Yazıçı və tutuquşu
Elçin Hüseynbəyli
O
yazıçıydı. Yazıçı deyəndə ki, cavanlıqda bir-iki şeir, bir-iki hekayə, bir o qədər də məqalə
yazmışdı və indi oturub böyük günü gözləyirdi. Amma
həmin gün nədənsə gəlmirdi.
Yazıçıya layiq görkəmi,
adı vardı. Görkəmi, deyəsən, şişirtdim,
amma adına və təxəllüsünə
söz ola bilməzdi:
Sarıca Sarı. Bu adı ona babası vermişdi, təxəllüsü
özü qazanmışdı, daha doğrusu özü-öz adına
yapışdırmışdı. Niyə də olmasın ki. Direktorlarının da
adı Qaraca Qaraş idi.
Bayaq dediyim kimi, o, hər gün oturub ilham mənbəyindən fışqıracaq sözləri gözləyirdi, amma həmin sözlər hələ də ilham mənbəyindən çıxıb, onun qafasına, özü də yaradıcı qafasına girmək, oradan isə ağ vərəqlər üzərinə tökülmək istəmirdi. Yox, o, istəsə xırda-para hekayələr, məqalələr yaza bilərdi, amma bununla azman yazarların hansının kürəyini yerə vura bilərdi ki. Özü də «azman» deyilən yazarları bəyənmirdi. Onlara özü istəyən ad da qomuşdu, hamısını ucdantutma «xiyar» adlandırırdı. Düzdü, əcnəbi yazarlardan bəzilərini bəyənirdi, amma onların da əsl ilham mənbəyini, Yaradıcı Ruh deyilən yeri tapdıqlarına inanmırdı. Həmin mənbəyi hökmən o tapacaqdı, amma daim nəsə buna mane olurdu. Əvvəllər elə bilirdi ki, onun möhtəşəm yürüşünə ailəsi mane olur, ələlxüsus da uşaqları. Arvadı yox, insafən arvadı uşaqları daim sakitləşdirirdi ki, fikir və düşüncə dəryasına qərq olmuş ərinin qulağına uşaq səsi nədi, heç milçək səsi də gəlməsin, çünki ərinin qazanacağı uğurdan ona da pay çatasıydı.
Bir gün o, nə arvadının bu sədaqətinə, nə də uşaqlarının dəcəlliyinə dözmk istədi və onları kəndə yolladı, özü də məzuniyyətə çıxdı. Qoy, gedib kənddə – babalarının nağıllarına qulaq assınlar, o isə ilham mənbəyinin axtarışına girişsin. Ona, nədənsə elə gəlirdi ki, məhz bu yaz günündə istədiyini tapacaq. Havanın özündə bir mülayimlik, bir romantika vardı, sanki nəğməydi.
Yaşı əllini təzəcə aşsa da, uşaqları körpəydi, çünki gec evlənmişdi. Əvvəlcə ona elə gəlmişdi ki, Böyük Ruh qaynayan yeri tək tapacaq, amma uzun müddət buna nail ola bilmədi, ona görə də böyüklərin sözünə qulaq asıb, özünə bir qulaq yoldaşı tapdı, evləndi. İnsafən arvadını da, uşaqlarını da çox istəyirdi, onların dolanması üçün dəridən-qabıqdan çıxırdı, amma Böyük Ruhu da yaddan çıxarmırdı, gecələr yatanda da, səhərlər işə gedəndə də bu barədə düşünürdü. Sanki iki arvadı vardı: biri ona ruh verir, o birisi əzalarını sakitləşdirirdi. İndi məqam gəlmişdi, ona əyan olmuşdu ki, istədiyini, məhz bu yaz günləri tapacaq.
Uşaqlar bir həftəydi ki, kəndə getmişdilər. O isə pəncərənin qarşısında dayanıb ilham pərisini gözləyir, İlham pərisinin günəş şüaları altında bərq vuran qanadlarını sığallamaq istəyirdi. Amma o gəlmirdi. Tərs kimi, bu gün yağış da başlamışdı və yağış damcılarının pəncərəyə dəyən səsi onu diksindirirdi, yazmağa mane olurdu. Altı gündə altı söz yazmışdı, onun beşinin üstündən xətt çəkmiş, bircəciyini saxlamışdı: «xiyar». O, bu sözü sevirdi, ona görə də ondan ayrılmaq istəmirdi. Xiyar saydığı yazarların cildlərini gözü qarşısına qoymuşdu və ayaqyoluna gedəndə onların vərəqlərini bir-bir cırır və ləzzətlə istifadə eləyirdi.
Uşaqlar kənddə olduqları üçün
darıxırdı. Oturub yazmaq
istəyəndə onlar yadına düşürdü. Ya da qoca anasını, onun yerişini, duruşunu xatırlayırdı. Yaxud da bir
siqaret yandırıb damağına qoyur və özünü
inandırırdı ki, bu
siqareti çəkib qurtarana
kimi ilhamı aşıb-daşacaq...Amma nə xeyri, onun xəyalları da siqaret tüstüsü kimi havada əriyib gedirdi. Lənət şeytana,
bunlar harda qaldı!?
Öz-özünə əsəbiləşirdi. Stolun siyirməsini açıb
bağlayırdı. Birdən gözləri siyirmədəki telefona sataşdı. Çevik
telefonunu söndürmüşdü
ki, heç kim ona mane
olmasın. Telefonu bir az o tərəf-bu tərəfə
çevirəndən sonra maraq
xatirinə onu açdı və feysbukda dostlarından birinin
statusunu oxudu:
“Darıxmaq kübarlıq əlamətidir!” Ay can, ay can! Öz-özünə sevindi. Deməli, o kübardı.
Ona görə də darıxır, darıxırsa,
nəsə gözəl
bir şey yazacaq. Sevinə-sevinə o biri statuslara
baxdı. Dostlardan
başqa birisi yazırdı ki, darıxan adam
evində mütləq
nəsə saxlamalıdı
və ən yaxşısı balıqdı.
Bu fikir ağlına
batdı. Çünki balıqlara xüsusi sevgisi vardı. Bazar da qulağının dibində. Bazara çıxdı. Akvariumlar və qəfəslər düzülən yerə gəldi. Amma balıq və
akvarium baha olduğundan onları almağa gücü çatmadı. Bəs neyləsin?
Özünə yazığı gəldi. Bir yazıçı ki, kübar ola,
amma akvarium almağa gücü çatmaya, ona bir qoz. Atası
bunu eşitsəydi, mütləq
belə deyərdi. Bazarı bir az da dolandı. Cürbəcür qəfəslərə, quşlara baxdı və ağlına gəldi ki, tutuquşu alsın. Həm könlü açılar, həm də onunla danışıb başını
qatar. Yaza bilmir, heç
olmasa, tutquşuya dil öyrətsin. Bu da bir təsəlliydi. Amma danışan
tutquşular çox bahaydı. Biri isə danışan
cinsindən olsa da, lalıydı. Yəni dinib-danışmırdı. Çox ucuzuydu. Həmin tutquşunu ucuz qiymətə alıb evə gətirdi və söz verdi ki,
onun dilini açacaq, açacaq nədi e, danışmağı
öyrədəcək. Bu da kəşf kimi bir şeydi.
Yazıçılıqla məşhurlaşa bilmir, heç olmasa, bu məharətiylə
tanınar. Yazı qaçmır
ki, bir də
gördün tutquşuyla
danışa-danışa ideyalar
doldu beyninə.
Sevindiyindən əlini əlinə
sürtdü və qırmızı
kəkilli tutquşunu
qəfəsə saldı,
qarşısına yem
tökdü, su qoydu, darıxmasın deyə gözünün qabağından xırda güzgü də asdı. Bütün bunları ona satıcı öyrətmişdi...
İndi saatlarla oturub tutquşuyla bir-birilərinə
baxırdılar. Tutuquşu onun danışıqlarına
əməlli-başlı reaksiya
verirdi, deməli eşidirdi, di gəl ki, danışa
bilmirdi. Yazıçının mövzusu əsasən xiyar dediyi yazıçılar
və onların yaradıcılığıydı. Orda-burda danışanda deyə bilərdilər ki, paxıllığından belə
edir. Bəs tutquşuya nə
söz? İnsafən
tutuquşuyla danışanda beyninə
dürlü-dürlü fikirlər,
epizodlar gəlirdi.
Məsələn, roman zənn elədiyi
yazı belə başlayırdı: “O yuxudan
erkən durmuşdu, çünki yuxusunu qarışdırmışdı. Yuxuda görürdü ki, Ağ dağın başındadır, əlində
də nizəyə oxşar nəsə var və onu
günəşə tərəf
qolazlamaq istəyir.
Bu fikrindən qorxduğuna görə əlində tutduğuna baxdı. Yekə bir xiyar idi. Ona görə də
yerindən dik atıldı. “Yenə də xiyar!” – deyə
qışqırdı”.
Həmin epizodu bir neçə
dəfə tutquşuya
da oxudu. Tutuquşu bir
ona, bir də güzgüyə baxır və balaca başını bulayırdı. “Eh, səndən də bir şey çıxmayacaq,
deyəsən. Elə sən
də xiyarsan!!!”
Bu sözləri deyəndən
sonra o qəfəsi əlinə götürüb
bazara tərəf getdi və tutquşunu
aldığı qiytmətdən
də ucuz satdı...
Satıcıdan bir az
aralanmışdı ki,
qulağına qəribə
və xırıltılı
gülüş səsi
gəldi. Dönüb baxdı. Həmin
tutuquşuydu və adam kimi
gülürdü. Heyrətdən gözləri kəlləsinə
çıxdı və
tutuquşuya tərəf
yeridi. Tutuquşu
xeyli qəşş edəndən sonra qəfil dayandı və:
-Xiyarın biri xiyar! –deyə qəzəblə yazıçıya
bağırdı...
Olaylar.- 2016.- 13-15 fevral.- S.11.