Gənclərin vətənpərvər ruhda böyüməsində

maarifləndirici tədbirlərin əhəmiyyəti

 

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik ruhunun artırılması istiqamətində təbliğat xarakterli tədbirlərin keçirilməsi, maarifləndirmə işlərinin aparılmasının mühüm əhəmiyyət kəsb edir. Bu mənada Müdafiə Nazirliyinin müntəzəm olaraq keçirdiyi tədbirlər təqdirəlayiq hesab edilə bilər. Bu günlərdə nazirlik gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına yönəlik daha bir tədbir həyata keçirib.

Belə ki, Müdafiə Nazirliyi və Tərtər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclərinin 1-ci Forumunun 20-ci ildönümü və 2 Fevral – Gəncləri Günü münasibətilə Tərtər şəhərində "Ordu gəncləri böyük qüvvədir" devizi altında kütləvi gənclik və vətənpərvərlik bayramı keçirilib. Yüzlərlə yerli sakinin, bütün cəbhə bölgələrini təmsil edən hərbi qulluqçuların, Bakı şəhəri və respublikanın bir sıra rayonlarından gəlmiş qonaqların, vaxtilə Tərtər uğrunda mərdliklə vuruşmuş Qarabağ müharibəsi əlillərinin, veteranların, şəhid ailələrin nümayəndələrinin iştirak etdiyi bu təntənə əsl gənclik və vətənpərvərlik bayramına çevrilib, ordu ilə xalqın sıx birliyini bir daha nümayiş etdirib. Bu, hamının bir bayraq altında, bir nəfər kimi Silahlı Qüvvələrin Ali Baş Komandanının əmrlərinə hər an hazır olduqlarını bəyan edən möhtəşəm tədbir kimi tərtərlilərin yaddaşında unudulmaz izlər buraxıb. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Silahlı Qüvvələrimizin arsenalında mövcud olan bəzi texnikanın, silah-sursatın və digər döyüş avadanlığın, xüsusilə ölkəmizdə istehsal olunan hərbi vasitələrin nümayiş olunduğu sərgi ilə tanışlıq olub. Bu sərgi ziyarətçilərdə böyük maraq doğurub. Əməkdar İncəsənət Xadimi Abdulla Qurbaninin ssenarisirejissorluğu ilə keçirilən gənclik və vətənpərvərlik bayramını izləmək üçün Tərtər şəhərindəki Heydər Əliyev adına parkına toplaşanlar əsl möcüzə ilə qarşılaşıblar. Sıldırım qayaların qoynunda heykəlləşən mübariz Vətən əsgərlərinin hər birinin əzəmətli görkəmi, duruşuyolumuzu gözləyən cənnət Qarabağa dikilən sərt baxışları tamaşaçıların diqqətindən yayınmayıb, onlarda işğal altındakı torpaqlarımızı tezliklə azad edəcək Vətən əsgərinə inam, sevgi və məhəbbətlərini daha da artırıb.  Ulu öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib, Dövlət himni səsləndirilib.

Aparıcılar tədbirin Tərtərdə keçirilməsinin heç də təsadüfi olmadığını, bu torpağın qəhrəman əhalisinin həm ötən zamanlarda, həm də əsrimizin əvvəllərində erməni daşnaklarına qarşı mərdliklə mübarizə apardığını, bu yolda şəhidlər verdiyini, lakin heç vaxt ruhdan düşmədiklərini, bu günordumuza arxa-dayaq olduqlarını, Silahlı Qüvvələrimizin sıralarında Tərtər gənclərinin də Vətən qarşısında əsgəri borclarını şərəflə yerinə yetirdiklərini xüsusi qeyd ediblər.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Müdafiə Nazirliyi rəhbərliyinin bu tədbirin keçirilməsi ilə bağlı təşəbbüsünün rayon əhalisi tərəfindən yüksək qiymətləndirildiyini, gənclik və vətənpərvərlik bayramının tərtərlilərin həyatında əlamətdar hadisə olduğunu vurğulayıb. Qeyd olunub ki, bu gün xalqımızın və ordumuzun şəxsi heyətinin mənəvi səfərbərliyi vacibdir və ölkə rəhbərliyinin bu istiqamətdə apardığı siyasət həm xalqın, həm də ordunun qüdrətini daha da artırır: “Əgər şəxsi heyətin döyüş ruhu, mənəvi-psixoloji hazırlığı və vətənpərvərlik hissi yüksək səviyyədə deyilsə, xalq öz ordusuna inanmırsa, nə qədər müasir, güclü döyüş texnikayasilahlara malik olsa da həmin ordu müharibədə məğlub olacaqdır. Fəxr edirik ki, Prezidentimizin də dəfələrlə qeyd etdiyi kimi bu gün əsgər və zabitlərimizin döyüş ruhu və vətənpərvərlik hissi çox yüksək səviyyədədir. Məhz Müdafiə Nazirliyinin yerli icra hakimiyyəti orqanları ilə son illərdə təşkil etdiyi bu kimi kütləvi hərbi-vətənpərvərlik tədbirləri mühüm əhəmiyyət kəsb edir”. Ordu gənclərinin böyük qüvvə olduğunu deyən Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev Silahlı Qüvvələrin bütün birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil təhsil müəssisələrində 2 Fevral – Gənclər Günü ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini bildirib, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini çatdırıb. General-mayor Hikmət Həsənov hər gün Ermənistan silahlı bölmələri tərəfindən mövqelərimizin atəşə tutulduğunu, onların layiqincə susdurulduğunu, qarşılarının mərdliklə alındığını və bundan sonra da torpaqlarımıza göz dikən mənfur düşmənin məhv ediləcəyini bildirib. General deyib ki, Azərbaycan əsgəri bu gün ön səngərdə ayıq-sayıqdır və işğal altında olan torpaqları azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyir.  Biri-birinin ardınca vətənpərvərlik və gənclik nəğmələri səslənib, hərbi marşlar ifa olunub, rəqslər təqdim edilib, ədəbi-müsiqili və xoreoqrafik kompozisiyalarda ordu gənclərinin mübarizliyi tərənnüm edilib.

İki dəfə paralimpiya, beş qat dünya, altı qat Avropa çempionu İlham Zəkiyevi tədbir iştirakçıları alqışlarla qarşılayıb. O, mötəbər idman yarışlarında şərəfinə ucaldılan üçrəngli bayrağımızın tezliklə Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər əzəli və əbədi torpaqlarımızda da tezliklə dalğalanacağına əminliyini bildirib.  Xüsusi təyinatlıların nümunəvi çıxışları və onların hər bir çevik hərəkəti böyük maraq doğurub.  Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblı, Gəncə qarnizonunun Hərbi Orkestri, Gəncə qarnizonu Zabitlər Evinin, Tərtər rayon Mədəniyyət və Turizm Şöbəsinin birləşmiş özfəaliyyət kollektivlərinin çıxışları böyük coşğu ilə qarşılanıb.  Gənclik və vətənpərvərlik bayramı Heydər Əliyev Mərkəzində davam etdirilib. Burada bütün qoşun növləri, birlik, birləşmə, hərbi hissələrin döyüş və mənəvi-psixoloji hazırlıqda fərqlənən bir qrup gənc hərbi qulluqçusuna Müdafiə nazirinin əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" medalları, fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim edilib.

Mərasimdə Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev ulu öndər Heydər Əliyevin "Sizin ən ümdə vəzifəniz Vətənə, ölkəmizə, doğma torpağımıza daim sədaqətli olmaqdır" və möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin "Orduda xidmət edən gənclər bizim dəyərli vətəndaşlarımızıdır" sözlərini xatırladaraq, ordu gənclərini təbrik edib, onlara hərbi xidmətdə bundan sonra da daha böyük uğurlar qazanmağı arzulayıb.  Gənclik və vətənpərvərlik bayramı bütün cəbhəboyu bölgələrdə davam etdirilib. Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində tədbirlər digər bölgələrdə də davam etdirilib. Belə ki, Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Füzuli, Beyləqan Xocavənd, Ağcabədi, Kürdəmir, Qazax, Tovuz və digər rayonlarda 2 Fevral - Gənclər Günü geniş qeyd edilib.  Tədbir iştirakçıları əvvəlcə rayonlarda ucaldılan müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin abidələrini ziyarət edib, önünə çiçək dəstələri qoyaraq hörmət və ehtiramlarını bildiriblər. Hərbçilər Ağcabədi rayon Heydər Əliyev Mərkəzini və Gənclər Mərkəzini ziyarət edib, şəhərin görməli yerləri ilə tanış olublar. Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları Aqil AbbasTahir Rzayev əsgərlərlə görüşüb, onları bayram münasibətilə təbrik edərək çətin və şərəfli xidmətlərində uğurlar arzulayıblar. Şəhərdə təşkil olunan mədəni-kütləvi tədbirlər əsgərlərimizdə xoş ovqat yaradıb. Hərbi hissədə davam edən bayram tədbirində Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani çıxış edərək şəxsi heyətə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini çatdırıb, döyüş və mənəvi-psixoloji hazırlıqda fərqlənən bir qrup gənc hərbi qulluqçuya hədiyyələr təqdim edib. Bədii özfəaliyyət kollektivləri şəxsi heyət qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər. Anoloji tədbir Beyləqanda da təşkil olunub. Azərbaycan Yazıçılar Birliyinin Beyləqan rayon şöbəsinin sədri Asif Cəfərli, "Mübariz" Veteranlar Birliyinin Beyləqan rayon şöbəsinin sədri Rafiq Xuduyev, Qarabağ müharibəsi əlilləri Ələddin İsmayılov və Elmir Hüseynov, veteranlar Kamil Ağalarov, Məmməd Məmmədov və başqaları çıxış edərək şəxsi heyətə təbriklərini, xoş arzularını çatdırıblar. Sonda xidmətdə fərqlənən bir qrup əsgərə hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Bakı şəhəri Nizami rayon Uşaq Gənclər Yaradıcılıq Birliyinin təşkilatçılığı ilə 2 Fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib.

C.Naxçıvanski adına Hərbi Liseyin zabit, müəllim, kursant heyəti, deputatlar, Nizami rayon İcra Hakimiyyəti və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirildikdən sonra, lisey rəisinin şəxsi heyətlə üzrə müavini polkovnik-leytenant Kamran Nəsibov Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini çatdırıb, gəncləri əlamətdar gün münasibətilə təbrik edib. Gənclər siyasətinin banisi ulu öndər Heydər Əliyevin Azərbaycan gəncinə göstərdiyi diqqət və qayğısından danışan K.Nəsibov bu gün həmin ənənənin dövlətmizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.  Milli Məclisin deputatı Sədaqət Vəliyeva və Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova da gəncləri təbrik edərək, onlara uğurlar arzulayıb və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda daim mübariz olmağa səsləyiblər.

Sonda Nizami rayon Uşaq Gənclər Yaradıcılıq Birliyinin təşkil etdiyi konsert proqramı təqdim olunub.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 4 fevral.- S.15.