Milli qəhrəmanların tanıdılması gənclərin

vətənpərvər ruhda tərbiyəsinə stimul verir

 

Azərbaycan gənclərinin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində uğurlu fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarından biri də Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyidir. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi 2001-ci ildə təsis edilib. İctimai Birlik yarandığı gündən indiyə qədər vətənpərvərlik mövzusu ilə bağlı 160-dan artıq tədbir keçirib. İctimai Birlik həmçinin respublikanın 30-dan artıq rayonunda milli qəhrəmanlarımıza həsr olunmuş guşələr açııb. Belə tədbirlərin davam etdirilməsi təşkilatın qarşısında duran prioritet vəzifələrdən biridir.

 

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin dəstəyi ilə bir neçə dəfə milli qəhrəmanlardan bəhs edən kitablar işıq üzü görüb. Belə ki, kitablarda ölkəmizin ərazi bütövlüyü uğrunda mərdlik və şücaət göstərmiş, "Azərbaycanın Milli Qəhrəmanı" kimi şərəfli ada layiq görülmüş 211 qəhrəmanımızın həyatından, keçdiyi döyüş yolundan bəhs olunur. "Azərbaycanın Milli Qəhrəmanları" kitabı qəhrəman vətən oğullarının yetişməkdə olan gənc nəsil tərəfindən tanınmasında, onların milli ruhda əsl vətənpərvər kimi tərbiyə olunmasında böyük əhəmiyyətə malikdir. Bu səbəbdən, böyük zəhmət bahasına başa gələn bu kitabı vərəqləməyin özü oxucuda qürur hissi doğurur.

"Azərbaycanın Milli Qəhrəmanları" kitabının 2005-ci ildə işıq üzü görən ilk nəşrində 1988-ci ildən bəri torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərə atılan xalqımızın 209 qəhrəman övladı barədə məlumatlar dərc edilib. 288 səhifədən ibarət digər bir nəşrdə isə vətən uğrunda gözünü qırpmadan canından keçərək şəhidlik zirvəsinə ucalan, dövlət tərəfindən milli qəhrəman adına layiq görülən Elton İsgəndərovla Mübariz İbrahimovun adları da milli qəhrəmanlarımızın siyahısına salınıb. Azərbaycan əsgərinin ordumuzun qüdrətinin günü-gündən artdığını duyaraq vətənimizin keşiyində vüqarla dayanması üçün "Azərbaycanın Milli Qəhrəmanları" kitabının təkrar nəşri onların mənəvi-psixoloji durumuna müsbət təsir göstərəcək qədər böyük əhəmiyyətə malikdir. Gənclərimizə örnək olması üçün Azərbaycanın Milli Qəhrəmanlarının həyatı, döyüş yolu daima öyrənilməli və təbliğ olunmalıdır. Bu baxımdan, kitabda hər qəhrəman barədə müəllif tərəfindən yüksək bədii ustalıqla qələmə alınmış qısa oçerklər diqqəti xüsusi cəlb edir. Qeyd edək ki, kitabın müəllifi olan Vüqar Əsgərov özüQarabağ uğrunda gedən döyüşlərin iştirakçısı olub. Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan müəllif AMEA-nın Respublika Xatirə Kitabı Redaksiyasında çalışır.

Qeyd edək ki, Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi tərəfindən nəşr edilmiş “Heydər Əliyev və Azərbaycanın Milli Qəhrəmanları” kitabının təqdimat mərasimində çıxış edən İctimai Birliyin İdarə Heyətinin sədri Elşən Uluxanlı bildirib ki, nəfis şəkildə nəşr olunmuş bu kitab şəhidlik zirvəsinə ucalan öz ölümləri ilə ölümsüzlüyə qovuşan, adlarını müharibə tariximizə qızıl hərflərlə yazan, Qəhrəmanlıq zirvəsinə ucalan 193 şəhid və 18 sağ Milli Qəhrəmanımıza 1992-2002-ci illərdə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən göstərilən daimi diqqət və qayğıdan bəhs edir. Kitabda göstərilir ki, ulu öndərimiz Heydər Əliyevin xalqına, onun hər bir vətəndaşına, şəhid ailələrinə, şəhid Milli Qəhrəman ailələrinə diqqət göstərməsi, onlarla görüşlər keçirilməsi və bu görüşlərdə ölkənin düşdüyü vəziyyət və görüləcək işlər barədə açıq söhbətlər aparması onun daxilixarici siyasət kursuna olan inamı daha da artırdı. Bu, xalqın öz layiqli Prezidentinin ətrafında sıx birliyini təmin etdi.

Məlumat üçün qeyd edək ki, hazırda Azərbaycanın 211 Milli Qəhrəmanı varonlardan yalnız 17 nəfəri sağdır. Lakin təəssüflə qeyd etmək lazımdır   ki, bu gün gənclərimizin əksəriyyəti Azərbaycanın Milli Qəhrəmanlarını yaxşı tanımır və ya onlarla bağlı tam olaraq məlumatlı deyillər. Halbuki, gənclər onların adlarını bilməli, onlarla qürur duymalı, onların bioqrafiyasını öyrənməli, həmin insanlara bənzəməyə çalışmalı və onlar haqqında məlumatları gələcək nəsillərə ötürməlidirlər. Bu, böyüyən nəslin hərbi-vətənpərvərlik tərbiyəsinin bir hissəsi olmalıdır. Bütün bunları nəzərə alaraq, Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, “İRƏLİ” İctimai BirliyiMilli Qəhrəmanları Tanıtma İctimai Birliyinin təşkilati dəstəyi və “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Milli Qəhrəmanlarımızı Xatırlayaq və Tanıdaq” layihəsi çərçivəsində özündə zəngin məlumatları birləşdirən www.milliqehramanlar.az   saytı hazırlanıb.  Qeyd edək ki, “Milli Qəhrəmanlarımızı Xatırlayaq və Tanıdaq” layihəsi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2.3. Azərbaycanın Milli Qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsi bəndinə uyğun olaraq Gənclər və İdman Nazirliyinə təqdim olunub. Layihənin keçirilməsində əsas məqsəd ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş Azərbaycanın Milli Qəhrəmanlarının tanıdılması və gənclərə bu uca ada layiq olan hər bir Milli Qəhrəmanlarımız, onların həyatı, keçdiyi böyük və şərəfli döyüş yolları, göstərdiyi igidliklər haqqında tam ətraflı məlumat verməkdən ibarətdir.

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə yerli icra hakimiyyətləri ilə yaxından əməkdsşlıq edir, onlarla səmərəli əməkdaşlıq qurur. Belə ki, Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin təşkilatçılığı ilə Pirallahı rayonunun bütün ümumtəhsil və məktəbəqədər tərbiyə müəssisələrində, idarə və təşkilatlarda Xocalı soyqırımının  ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilib. Bildirilib ki, bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımın ilhamvericiləri, ideoloqları və icraçıları, canilər və terrorçular bu gün də cəzasızlıq şəraitində öz mənfur əməllərini davam etdirirlər. Bu gün münaqişənin nizama salınması prosesi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Ermənistanın danışıqlar prosesini süni şəkildə uzatdığını və bu taktikanın heç bir perspektivinin olmadığını söyləyən dövlət başçısı İlham Əliyev nə bu gün, nə 10 il, nə də 100 il sonra Dağlıq Qarabağın müstəqil olmayacağını, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və xalqının imkan verməyəcəyini bildirib.

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti “Vətənpərvərlik kinosu günləri” çərçivəsində rejissor Yalçın Verdiyevin Milli Qəhrəman Rasim İbrahimova həsr olunanAdadan başlayan yol” sənədli filminin təqdimatını keçirib. Təqdimatdan öncə Milli Qəhrəmanın “Şəhidlər Xiyabanı”ndakı məzarı tədbir iştirakçıları tərəfindən ziyarət olundu. Tədbir Silahlı Qüvvələrin təlim-tədris mərkəzində baş tutub. Əvvəlcə torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda şəhid olmuş Azərbaycanın qəhrəman övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsinin təşkil etdiyi tədbirdə millət vəkili Rauf Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı, Pirallahı Rayon İcra Hakimiyyəti, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi, Milli Qəhrəman Rasim İbrahimovun atası, döyüş yoldaşları, yaxınları iştirak edib. Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman çıxış edərək Rasim İbrahimovun keçdiyi döyüş yolundan danışıb: “Belə tədbirlərdə məqsəd Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçərək şəhid olan mərd, cəsur övladlarımızın vətənpərvərliyini, onların gənc nəslə örnək olan həyat yolunu təbliğ etməkdir. Rasim İbrahimov da vətən uğrunda canından keçən igid qəhrəmanlarımızdandır. Rasim 1962-ci ildə indiki Pirallahı rayonuna daxil olan Çilov adasında neftçi ailəsində dünyaya göz açıb. Burada orta məktəbdə 8 illik təhsil aldıqdan sonra C.Naxçıvanski adına Hərbi Məktəbə daxil olub. Rasim İbrahimovun Çilovda oxuduğu tam orta məktəb hazırda onun adını daşıyır. Almaniyada hərbi xidmət keçdikdən sonra, vətənə dönən Rasim Füzuli rayonunun cəsur oğulları ilə birlikdə könüllü özünümüdafiə taboru yaradıb və rayonun sərhədlərini mərdliklə qoruyub. 1992-ci il iyunun 28-də Tuğ kəndi uğrunda gedən döyüşlərdə onlarla erməni quldurunu məhv edən döyüşçülərimiz mühasirəyə düşürlər.   Cəsur komandir R.İbrahimov döyüşçü   dostlarını mühasirədən xilas etsə də özü düşmən mühasirəsinə düşür. Ermənilərə təslim olmayan R.İbrahimov “Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!”,- deyərək özünü qumbara ilə partladaraq, qəhrəmancasına həlak olur, şahidlik zirvəsinə ucalır. Azərbaycan Prezidentinin 1994-ci il tarixli fərmanı ilə o, ölümündən sonra Azərbaycanın Milli Qəhrəman adına layiq görülüb.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 Olaylar.- 2016.- 18 fevral.- S.15.