Dünya Azərbaycanlılarının

Həmrəyliyinə gedən yol

 

Heydər Əliyevdən başlanan bu yol günümüzdə də uğurla davam edir

 

Yeni təqvim ilinin başlanğıcı artıq neçə illərdir ki, Azərbaycan xalqı, eləcə də dünyada yaşayan bütün azərbaycanlılar üçün ikiqat bayrama çevrilir. Günümüzdə 31 dekabr tarixini yalnız yeni ilin gəlişi kimi deyil, eyni zamanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi də qeyd edirik. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın hər bir ölkəsində yaşayan azərbaycanlılar tərəfindən böyük ruh yüksəkliyi ilə qeyd olunur. Yaxın tarixə nəzər salsaq görərik ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü də məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Həmin ərəfədə Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Həmin günlər qardaş ölkədə türk dilli xalqların konfransı keçirilirdi ki, elə həmin konfransda da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərara alındı. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Artıq neçə illərdir ki, Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.

 

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dünya ölkələrində yüksək səviyyədə qeyd edilməsində ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının da rolu əvəzsizdir. Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir. Təbii ki, Azərbaycan diasporunun formalaşması, xaricdə yaşayan azərbaycanlıların həmrəylik nümayiş etdirməsində ümummilli lider Heydər Əliyevin əməyi, rolu əvəzsizdir. Mübaliğəsiz demək olar ki, Azərbaycan diasporunun bu günkü mərhələyə gəlib çatmasında ümummilli liderin atmış olduğu tarixi addım mühüm əhəmiyyət kıəsb edir. Belə ki, Heydər Əliyevin imzaladığı sərəncam əsasında 2001-ci ilin, noyabr ayında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi bu sahədə dönüş oldu. Qurultayda ümummilli liderin şəxsən iştirak etməsi Onun azərbaycanlıların birlik və bərabərliyinə, həmrəyliyinə nə dərəcədə ciddi diqqət yetirdiyini ortaya qoyurdu. Təsadüfi deyil ki, qurultayda çıxışı zamanı Heydər Əliyev məhz bu məsələyə diqqət çəkərək qeyd edirdi: "müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların hər biri yaşadığı ölkədə həyatını özü istədiyi kimi qurub yaşayır. Yaşadığı ölkənin vətəndaşıdır, onun qanun-qaydaları ilə yaşamalıdır və istədiyi yol ilə getməlidir. Ancaq eyni zamanda, indi azərbaycanlıların bir müstəqil dövləti mövcud olduğu halda, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir-biri ilə daha da sıx əlaqə qurması, öz həmrəyliklərini bəyan etməsi və müstəqil Azərbaycan dövləti ilə əlaqələr yaratması tarixin bu mərhələsində çox əhəmiyyətli bir vəzifə kimi meydana çıxır. Bizim vəzifəmiz, Azərbaycan dövlətinin vəzifəsi ondan ibarətdir ki, bütün ölkələrdə yaşayan azərbaycanlılara mümkün olan qayğını, diqqəti göstərsin, onların həyatı ilə maraqlansın və dövlətimizlə ayrı-ayrı ölkələrdə olan Azərbaycan icması arasında əlaqələri daha da inkişaf etdirsin. Azərbaycanın xaricində yaşayan azərbaycanlılar isə gərək, indi müstəqil Azərbaycan ilə daha da sıx əlaqələr qursunlar. Bunlar hamısı dünyada olan bütün azərbaycanıların birliyinin, həmrəyliyinin təmin olunması üçün əsas şərtlərdir".

Bu gün tam əminliklə deyə bilərik ki, dünyada yaşayan azərbaycanlılar həmrəydirlər. Çünki bu işin bünövrəsi sağlam təməllər üzərində qurulub. Ən başlıcası ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət günümüzdə də uğurla davam etdirilir. Bunun bariz nümunəsi Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyevin bilavasitə iştirakı ilə Dünya Azərbaycanlılarının 2, 3 və 4-cü qurultaylarının yüksək səviyyədə keçirilməsidir. Məhz bu kimi qurultaylar, toplantılar dünyada yaşayan azərbaycanlıların daha da həmrəy olmasını şərtləndirir, bunu reallığa çevririr. Bu gün artıq əminliklə deyə bilərik ki, keçən illər ərzində biz buna nail olmuşuq. Təsadüfi deyil ki, elə Dünya Azərbaycanlılarının III Qurultayında da Prezident İlham Əliyev bunu müsbət bir addım kimi dəyərləndirmişdi: "Çox şadam ki, dünyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları artıq tam formalaşıb. Birinci qurultaydan keçən dövrdə, yəni 10 il ərzində böyük işlər görülübdür, təşkilatların sayı artıbdır. Beş il əvvəl 336 diaspor təşkilatımız var idisə, hazırda onların sayı 416-ya çatıbdır. Bu, çox vacibdir. Ancaq eyni zamanda, kəmiyyət bu məsələ ilə əlaqədar bəlkə də həlledici rol oynamır. Mən çox şadam ki, diaspor təşkilatlarımız keyfiyyət baxımından da güclənir, onların fəaliyyəti daha da məqsədyönlüdür, daha da təsirlidir. Müxtəlif ölkələrdə bizim diaspor təşkilatları tərəfindən keçirilmiş aksiyalar onu göstərir ki, istənilən yerdə təşkilatlarımız öz fikrini, öz etirazını, yaxud da ki, öz dəstəyini göstərə bilərlər. Bu, çox mühüm amildir. Mən çox şadam ki, bu gün dünyada fəaliyyət göstərən diaspor təşkilatları yeni səviyyəyə qalxıbdır".

 

Süleyman İsmayılbəyli

 

Olaylar.- 2016.- 31 dekabr-5 yanvar.- S.4.