Gənclərin vətənpərvər ruhda
tərbiyəsini daha da artırmalıyıq
Gənclərin milli mənlik şüurunun
inkişaf etdirilməsi, onlarda
vətənpərvərlik hisslərinin artırılması
günümüzdə qarşıda duran
əsas prioritetlərdəndir. Sevindirici
haldır ki, son illər
bu istiqamətdə həm dövlət
qurumları, həm də qeyri-hökumət təşkilatları
səviyyəsində təqdirəlayiq addımlar
atılır. Gənclərin milli
mənlik şüurunun inkişaf
etdirilməsi, onların vətənpərvər ruhda tərbiyəsi istiqamətində
görülən işlər və əldə edilən
müsbət nəticələr barədə Bakı Rabitə
Kollecinin məzunu, ictimai
fəal gənc Anar Əliyevlə söhbətləşdik.
-Anar
müəllim, bu gün
Azərbaycan gənci istədiyimiz səviyyədə, bizi qane edə biləcək
tərzdə vətənpərvərdirmi?
-Birmənalı olaraq demək lazımdır ki, yaşadığımız zaman kəsiyində gənclərin milli ruhda böyüməsi, onlara vətənpərvərlik hisslərinin aşılanması ən vacib istiqamətərdən biridir. Ümumi götürəndə isə bu hər bir dövlətin diqqət yetirməli olduğu məqamdır. Bu bir danılmaz faktdır ki, gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvər ruhda tərbiyəsi hər bir dövlət üçün başlıca prioritetdir. Çünki bu günün gəncləri sabahın dövlət idarəçiləri hesab edilir. Qeyri-sağlam mühitdə böyüyən, vətənpərvər ruhda tərbiyə olunmayan gənclik isə sabah dövlət idarəçiliyini həyata keçirə bilməz. Bu mənada Azərbaycanda da gənclərin milli mənlik şürunun inkişaf etdirilməsi, onların vətənpərvər ruhda tərbiyə olunması istiqamətində lazımı tədbirlər görülür, müvafiq addımlar atılır. İstər bu istiqamətdə qanunvericlik bazasının formalaşdırılması, vaxtı ilə qəbul edilən qanunların təkmilləşdirilməsi, istərsə də gənclər arasında maarifləndirici xarakter daşıyan işlərin görülməsini bu sıraya aid etmək olar. Məlumdur ki, Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi gənclərlə iş sahəsinə də müəyyən poblemlər mövcud idi. Düzdür, həmin dövrdə gənclərdə vətənpərvərlik hissləri yüksək səviyyədə idi və gənclərimiz könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə qoşulurdular. Lakin dövlət idarəçiliyi sahəsində mövcud olan müəyyən boşluqlar bir sıra qeyri-ənənəvi dini sektalar, missioner təşkilatların ölkəmizəö ayaq açmasına, gəncləri öz torlarına salmasına gətirib çıxarırdı. Nəticə etibarilə Azəbaycan gənci getdikcə millət, Vətən sevgisindən uzaq düşürdü. Digər tərəfdən ölkədə yaşayış səviyyəsinin pisləşməsi gənclərimizin dolanışıq ardınca xaricə, daha çox şimal qonşumuza üz tutmasına səbəb olurdu. Nəticə etibarilə yuxarıda qeyd etdiyim kimi gənclər arasında vətənpərvərlik hissləri tədricən ölürdü. Lakin 1993-cü ilin iyun ayında Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi gənclərlə iş sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanıldı. Çox keçmədən 1994-cü ilin iyul ayında gənclərlə əlaqəli şəkildə işləyən müvafiq dövlət qurumu, Gənclər və İdman Nazirliyi yaradıldı. 1996-ci il, fevral ayının 2-də isə Heydər Əliyevin iştirakı ilə Azərbaycan gənclərinin birinci forumu keçirildi. Qısa müddətdə qəbul edilən bir sıra fərman və sərəncamlar, müvafiq sənədlər gənclərin mütəşəkilliyinin, onların ölkənin ictimai-siyasi həyatında rolunun artmasına gətirib çıxardı. Məhz dövlətin ona ciddi diqqət və qayğı ilə yanaşdığını görən gənc də öz növbəsində Vətənini, dövlətini, millətini daha çox sevməyə başladı. Heydər Əliyevin vəfatından sonra ümummilli liderin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin prezident seçilməsi və dövlət başçısının da gənclərə ciddi diqqət və qayğı ilə yanaşması bu sahədə nəzərəçarpacaq dərəcədə yeniliklərlə müşahidə edildi. Prezident İlham Əliyevin də müntəzəm olaraq gənclərlə görüşməsi, gənclərlə bağlı qəbul edilən dövlət proqramları və digər müvafiq sənədlərdə məhz onların mövqeyinin nəzərə alınmasının fonunda bunu göstərə bilərik. Heç şübhəsiz ki, dövlətin və dövlət başçısının gənclərə göstərdiyi diqqət və qayğının qarşılığı olaraq isə Azərbaycan gəncləri daha da vətənpərvər olur, onların Vətənə, dövlətə bağlılığı artır. Bu gün Azərbaycandan kənarda təhsil alan gənclərimiz də həmin ölkələrdə vətənpərvərlik mövqeyindən çıxış edərək ölkəmizin adını uca tutur, onu layiqincə təmsil edirlər.
-Gənclərin milli mənlik şüurunun
inkişaf etdirilməsi, onlarda
vətənpərvərlik hisslərinin artırılması
istiqamətində daha çox
işlərin görülməsinə ehtiyac
var?
-Bu gün bizim torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğal olunduğu, bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini nəzərə alaraq deyə bilərəm ki, biz gənclərin vətənpərvər ruhda tərbiyəsini daha da artırmalıyıq. Hesab edirəm ki, bu proses bağçadan başlayaraq orta məktəb, hətta ali məktəbdə də davam etməlidir. Gənclərimiz tarixin müxtəlif dövrlərində yaşamış və ad qoymuş tarixi şəxsiyyətlərimiz, sərkərdələrimizi, milli qəhrəmanlarımızı yaxından tanımalı, onların həyat yolu, Vətən uğrunda apardıqları mübarizəni dərindən öyrənməlidirlər. Heç şübhəsiz ki, bu biliklər gənclərimizə təhsil ocaqlarında aşılanmalıdır. Düzdür, ümumtəhsil müəssisələrində gənclərə bu istiqamətdə məlumatlar verilir. Ancaq hesab edirəm ki, gənclərimiz daha çox məlumatlandırılmalıdırlar. Eyni zamanda gənclər arasında müntəzəm olaraq maarifləndirici xarakter daşıyan işlər görülməli, tədbirlər keçirilməlidir.
-Qeyri-hökumət,
eləcə də gənclər təşkilatları bu istiqamətdə nə dərəcədə
fəallıq nümayiş etdirirlər?
-Hesab edirəm ki, əksər qeyri-hökumət və gənclər təşkilatları bu istiqamətdə fəallıq nümayiş etdirirlər. Çünki onların sözügedən istiqamətdə, ümumilikdə fəal olması üçün stimul yaradılıb. İstər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, istər Azəbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, istərsə də müvafiq nazirlik və qurumların ayrı-ayrı təşkilatların layihələrini maliyyələşdirməsi, onların tədbirlərinin keçirilməsi üçün maliyyə vəsaitinin ayrılması QHT və gənclər təşkilatlarınn da aktiv olmasına imkan yaradır. Həm QHT-lərə Dəstək Şurası, həm də Gənclər Fondunun dəstəyi ilə yüzlərlə təşkilat gənclərin vətənpərvər ruhda təbiyə olunması ilə bağlı tədbirlər keçirirlər ki, bu da ümumilikdə işin xeyrinə olan məsələdir. Məlumat üçün qeyd edim ki, ölkədə fəaliyyət göstərən bir çox qeyri-hökumət təşkilatları əsas fəaliyyətini məhz bu istiqamətdə qurub. Ayrı-ayrı qeyri-hökumət təşkilatlarının müntəzəm olaraq cəbhə bölgəsində keçirdiyi tədbirlər, ön xəttdəki hərbi hisələrin əsgər və zabitləri ilə təşkil olunan görüşlər Silahlı Qüvvələrin şəxsi heyətində, əsgər və zabitlər arasında ruh yüksəkliyi yaratmaqla yanaşı, eyni zamanda gənclərin də vətənpərvər ruhda tərbiyəsinə, onlarda Vətənə, millətə sevgi hissinin artmasına təkan verir. Bu baxımdan deyərdim ki, gənclərin milli mənlik şüurunun artırılması, onların vətənpərvər ruhda tərbiyə olunmasında qeyri-hökumət və gənclər təşkilatlarının müəyyən mənada rolu var. Ancaq arzu edərdim ki, qeyri-hökumət və gənclər təşkilaları qeyd edilən istiqamətə daha çox diqqət ayırsın, gənclərin vətənpərvər ruhda tərbiyəsi istiqamətində silsilə tədbirlər, layihələr həyata keçirsinlər. Çünki yuxarıda da qeyd etdiyim kimi bu gün bizim torpaqlarımızın 20 faizi işğal altındadır və torpaqlarımızı erməni işğalı altından azad etmək üçün bizə vətənpərvər gənclər lazımdır.
-Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müntəzəm olaraq cəbhə xəttinə səfər edərək ön cəbhədə əsgər və zabitlərlə görüşməsi, onları təltif etməsi, eləcə də hərbi təlimləri izləməsi gənclərdə vətənpərvərlik hisslərinin artırılmasına nə dərəcədə təsir göstərir?
-Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sahədə gənclərə bir örnəkdir desək yanılmarıq. Etiraf etmək lazımdır ki, son illərə qədər gənclər arasında vətənpərvərlik hissləri demək olar ki, aşağı səviyyədə idi. Gənclərimiz yad, xarici təsirlərə məruz qalır, onlarda Vətən, millət sevgisi demək olar ki, hox olurdu. Lakin sonradan Ramil Səfərov, Mübariz İbrahimov kimi Vətən övladlarının nümayiş etdirdiyi qəhrəmanlıq, eyni zamanda onlara verilən layiqli qiymət gənclər arasında vətənpərvərlik hisslərinin artmasına təkan verdi. Təbii ki, burada Ali Baş Komandan, Azərbaycan Respublikasının Pezidenti cənab İlham Əliyevin xidmətlərini də xüsusi qeyd etmək lazımdır. Erməni zabitini öldürməkdə ittiham olunaraq Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovun ölkəmizə ekstradisiya olunması, eyni zamanda misilsiz şücaət göstərərək onlarla erməni hərbiçini qətlə yetirən Mübariz İbrahimovun nəşinin düşmən tərəfindən geri alınaraq onun Azərbaycan ictimaiyyətinin iştirakı ilə dəfn olunması, şəhid Mübariz İbrahimova milli qəhrəman adının verilməsi öz-özlüyündə gənclərdə vətənpərvərlik hisslərinin artmasına öz müsbət təsirini göstərdi. Bütün bunlar Ali Baş Komandanın ordu quruculuğu, Silahlı Qüvvələrin şəxsi heyətinə göstərdiyi diqqət və qayğının təzahürüdür. Heç şübhəsiz ki, Ali Baş Komandanın hərbi hissələrə səfəri, əsgər və zabitlərlə görüşməsi, eləcə də hərbi təlimləri izləməsi də ordu sıralarında qulluq edən gənclərimizin ruh yüksəkliyinə, onlarda vətənpərvərlik hisslərinin artmasına təkan verir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 10 fevral.- S.15.