Əgər müharibə davam etsəydi...

 

Aprel qəhrəmanı: " Yəqin ki, Ermənistan xəritədən silinə bilərdi"

 

Azərbaycan gənclərinin vətənpərvər ruhda tərbiyyə olunması dövlətin, eləcə də ictimaiyyətin diqqət mərkəzindədir. Müvafiq dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətlərinin mütəmadi olaraq keçirdikləri tədbirlər buna bariz nümunədir.

Etiraf edilməlidir ki, ölkənin Ali Baş Komandanı və müdafiə nazirinin orduya göstərdiyi diqqət və qayğı gənclərə ruh verir. Bu qayğının bariz nümunəsi olaraq Azərbaycan Respublikası müdafiə naziri, general-polkovnik Zakir Həsənov 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə təbrik edib. Təbrikdə bildirilir ki, Ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasəti nəticəsində respublikamız hərtərəfli inkişaf edərək qabaqcıl ölkələr sırasında layiqli yerini tutub, bütün soydaşlarımızın qürur mənbəyinə, ümid yerinə çevrilib, dünya azərbaycanlılarının həmrəyliyi təmin olunub. Ulu Öndərimizin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı durmadan inkişaf edir, dövlət müstəqilliyimiz möhkəmlənir, vətəndaşlarımızın maddi rifahı yaxşılaşır, ölkəmizin dövlət müstəqilliyi möhkəmlənir və müdafiə qüdrəti daim yüksəlir. Aprel ayında düşmən təxribatının qarşısı alınarkən Azərbaycan Ordusu bölmələrinin keçirdiyi qətiyyətli cavab tədbirləri nəticəsində işğal altında olan ərazilərimizin bir hissəsinin azad edilməsi hər birimizdə qürur hissi doğurdu. Bizləri sevindirən bu xəbər xalqımızın həmrəyliyinin bariz nümunəsidir. Əmin olun ki, növbəti qələbələrimiz naminə dünya azərbaycanlıları Sizinlə birlikdə olmağa hazırdır: "İnanıram ki, Azərbaycan Respublikasının Konustitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar əldə edəcək və Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında üçrəngli Dövlət Bayrağımızı işğal altında olan əzəli və əbədi torpaqlarımızda dalğalandıracaqsınız. Sizlərə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, xidmətdə və döyüş hazırlığında uğurlar arzulayıram". Yeri gəlmişkən xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, dekabrın 30-da saat 11.00-da 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü keçiriləcək. Müdafiə Nazirliyindən verilən məlumata görə, həmin gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkəcək, eləcə də qonaqlar üçün müxtəlif döyüş texnikaları və silahların nümayişi təşkil olunacaq. Hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək "Açıq qapı" günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran bütün məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

Bu arada bir qrup hərbi qulluqçuya növbəti "polkovnik" hərbi rütbəsi təqdim olunub. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən bir qrup zabitə növbəti "polkovnik" hərbi rütbəsi verilib. Hərbi qulluqçuları qəbul edən Müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb. Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrdə görülən irimiqyaslı quruculuq işlərindən, son vaxtlar dövlət rəhbərliyi səviyyəsində ordu quruculuğunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən danışıb.General-polkovnik Z.Həsənov vurğulayıb ki, dövlətin orduya göstərdiyi bu yüksək diqqətə cavab olaraq hər bir hərbi qulluqçu üzərinə düşən vəzifə borcunu vicdanla yerinə yetirməli, xalqın və dövlətin etimadını doğrultmaq üçün bütün vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlməlidir. Onu da qeyd edək ki, ölkənin ali məktəblərində vətənpərvərlik tədbirləri davam etdirilir. Aprel döyüşlərində qəhrəmanlıq göztərən əsgər va zabitlərin təbliği gənclərin vətənpərvərlik hissinin yüksəldilməsində əvəzsiz rol oynayır. Növbəti belə tədbir İqtisad Universitetində baş tutub. Belə ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində İqtisad Universitetində Aprel döyüşlərinin qəhrəmanları ilə görüş keçirilib. Aprel döyüşlərinin qəhrəmanları elə adlarına layiq tərzdə, yüksək coşqu ilə qarşılanıb. İqtisad Universitetinin rektoru Ədalət Muradov Aprel döyüşlərində qazanılan qələbənin önəmindən danışıb və bu zəfərin 2016-cı ili Azərbaycan üçün əlamətdar bir tarixə çevirdiyini vurğulayıb. Polkovnik Abdulla Qurbani şərəfli döyüş yolu keçmiş hərbçilərimiz haqda məlumat verərək, onların göstərdikləri rəşadətdən söz açıb. Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş baş leytenant Ziya Həsənovun atası Niyazi Həsənov da oğlunun vətənə sevgisindən, keçdiyi döyüş yolundan bəhs edib. Əşrəf Qəhrəmanovun isə hər iki oğlu aprel müharibəsində döyüşüb. Onlardan biri - Ruhin Qəhrəmanov döyüşlərdə qəhrəmancasına şəhid olub. Əşrəf Qəhrəmanov Lələtəpənin azad olunmasında xüsusi rəşadət göstərən digər qəhrəman oğıundan danışan zaman uzun müddət görmədiyi oğlu zala daxil olub. Öz təəsüratlarını bölüşən döyüşçülər cəbhədə hərbçilərin mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olduğunu bildirblər. Aprel döyüşçüsü Qəhrəman Qəhrəmanov qeyd edib ki, əhalinin orduya verdiyi dəstək əsgər və zabitlərə böyük ruh yüksəkliyi verir: "Bu zaman özümüzü tək hiss etmirik. Bunun özü də hərbçilər üçün böyük bir mənəvi dəstəkdir". Qeyd olunub ki, düşmən 3 günlük müharibədə öz layiqli cavabını alıb və təxribatlar təkrarlanarsa, onları daha acınacaqlı aqibət gözləyir. Qəhrəman hərbçi Elşən Qarayev deyib ki, aprel döyüşü düşmənlərə bir dərs oldu: "Aprel döyşləri Azərbaycan ordusunun nəyə qadir olduğunu ortaya qoydu. Əgər müharibə davam etsəydi, yəqin ki, Ermənistan xəritdən silinə bilərdi. Ona görə də bu gün biz alnı açıq, başı uca gəzə bilərik". Görüş hərbi-vətənpərvər mövzulu müxtəlif çıxış və musiqilərlə davam edib. Sonda aprel döyüşünün qəhrəmanlarına xatirə medalları və hədiyyələr təqdim olunub. Azərbaycan gənclərinə nümunə olan qəhrəmanlardan biri də Əli Heydərovdur. May ayının 8-də Azərbaycan Ordusunun cəbhə xəttində düşmənin həmləsini dəf edərkən şəhid olan əsgəri, 19 yaşlı Əli İntiqam oğlu Heydərov Müdafiə Nazirliyi tərəfindən ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunub. Bu münasibətlə şəhidin doğulduğu Abşeron rayonu Qobu qəsəbəsində medalın təqdimolunma mərasimi keçirilib. Mərasimdə rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova, Müdafiə Nazirliyinin polkovniki Aabdulla Qurbani, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin və digər səlahiyyətli qurumların nümayəndələri, hərbi qulluqçular, həmçinin qəsəbə sakinləri, ağsaqqallar və ziyalılar iştirak ediblər. Tədbirdə İ.Gülməmmədova çıxış edərək şəhidlərin qanı bahasına qurulan, bizə ərmağan edilən Azərbaycanın öz müstəqilliyi yolu ilə irəlilədiyini və inkişaf etdiyini bildirib. Azərbaycanın haqq səsinin artıq beynəlxalq təşkilatlar, böyük dövlətlər tərəfindən tanındığını vurğulayan başçı işğal altında olan torpaqlarımızın azad olunacağı günün çox da uzaqda olmadığını qeyd edib. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Abşeron rayonundan bu günə qədər 192 nəfərin şəhid olduğunu qeyd edən İ.Gülməmmədova cəbhədə qazanılan uğurların düşməni sarsıtdığını önə çəkib. Şəhid Əli Heydərovun valideynlərinə allahdan səbr diləyən başçı Ə.Heydərovun vətənin bütövlüyü, torpaqlarımızın müdafiəsi uğrunda şəhid düşdüyünü qeyd edib. Polkovnik A.Qurbani da Ə.Heydərovun hərbi xidməti dövründə göstərdiyi şücaətlərdən danışıb. Azərbaycan ordusunun döyüş ruhunun yüksək olduğunu qeyd edən polkovnik əsgərlərimizin hər zaman torpaqlarımızı işğaldan azad etməhə hazır olduğunu söyləyib. Sonra qəsəbə ağsaqqalları çıxış edərək şəhidlərin ölməzliyi,vətənin müdafiəsinin müqəddəsliyi, igidlərin daim yaşarı olması bir daha vurğulamaqla, onların ruhlarını ehtiramla anıblar. Daha sonra şəhid Ə.Heydərovun təltif olunduğu medalı onun atası İntiqam Heydərova təqdim edib. Öz növbəsində ailəsi adından ölkə başçısına, Abşeron rayon İcra Hakimiyyətinin başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edən İ.Heydərov vətənin müdafiəsinin hər şeydən vacib olduğunu, özünün və bütün ailə üzvlərinin vətənin müdafiəsnə daim hazır olduğunu, oğlunun şəhidlik zirvəsinə ucalmasından qurur hissi keçirdiyini bildirib. Mərasim şəhidin abidəsini ziyarət edilməsi ilə başa çatıb.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 30 dekabr.- S.15.