Vətənpərvər gənclərmiz
milli dəyərlərə sadiqdirlər
Azərbaycan gənclərinin
milli ruhda tərbiyyə
olunması istiqamətində çoxsaylı tədbirlər
həyata keçirilir. Etiraf edilməlidir ki, bu işdə gənclərin
tarixi keçmişə münasibəti əhəmiyyətli
rol oynayır. Çünki
öz keçmişinə sayqı ilə
yanaşan, milli ruhda tərbiyə olunan, milli dəyərləri hər şeydən üstün tutmağı bacaran
gənclərin vətənpərvər olacağı
şübhə doğurmur.
Yeri gəlmişkən qeyd
edək ki, prezident İlham Əliyev gənclərlə
görüşündə müstəqil Azərbaycanın
yaxın keçmişi və qısa
müddət ərzində əldə etdiyi
uğurları xatırladıb.
Bildirib
ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən
sonra çox ağır vəziyyətlə üzləşmişdi.
Azərbaycana qarşı erməni
iddiaları, torpaq iddiaları və Sovet hökumətinin bu məsələdə
ermənilərin tərəfini tutması əlbəttə ki, ölkəmiz üçün
böyük problemlər
yaratmışdı. Hələ 1980-ci illərin sonlarında
Azərbaycanın əzəli torpağı olan
Dağlıq Qarabağda, Dağlıq
Qarabağ muxtar vilayətində
xüsusi komitə
yaradılmışdır və faktiki olaraq Dağlıq Qarabağ
Azərbaycan tabeçiliyindən
çıxarılmışdır. Bu, əlbəttə
ki, xalqımıza qarşı məkrli
planların tərkib hissəsi, onun
başlanğıcı idi.Ondan sonra Sovet hökuməti, Sovet ordusu tərəfindən
xalqımıza qarşı qanlı cinayət törədilmişdir.
Sovet rəhbərliyinin bilavasitə
tapşırığı ilə Qanlı Yanvar
faciəsi törədilmişdir, günahsız insanlar şəhid olmuşlar:
“Bildiyiniz kimi, faciədən
sonra Heydər Əliyev Moskvada
Azərbaycanın daimi nümayəndəliyinə
gələrək öz etiraz
səsini ucaltmışdır. Sovet
hökumətini, Sovet rəhbərliyini,
onların hərəkətlərini, cinayətlərini pisləmişdir.
Deyə bilərəm ki, Sovet
dövründə bu, çox
nadir bir hadisə idi. Çünki hələ
Sovet İttifaqının
dağılmasına 2 il vaxt
qalırdı. Sovet hökuməti kifayət
qədər güclü idi.
Heç kimin
ağlına gələ bilməzdi ki, Sovet İttifaqı, kommunist
partiyası dağılacaq. Ona görə,
Heydər Əliyevin bu addımı çox cəsarətli addım idi. Əsl vətənpərvər,
xalqını hər şeydən üstün
tutan insanın addımı idi. Təbii ki, o, böyük siyasətçi
kimi başa düşürdü ki, ona qarşı təzyiqlər, təqiblər
başlanacaq. Belə də oldu. Hətta onun həbsi
haqqında da qərar qəbul edilmişdir və o, məcbur
olub Moskvadan Bakıya,
özü də böyük
çətinliklərlə gələ bilmişdi.
Bakıda da ona
qarşı təxribatlar planlaşdırılırdı. Ona görə Naxçıvana getdi və ondan sonrakı dövrünü siz tarixdən
bilirsiniz. Naxçıvan camaatı, əhalisi
onu müdafiə etdi.
Ondan sonra isə o, Naxçıvanı müdafiə etdi. İmkan vermədi ki, Ermənistan Naxçıvanda da Dağlıq Qarabağda
törətdiyi əməlləri törətsin”. Dövlət başçısı qeys
edib ki, o illər ağır olsa da gələcək inkişaf
üçün həlledici idi. 1991-ci ildə Sovet
İttifaqı dağıdıldı, bütün
respublikalara sanki tarixi bir şans
verildi ki, öz dövlətini qursunlar.
Əgər bu gün biz keçmiş müttəfiq
respublikaların indiki vəziyyətinə
nəzər salsaq görərik ki, bəzi ölkələr bu
günə qədər də xarici təsirdən
yaxasını qurtara bilməmişlər.
Azərbaycan isə müstəqil dövlətdir, güclü dövlətdir, uğurlu
inkişaf yolunu
keçən dövlətdir”. Dövlət
başçısı bəyan edib ki, ölkənin gələcək
inkişafında gənclərin xüsusi
yeri var və onlar bu potenialdan
maksimum istifadə etməlidirlər:
“Uzunmüddətli strategiyamızı müəyyən edirik, edəcəyik. Neftdən
asılılıq tamamilə aradan
götürülməlidir. Biz iqtisadi islahatlar,
sahibkarlığın inkişafı, şəffaflığın
hesabına buna nail oluruq və olacağıq. Gənclər cəmiyyətimizin
fəal üzvləri kimi əlbəttə
ki, bütün bu işlərdə fəal rol
oynamalıdırlar. Mən buna əminəm
ki, belə də olacaq
və gənclərdən fəallıq gözləyirəm.
Cəmiyyəti narahat edən, incidən məsələlərin
ortaya çıxmasında gənclərin
də böyük rolu
var. Biz çalışmalıyıq ki,
bütün qüsurları aradan götürək və hər sahədə
ədalət tam təmin edilsin.
Çünki ədalət olmasa, inkişaf ola bilməz. Ədalət ailədə də,
məişətdə də, siyasətdə də, hər sahədə
olmalıdır. Belə olan halda ölkəmiz uzunmüddətli inkişafa nail olacaq”. Azərbaycanın xarici
siyasəti və dünyada artan nüfuzundan
danışan dövlət başçısının
bildirdiyinə görə, hazırda dünyanın mötəbər
beynəlxalq təşkilatları ölkəmizlə əməkdaşlığa
önəm verirlər: “ Bu il Azərbaycanda Sivilizasiyalar
Alyansının Qlobal Forumu
keçiriləcək. Çox mötəbər,
dünya miqyaslı beynəlxalq tədbirdir.
BMT-nin himayəsi altında keçirilən
tədbirdir. Nəyə görə? Ona
görə ki, biz burada artıq bir neçə
ildir buna oxşar tədbirləri keçirmişik.
Ona görə ki, bu sahədə Azərbaycan doğrudan
da dünya üçün nümunədir və bu, reallıqdır. Bu, cəmiyyətimizin
bugünkü statusudur.
Həm dövlət siyasətidir, həm cəmiyyətin sifarişidir. Ona görə
biz bütün istiqamətlər
üzrə fəal işləyəcəyik. İslahatları
dərinləşdirəcəyik. O ki
qaldı xarici siyasət məsələlərinə,
burada əlbəttə, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ məsələsi
bizim əsas prioritetimizdir.
Əfsuslar olsun ki, bu münaqişə öz
həllini tapmır. Mən həmişə
demişəm ki, əgər müstəqilliyimizin
ilk illərində Heydər Əliyev
hakimiyyətdə olsaydı, heç vaxt Dağlıq Qarabağ
münaqişəsi yaranmazdı. Çünki
mən özüm şəxsən
yaxşı xatırlayıram ki, 1980-ci
illərdə Heydər Əliyev Dağlıq Qarabağa,
Şuşaya, Xankəndiyə gedəndə
onu o yerli
əhali necə qarşılayırdı - həm azərbaycanlılar,
həm də ermənilər. Böyük hörmətlə, böyük
sevgi ilə, gurultulu
alqışlarla və bu, təbii idi. Çünki mən də
o səfərlərdə atamla
bərabər olmuşam və görmüşəm
ki, doğrudan da orada qarşıdurma üçün heç bir əsas yox idi. Xatırlayıram, Şuşa
şəhərində Vaqif məqbərəsinin
açılışında qarlı bir hava idi. Orada
erməni və Azərbaycan şairlərinin
çıxışları olmuşdu.
Erməni şairləri Azərbaycan dilində şeir
söyləyirdilər. Özləri yazdıqları şeirləri
söyləyirdilər. Yəni, doğrudan
da heç kimin ağlına gələ bilməzdi ki, bu süni
münaqişə yarana bilər. Ancaq yenə də demək istəyirəm ki, bu, xalqımıza
qarsı törədilən böyük təxribat
idi. Bunu erməni millətçiləri
və sovet hökuməti törətdi.İndi
bu məsələni həll etmək üçün bilirsiniz ki, biz çox
çalışırıq. Ancaq əfsuslar
olsun ki, Ermənistan tərəfi
vaxtı uzatmağa
çalışır. Çox təəssüf
edirəm ki, bu məsələ
ilə bilavasitə məşğul olmalı olan
Minsk qrupunun həmsədrləri
münaqişənin həllinə yox,
dondurulmasına çalışırlar. Onların bugünkü fəaliyyəti tamamilə mənasızdır.
Onlar nəinki Ermənistana təzyiq etmirlər,
hətta Ermənistanı mümkün olan problemlərdən qoruyurlar.
Baxın, Avropa Şurasında son dinləmələrdə onların təxribatçı
fəaliyyəti nəyə gətirib çıxardı. Sual olunur: onlar
özlərini nə sayırlar? Yəni, bütün
beynəlxalq təşkilatlara təzyiqmi edəcəklər? Bütün beynəlxalq təşkilatlara
göstərişmi verəcəklər? İndi
Avropa Şurası bu
məsələni gündəliyə çıxarır. Məruzəçi
təyin edilibdir. Avropa
Şurası beynəlxalq təşkilatdır. Düzdür, Azərbaycan bu
təşkilatla əlaqələri 15 ildir
ki, qurubdur və
münasibətlərdə heç də
hər zaman problemsiz dövr olmamışdır. Ancaq
Avropa Şurası ilk
dəfə olaraq 2005-ci ildə Ermənistanın
işğalını pisləyən qətnamə qəbul etmişdir. Həmin sənəddə göstərilir
ki, Ermənistan Azərbaycan
torpaqlarını işğal edib. Əlbəttə, orada
müxtəlif adamlar var.
Anti-Azərbaycan mövqeyində adamlar var, islamofob adamlar kifayət qədər çoxdur.
Ümumiyyətlə, Ermənistanla həmrəy olanlar, erməni lobbisi ilə
bağlı olanlar var.
Mən orada üzv olmuşam, bunu bilirəm. Ancaq bu təşkilat indi bu məsələni
gündəliyə çıxarıb. Minsk
qrupunun həmsədrləri onlara təzyiq edirlər ki,
bu məsələyə baxılmasın.
Məhz bu təxribatçı fəaliyyətə
görə bizə 4 səs çatmadı ki,
bu qətnamə qəbul olunsun.
Ona görə Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə
hansı qiymət vermək olar? Ancaq mənfi. Mən onların üzünə
də demişəm və deyirəm. Bu gün bunu açıq
deyirəm ki, ictimaiyyət də bilsin. Məsələnin həll
olunmamasında onların ən böyük
rolu var. Nə üçün? Çünki
ikili standartlar var. Səbəb nədir? Soruşanda
cavab yoxdur. O da bir taktikadır. Nə vaxt ki, sual
sərf etmir, cavab
vermirlər. Amma bu
cavabı biz bilirik - ikili standartlar. Əlbəttə
ki, burada siz də bilməlisiniz, Azərbaycan xalqı da bilməlidir. Daha doğrusu bilir, amma mən bunu
deyəcəyəm. Burada
din amili rol oynayır. Müsəlman olduğumuza görə
bizə ikili standartlar münasibəti göstərilir. Xüsusilə indiki dövrdə ki, Avropada islamofobiya
pik həddinə çatıb”.
Azərbaycanın daim ikil standartlara məruz qaldığını vurğulayan prezident deyib ki, əgər bu gün ikili standartlar dünya miqyasında, dünya siyasətində bir meyardırsa, onda onu bəyan etsinlər. Onda riyakarlığa son qoyulsun. Deməsinlər ki, biz demokratiyanın, bərabərliyin tərəfdarıyıq, bütün xalqlar bərabərdir, insan haqlarının tərəfdarıyıq: “Bəs 1 milyon Azərbaycan vətəndaşının insan haqları barədə onlar heç düşünürlərmi? Yox, bu, onları maraqlandırmır! Real vəziyyət bundan ibarətdir. Biz əlbəttə ki, real dünyada yaşayırıq. Bunu nəzərə almalıyıq. Öz siyasətimizdə də nəzərə alırıq. Ancaq, eyni zamanda, öz sözümüzü həmişə demişik və deyəcəyik. Bu təzyiqlərin səbəblərindən biri də budur. Bu, nəyi göstərir? Birincisi onu göstərir ki, dünyada ədalət yoxdur. İkincisi onu göstərir ki, beynəlxalq hüquq normaları dünyada kobudcasına tapdalanır. Elə bil ki, bu normalar kiçik ölkələr üçün yazılıbdır. Böyük ölkələr bunlara məhəl qoymurlar, bu normaları istədikləri kimi yozurlar. Nə vaxt sərf edir ərazi bütövlüyü, nə vaxt sərf edir öz müqəddəratını təyinetmə prinsipi və digər məsələlər də, necə istəyirlər elə də yozurlar. Beynəlxalq hüququ pozan ölkələrə qarşı təzyiq mexanizmi yoxdur. Ancaq kiçik ölkələrə qarşı belə addımlar atılır. Ona görə, o qədər də böyük olmayan ölkə belə vəziyyətdə nə etməlidir, ilk növbədə öz daxili resurslarına arxalanmalıdır. İşlər elə getməlidir ki, ölkə güclənsin, insanlar daha da yaxşı yaşasınlar və təhlükəsizlik təmin edilsin. Biz təhlükəsizliyi özümüz təmin edirik. Azərbaycanda insanlar təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayırlar. Bu gün Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır”.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016. - 5 fevral.- S.15.