“Gənclərimizin vətənə və xalqa
sadiq
qalmaları
üçün əlimizdən gələni etməliyik”
Müasir Azərbaycan gəncliyinin
inkişafa çox meyilli olması, dünyada baş verən
pozitiv elmi-texnoloji və mədəni yeniliklərə ciddi
maraq göstərməsi sevindirici haldır.
Gün.Az xəbər verir
ki, bu sözləri
millət vəkili Kamaləddin Qafarov deyib.
Deputat qeyd edib ki, gənclər cəmiyyətimizin əhəmiyyətli hissəsini təşkil etməklə yanaşı, həm də bütün mənalarda dövlətin, xalqın gələcəyinin qurulması prosesinin əsas iştirakçılarıdırlar.
"Bu baxımdan, formalaşan gəncliyimizin ümumilikdə milli ruhda tərbiyələnməsi, gənclərimizin müxtəlif sahələr üzrə yüksək səviyyəli mütəxəssislər kimi yetişməsi çox mühüm məsələdir".
Millət vəkili vurğulayıb ki, ayrı-ayrı istedadlı gənclərimizin beynəlxalq səviyyədə ölkəmizi uğurla təmsil etmələri, fərdi planda ciddi nailiyyətlərə imza atmaları çox əlamətdardır.
"Prezident İlham Əliyev gənclərlə görüşündə də qeyd edib ki, gənclər milli ruhda tərbiyə almalıdırlar və bizdən sonra hakimiyyətə gələn nəsil də dövlətçilik, milli maraqlar, azərbaycançılıq, ləyaqət və güclü dövlət amalları ilə yaşamalıdır".
K.Qafarov hesab edir ki, gəncliyimizin bu müsbət potensilı ilk növbədə ölkəmizin inkişafına yönəlməlidir və bu məsələdə ümidverici gənclərimizə lazım olan qədər dəstək verməliyik.
"Bu dəstək onlara öz istedadlarını dövlətin inkişafına və xalqın gələcəyinə sərf etmələrinə şərait yaratmalı, eyni zamanda, onların öz bacarıqları ilə layiq olduqları karyeralarını qurmalarına təkan verməlidir.
Azərbaycanın əlverişli geopolitik mövqeyi istedadlı gənclərimizi həm də ölkəmizə qarşı dost mövqeyi ilə seçilməyən beynəlxalq dairələrin diqqət mərkəzinə gətirir və bu dairələr həmin gənclərdən öz çirkin məqsədləri üçün istifadə etməyə çalışırlar.
Gənclərimizi belə neqativ kənar təsirlərdən qorumaq, onları öz milli köklərinə, Vətənə və xalqa sadiq qalmaları üçün əlimizdən gələni etməliyik.
Bunun üçün ilk növbədə gənclərimizin bütün sahələrdə, o cümlədən biznesdə özünüifadə imkanları genişləndirilməli, onların öz bacarıqlarına uyğun mövqe tutmaları və irəliləmələri təmin edilməlidir.
Unutmaq olmaz ki, bu gün sadəcə, istedadlı gənc deyə baxdığımız vətəndaşlar sabahın idarəedicilədirlər. Bunu nəzərə aldıqda, gənclərimizə yaradılacaq şəraitin əhəmiyyəti daha aydın təsəvvür olunar".
Millət vəkili qeyd edib ki, hazırda Azərbaycan iqtisadiyyatının inkişafı istiqamətində ciddi addımlar atılır və məqsədyönlü işlər görülür.
"Fikrimcə, gənclər də bu prosesdə mümkün qədər fəal olmalı, həyata keçirilən işlərə öz töhfələrini verməlidirlər.
Xüsusilə, nəzərdə tutlan geniş özəlləşdirmə prosesinin icrasında gənc sahibkarlar özlərini təsdiq etmək imkanı qazanacaqlar. Onlar bu imkandan istifadə etməli və artıq böyük biznes layihələrinin həyata keçirilməsində təşəbbüsü öz üzərlərinə götürmək haqqında düşünməlidirlər.
Gənclərimiz bilməlidirlər ki, dövlət onların bütün faydalı təşəbbüs və fəaliyyətlərini dəstəkləyəcək".
Hörmətli İstifadəçi, nəzərinizə çatdırmaq istəyirik ki, saytdakı bütün xəbərlər proqram təminatı tərəfindən avtomatik şəkildə digər resurslardan sistemə daxil edilir, buna görə, xəbərlərin saytda dərc olunmasında və ya mətnlərinin qiymətləndirilməsində heç bir insan faktoru iştirak etmir, əgər bu xəbəri hüquq/qanun pozuntusu, qeyri-etik və ya yanlış kimi qiymətləndirirsinizsə, xahiş edirik, bizi bu barədə məlumatlandırın
Olaylar.- 2016.- 19 fevral.- S.15.