Strateji Yol Xəritəsi:
Milli iqtisadiyyatın
inkişafında yeni dönəm
əvvəli ötən
sayımızda
Strateji Yol Xəritəsində qeyd
olunduğu kimi, son dövrlərdə qlobal sərmayə
yatırımında hədəf ölkələr kimi
inkişaf etməkdə olan dövlətlərin payı əhəmiyyətli
dərəcədə artmışdır. Xüsusilə Cənub-Şərqi
Asiya regionunda yerləşən bir sıra dövlətlər
investisiyaların cəlb edilməsi baxımından
yaxşı nəticələr əldə etmişlər. Belə
bir şəraitdə Azərbaycanın da qlobal investisiya
axınının hədəf nöqtəsi olması
üçün zəruri addımların atılması tələb
olunur. Bu məqsədlə Strateji Yol Xəritəsində
ölkəmizin investisiya cəlbediciliyinin artması
üçün biznes mühitinin təkmilləşdirilməsi
və özəl sahibkarlığın
stimullaşdırılması istiqamətində vacib tədbirlərin
həyata keçirilməsi nəzərdə tutulur.
Strateji
Yol Xəritəsində diqqət çəkən əsas məqam
strateji məqsəd və hədəflərə çatmaq
üçün aydın zaman çərçivəsinin
müəyyənləşdirilməsidir. Belə ki, Strateji
Yol Xəritəsi qısa, orta və uzunmüddətli
dövrləri əhatə edir. Bu yanaşma dayanıqlı
inkişafı hədəfləyən strateji sənədin
uğurlu icrası üçün çox vacibdir. Milli
iqtisadiyyatların qlobal iqtisadi-ticari məkana
inteqrasiyasının sürətləndiyi bir zamanda
proqnozlaşdırıla bilməyən risklərin
mövcudluğu belə bir yanaşmanı zəruri edir. Bu
baxımdan, Strateji Yol Xəritəsində nəzərdə tutulmuş
başlıca istiqamətlərin icrası üzrə tədbirlər
planının 2020-ci ilə qədərki dövrü
mövcud reallıqlar və qlobal
çağırışlar nəzər alınmaqla səmərəli
icra mexanizminin formalaşdırılmasını özündə
ehtiva edir. Sözügedən sənəddə 2025-ci ilədək
olan dövr üçün uzunmüddətli baxış və
2025-ci ildən sonrakı dövr üçün isə hədəf
baxış təsbit edilmişdir ki, həmin dövrlər
üzrə hansı tədbirlər paketinin müəyyənləşdirilməsi
Azərbaycan iqtisadiyyatının yaxın illərdə
nümayiş etdirəcəyi inkişaf göstəricilərindən,
qlobal iqtisadi-maliyyə mühitində baş verən dəyişikliklərdən
asılı olacaqdır.
2020-ci
ilədək icrası nəzərdə tutulan əhatəli tədbirlər
planı - ölkə iqtisadiyyatının enerji
daşıyıcılarından
asılılığının minimuma endirilməsini,
iqtisadi şaxələnməni və dünya iqtisadiyyatına
inteqrasiyanı prioritet məqsədlər kimi müəyyənləşdirmişdir.
Bir-biri ilə zəncirvari şəkildə bağlı olan həmin
tədbirlər ölkə iqtisadiyyatının kompleks şəkildə
yenidən strukturlaşmasını təmin etməlidir.
Əmək qabiliyyətli əhalinin kütləvi şəkildə
bu prosesə cəlb edilməsinin əhəmiyyətli müsbət
nəticələri olacaqdır. İqtisadiyyatın şaxələndirilməsi
mal və xidmət sektorunda dəyəryaratma prosesini sürətləndirərək
ölkədə sosial rifahın güclənməsinə
şərait yaradacaqdır. Eyni zamanda, ixtisaslaşmış
və peşəkar əməyə artan tələbat
iqtisadiyyatın sektoral bölgüsündə sağlam rəqabəti
və peşəkarlığı artıracaqdır. Bununla
yanaşı, Strateji Yol Xəritəsində
vurğulandığı kimi, nəzərdə tutulmuş tədbirlərin
icrası nəticəsində yeni iş yerlərinin
yaradılması ilə bərabər, mənzil təminatının
yaxşılaşdırılması, müasir tələblərə
uyğun təhsil və səhiyyə xidmətlərinin
göstərilməsini nəzərdə tutan sosial sistemin
inkişafı, kommunal xidmətlərin təkmilləşdirilməsi
və ünvanlı sosial yardım sistemindən reabilitasiyaya
keçidin təmin edilməsi yolu ilə yoxsulluğun
azaldılması təmin ediləcəkdir.
Strateji
Yol Xəritəsində 2025-ci ilədək müəyyənləşdirilmiş
uzunmüddətli baxış dayanıqlı inkişaf yoluna
qədəm qoymuş ölkə iqtisadiyyatının rəqabət
qabiliyyətliliyinin daha da gücləndirilməsini hədəfləyir.
Bu hədəfə nail olunması ölkədə azad rəqabət
mühitinin formalaşdırılması, iqtisadiyyatda özəl
sektorun payının artırılması və investisiya cəlbediciliyinin
yüksəldilməsi baxımından xüsusi əhəmiyyət
kəsb edir. Azərbaycan son dövrlərə qədər
makroiqtisadi mühitə görə dünyanın
aparıcı maliyyə institutları tərəfindən ən
sabit ölkələrdən biri kimi qiymətləndirilmişdir.
Lakin neft qiymətlərində kəskin enişin
yaşanması ölkəmizin makroiqtisadi sabitliyinə təhlükə
yaradır. Bu baxımdan, ortamüddətli hədəfdə
yenidən makroiqtisadi sabitliyə nail olmaq qarşıya
qoyulmuş vəzifələrin uğurla həyata
keçirilməsinin başlıca şərtlərindən
biridir.
Ölkə
vətəndaşlarının sosial rifah halının
yaxşılaşdırılmasını və insan
inkişafı indeksinin daha yüksək həddə
çatdırılmasını təmin edən güclü,
çoxşaxəli inklüziv iqtisadiyyatın bərqərar
edilməsi Strateji Yol Xəritəsində 2025-ci ildən
sonrakı hədəf baxış kimi müəyyən
edilmişdir. Ölkə əhalisinin yaşayış səviyyəsinin
yüksəldilməsi və insan kapitalının inkişaf
etdirilməsi uzunmüddətli hədəflərin əsas
komponentləri kimi öz əksini tapır. Bu faktor bir daha onu
göstərir ki, prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən dövlət siyasətinin mərkəzində
məhz Azərbaycan vətəndaşı və onun təminatlı
gələcəyi dayanır.
Dünya
İqtisadi Forumunun hazırladığı 2015-ci il İnsan
Kapitalı İndeksinə əsasən,
Azərbaycan 124 ölkə sırasında 63-cü yerdə qərarlaşıb.
Region ölkələri ilə müqayisədə bu, kifayət
qədər yüksək göstəricidir. Lakin innovativ, elm və
biliyə əsaslanan iqtisadiyyat insan inkişafının hər
zaman gündəlikdə prioritet məsələ kimi
saxlanılmasını tələb edir. Bu baxımdan, Strateji
Yol Xəritəsində əksini tapan dərin
ixtisaslaşma, təhsil - tədqiqat
- innovasiya triadasına əsaslanan mükəmməl təhsil
sisteminin qurulması xüsusi əhəmiyyətli hədəf
olaraq Azərbaycanda insan kapitalının inkişafını
yeni mərhələyə yüksəldəcəkdir.
Sağlam
iqtisadi-maliyyə sisteminə malik olan dövlətlərin təcrübəsinə
nəzər saldıqda, həmin dövlətlərin iqtisadi
proseslərdə həlledici iştirakçı olmaqdan daha
çox, təşviqedici və tənzimləyici
funksiyaları yerinə yetirdikləri nəzərə
çarpır. Bu baxımdan, Strateji Yol Xəritəsində
iqtisadiyyatda dövlət sahibkarlığının
azaldılması, bütövlükdə dövlətin
iqtisadiyyata müdaxiləsinin azaldılmasına dair kompleks tədbirlər
nəzərdə tutulması xüsusilə əhəmiyyətlidir.
Bu gün iqtisadiyyatda dövlətin tənzimləyici rolunun
qabaqcıl beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsinə
böyük ehtiyac var. Əslində dövlət
institutlarının başlıca vəzifəsi makroiqtisadi
sabitliyi təmin etməkdən, hüquqi bazanı möhkəmləndirməkdən,
mülkiyyət hüquqlarının qorunduğu əlverişli
biznes mühitini formalaşdırmaqdan ibarət
olmalıdır. Bu istiqamətdə islahatların həyata
keçirilməsi ölkəmizin beynəlxalq miqyasda
investisiya cəlbediciliyini artıra və qlobal iqtisadi-maliyyə məkanına
səmərəli inteqrasiyanı daha da sürətləndirə
bilər.
Beynəlxalq
təcrübəyə və digər dövlətlərin
oxşar məzmunlu inkişaf sənədlərinə nəzər
saldıqda, Strateji Yol Xəritəsində müəyyən
olunmuş hədəflərin mövcud
çağırışlarla tam uyğunluq təşkil
etdiyini söyləmək mümkündür. Məsələn,
"Qazaxıstan - 2050 Strategiyası" yüksək sosial
rifahın təmin edildiyi, əlverişli investisiya
mühitinin yaradıldığı rəqabətqabiliyyətli
iqtisadiyyatın qurulmasını əsas hədəf kimi
müəyyənləşdirir. "2020-ci ilə qədər
Rusiya Federasiyasının uzunmüddətli sosial-iqtisadi
inkişafına dair" Konsepsiyasında insan
kapitalının inkişaf etdirilməsi, makroiqtisadi sabitliyin təmin
edilməsi, xarici ticarətin liberallaşdırılması
kimi kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulmuşdur. Dünyanın uğurlu iqtisadi modellərindən
birinə sahib olan Malayziyanın "2016-2020-ci illər üzrə
iqtisadi inkişaf planı" əhalinin yaşayış səviyyəsinin
yüksəldilməsini, yüksək insan
inkişafını, iqtisadi tərəqqi üçün
infrastrukturun gücləndirilməsini başlıca məqsədlər
kimi müəyyən edir. Oxşar hədəflər
Norveç hökumətinin "Davamlı inkişaf üzrə
Strategiya"sında da öz əksini tapmışdır.
Müqayisədən də göründüyü kimi, qeyd
olunan sənədlərdə nəzərdə tutulan tədbirlərin,
demək olar ki, hamısı daha əhatəli və sistemli
şəkildə Azərbaycan Prezidentinin irəli
sürdüyü Strateji Yol Xəritəsində də əks
olunmuşdur. Lakin bu heç də, Yol Xəritəsində
müəyyənləşdirilən hədəflərin və
həyata keçiriləcək tədbirlərin beynəlxalq
praktikanı istisnasız təkrarladığı anlamına
gəlmir. Əksinə, həmin təcrübədən
yararlanaraq Azərbaycan Respublikasının malik olduğu
spesifik iqtisadi-coğrafi və s. şərtlər nəzərə
alınmaqla hazırlanmış kompleks islahatlar paketi ölkəmizin
özünəməxsus inkişaf yolunu, dövlətin
hazırki dövrdə və yaxın gələcəkdəki
tarixi missiyasını müəyyənləşdirir.
Göründüyü
kimi, ölkə başçısı tərəfindən təsdiq
edilən "Azərbaycan Respublikasının Milli
İqtisadiyyat Perspektivi üzrə Strateji Yol Xəritəsi"
və müvafiq sektorlar üzrə diferensial strateji yol xəritələri
ölkə iqtisadiyyatının keyfiyyətcə yeni dönəmə
keçidini şərtləndirir. Belə bir cəsarətli
iqtisadi tərəqqi planının uğurlu icrası, təbii
ki, təkcə dövlət qurumlarının fəaliyyətindən
asılı deyil. Bütün real imkanları nəzərə
alan bu konseptual və praqmatik layihənin həyata keçirilməsi
- Azərbaycan milli iqtisadiyyatının inkişafı ilə
yanaşı, həm də ölkə həyatının
bütün sahələrində tərəqqini təmin edəcəyinə,
dövlətimizi beynəlxalq arenada daha da gücləndirəcəyinə
görə mühüm strateji əhəmiyyətə
malikdir. Buna görə də Strateji yol xəritələrində
əks olunmuş kompleks tədbirlərin icrasında dövlət
qurumları ilə yanaşı sadə insanlardan tutmuş vətəndaş
cəmiyyəti institutlarına qədər bütün
maraqlı tərəflərin yaxından iştirakı və
dəstəyi zəruridir.
Cavanşir Feyziyev
Milli Məclisin deputatı
Fəlsəfə doktoru
Olaylar.- 2016.- 29 dekabr.- S.11.