Vətənpərvərlik ailədən və

təhsil müəssisəsindən başlayır

 

Ramil Məmmədli: “Ordu, hərbi qüdrətimiz-texnikamız gənc nəsildə vətənpərvərlik şüurunun formalaşmasına stimul verən mühüm amillərdən biridir”

 

Hərbi-siyasi icmalçı, ehtiyatda olan zabit Ramil Məmmədlinin “Olaylar”a müsahbəsi

 

-Ramil müəllim, Azərbaycanda hərbi sahədə, ordu quruculuğu istiqamətində həyata keçirilən məqsədyönlü işlər gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların vətənə məhəbbət hissi ilə böyüməsinə nə dərəcədə müsbət təsir göstərir?

-Əvvəlcə onu deyim ki, vətənpərvərlik ailədən və təhsil müəssisəsindən başlayır. Sonra bu proses insan həyatının digər mərhələlərində, o cümlədən də Silahlı Qüvvələrdə davam etdirilir. 1918-1920-ci illərdəki müstəqillik dövrünü nəzərə almasaq, ümumilikdə 160 ildən artıq bir dövrdə Azərbaycan xalqı öz ordusuna malik olmayıb. Lakin bütün bu çətinliklərə və məhrumiyyətlərə baxmayaraq, millətimiz mübarizə əzmini itirməyib və vətənpərvərlik şüuru nəsildən-nəsilə keçib. Yekunda isə Azərbaycanımız öz dövlət müstəqilliyini əldə edib. Yəni bizim xalq ordusu olmadığı dövrdə belə vətənpərvərlik hissindən xali olmayıb. Bu gün isə Azərbaycan müstəqilliyini əldə edib və onun uğurlarından biri də Silahlı Qüvvələrə malik olmasıdır. Əlbəttə, bu gün ordu, hərbi qüdrətimiz-texnikamız gənc nəsildə vətənpərvərlik şüurunun formalaşmasına stimul verən mühüm amillərdən biridir. Azərbaycan Ordusu isə qarşısına qoyulan işi görür, davamlı hərbi təlimlər keçirilir və hərbçilərimiz döyüş bacarıqlarını daim artırırlar. Paralel olaraq isə Ordunun texnika parkı yenilənir, gücləndirilir və s. bu kimi işlər görülür. Bütün bunların məntiqi nəticəsi olaraq, ordumuz düşmən mövqelərinə - işğalçıların səngər və postlarına sarsıdıcı zərbələr endirirlər. Qalır bu işlərin təbliği. Məhz burada isə əsas iş ən böyük auditoriyası olan televiziya kanallarının üzərinə düşür. Həmçinin, kinomatoqrafiya sənayesinin. Bu gün Rusiya, İran, Türkiyə, ABŞ və digər ölkələrin televiziya kanalları, o cümlədən kinomatoqrafiya sənayesi müəssisələri ordunun təbliğinə yönələn saysız- hesabsız veriliş və bədii sənət nümunələri ortaya qoyurlar. Bizdə isə bu sahə hələ də ağsayır. Bilirəm ki, bu işi görə biləcək insanlarımız öz potensiallarını tam ortaya qoymurlar. Əlbəttə, birmənalı demək olmaz ki, heç bir iş görülmür. Müəyyən işlər görülür, lakin daha çox işləmək, ordunun təbliği və bununla da gənclərimizdə vətənpərvərlik ruhunun daha dərin kök atmasına nail olmaq mümkündür.

-Bu gün Azərbaycanın hərbi potensialını necə dəyərləndirərdiniz?

-Əvvəlcə onu deyim ki, Azərbaycan Silahlı Qüvvələri sülh dövründə formalaşmayıb. Biz hərbi imkanlarımızı döyüşərək inkişaf etdirmişik. Əgər söhbət Silahlı Qüvvələrimizin texniki imkanlarından gedirsə bildirim ki, Azərbaycan Ordusu güclü hərbi potensiala malikdir. Bu gün Silahlı Qüvvələrimizin həm müasir texnikası, həm də bu modern texnologiyalarını döyüş şəraitində yüksək səviyyədə idarə edə biləcək hərbi qulluqçuları var. Azərbaycanın müdafiə sənayesi sektoru da hərbi potensialımızın inkişaf etdirilməsi və güclənməsi üçün yeni-yeni uğurlara imza atır. Misal olaraq, 10 il əvvəl yaradılan Müdafiə Sənayesi Nazirliyi fəaliyyəti dövründə 1000 addan çox müdafiə təyinatlı məmulat və onların ehtiyat hissələrini istehsal etməyə başlayıb. Bunlardan universal və tank pulemyotlarını, tank əleyhinə əl qumbaraatanını, müxtəlif mm-lik minaatanları və onlar üçün minalı atəş yığımlarını, pilotsuz uçuş aparatlarını, mina təsirinə dayanıqlı zirehli texnikaları, BTR və BRDM tipli zirehli texnikaların təkmilləşdirilməsini və s. göstərmək olar. Bunu deməkdə məqsədim odur ki, Azərbaycan bəzi ölkələr kimi hərbi potensialını gücləndirmək üçün yalnız silah və texnikanı xaricdən almır, həm də özü istehsal edir. Bax bu, hərbi potensialımızın inkişaf etdirilməsi üçün mühüm amildir. Yəni artıq biz Azərbaycan əsgərinin istifadə etdiyi bəzi silahların milli istehsal olması ilə öyünə bilərik. Hesab edirəm ki, hər birimiz də bununla fəxr etməliyik. Bir məqamı da deyim. Fəaliyyətimlə əlaqədar bəzi ölkələrin hərbi imkanlarından xəbərdaram. Əminliklə bildirirəm ki, Azərbaycanın hərbi potensialı regionun və dünyanın bir çox ölkələrinin imkanlarından qat-qat üstündür.

-Azərbaycan hərbi baxımdan bu gün Ermənistanı tam məğlub etmək gücündədirmi?

-Azərbaycan Silahlı Qüvvəlləri hər zaman Ermənistan Ordusunu darmadağın etmək imkanına malik olub. Amma bilirik ki, bizim qarşılaşdığımız uğursuzluqların səbəbi Ermənistan Ordusunun güclü olması yox, kənar qüvvələrin – dövlətlərin öz hərbi imkanlarından ermənilərin xeyrinə istifadə etməsi olub. Əks təqdirdə, ordumuz qısa bir müddətdə ermənilərin hərbi müdaxiləsinin qarşısını alar və onları öz “yuva”sına qədər qovar. Bunu tam əminliklə deyirəm və hətta son illərdə həyata keçirilən konkret əməliyyatları misal çəkmək istəmirəm. Bütün parametrləri ilə götürsək, Silahlı Qüvvələrimiz Ermənistan Ordusundan dəfələrlə güclüdür. Bizim həm aviasiya, həm quru qoşunlar, həm zirehli texnika parkı, həm də artilleriya-raket birləşmələrimiz regionun ən güclülərindən sayılır. Lakin vəziyyətin hələ də bu şəkildə qalmasının obyektiv səbəbləri var. Bir daha qeyd etmək istərdim ki, əgər Ermənistan ona dayaq olan iri dövlətlərə sığınmasa bir ay belə Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməz.

-Ali Baş Komandanın hərbi sahəyə göstərdiyi diqqət və qayğı gənclərin hərbi biliklərə yiyələnməsi, bu sahəyə daha çox diqqət ayrımasına necə təsir göstərir?

-Hər cür mübaliğədən uzaq olaraq demək istəyirəm ki, Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev heç bir zaman hərbi sahəni diqqətdən kənarda qoymayıb. İlham Əlyev prezident seçilən günlərdə mən hərbi xidmətdə idim. Yəni ordudakı vəziyyətdən xəbərdardım. Sonrakı proseslər - aparılan islahatlar, texnika parkının yenilənməsi, əsgərlərə yaradılan şərait, hərbi qulluqçuların sosial problemlərin həlli üçün atılan əsaslı addımların şahidiyəm. Etiraf etməliyik ki, son illərdə orduda həyata keçirilən köklü islahatlar isə Silahlı Qüvvələrimizin cəmiyyətdə nüfuzunu daha da artırıb. Bir faktı xüsusi qeyd etmək istəyirəm. Bu gün yüzlərlə gənc əsgərlik müddətini başa çatdırdıqdan sonra orduda qalmaq və vətənə xidmət etmək üçün Müdafiə Nazirliyinə müraciət edirlər. Bu danılmaz faktdır. Yeri gəlmişkən, bu yaxınlarda Heydər Əliyev adına Ali Hərbi Məktəbdə idim. Orada müdavimlərə yaradılan şəraitlə tanış oldum. Cənab prezidentin tapşırığı və müdafiə naziri, general-polkovnik Zakir Həsənovun bilvasitə iştirakı ilə müasir tələblərə uyğun tədris obyektləri inşa edilib. Bu bir faktdır. Digər hərbi tədris müəssisələrində də vəziyyət eynidir. Artıq gənc zabitlərimiz təkcə Azərbaycandakı təhsillə də kifayətlənmirlər. Dövlətimiz azərbaycanlı zabitlərin dünyanın bir çox ölkələrinin hərbi məktəblərində ixtisaslarını artırması üçün bütün mümkün şəraiti yaradır. Məhz, bütün bunlar gənclərimizin orduya marağını artırır.

-Hərbi ekspert kimi gənclərin çağırışa qədərki hərbi hazırlıqla bağlı maairfləndirilməsi, orta məktəblərdə bu istiqamətdə aparılan işləri qaneedici hesab edirsinizmi?

-Bu məsələyə birmənalı fikir bildirmək olmaz. Lakin, çatışmamazlıqları demək vacibdir. Çünki çatışmamazlıqlar deyilmədikcə, problemlər öz həllini tapmır. Əlbəttə, demək olmaz ki, bu sahədə heç bir iş görülmür. Orta məktəblərdə hərbi hazırlıq dərsləri keçirilir. Lakin Azərbaycan işğalçı Ermənistanla müharibə vəziyyətində olduğuna görə gənclərin, xüsusilə də çağırışçı gənclərin ilkin hərbi hazırlıq dərslərini yüksək səviyyədə keçmələri mühümdür. Bu məsələ ordumuzun döyüş qabiliyyətinə təsir edən amillərdən biridir. Gənclər ilkin hərbi hazırlığı məhz orta məktəblərdə almalıdır. Bu sahədə hələ də vəziyyət istənilən səviyyədə deyil. Keçmiş SSRİ zamanında təhsil alanların xatirindədir ki, orta məktəblərdə bu istiqamət üzrə keçirilən dərsliyin adı “İbtidai hərbi hazırlıq” idi. İndi “Gənclərin çağırışa qədərki hazırlığı” adlandırılıb. Psixioloji baxımdan götürsək, bu uğurlu dəyişiklik deyil. Dərslik müasir tələblərə, müasir ordu quruculuğu standartlarına cavab vermir. Bundan başqa dərslər çox yerdə formal xarakter daşıyır. Ən vacib məsələ isə bu fənn üzrə orta məktəblərin böyük hissəsinin maddi-texniki bazası, əyani vəsaitləri qaneedici deyil. Şagirdlərin ixtiyarında silah, texnika, partlayıcı qurğular və digər vasitələrin nümunələri yoxdur. Şagirdlər atıcılıq məşğələlərinə aparılmırlar. Sovet zamanında bu məşğələlər hərbi hissələrin ərazisində də keçirilirdi. İndi isə bu ənənə yoxdur. “Cəsurlar”, “Şahinlər” kimi hərbi oyunlar da geniş auditoriyanı əhatə etmir. Hesab edirəm ki, aidiyyatı qurumlar, xüsusilə də bu məsələyə bilvasitə cavabdeh olan Təhsil Nazirliyi iradları nəzərə alacaq. Demək istəyirəm ki, hərbi maarifləndirmə elə bir məsələdir ki, bu prosesdə daim zamanın tələbi nəzərə alınmalıdır.

-Siz bir neçə ölkədə səfədə olarkən yəqin ki, həmin ölkələrdə bu istiqamətdə həyata keçirilən tədris prosesi ilə maraqlanmısınız. Azərbaycanla müqayisədə həmin gənclərin çağırışa qədərki hazırlıq dövründə hansı əlavə metod və vasitələrdən istifadə edilir?

-Baltikyanı respublikaları çıxmaq şərtilə, postsovet ölkələrinin böyük hissəsində köhnə ənənə qorunub saxlanılıb. Avropa ölkələrində və sülh şəraitində yaşayan bəzi dövlətlərdə isə orta məktəblərdə ibtidai hərbi hazırlıq dərsləri formatında fənlər tədris olunmur. Onların tələbinə görə, hərbi tədris yalnız ixtisaslı təhsil müəssisələrində aparıla bilər. Azərbaycanda da bu tələbə riayət olunur. Türkiyədə “Milli müdafiə” adlı fənnin tədris olunduğunu bilirəm. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycanın 20 faiz ərazisi işğal olunub. Bu mənada gənc, istər qız, istərsə də oğlan həqiqi hərbi xidmətə qədər silahla davranmağı bacarmalı, hərbi üçün zəruri məqamları bilməlidir. Bunun obyektiv səbəbləri var.

-Ümumiyyətlə, hərbi ekspert kimi gənclərin hərbi biliklərə diqqət və marağının artırılması məqsədilə əlavə hansı addımların atılmasını məqbul hesab edərdiniz?

-Bunun üçün bir çox tədbirlər həyata keçirilməlidir. Məsələn, şəhid və qazilərə olan münasibət. Sadə insanlarımız şəhidlərimizə və qazilərimizə, onların ailələrinə hər zaman hörmətlə yanaşırlar. Lakin yerli icra qurumlarının bu istiqamətdəki fəaliyyəti qaneedici deyil. Rayonun və ailənin adını çəkmək istəmirəm. Amma şahidi olmuşam. Bir qrup jurnalist şəhid ailəsinə baş sağlığı vermək üçün rayonlardan birinə getmişdik. Gördüklərimiz bizi dəhşətə gətirdi. Biz həmin rayonun İcra Hakimiyyətinin nümayəndələri ilə ciddi mübahisə etdik və şəhidin ailəsinə diqqət göstərilməsini tələb etdik. Belə hallar bölgələrdə az deyil. Məhz bütün bu amillər gənclərin hərbi xidmətə münasibətini formalaşdırır. Yerli icra qurumları şəhid və qazi ailələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilməlidirlər ki, bunu görən gənclərdə də hərbi vətənpərvərlik hissi yüksəlsin, ordu sıralarında xidmət etməyə maraq artsın. Təəssüf ki, bəzən qanunvericiliyi bilməməzlikdən bu kimi məsələlərdə Müdafiə Nazirliyini ittiham edirlər. Əslində isə belə deyil.

-Sizcə, bu istiqamətdə mövcud olan tədris vasitələri yetərlidirmi, yaxud əlavə tədris vasitələrinin hazırlanmasına ehtiyac varmı?

-Azərbaycan Silahlı Qüvvələrinin tədris vəsaitləri – kitab və digər vasitələr müasir tələblərə uyğundur və təkmilləşdirmə, modernləşdirmə işləri davam etdirilir. Əlbəttə, demək olmaz ki, yeni tədris vasitələrinin hazırlanmasına ehtiyac yoxdur. Sadəcə, təhsilin aparılması üçün tədris vəsaitlərinin qıtlığı barədə danışmaq da düz olmazdı. Bu gün Silahlı Qüvvələrin təhsil müəssisələrinin hər birində tədris ixtisasa uyğun vasitələrlə aparılır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 2 fevral.- S.15.