İddiasız şair

 

(Əbülfət Mədətoğlunun şeirləri haqqında)

 

Onun imzasına tez-tez rast gəlirəm. Şeirləri haqqında yazılan resenziyaları da oxuyuram. Bu resenziyalarda Əbülfət Mədətoğlunun özünəməxsus şair olduğundan, bir kimsəyə bənzəmədiyindən söz açılır. Mən bu fikirlərlə şərikəm. Özünəməxsusluq şairin başlıca məziyyətidir, onu tanıdan da, sevdirən məhz bu cəhətidir. Vaxtilə Xalq şairimiz Bəxtiyar Vahabzadə onun haqqında yazmışdı: "Əbülfət sözün əsl mənasında şairdi. Dərd yağır, Qarabağ fəryadı hıçqırır misralarından. Onu oxuyanda varımdan yox oluram, tüstüm təpəmdən çıxır. Köz-köz olur ürəyim. Bax, budur sənətin qüdrəti".

Bəxtiyar müəllim doğru deyirdi. Əbülfətin Qarabağ həsrətiylə qələmə aldığı şeirlər doğrudan da, təsirlidir, şəxsən mən bu şeirləri oxuyandan sonra içimdə havalanan Qarabağ həsrətinə bir qığılcım da səpələndi. Gizlətməyək ki, bu gün həmin mövzuda çoxlu şeirlər yazılır, amma bu şeirlərin əksəriyyəti sadəcə dərdin adi izharından başqa bir şey deyil. Əbülfətin şeirlərində isə həmin həsrət, həmin dərd poeziya səviyyəsindədir:

çoxmu boynu bükük duraq,

baxaq ağlayan dağlara?

əlimizlə sığal vuraq

sinə dağlayan dağlara.

udaq dəli hönkürtünü

çıxaq yağı söndürdüyü-

ocaqdakı son kötüyü

girov saxlayan dağlara

gəzək, tapaq izimizi

vuraq yerə dizimizi

qurban deyək özümüzü

qara bağlayan dağlara.

alovlanaq,oda dönək

kola, kosa, ota dönək

ölək, amma ora dönək-

bizi haylayan dağlara.

Gəraylı formasında qələmə alınan bu şeiri mən Əbülfətin son illərdə qələmə alınan ən gözəl şeirlərindən biri hesab edirəm. Görün bu şeirdən bircə söz, bircə misra artıqdımı? Sözlər öz missiyasını layiqincə yerinə yetirir, misralar arasından sanki elə dağlar boyda dərd hönkürür. Necə gözəl tapılıb: əlimizlə sığal vuraq sinə dağlayan dağlara. Necə obrazlı deyilib:ocaqdakı son kötüyü girov saxlayan dağlara. bir bu misralar ki, həsrətin sonsuzluğunu bundan da təsirli ifadə eləmək mümkünmü? Qurban deyək özümüzü qara bağlayan dağlara.

Bu dünyada

Tuğ adlı bir dağ

kəndi var

şəlaləsi,

meşələri,

bulaqları

bir

Nilufər çiçəyilə

Kənd uşaqlarının

payına düş

hər varsa,

mənim

canıma-qanıma

hopub orada.

Həmin o uşaq

ləpirlərimdə

düşmən

mina əkir indi.

Xatirələrimi

göyə sovurmaq üçün.

Bu da Əbülfətin doğma kəndi-Tuğa həsr etdiyi şeirdir. Əlbəttə, bu minor motivlər təbiidir. O dərdi, o ağrını içində yaşatmayan insan dərddən ürəyində kaşanə qura bilməz. Əbülfət Dərdin Poeziyasını Poeziyanın Dərdinə çevirən şairlərdəndir.

Əbülfət daim axtarışda olan şairdir. Onun ilk kitablarından olan "Nilufər çiçəyi" mənim kitablarım arasındadır, obrazlı desəm, bu kitabdakı şeirlərin özünəməxsus qoxusu hələ çəkilməyib. Daha sonra mən onun "Döymək istədiyim qapılar" "Allah, məni unutma" kitabları ilə tanış oldum. Müxtəlif illərin müxtəlif ovqatın məhsulu olan bu şeirlər Əbülfətin bir şair kimi kitabdan kitaba daha da kamilləşdiyini nümayiş etdirir.Olsun ki,özünün bəyəndiyi, amma müxtəlif zövqlü oxucuların bəyənmədiyi şeirləri diqqətdən yayınmır, amma onun uğurları sayca daha çoxdur.

Şairlər sevgidən gənclik illərində daha çox yazırlar. Əsasən nakam sevgilər, uğursuz məhəbbət macəraları onları dilə gətirir. Bu həsrət onları tərk etmir, ta əlli yaşına qədər, lap ömürlərinin sonunacan da ilk məhəbbətlə bağlı hisslər onların şeirlərindən əksik olmur.Amma sevgi ömrünün bir payız çağı da gəlir. Əbülfət bu sevginin payız çağlarını qələmə alıb. Bu "payız sevgisi" olsun ki, ilk gənclik illərindəki sevgidən daha şiddətlidir, amma bu sevgidə dözüm, təmkin, ağıl daha irəlidir. Elə Xalq şairi Zəlimxan Yaqub çox doğru deyirdi ki: "Uca tanrı sevgini insanlara dünyanı dərk etmək üçün göndərib, göndərib ki, insan həmişə diri duru, pak təmiz, zərif həssas olmağı, öz gəlişiylə dünyanı gözəlləşdirməyi bacarsın. "Min Əbülfət qəlpələnsin ki, bir məhəbbət var ola bilsin".Yer üstə möhkəm dayanmaq üçün , göy üzünün qapısını açmaq üçün insana-xüsusən şairə böyük sevgi gərəkdi".

Əbülfətin sevgi şeirlərində məhz bu özünüdərk əsasdır. Sevgini duymaq, qiymətləndirmək, bu duyğular naminə yaşamaq...Nədir sevgi? Əbülfət bir şeirində bunu belə açıqlayır:

çök sinəmə duman tək

özümü dağ sanım mən.

dönüm sonsuz ümidə-

hər an səni anım mən.

qəm sanki iynə-sapdı

hər yerdə məni tapdı.

şimşəkdən çınqı qopdu-

alışdırdı, yanım mən.

dünya cənnət-mən qərib

könlüm sən tək gül dərib.

Tanrım səni göndərib-

sevgi nədi-qanım mən.

Əbülfət Mədətoğlunun sevgi şeirlərini təkcə bir insanın-bir fərdin könül duyğuları kimi şərh eləmək doğru deyil. Bu şeirlər həm sevginin, bu ali hissin insan həyatında necə təmiz, saf duyğular oyatdığı, qəlbini, ruhunu necə gözəlləşdirdiyi missiyasını da yerinə yetirir. Məlumdur ki, müasir dövrümüzdə saf, təmiz sevgilər get-gedə azalır, məcnunluq, leylilik bunların timsalında fədakarlıq qeybə çəkilmiş olur. Əvəzində yalançı, saxta, beşgünlük "sevgilər" doluşur ürəklərə.

gəlirəm sənə doğru,

səbrin çatınca gözlə.

ruhüm könlündə gəmi-

gəmim batınca gözlə.

hər çınqı ümid şamı

göy üzü ruhun damı

unuda bilər hamı-

gələn yardısa, gözlə!

Bir sözlə, Ə.Mədətoğlunun sevgi şeirləri yaşanılan, duyulan hisslərin, duyğuların ifadəsidir. Bu şeirlərin qəhrəmanı sevgini həyatının mənası, mahiyyəti hesab edir. Hicran əzabları onu necə sarsıdırsa, vüsala ümid qəlbində yaşamaq eşqini alovlandırır. Deyərdik ki, bu sevgidə bir az məcnunluq havası var. Məcnun kimi o da fədakarlığı, eşqdə təmannasızlığı sevir. Ancaq Məcnundan fərqi orasındadır ki, onun kədərinin içində bir işıq var.

Mən od geydim, alov içdim,

Canımdan can çıxanadək.

Dərdi saydım, qəmi biçdim,

Ağzımdan qan çıxanadək.

Əbülfətin bir çox şeiri onun özü-özüylə dialoqunu bəzən monoloqunu ifadə edir. Bu şeirlərdə bir insan taleyinin yaşıntıları var. Bu yaşıntılar oxucuya da sirayət edir. Dərddirsə, dərdinə qoşulursan, sevincdirsə, sevincinə şərik olursan. Şairlə oxucu arasında məsafə saxlamayan şairdir Əbülfət.

Qəfəsdə yaşayan quşlar

Halınıza mən yanırdım.

Sizin azadlıqda olmaq

Haqqınıza inanırdım.

Amma...əksinə oldu hər şey

Özüm qəfəsə düşdüm.

Sizlər tora dimdiyindən

Mən ürəyimdən ilişdim.

Bu şeirdən necə təsirlənməyəsən?

Əbülfət Mədətoğlu haqqında bu qeydlərimi başa çatdırarkən Ramiz Rövşənin "Sadə həqiqət" məqaləsi gözümə dəydi. sözümü elə Ramizin Əbülfət Mədətoğlu haqqında dedikləri ilə bitirmək istəyirəm: "Əbülfətin şeirlərində ümumiləşdirmə gücü olan, oxucu ürəyində əks-səda doğura bilən misralar az deyil. Amma o misralar sözə soxulmur. Onları oxucu özü görməlidir. Çünki Əbülfətin şeirləri özü kimi iddiasızdır".

 

Yanvarın 1-də şair dostum Əbülfətin 58 yaşı tamam olur. Altmışın astanasındadır. Onu bütün şeirsevərlər adından təbrik edirəm!

 

VAQİF YUSİFLİ

 

Olaylar.- 2016.- 31 dekabr.- 5 yanvar.- S.13.