididr ki, vətən məhz onlara əmanətdir. Bu baxımdan əlimizdən gələni etməliyik ki, övladlarımız babalarımızdan yadigar qalan torpağın, vətəndaşı olduqları ölkənin mənafeyini layiqincə müdafiə etməyi bacarsınlar. Bir sözlə, gənclərimizin sağlamlığı, onlarda milli mənlik şüurunun inkişafı, vətənpərvərlik hisslərinin tərbiyə edilməsi hamımızdan asılıdır. Mənlik şüuru hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan münasibətini bildirir. Sosial şəratidən asılı olaraq mənlik şüuru dəyişir. Yəni insan öz hərəkət və davranışını sərbəst surətdə seçir, başqaları qarşısında məsuliyyət daşıdığını dərk edir. Bu cür şüura malik olan insan özünü təhlil və özünümühakimə qabiliyyətinə malik olur. Beləliklə, qeyd etmək lazımdır ki, milli şüur, milli hisslər, milli mənlik şüuru ekoloji millətin özünü dərk etməsi prosesinə təsir göstərir və cəmiyyətdə öz mövqeyinin möhkəmlənməsinə kömək edir. Müasir dünyada gəncləri Vətəni sevməyə, onları milli kimliyini dərk etməyə yönəltmək vətənpərvərliyin atributlarından hesab olunur. Çünki, hazırda dünyada elə proseslər cərəyan edir ki, Vətəni sevməyən, vətəpərvərlikdən uzağ olan gənclər istər-istəməz yad təsirlərin altına düşmək məcburiyyətində qalır. Xarici təsirlər çərçivəsində isə din amilindən tutmuş ideoloji məsələlərə qədər bütün nüanslar öz sözünü deyir. Ona görə də hər bir gəncin Vətənə sədaqət ruhunda tərbiyyə olunması ehtiyacı yaranır. Sirr deyil ki, Vətən kəlməsi böyük və geniş bir məna kəsb edir. Bu sözün məzmunu, qayəsi həm yüksək, həm də hikmətlidir. Hər birimiz ana dedikdə vətəni, vətən dedikdə anamızı düşünürük. Vətən bizə anamız qədər doğma, anamız qədər əzizdir. Ana müqəddəsliyi isə vətənin müqəddəsliyi, ucalığı ilə vəhdət təşkil edir. Bizim hər birimizin bir vətəni var ki, bu da Azərbaycandır. Bu vətənin hər bir daşı bizim üçün doğmadır, əzəzdir. Vətəni sevməklə biz onun üçün canımızı və qanımızı fəda etməyə hazır olmalıyıq. Vətən bizim ən müqəddəq yerimiz, səcdəgahımızdır. Onu qorumaq da məhz biz vətəndaşların ən başlıca məqsədi və borcu sayılır. Bu, tarixən belə olub, indi də davam etməkdədir. Qarabağ uğrunda gedən döyüşlər də vətənin bütövlüyü naminə aparılıb. Vətənin bir hissəsi olan Qarabağ üçün canını fəda edənlər də bu vətənin övladları idi. Onlar bu qanlı döyüşlərdə iştirak etməklə, sübut etdilər ki, vətən yolunda canlarını qurban verməyə, onun uğrunda ölümə getməyə hazırdırlar. Vətən uğrunda neçə-neçə igid oğul və qızlarımız canlarından keçdilər. Bununla onlar sübut etdilər ki, vətən varsa, yaşamaq da var. Vətən yoxdursa, nə yaşamağın, nə də yaratmağın mənası yoxdur. Üzərində gəzdiyin, suyunu içdiyin və çörəyini yediyin vətəni sevirsənsə, deməli, torpağı sevirsən. Bir sözlə, Vətənə məhəbbət xalqa, torpağa məhəbbətin təməlində durur. Bu təməli qoryuyb saxlamaq və inkişaf etdirmək üçün gənclərin vətənpərvərlik, dövlətə və xalqa məhəbbət ruhunda tərbiyə edilməsi ən mühüm məsələlərdən biridir. Bu cür tərbiyə işini həyatla əlaqələndirmək üçün gənclərimiz xalqımızın adət-ənənələrinə hörmət ruhunda tərbiyələndirilir, onlarda yüksək vətənpərvərlik hissi inkişaf etdirilir. Eyni zamanda, gənc nəslin nümayəndələri Vətənin müdafiəsinə hazır olmaq ruhunda tərbiyə olunur, milli dəyərlərimizə zidd təzahürlərə qarşı qətiyyətli mübarizə aparan insanlar kimi formalaşır. Təxmini hesablamalara görə, bəşəriyyətin 32,3 faizini gənclər təşkil edir. Gənclər yaşlı nəslin əvəzediciləri, bəşəriyyətin dayağıdır. Gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyüməsi, milli vətənpərvərlik ruhunda tərbiyə olunması müstəqil dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin ideya-siyasi, elmi və mədəni tərəqqisi üçün mühüm amildir. Məsələ ondadır ki, milli mənlik şüuru sayəsində millət, xalq və etnik qrup dünyada baş verən inkişaf qanunauyğunluqlarına yaradıcı münasibət bəsləyir, bu və ya digər hadisələrə öz münasibətini bildirir. Məlumdur ki, milli mənlik şüuru ictimai şüurdan kənarda mövcud deyil və insanın özünün fikir və hisslərinin öyrənilməsində başlıca əhəmiyyət kəsb edir. Sosial şəraitdən asılı olaraq, mənlik şüuru dəyişir, formalaşır, inkişaf edir və insan başqaları qarşısında məsuliyyət daşıdığını dərk edir. Bunun fərqinə varır. Mənlik şüuru olan insan özünütəhlil və özünümühakimə qabiliyyətinə malik olur, proseslərə daha dərindən yanaşır. mühakimə qabiliyyəti daha mükəmməl təsir bağışlayır. Ümumilikdə, vətənpərvərlik məfhumu öz məzmununa görə çoxşaxəlidir və onu heç bir sözlə əvəz etmək mümkün deyil. Nəzərə almaq lazımdır ki, bu hiss uşaqlarda tədricən, necə deyərlər, mərhələ-mərhələ formalaşır. İnsan dünyanı dərk etdikcə Vətəninə, torpağına məhəbbəti, sevgisi artır, vətənpərvərlik hissləri güclənir. Bütövlükdə, sözügedən hiss öz dövlətinin tərəqqisi üçün can yandırmaq, doğma xalqının tarixi və mədəniyyəti ilə fəxr etmək, Vətənin rifahı naminə əlindən gələni etmək deməkdir. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi bir sıra faktorların vəhdətindən keçir. Həmin faktorlar bir-biri ilə sıx bağlıdır. Ona görə də nəzərə almaq lazımdır ki, mənəvi dəyərlərin, vətənpərvərlik hisslərinin əsası ailədə, məktəbəqədər tərbiyə müəssisələrində, orta məktəblərdə qoyulur. Tədqiqatçılar hesab edir ki, milli şüur millətə, xalqa aid xüsusiyyətləri hər hansı bir fərdin özündə cəmləşdirmək bacarığıdır. Belə ki, burada vicdan, milli mənlik mühüm əhəmiyyət kəsb edir. Bir millətin gələcəyi onun gəncliyinin təfəkkürünün mükəmməlliyinə, ümidinə, ideallarına bağlıdır. Milli, dini, elmi duyğularla dolmuş, bayrağını, torpağını, millətini, Vətənini sevən bir gəncliyə sahib bir ölkə ən böyük sərvətə və xəzinəyə sahibdir. Belə bir gəncliyə sahib olan ölkənin gələcəyi çox parlaqdır. Gələcəyinə qiymət verən millətlər gənclərin yetişməsinə böyük diqqət göstərməli və bunun üçün əlindən gələni əsirgəməməlidir. Gənclərin xarakterini bir zərgər dəqiqliyi ilə formalaşdırmağa çalışmaq lazımdır. Gənclərin yetişməsində bədən-ruh, maddi-mənəvi, dünya-axirət tarazlığının qorunması çox əhəmiyyətlidir. Gənc sevgi və dinamizm dolu, qayğısız, təmiz qəlbli, səbrli, özü ilə və yaşadığı cəmiyyətlə təmkinli olmalıdır. Bu gün gənclərin qarşısında bir çox maneələr və problemlər durur. Bunların bir çoxu da müasir dünyanın və qloballaşmanın doğurduğu problemlərdən qaynaqlanır. Ancaq reallıq onu göstərir ki, Azərbaycan gəncliyi bu problemləri aşmağa qadirdir. Çünki ölkə gəncliyi dinamizmi, kreativliyi və hadisələrə adekvat yanaşması ilə seçilir. Azərbaycanda gənclərin inkişafı, onların gələcəyi baxımından məqsədyönlü siyasət həyata keçirilir. Etiraf edək ki, doğma vətənimiz şanlı tarixi və əfsanəvi qəhrəmanları ilə həmişə fəxr edib, öyünüb. Tariximiz sübut edib ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bu xalq öz vətənini daima qorumağa hazır olan mətin gənclər yetişdirib. Məhz bu baxımdan, erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında canlarını düşmən gülləsinə sipər edən qəhrəman gənclərimizin ibrətamiz həyatı, şəxsi nümunəsi hərbi-vətənpərvərlik tərbiyəsi işində ön plana keçib. Müstəqil dövlətdə yaşayan hər bir gənc, ilk növbədə, bu dövlətin müstəqilliyinin təmin olunması və qorunmasını özünün əsas vəzifəsi və məqsədi hesab etməlidir. Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən və digər amillərdən asılıdır. Çünki dövlətin gələcəyi onun gəncliyinin çiyni üzərində qurulur. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin məsuliyyətli məsələlərinə münasibətdə, həlledici məqamlarda öz sözünü deyib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra gənc nəslin üzərinə daha böyük məsuliyyət düşüb. Müstəqilliyin əldə edilməsində, onun qorunub saxlanmasında da gənclərin rolu danılmazdır. Gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb-yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Bu mənada, gənclərin çiyinlərinə böyük yük düşür. Çünki gənclər dövlətin həm bu günü, həm də sabahıdır. Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən də vətən övladları - gənclərdir. Bu bir faktdır ki, qeyrətli və mərd Azərbaycan xalqının cəsarətli övladları daim olub və olacaq. Vətənpərvər övladlarımızın sayı yetərincədir. Onlar bu gün də vətənin bütövlüyünün necə böyük əhəmiyyət kəsb etdiyini yaxşı başa düşürlər. Olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı özündə vətənə, millətə sevgi hissini, müxtəlif səviyyə və istiqamətlərdə vətənə, millətə xidmət etməyi birləşdirirsə, bunların zirvəsində vətən üçün ölümə hazır olmaq dayanır. Bu, vətənpərvərliyin ən uca və ali formasıdır. Bəşər övladı vətənə xidmət etməyin bundan uca zirvəsini kəşf etməyib. Azərbaycan gəncliyi məhz vətənpərvərliyin ən uca zirvəsində dayanır. Biz bu vətənin övladlarıyıq və ürəkdən inanırıq ki, çox tezliklə torpaqlarımız yağı əsarətindən xilas ediləcək, düşmən üzərində qələbə qazanılacaq. Bu qələbədə gənclərimizin də payı olacaq. Gənclər vətən borcunu bu gün oxumaqla, sabah isə müstəqil Azərbaycan ordusunda xidmət etməklə, iqtisadiyyatın və mədəni-siyasi həyatın müxtəlif sahələrində çalışmaqla verəcək. Bu, biz gənclərin şərəfli işi, vətəndaşlıq borcudur. Vətən bizə güvənir və bizdən hünər gözləyir. Vətənpərvərlik məsələsi cəmiyyətdə daim aktual olub, bu gün də aktual olaraq qalır. Bir xalqın, millətin vətənpərvərlik şüuru onun digər xalqlar və millətlər tərəfindən qəbul edilməsi, tanınması, hörmətlə qarşılanması, ən əsası isə, xalqın yaratdığı dövlətin bütövlüyü, varlığı, suverenliyi ilə ölçülür. Vətənə məhəbbət hissi gənclərin dövlət dilinə, milli musiqiyə, folklora, mənsub olduğu dini dəyərlərə, tarixi ənənələrə bağlılığında, ölkə ərazisinin bütövlüyünün qorunmasına hazır olduğunu əməli işlə sübut etməyində öz təzahürünü tapmalıdır. Vətənin tərəqqisi naminə çalışmaq üçün gənclərin müəyyən sənətə, peşəyə sahib olması, dövlət quruculuğunda fəal iştirak etməsi, yüksək peşəkarlığa, təhsilə və elmə yiyələnməsi, geniş dünyagörüşünə malik olması, əməyi sevməsi, onunla məşğul olması və təşəbbüskarlığı da vacibdir. Vətənin maddi və mənəvi sərvətlərini qorumaq, iqtisadi qüdrətinin yüksəlməsinə nail olmaq, həmişə mübariz əhval-ruhiyyədə olmaq lazımdır. İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə-obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətindən qaynaqlanır.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 28 dekabr.- S.15.