Azərbaycan gənci ordumuzla fəxr edir

 

Silahlı Qüvvələrimizin reytinqi MDB ölkələrini geridə qoub

 

Azərbaycan ordusu günü-gündən güclənirık dünyanın ən güclü orduları ilə rəqabət sinə gərir. Artıq fəxarətlə demək olar ki, Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularından birdir. Bu fakt həmçinin dünyanın aparıcı retinq qiymətləndirici şirkətləri tərəfindən də etiraf edilir. Təsadüfi deyil ki, Azərbaycan "Global Firepower Index" (Hərbi gücün qlobal indeksi) reytinqində 64-cü yeri tutub.

Məlumat üçün qeyd edək ki, reytinqdə 126 ölkənin göstəriciləri nəzərə alınıb. Azərbaycan reytinqdə MDB ölkələrindən Qazaxıstan (66), Gürcüstan (75), Türkmənistan (90), Qırğızıstan (78) və Tacikistanı (81) arxada qoyub. GFP mütəxəssislərinin məlumatına görə, Azərbaycan ordusunun heyəti 150 min, ehtiyatda olan hərbçilərin sayı isə 300 min nəfərdir. Qoşunların balansında 314 tank, 127 təyyarə (85 vertolyot, 18 hücum helikopteri və s), 1590 ədəd piyadaların döyüş maşını və digər hərbi döyüş texnikası var. Ölkənin təqribi hərbi büdcəsi 3 milyard 185 milyon dollar təşkil edir. Reytinqin ilk onluğuna ABŞ, Rusiya, Çin, Hindistan, Böyük Britaniya, Fransa, Cənubi Koreya, Almaniya, Yaponiya və Türkiyə daxildir. Qeyd edək ki, "Global Firepower Index"in reytinqi dünyanın ən məşhur və nüfuzlu reytinqlərindən biridir. Etiraf edilməlidir ki, bu göstərici Azərbaycan gənclərinin vətənpərvərlik hissinin artmasında xüsusi rol oynayır. Ancaq ölkənin Müdafiə Nazirliyi bununla kifayətlənməyərək gənclərin gənclərin vətənpərvərlik hissinin daha da yüksəldilməsinə hesablanmış silsilə tədbirləri davam etdirir. Məhz bu məqsədlə Azərbaycanın Milli Qəhrəmanı şəhid Namiq Abdullayevin xatirəsinə həsr olunmuş tədbir Ağcabədi rayonunda keçirilib.

Əvvəlcə Müdafiə Nazirliyinin rəsmiləri Beyləqan, Füzuli, Ağcabədi bölgələrində ön səngərdə xidmət edən hərbi qulluqçular, eləcə də rayon ictimaiyyətinin nümayəndələri və şəhidin doğulduğu Avşar kəndinin ağsaqqalları, ziyalılar, müharibə əlilləri, veteranlar, şəhid valideynləri kənd qəbiristanlığına gedərək 1993-cü il fevralın 9-da Xocavənd uğrunda döyüşlərdə qəhrəmanlıqla şəhid olmuş N.Abdullayevin məzarını ziyarət edib, önünə əklil, tər qərənfillər düzüblər. Ön səngərdən gələn əsgərlər Milli Qəhrəmanın məzarı önündə bundan sonra da Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edəcəklərinə and içiblər. Sonra şəhidin ailəsi ilə görüş olub. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təsis etdiyi və Milli Qəhrəmanın ölümündən sonra təltif edildiyi "Fədai" medalı şəhidin ailəsinə təqdim olunub. Əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə keçirilən anma mərasimi Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində davam edib. Qeyd olunub ki, Müdafiə Nazirliyinin bu yeni layihəsinin Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda göstərdikləri şəxsi rəşadət və şücaətlərə görə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüş Vətən övladlarının xatirələrinin əziz tutulması və qəhrəmanlıqlarının təbliği işində böyük əhəmiyyət kəsb edəcək, gənc nəslin hərbi döyüş ənənələri ruhunda tərbiyə edilməsində mühüm rol oynayacaqdır. Sonra Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının, tanınmış incəsənət xadimlərinin iştirakı ilə təqdim edilən ədəbi-musiqili rekviyem-kompozisiya tamaşaçılarda böyük maraq doğurub. Biri-birindən təsirli səhnələr, mahnılar, marşlar və vətənpərvərlik şeirləri xalq ilə ordunu birliyə, işğal altında olan Vətən torpaqlarını azad etmək üçün hər an Ali Baş Komandanın əmrlərinə hazır olmağa səsləyib. Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artist Sevinc Sarıyeva və başqalarının çıxışları alqışlarla qarşılanıb. Sonda qəhrəmanın adını daşıyan Avşar kənd orta məktəbinin direktoru Kərim Ələkbərov və Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Naibə Mustafayeva şəhid ailələrinə göstərilən diqqət və qayğıya, şəhid qəhrəmanların adlarının əbədiləşdirilməsi, xatirələrinin əziz tutulmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə digər bir tədbir Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin 15 illiyi ilə əlaqədar təntənəli yubiley mərasimi keçirilib. Əvvəlcə ictimai birliyin üzvləri Fəxri Xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edərək qarşısına əklil qoyub, Şəhidlər Xiyabanında Vətənin azadlığı, istiqlaliyyəti uğrunda həlak olanların xatirəsini hörmət və ehtiramla yad ediblər.

Sonra Qarabağ müharibəsinin əlilləri, veteranları və şəhid ailələrinin, eləcə də ölkədə hərbi vətənpərvərlik işinin təşkilində xidmətləri olan bir qrup ictimaiyyət nümayəndəsinə ictimai birliyin təsis etdiyi "Fədai" medalı təqdim edilib. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli təltif olunanları təbrik edərək onlara bundan sonrakı fəaliyyətlərində də uğurlar arzulayıb. Əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə keçirilən təntənəli mərasimi respublikanın şəhər və rayonlarından dəvət olunmuş 400-ə yaxın Qarabağ müharibəsi əlili, veteranı, şəhid ailəsi, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri izləyiblər. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, Əfqanıstan və Qarabağ müharibələrinin iştirakçısı, Silahlı Qüvvələr veteranı, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev birliyin 15 illik fəaliyyəti barədə məruzə ilə çıxış edib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov bu ictimai birliyin qeyri-hökumət təşkilatları içərisində özünəməxsus yer tutduğunu, xüsusilə gənclərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynadığını qeyd edib. Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini tədbir iştirakçılarına çatdırıb. Təbrikdə Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin mənafelərini və hüquqlarını müdafiə edən, onların müasir həyat şəraitinə uyğunlaşmasına, sosial-iqtisadi və mənəvi problemlərinin daha səmərəli həll olunmasına köməklik göstərən, Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsində böyük səylər göstərən ictimai birliyin xidmətlərinin təqdirəlayiq olduğu qeyd edilib və birlik üzvlərinin bundan sonra da göstərilən etimadı, diqqət və qayğını əməli fəaliyyətləri ilə doğruldacaqlarına əminlik ifadə olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və veteran təşkilatlarının rəsmiləri təşkilatın üzvlərini təbrik edərək böyük uğurlar arzulayıblar. Video çarxların müşayiəti ilə vətənpərvərlik mahnı və rəqsləri, hərbi marşlar səslənib və döyüş səhnələri canlandırılıb. Xalq artistləri Pərvanə Qurbanovanın, Zümrüd Məmmədovanın, Əməkdar artistlər Ramil Qasımovun, Sevinc Sarıyevanın, Çingiz Mustafayevin və Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının çıxışları alqışlarla qarşılanıb. Sonda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi üzvlərinin müraciəti oxunub. Etiraf edilməlidir ki, məhz belə tədbirlər gənclərin orduya inamını artırır və onların ordu sıralarında xidmətinə stimul verir. Elə bu günlərdə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Silahlı Qüvvələrin birlikləri, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinin hərbi hissələrinin ərazilərində təşkil edilmiş mərasimlərdə rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilmiş, Azərbaycan Respublikasının Dövlət himni oxunmuş və tədbir açıq elan edilmişdir. Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər. Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, yerli icra orqanları və ictimaiyyət nümayəndələri, veteranlar və əsgər valideynləri iştirak ediblər. Təntənəli mərasimlərdə çıxış edən hərbi qulluqçular, valideynlər və ictimaiyyət nümayəndələri gənc əsgərlərə nümunəvi olmağı, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmalarını tövsiyə ediblər. Rəsmi mərasim bağlı elan olunduqdan sonra şəxsi heyət üçün konsert proqramları, əsgərlərin valideynləri ilə görüşləri təşkil edilib və hərbi hissələrdə yaradılmış şəraitlə tanışlığa imkan yaradılıb. İndi qətiyətlə demək olar ki, Azərbaycan gənci işğal altında olan torpaqıarın geri qaytarılmasına hər zaman hazırdır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 17 fevral.- S.15.