Vətənpərvərlik gənclərin
həyat tərzinə çevrilib
Könüllü
bu yolu tutanların sayı kifayət qədərdir
Müasir Azərbaycan gəncləri
öz bilik və bacarıqları, eləcə də intelektləri
ilə ölkəmizi dünya miqyasında təmsil edirlər.
Azərbaycanın dövlət bayrağını dünyanın
ən mötəbər kürsüsünə qaldıran gənclərimiz
əsil vətənpərvərlik nümunəsi göstərmiş
olurlar. Öz əməli fəaliyyəti ilə fərqlənən
bir sıra gənclərin president İlham Əliyevlə
görüşündə bir daha şahidi olduq ki, Azərbaycanın
gələcəyi etibarlı əllərdədir.
Görüş zamanı çıxış edən gənclərdən bir neçəsinin fikrini səsləndirməklə bir daha əmin olmaq olar ki, Azərbaycan gəncliyi necə vətənpərvərdir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, əksər hallarda gənclər könüllü olaraq dövlətin və xalqın təmsilçilərinə çevrilirlər. “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin sədri Fərid Sadıxlı dövlət başçısı ilə görüşdə bildirb ki, bu gün Azərbaycanda 300-dən çox gənclər təşkilatı fəaliyyət göstərir və onlar 30-dan çox beynəlxalq platformada təmsil olunublar. Bunların əksəriyyəti könüllü əsaslarla fəaliyyət göstərir. Könüllülük nəcib bir fəaliyyətdir və bu gün könüllülər cəmiyyətimizin artıq ayrılmaz bir parçasına çevrilmişdir. Könüllülük hərəkat səviyyəsindən institut səviyyəsinə qədər yüksəlmişdir. Eyni zamanda, biz bunu “Bakı-2015” ilk Avropa Oyunları vaxtı da müşahidə etmişdik. Bundan başqa, bu gün Bakı şəhərində, həmçinin bir sıra regionlarda 6 mindən çox gənci əhatə edən “ASAN” könüllülərini, həmçinin “SABAH” qrupları könüllülərini də qeyd etmək istərdim. O, gənclərin asudə vaxtıarının səmərəli təşkili məqsədilə bir sıra təkliflər irəli sürüb: “İlk növbədə Gənclər Evi məsələsinə toxunmaq istəyərdik. Bizdə ən yüksək standartlara cavab verən gənclər evləri mövcuddur. Gənclər vətənpərvər, bilikli və milli ənənələr ruhunda tərbiyə olunmalıdırlar. Məhz Gənclər evləri gənclərimizin məşğulluq məsələsinin həllində böyük rol oynaya bilər. Bu məsələdə də normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədəuyğun olardı. İkincisi, təhsilimizlə bağlı da bir sıra təkliflər irəli sürmək istəyərdik. Məlum olduğu kimi postneft erasına daxil olduq və artıq iqtisadiyyatımız daha da şaxələnəcək. Bundan başqa, sırf dar ixtisaslaşmış kadrlara ehtiyac olduğundan bu gün əksər Azərbaycan universitetlərində fakültələr ümumi sahələri əhatə edir, daha dar ixtisaslaşmış fakültələrə də ehtiyac vardır. Həmçinin peşə məktəblərini də qeyd etmək olar. Çünki vacib deyil ki, hamı ali təhsil alsın. Regionlarda xalçaçılıq və digər sənətkarlıq növləri inkişaf etdirilməlidir. Bunun üçün peşə məktəbləri mühüm rol oynaya bilər. Ümumiyyətlə, son illər ərzində könüllülük fəaliyyəti o səviyyəyə çatmışdır ki, artıq nəinki Bakını, eyni zamanda, regionları da əhatə etmişdir. Artıq biz bir neçə qurumun məhz könüllülük fəaliyyətini əhatə etdiyini görə bilərik. Bunların hamısı dövlət başçımızın siyasəti, diqqət və qayğısının nəticəsidir”. Prezident İlham Əliyev bildirib ki, indi bütün regionlarda gənclər evləri yaradılır: “Mən də regionlarda olarkən mütləq oraya baş çəkirəm, bir çox açılışlarda da iştirak etmişəm. Əsas məsələ ondan ibarətdir ki, Gənclər evləri işləsin və gəncləri cəlb etsin. Əlbəttə ki, Bakıda da Gənclər evləri yaradılmalıdır. Hesab edirəm ki, bu, çox müsbət addımdır. Könüllülər hərəkatına gəldikdə, bu, bizim üçün nisbətən yeni bir hərəkatdır. Amma qısa müddət ərzində geniş vüsət almışdır. “ASAN xidmət”dən başlayan könüllülər sonra Avropa Oyunlarında çox fəal işlədilər. Bu hərəkatın çox böyük gələcəyi var. Həm kadrların hazırlanması, eyni zamanda, cəmiyyətdə müsbət meyillərin gücləndirilməsi üçün könüllülər institutu çox mühüm funksiya daşıyır. Çünki bu, insanlara və dövlətə ürəkdən gələn, təmənnasız kömək etmək hərəkatıdır. Mən bunu belə qəbul edirəm və şadam ki, artıq Azərbaycanda könüllülər institutu formalaşıb. Hesab edirəm ki, bunun böyük gələcəyi olacaqdır”. Gənclərin xaricdə təhsilinə toxunan dövlət başçısı bildrib ki, bu məsələyə münasibəti müsbətdir: “Mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl Dövlət Neft Fondundan xüsusi vəsait ayrılmışdır ki, biz gəncləri xarici ölkələrin aparıcı ali məktəblərində oxudaq.
Bildiyiniz kimi, Dövlət Neft Fondunun xətti ilə ancaq ölkəmiz üçün strateji əhəmiyyətli layihələr icra edilir. Onların içində birinci yerdə məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması layihələridir. Son illər ərzində Dövlət Neft Fondunun xətti ilə köçkünlər üçün 90-a yaxın qəsəbə tikilmişdir. Həmçinin strateji infrastruktur layihələri, o cümlədən Taxtakörpü su anbarı, Samur-Abşeron kanalı, Bakı-Tbilisi-Qars dəmir yolu, ən müasir qazma qurğusunun inşası, “Cənub” qaz dəhlizinin yaradılması - bax, bu layihələr bilavasitə Dövlət Neft Fondunun xətti ilə icra edilir. O cümlədən xaricdə tələbələrin oxuması da bu sıradadır. Yəni, bu, bizim üçün prioritetdir. Bu, birinci mərhələ idi və əlbəttə ki, bu mərhələ davam edəcək. Keçən il və bu il bu məqsədlər üçün təqribən 40 milyon manat vəsait nəzərdə tutulub. Ancaq əlbəttə, mən çox istərdim, Azərbaycanda təhsilin səviyyəsi elə olsun ki, buna ehtiyac qalmasın. Ona görə xarici ali məktəblərin Azərbaycanda filiallarının açılması prosesi də başlamışdır. Lomonosov adına Moskva Dövlət Universiteti, Seçenov adına Moskva Dövlət Tibb Universiteti, indi Fransa ilə Təhsil Nazirliyi əməkdaşlıq haqqında saziş imzalayıb və birgə ali məktəb yaradılacaqdır. Biz çox istəyirik, dünyanın aparıcı ali məktəbləri Azərbaycanda filiallar açsınlar ki, daha xaricə getməyə ehtiyac qalmasın”. Peşə ixtisası məsələsinə aydınlıq gətirən president bildirib ki, artıq həm Təhsil Nazirliyinə, həm İqtisadiyyat Nazirliyinə müvafiq göstərişlər verilmişdir ki, peşə təhsili Azərbaycanda geniş vüsət almalıdır: “Çünki bu gün bizə daha çox mühəndis, müxtəlif peşə sahibləri lazımdır. Peşə təhsili elə qurulmalıdır ki, ümumi iqtisadi inkişafımızla uzlaşsın. Çünki biz iqtisadi inkişafımızı, o cümlədən sənaye inkişafımızı planlaşdırırıq. Əlbəttə, dövlət müəyyənləşdirir ki, hansı sahələr inkişaf edəcək və beləliklə, bizə hansı sahələrdə daha çox mütəxəssis lazım olacaq. Bu gün bizdə bəzi hallarda insanların bir hissəsi işsizdir, amma, eyni zamanda, çoxlu vakansiyalar var. Sadəcə olaraq o vakansiyaları doldurmaq üçün bəzi insanlarda peşə qabiliyyəti çatmır. Ona görə peşə təhsilinin inkişafı gələcək illər üçün prioritet olacaqdır və yeni peşə məktəblərinin tikilməsi üçün dövlət büdcəsindən vəsait ayrılacaqdır.
“Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Assosiasiyası” İctimai Birliyinin sədri Məryəm Məcidova qeyri-formal təhsilin inkişafı və intellektual oyunların keçirilməsi ilə bağlı fikirlərini bölüşüb: “Təşkilatımız Azərbaycanda son 10 ildir fəaliyyət göstərir və əsas məqsədimiz gənclər arasında menecment və eyni zamanda, idarəetmə qabiliyyətlərinin artırılmasıdır. Biz bunu beynəlxalq mübadilələr proqramında edirik. Çünki bildiyiniz kimi, bu, beynəlxalq təşkilatdır, 67 ildir bütün dünyada fəaliyyət göstərir. 2025-ci il gənclər siyasətinin strategiyalarından biridir. Məqsədimiz beynəlxalq arenada Azərbaycanın gənc dostlarının sayının artırılması, eyni zamanda, mədəniyyətinin, tarixinin tanıdılmasıdır. Azərbaycan son 15 ildə müxtəlif beynəlxalq qurumlara üzv olub və onlardan biri də BMT-dir. Bu təşkilat 2015-ci ilin sentyabr ayında dayanıqlı inkişaf məqsədlərini çağırış edib. Üzv ölkə kimi fəxr edirik ki, biz 2017-ci ilin məqsədləri üzərində də çalışacağıq. Məqsədlərdən biri keyfiyyətli təhsildir. Azərbaycanda, təhsil sahəsində inkişaf gedib. Mənim təklifim qeyri-formal təhsil sahəsində inkişafın artırılmasıdır. Yəni, məsələn, intellektual oyunların və digər bu kimi forumların Azərbaycanda keçirilməsidir. Bilirsiniz, artıq Gənclər və İdman Nazirliyi tərəfindən “Xəmsə” intellektual təşkilatı yaradılıb. Rusdilli əhalisi olan 15 ölkədə artıq bu oyunlar keçirilir. Bunlar onlayn rejimdə həyata keçirilir və bu, həm büdcə, həm də Azərbaycanın tanınması baxımından bilavasitə əhəmiyyətlidir. Məsələn, gələcək illərdə sırf intellektual forumların Azərbaycanda keçirilməsi mümkündür”. Prezident İlham Əliyev qeyd edib ki, intelektual oyunlar bizim ümumi intellektual potensialımızı göstərir: “İntellektual oyunların Azərbaycanda keçirilməsi və xüsusilə televiziya vasitəsilə göstərilməsi çox böyük effekt verir. Misal üçün, “Nə? Harada? Nə vaxt?”, “Xəmsə”, ondan sonra “Brain Ring” - onları mən indi vaxtaşırı televiziyada izləyirəm. Bundan başqa, “Parlaq zəka”, “Mən azərbaycanlıyam”. Deyə bilərəm ki, bir çox kanallarda intellektual oyunlar keçirilir. Bir çox yaxşı verilişlər var. Onlar həm intellektual səviyyəni qaldırır, eyni zamanda, vətənpərvərlik hisslərini artırır. Ölkəmizin tarixi haqqında həm oyunlarda iştirak edənlər, həm də ki, geniş auditoriya üçün maraqlı məqamları təqdim edir. Hesab edirəm ki, Azərbaycanda bir çox intellektual oyunların beynəlxalq yarışları da keçirilə bilər. Mən bunu dəstəkləyirəm, siz də keçirirsiniz”.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2016.- 9 fevral.- S.15.